Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı
30 iyul 2026
# 16:50

Kulis.az Aidə Ramizqızının "Məktəb illəri..." yazısını təqdim edir.


Məktəb illəri... Mənim üçün nə ifadə edir deyə dəqiqələrdir ki, bu söz birləşməsinə baxıram.

25.05.2002-ci il sağollaşdığım məkandayam. O məkan ki, orada həyatımın ən saf, ən məsum illərini qoyub getmişdim.

Sinif yoldaşlarımla birgə məktəb dəhlizlərini gəzirik, pilləkənləri qalxırıq. Addımladıqca içimizdəki uşaq bizə gülümsəyir sanki.
Elə düşünürdüm ki, sinif otaqlarının qapısını döyüb bütün müəllimlərimi orada görə biləcəyəm. Təəssüf ki, 24 il bizdən az şey almamışdı. Dərs zamanı tənəffüz zənginin nə zaman vurulduğunun belə fərqində olmayan kimya-biologiya müəllimimiz Tehranə müəllimi (Tehranə Axundova) yerində tapmadım. "Baxın, oxuyan bu sinif kimi olar. Haradan sual versəm, cavab verirlər", - deyə bizi bütün məktəbə nümunə göstərən mərhum direktorumuz İbad Azadovu da kabinetində görə bilmədim.

Bir dönəm sinif rəhbərimiz olmuş Əliağa müəllim (Əliağa Fətəliyev) üçün "əlil arabasındadır" dedilər. Xatırlayıram, "qəhrəman" sözünü "qəhraman" yazmışdım deyə qırmızı qələmlə düzəltdiyinə elə ağlamışdım ki!... "Özünü belə incitmə. Səhv edə-edə öyrənəcəksiniz" demişdi gözəl qəlbli Əliağa müəllim. Öyrəndik, Əliağa müəllim. Yıxıla-yıxıla, itirə-itirə, ayağımız daşa dəyə-dəyə həyatın hər üzünü öyrəndik. Bilirsiniz, heç də asan olmadı. Amma hər şeyə rəğmən yenidən ayağa qalxdıq. Küllərimizdən yenidən doğduq. Daha da böyüdük!

Baxıram, illər sinif yoldaşlarımın hər birinin üzünə bir cür izini buraxıb. Kimisində dayaz, kimisində dərin, kimisində isə daha dərin. Amma o gün hər biri öz uşaqlığının əlindən tutub gətirmişdi görüş yerinə.

Sinif otağının qapısını döyürük, dərsə tələsdiyimiz kimi. İlk müəllimimiz Şarud müəllim (Şarud Qurbanova) həmişəki mehriban təbəssümü, nəvazişli səsi ilə bizi qarşılayır. "Nümunəvi sinif olmağınızla daima məni sevindirmisiniz" deməyi ilə bizi qürurlandırır. Əslində, onun kimi müəllimə sahib olduğumuz üçün şanslı olan biz idik.

Nə az, nə çox, düz 5 il sinfimizə rəhbərlik edən Qorxmaz müəllimi (Qorxmaz Ağayev) ilk baxışda tanımadıq. Ta ki, səsini eşidənə kimi. "İlk və son rəhbərlik etdiyim sinif siz olmusunuz. Sizin kimi siniflə rastlaşmadım" deyərək bizi daha da qürurlandırır. İngilis dilinin incəliklərini bizə tədris edən Məlahət müəllim (Məlahət Miriyeva) "Mən sizin yaddaşınızda qalmağıma sevindim"deyərək duyğularını gizlətmir.

Şeiriyyat vurğunu olan Sevinc Əhmədovanı demirəm hələ. Hər birimizlə ayrıca maraqlandı. Yaxşı xatırlayıram. 10 -cu sinifdə oxuyardıq. Kənd məktəbimizə şəhərdən təyinat almış fizika müəllimi Könül Quliyeva pozitiv enerjisi ilə sinfimizə başqa ab-hava gətirmişdi. "Görüm sizi tanıya bilirəmmi?"deyib bizi o qayğısız uşaqlıq illərimizə qaytardı bir anlıq.

Biz tarixi dərsliklərdən öyrənərdik, lakin insanın yaşadığı ömür də tarixdir. O gün orada sadəcə görüş keçirilmirdi. Bir dövr yenidən vərəqlənirdi. Geridə qoyduğumuz, qəlbimizin lap dərin guşəsində gizlətdiyimiz uşaqlığımız bizə əl sallayırdı.

Məktəb vaxtı bizə böyük görünən partaların indi kiçik görünməsi böyüdüyümüzü dərk etdirirdi yalnız. Həyat çox qəribədir. Nə qədər böyüsən də, müəllimlərinin gözündə həmin şagird olaraq qalırsan.

Arada bu illər heç keçməmiş kimi "son zəng"lə dondurduğun o zamana dönürsən sanki. Eyni anda həm sevinc, həm də itirilmiş illərin gətirdiyi yüngül kədər hissi ilə...

07 iyul 2026-cı il

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər