HBO-nun hazırladığı yeni “Harri Potter” serialı ilə bağlı aktyor heyətinə daha bir neçə tanınmış sima əlavə olunub.
Kulis.az xəbər verir ki, Devid Trelfoll Hoqvartsın danışan Sehrli Papağını səsləndirəcək.
Leo Bill Qrifindorun kabusu Başsız Niki, Endryu Bruk isə Slizerinin kabusu Qanlı Baron obrazını canlandıracaq.
Yeni açıqlamaya görə, Daniel Fearn Hafflpaff evinin kabusu Kök Rahib, Laura Smit isə Qrifindorun girişini qoruyan “Kök Xanım” portretinin obrazını yaradacaq. Bu personajlar C.K. Roulinqin ilk romanında da yer alır və Hoqvarts dünyasının ayrılmaz hissəsidir. Serialın ilk mövsümündə əsas diqqət Harri Potterin sehrli məktəbə gəlişinə və onun yeni həyatına yönələcək.
Layihənin əsas rollarında Dominik Maklaflin, Arabella Stanton və Alastair Stout çıxış edirlər. Yeni aktyorların elan olunması HBO-nun romanın yalnız baş qəhrəmanlarını deyil, Hoqvartsın zəngin və qəribə sakinlərini də geniş şəkildə ekrana gətirmək niyyətini göstərir. Serialın istehsalı ilə bağlı xəbərlər isə dünyanın ən böyük fantastik franşizalarından birinin yenidən gündəmə gəlməsinə səbəb olub.