“Hər konsert qabağı çox həyəcanlı oluram. Fərq etməz hansı səhnə olursa-olsun. Bu həm də məsuliyyətdir. Ürəyim bu notlarla döyünür. Əgər bu olmasa, o saat tamaşaçı bunu hiss edir”.
Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib. Sənətkar ona o illərdə xaricdə yaşamaq üçün təkliflərin gəldiyini bildirib.
“Durğunluq dövrü idi. Dünyanın əksər ölkələrindən yaşamaq üçün təkliflər də gəlmişdi. Gedənlər oldu, amma mən getmədim. 1991-ci ildə mən Bakı Musiqi Akademiyasının rektoru oldum. Ən çətin, faciəli illər idi. Belə çətin vəziyyətdə vətənimi qoyub gedə bilməzdim”.
Fərhad Bədəlbəyli atası, görkəmli sənətkarımız Şəmsi Bədəlbəylidən də danışıb.
“Atamla çox səmimi dost olmuşuq. Sənət, yaradıcılıq əlaqələrimiz də olub. Məsələn, Fransada Azərbaycan mədəniyyəti günləri idi, 1 ay ərzində orada konsertlər verdik. Atam bəzən mənə sərt dərslər də verirdi. Yadımdadır, qatarla Moskvaya gedirdik. Yemək bol, çörək az idi. Bir parça qalmışdı, dedim, bunu mən yeməliyəm. Çörəyi tələsik ağzıma atdım. Atam dedi, mən sənin atanam, bunu sənə bağışlayıram, amma gələcəkdə belə səhv etmə. Son tikəni də sən bölüşdürməlisən. Bu çox sərt bir dərs idi. Mən ağladım, anam dedi, uşağı nahaq incitdin. O da qayıtdı ki, bu Fərhad üçün dərs olmalıdır, yoxsa eqoist olacaq. Üstündən 60 il keçib, bu dərs hələ də yadımdan çıxmır”.
Xalq artisti maestro Niyazi ilə bağlı xatirələrini də bölüşüb.
“Niyazinin övladı olmayıb, mən maestro üçün bir oğul kimi olmuşam. Demək olar, günümün yarısı onun evində keçirdi. Tez-tez məni yayda dəniz kənarına aparırdı. Fəxr edirdim ki, maestro Niyazi mənim əlimdən tutub gəzir. Hamı bizə baxırdı. 10 yaşım var idi. Bir dəfə də dənizə gedəndə Niyazi balıqçıları gördü, gedib onlarla oturdu, söhbət etdi. Dedim, siz dahi insansınız, onlar hara, siz hara? Dedi, bala, yaddan çıxartma, adi adamlarla dostluq et, onları say. Bu dərslər mənim üçün çox vacib idi. 9-cu sinifdə oxuyurdum, filarmoniyada Niyazi ilə konsert verirdik. Əlbəttə, bu mənim üçün xoşbəxt gün idi” .
Sənətkar Şuşa ilə bağlı arzularını da dilə gətirib.
“Şuşa işğal altında olanda yuxularıma çox gəlirdi. Qarlı gün idi. Diz çöküb Şuşadan üzr istəyirdim. Poladla ora gedəndə yenə də Şuşa qarlı idi. Gedən kimi diz çökdüm. Orada bir əsgər var idi. Dedi, ağsaqqal, siz niyə diz çökürsüz? Dedim, mənim bir arzum var idi, onu yerinə yetirirəm. Orada xüsusi bir məktəb olmalıdır. İnanırıq ki, olacaq da. Məcbur deyil ki, 100-200 uşaq təhsil alsın. 25 nəfər olsun, amma ən istedadlıları olsun. Elitar bir məktəb olsun. Şuşa bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Ora bu gün bütün dünyadan yazıçılar, şairlər, sənətkarlar gəlir. Şuşa mötəbər tədbirlərə ev sahibliyi edir. Biz Şuşanı belə görmək istəyirdik”.
moderator.az