Iranla Azərbaycan heç vaxt din qardaşı olmayıb - Aqşin Yenisey yazır...

Iranla Azərbaycan heç vaxt din qardaşı olmayıb - Aqşin Yenisey yazır...
31 yanvar 2023
# 12:40

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

İranla Azərbaycanın münasibətlərində tez-tez adı çəkilən və məyusluq doğuran bir deyim var: "Din qardaşlığı”...

Belə bir qardaşlıq tarixin heç bir dövründə heç bir dinə tapınanlar arasında mümkün olmayıb. Buddist ölkələr qonşu buddist ölkələri qılıncdan keçiriblər, xristian xalqlar bir-birilərini boğazlayıblar, müsəlmanlar da həmişə bir-birilərinə qənim kəsiliblər.

Maddi maraqlarını gerçəkləşdirmək üçün birinci mənəvi maraqlara tüpürməyə məhkumdur insan.

Buna görə də tarixin bütün dövrlərində maddi güc mənəvi gücü yenib, özünə kölə edib. Qələm həmişə qarının başına iş gələndən sonra qılınca bir-iki kəlmə söz deyə bilib.

Bütün dünya tarixi gücün ədalət üzərində qələbəsindən ibarətdir;

Makedoniyalı İsgəndər dünyanı qılıncdan keçirəndə ədalətli deyildi, güclü idi.

Ərəblər dünyanı islam uğrunda xaraba qoyanda ədalətli deyildilər, güclü idilər.

Teymur dünyanı qana bələyəndə ədalətli deyildi, güclü idi.

Türklər dünyanın anasını ağladanda ədalətli deyildilər, güclü idilər.

İngilislər dünyanı kölələşdirəndə ədalətli deyildilər, güclü idilər.

Ruslar dünyanı yağmalayanda ədalətli deyildilər, güclü idilər.

Napoleon dünyaya qan udduranda ədalətli deyildi, güclü idi.

Hitler dünyadan hesab soranda ədalətli deyildi, güclü idi.

Bu gün dünyanı diz çökdürən ABŞ ədalətli deyil, güclüdür.

Tarixdə ədalətin gücü deyə bir şey yoxdur. Tarix gücün hökmünün qanuniləşdirilməsindən, ədalətləşdirilməsindən ibarətdir.

Bu gün biz də öz tariximizə, gələcəyimizə bu bucaqdan baxmalıyıq. Bizi ədalətli deyil, güclü edənləri dəstəkləməliyik. Məsələn, müsəlman İran dövlətini yox, yəhudi İsrail dövlətini!

Bundan ötrü tarixi əsas tələb olunursa, o da var.

Əcdadlarımız olan Böyük Səlcuqlu Xanədanının Xəzərlərlə sıx əlaqələri vardı. Səlcuqluların atası sayılan, ləqəbi "Dəmir yaylı” olan Tukak oğuzların Kınık boyundan gəlirdi və Xəzər Xaqanının ordusunda bir sərkərdə idi (eynən İbrahim peyğəmbərin Assuriya ordusunun polkovniki olması kimi). Oğuzlarla Xəzərlər arasında qarşıdurmaların yaranmasına səbəb də dini seçim oldu. Oğuzlar Xəzərlərdən fərqli olaraq islamı qəbil etdilər, buna görə də musəviliyə tapınan Xəzər xaqanları müsəlmanlığı sıxışdırmağa başladılar. Halbuki Səlcuq bəyin də dörd oğlunun adının İsrail, Yusif, Mikayıl və Musa olduğu tarixə məlumdur. Bu da bizə bunu düşünməyə əsas verir ki, Səlcuqluların özləri də musəvilikdən imitina etdikdən sonra islama tapınmışdılar. Çünki "Xəzər Xaqanlığı" üzrə ən etibarlı mənbə saylan alman şərqşünası Duqlas Dunlopun iddialarına görə, Səlcuq şahzadələrinə qoyulan bu adları Orta əsrlərdə yalnız yəhudilərin övladları daşıyırdılar. İkinci bir dəlil isə Səlcuqlu dövründəki sikkələrdə yəhudi simvolu olan altı guşəli ulduzun istifadə olunmasıdır.

Bu da sənə tarixin o biri başında türklərlə yəhudilər arasındakı dostluğun tarixi əsası.

İkinci bir məsələ. Birinci Dünya müharibəsindən sonra beynəlxalq konfliktlərdə qələbəni təmin edən ideoloji güc amili önəmini itirdi. İdeoloji güc ölkənin daxili münasibətlərini tənzimləyən amilə çevrildi. Ölkələrarası münasibətlərdə texnoloji güc önə keçdi. Bu gün ölkələr arasında qələbəni təmin edən texnoloji gücdür.

Bu gün dünyanın ən güclü, yəni ən texnoloji ordusu hazırda elmin beşiyi sayılan ABŞ ordusudur. İsrail gözümüzün qabağında keçən il üstünə gələn minlərlə raketi texnoloji gücün hesabına havadaca zərərsizləşdirdi. 44 günlük müharibədə Bakıya atılan raket havada vurulanda hamımız "o əjdahaya" təşəkkür edirdik. Yaxud ideoloji baxımdan özünü şirə bənzədən İranın zaman-zaman əsəbiləşib dəxilsiz ölkənin sərnişin təyyarəsini, öz gəmisini, tankını vurması bu gün hərbi-texnolji cəhalətinin ayağına yazılır.

Hərb elmi bu gün insansız idarə olunan təyyarələr, tanklar, atıcı silahlar, kəşfiyyat qurğuları yaradır, robot əsgərlər üzərində işləyir. Bu günün sərkərdələri döyüşü hansısa təpənin başından deyil, kosmosdan izləyir, idarə edir.

Müzakirə kiminsə cəsurluğuna, cəsarətinə kölgə salmaqdan getmir, reallıqdan gedir. Məsələn, bu gün demokratiya adı altında ölkədə savadsızlığın ideallaşdırılması təbliğatı aparılır. Əgər təhsil mühitinin qüsurları gəncləri savadsızlaşdırırsa, ictimai mühit bu savadsızlığı ideallaşdırır.

Bizdə yanlış bir fikir var ki, demokratiya dövlətə deyil, dövlət demokratiyaya xidmət etməlidir. Azərbaycanda demokratiya dövlətin ziddi, alternativi olan bir məfhum olaraq başa düşüləcək hala salınıb və bu məsələdə özünə "demokrat” deyənlərimizin də misilsiz "əməyi” var. Azərbaycanda demokratsansa, dövlətin əleyhinə olacaqsan, bu qədər!

ABŞ-da seçkilərdə nə baş verməsindən asılı olmayaraq, bu ölkədə ta yarandığı gündən bəri dövlət demokratiyanın deyil, demokratiya dövlətin xidmətindədir. Yəni demokratiyanın işinin adı dövlətin avtoritarlığını, hegemonluğunu təmin etməkdir. Çin kommunizmi kimi. Məsələn, Rusiyadan fərqli olaraq, bu iki ölkədə avtoritar olan şəxs yox, dövlətin özüdür. ABŞ-da demokratiya dövlətin çəkdiyi dairədən kənara bir addım atmaq istədikdə qarşısında polisi görür.

Ümumiyyətlə, demokratiya və dövlət münasibətlərini biz yenidən araşdırmalıyıq. Özümüzə sual verməliyik ki, nə üçün İsrail kimi güclü bir dövlət 1948-ci ildən bu yana demokratiyanı özünün milli problemi kimi görür və demokratiya ilə yəhudi millətçiliyinin bir arada ola biləcəyi bir sistem yaratmaq istəyir? Yaxud nə üçün dünyaya meydan oxuyan Türkiyənin Böyük Millət Məclisi 1920-ci ildə qurulmasına baxmayaraq, yalnız 26 ildən sonra çoxpartiyalı sistemə keçdi?

Bizi gələcəyin güclü, yaxud gücsüz ölkəsi edəcək səbəblər bu sullara verəcəyimiz cavablardan asılı olacaq.

Qaynarinfo

# 4788 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #