"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi

"İrəvan Qazılığının tarixi" kitabının təqdimat mərasimi keçirildi
2 noyabr 2026
# 12:10

Qafqaz Müsəlmanları İdarəsinin Qərbi Azərbaycan icması ilə birlikdə hazırladığı "İrəvan Qazılığının tarixi" kitabının təqdimatı keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində QMİ-nin sədri Allahşükür Paşazadə, QAİ-nin İdarə Heyətinin sədri Əziz Ələkbərli, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları iştirak ediblər.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, QMİ Qərbi Azərbaycanla bağlı təbliğat işini öz fəaliyyətinin prioritet və zəruri tərkib hissəsi kimi daima diqqətdə saxlayır, dövlətin və xalqın mənafelərinə müvafiq olaraq Ermənistandan deportasiya olunmuş soydaşlarımızın yurd yerlərinə qayıdışı siyasətinə dəstək nümayiş etdirir: “Bu niyyətlə, Qafqaz Müsəlmanları İdarəsi Qərbi Azərbaycan icması ilə əməkdaşlıqda “İrəvan qazılığının tarixi” adlı sənədli materiallardan ibarət olan Azərbaycan və ingilis dillərində kitab nəşr etdirib. Bu qiymətli kitabı böyük qürur və fəxrlə sizlərə təqdim edirik. Kitaba daxil olan materialların əsas mənbə bazası QMİ-nin arxivində mövcud olan sənədlərdir. Bizim arxiv sənədlərimizlə bərabər, Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya dövlət arxivlərindən əldə olunan mənbələr və tarixi materiallar əsasında hazırlanan bu kitab elmi və ictimai-siyasi baxımdan xüsusi dəyərə malikdir".

Qeyd olunub ki, tarixi İrəvan qazılığının bərpasından ciddi şəkildə təşvişə düşmüş erməni kilsəsinin tarixi saxtalaşdırma və dezinformasiyalarından fərqli olaraq biz real tarixi faktlara istinadən mənəvi hüquqları bəyan edilib: "Qafqaz Müsəlmanları İdarəsi “İrəvan qazılığının tarixi” kitabı və davamlı fəaliyyətləri ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində var-qüvvəsi ilə səy göstərəcək, soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpası yönündə, tarixi torpaqlarımıza qayıdışımızın mənəvi sütunlarının ucaldılması yolunda əlindən gələni əsirgəməyəcək".

Daha sonra İravən qazılığının tarixi ilə əlaqədar video-rolik nümayiş etdirilib.

QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, son iki yüz ildə düşmənlər tərəfindən təkcə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazisi təcavüzə və işğala, insanlarımız etnik təmizləmə, deportasiya və soyqırımlara məruz qalmayıb, həm də o coğrafiyadakı mədəni irsimiz erməni vandalizminə tuş gəlib dağıdılıb, məhv edilib, yaxud erməniləşdirilib: “Ən çox itkilərə məruz qalanlardan biri də dini dəyərlərimiz olub. Azərbaycan tarixi milli və dini müxtəlifliyi, tolerantlığı ilə seçilən bir ölkə olduğundan rus işğalından sonra bura müxtəlif ölkələrdən kütləvi şəkildə köçürülüb gətirilən ermənilər ilk növbədə bu yerlərdəki əcdadlarımıza məxsus dini məbədləri ələ keçir­miş, bərpa etmək adı ilə onları erməni qriqoryan kilsəsinə çevirmiş, sonra da özlərini bu yerlərin qədim sakinləri olmaları yalanını dünyaya yaymışlar. Bunun ardınca tarixi torpaqlarımızda etnik təmizləmə aparmış, Azərbaycan izlərini yox etməyə çalışmış, məscidlərimizi, pir, ocaq və ziyarətgahlarımızı, hətta qəbiristanlıqlarımızı yer üzündən silmişlər.

Ermənistan dövləti və ermənilər Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətlərə görə hələ də heç bir beynəlxalq təzyiq və xəbərdarlıq almayıblar. Əksinə, həmişə dəstəkləniblər və bu gün də dəstəklənirlər. Bunun nəticəsidir ki, Ermənistan Qarabağ münaqişəsinin ilk mərhələsində 1987-1991-ci illərdə öz torpaqlarından didərgin düşmüş qaçqınların geri qayıtmaqla bağlı bu haqlı tələbini hər vəchlə gündəlikdən çıxarmağa çalışır”.

AMEA prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, İrəvan bölgəsinin, tarixi ərazidə burada Qazı İlısının fəaliyyət göstərməsi və inkişaf etdirilməsi haqqındakı kitabda olan tarixi mənbələr, arxiv sənədləri bölgənin, yəni İrəvan vilayətinin Azərbaycan torpaqları olduğunu təsdiq edən, isbat edən örnəkdir: “İrəvan Qazılığının tarixinə həsr olunmuş, heç tərəddüd etmədən İrəvan vilayətinin tarixi, İrəvanın tarixi də adlandırmaq, adlandırmaq mümkündür.

Bu kitab azərbaycançılıq ideologiyasını ölkəmizdə, Azərbaycanda əsaslanan və Azərbaycan Azərbaycanın mənəvi-mədəni irs vaxt ərazilərinin haqqındakı təsəvvürlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edən, qürur doğuran çox möhtəşəm bir möhtəşəm mənzərdir”.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər