Kulis.az Rafael Hüseynovun "Erməni qoşununu təkbaşına məğlub edən" yazısını təqdim edir.
Bunlar hamısı cavabı bilinməli sirlərdir. Xəbərim yoxdur, haçansa kimsə bu sualların ardınca olubmu, bu mətləblərə aydınlıq gətirməkçün çalışıbmı? Olmayıbsa, bundan belə həmin suallara doğru cavab tapmaq daha çətin görünəcək. Çünki tarix yaşandı, vərəq çevrildi, danışa biləcək, həqiqəti anladacaq şahidlərin hamısı getdi.
Amma sualların cavabları da açıq qala bilməz, gərək o cavablar verilə ki, sabahdakılarımız bu mətləblərə yetişəndə kor dalana dirənməsinlər. Şahidlərin ən mötəbəri iləsə mənim sənədli-sübutlu söhbətlərim qalır və istəyirəm ki, siz də bir para qaranlıq gizlinlərdən agah olasınız.
O indidir ki, Üçqovaq kəndi Ağdaş şəhərinə qovuşan kimidir. 1940-cı illərdən bugünəcən o qədər evlər tikilib, ağaclar əkilib, yollar çəkilib ki, elə bil köhnə məsafələrin hamısı ikiqat, üçqat qısalıb. O çağlarsa ən qısa yol da adama olduğundan daha uzun gəlirmiş. 1941-1945 davasının qara qayğılı günləri təzəcə başlayırmış. Hər gün dan yeri qızarmamış, hələ çoxları uzun və qara qış gecələrinin şirin yuxusunda ikən bir çəlimsiz uşaq kənd yoluyla məktəbə doğru tənha irəliləyirmiş. Kənddə yaxşı-yaman məktəb vardı və hesabla o, məktəbə tək getməməliydi, çünki səhər çağı başqa şagirdlərdən, müəllimlərdən də həmin yolla gedənlər olmalı idi. Ancaq o uşaq bu kənddəki məktəbə deyil, rayon mərkəzindəki ayrı məktəbə çatmalı idi, ona görə də dərsə gecikməməkçün gərək evdən hələ kənd uyuyurkən çıxaydı. Ağdaşda bircə musiqi məktəbi vardı, o da rayon mərkəzində. "Məktəb" deyəcəyin 1941-1942-ci ilin musiqi məktəbi necə olası idi ki!
Qaranlığı gec dağılan qış səhərlərində Nisə xanım balasını dərsə yola salmazdan qabaq ona heç olmazsa bircə stəkan çay, bircə dilim şor-əppək verməkçün yataqdan Habildən də əvvəl qalxardı və o uşaq o vaxt yox, illər sonra həmin günləri, yuxuya haram qatıb qış səhərlərində erkən oyanmağın nə qədər ürəkistəməyən bir iş olmasını yada saldıqca anasının sübhdən ondan xeyli əvvəl oyanaraq soyuq evdə sobaya odun atmasını, çay dəmləməsini, hər səhər onu evdən məktəbə ötürürkən kövrələrək "Allah əziyyətlərini yerdə qoymasın, a bala!" deməsini xatırlayaraq gecikmiş minnətdarlıq duyğusu ilə qəhərlənəcək, guya bugününü keçən günə çatdıracaq körpü olacaqmış kimi, anasının köhnə, illər ötdükcə bozarmış şəklini götürüb həsrətlə baxacaq...
Balaca Habil bir əlində fanar, bir əlində anasının qalın parçadan tikdiyi torbaya qoyduğu kamança qarlı kənd yoluna ilk ləpirləri sala-sala musiqi məktəbinə gedərdi.
O fanar da, o kamança da ona yadigardı. Fanarı əsgər getməzdən əvvəl qardaşı ona bağışlamışdı, kamançanısa üzünü doyunca belə görməyə tamarzı qalacağı atası almışdı. Yolu elə qarasına da, hava hələ işıqlaşmadan da səmti bildiyindən fanarsız da gedə bilərdi. Ancaq artıq yük də olsa, hər dəfə fanarı götürməsini anası təkid edərdi. Müdrik qadınmış, düz edirmiş. Səhərdən çox gecəyə oxşayan, hələ xoruzların ilk banlarının eşidilmədiyi belə sabahlarından birində balaca Habil qaranlıqda çıraq kimi işıldayan bir cüt göz görəndə yadına anasının hər dəfə onu məktəbə yola salanda təkidlə dediyi sözlər düşmüşdü, daşına qənaət etməkçün çox vaxt sönülü saxladığı fanarı yandırmışdı və gendən işıldayan o bir cüt göz qaranlığın dərinlərinə doğru qaçaraq zülmətdə əriyib itmişdi.
Onsuz da hər səhər həmin yolu gedəndə uzaqdan ac yalquzaqların vahiməli ulamasını eşidib üşənərdi, bir günsə canavar lap yolunun üstünə çıxmışdı. Ancaq anası namaz üstəymiş, fanarı yandırması, qəfilcə qaranlığı yaran gur işıq qurdu ürkütmüşdü, aralanıb getmişdi.
Bəlkə yolaçan olmasını, bir deyil, yalquzaqdan da betər bir sürü rəqibin arasından sıyrılaraq qabağa çıxmasını, seçilən olmasını kəndin qarlı yolunda ilk cığırı aça-aça kamança dərsləri almaqçün məktəbə getdiyi o çağlarda tale onun alnına yazıbmış?!
"Əməlli-başlı geyimim də yox idi.Qışın günü mən məktəbətək köynəklə gedirdim. Özü də məktəb nə məktəb. İki nimdaş otaq idi. Kiminsə evini alıb musiqi məktəbi eləmişdilər. Qar yağır çöldə, müəllim içəridə, yanında başqa şagird var, hələ dərs qurtarmayıb, gözləməyə başqa yer də yox idi. Dəhliz-filan yoxdu, elə birbaşa qapını açıb sinfə girirdin. Odur ki, obiri dərs qurtaranacan çöldə, qarın altında gözləyirdim. İçəri girəndə də soyuqdan üşüyüb büzüşmüş barmaqlarım gizildəyirdi, simi tutmurdu. Müəllim acıqlanırdı ki, fərsizsən, çala bilmirsən, indi qar yağır deyə çalmayacaqsan, dərsimizi keçməyək?! Müəllim də erməni idi. Deyirdim ki, müəllim, vallah, əlim tutmur, barmaqlarım donub, çöl çox soyuqdur, siz içəridə sobanın yanında oturmusunuz, mənim halımı bilmirsiniz. Çımxırırdı ki, axı səndən qabaqkı uşaq da çöldən gəlmişdi, bəs o niyə belə şikayətlənmirdi? Qayıdırdım ki, ay müəllim, axı onun əynində kürk, əlində əlcək vardı, mənim əlcəyim yoxdur, əynimdə də bircə köynək.
Belə-belə günlərim olub. Çox şükür olsun, gəlib bu yaşa çatmışam. Bəlkə də Allah əvəzini verir ki, mən çox yaşayım, o günləri gün hesab edərək ömrümdən saymır. Allah o ağır günləri hesabıma yazmır ki, bir az da çox yaşayım,həmin sıxıntılı günlərin əvəzi çıxsın".
Dövr o dövr idi, Azərbaycanın kamançası erməninin əlində imiş. Görün vəziyyət nə təhərmiş ki, hətta Ağdaş kimi bir yerdə də musiqi məktəbində kamança müəllimi erməniymiş. Onlarsa kamançanı öz tərzlərində çalırdılar. Bunu da mənə vaxtilə Habil müəllim anlatdı ki, hətta bizimkilər də o üslubu mənimsəmişdilər. Dinləyən də nə bilsin, elə zənn edərdi ki, elə kamançanı bu sayaq çalarmışlar. Ancaq Habil artıq öz müstəqil yolunu tutub çalmağa başlayanda hansısa daxili fəhmin gücüylə, qan yaddaşındakı hansısa gizli gücün təsiri ilə hamıçalan kimi deyil, fərqli çaldı. Bizlərə elə ilk eşidilişdən xoş gəldi - qan çəkdi. Azərbaycan kamançaçılığında erməni dəsti-xəttini bərqərar edənlərsə diksindilər, bu, onlara yad gəldi və köhnə bazara təzə nırx qoyan bu cavana qarşı hamısı birdən qalxışdı.
Azərbaycan radiosunun səs xəzinəsində 1983-cü ilin 6 martında səslənmiş "Axşam görüşləri"nin lent yazısı qalır. Aydın məsələdir ki, bu verilişdə gedən söhbətləri 2-3 gün əvvəl yazmışıq. Həmsöhbətim o çağların məşhur kamançaçısı Nefton Qriqoryandır. Azərbaycan dilində danışır. Elə sənin-mənimkimi, Qarabağ, Şamaxı, Bakı ermənilərinin çoxu kimi. Bu da onların ayrı bir silahı idi. Ad çəkmir, amma gileylənir və daşı hansı bostana atdığı da bəllidir. Ancaq tarixi mənası olduğu üçün o vaxt o sözləri ixtisara salmamışdım və indi vacib sübut, söylədiyim fikirlərə dayaq kimi qavranılır. Bəzi kamançaçılardan gileylənir ki, ayrı üslubda çalırlar, adama yad gəlir. Dəqiq sözlərini iqtibas edirəm: "A balam, öz dilimiz var, öz dilimizdə çalın da!" Eşidən elə zənn edir ki, guya bu adam musiqimizdə eşidilməyə başlayan İran, Türkiyə qatışıqlarından, ərəb, hind nəfəsləri və xallarından bəhs edir, "öz dilimiz" deyəndə də Azərbaycan çalğı yolunu nəzərdə tutur. Lakin bu danışan zahirən əl ermənisi olsa da, elə ermənidir ki var və "öz dilimiz" deyərkən hədəfi elə məhz kamançaçılığımızdakı erməni ifa yoludur. Açıqca sözünü deyir, sadədillər də bunu guya onun musiqimizin saflığının təəssübünü çəkən kimi qəbul edirlər.
Nefton Qriqoryan bu sözləri deyəndə Habil artıq çoxdan musiqimizdə möhürünü vurmuşdu, daha həmin üslubda çalan, bunu elə kamançanın azərbaycancası hesab edən ifaçılarımız da az deyildi. Habil elə zirvəyə dikəlmişdi ki, ermənilər daha ona bata bilmirdilər, amma görürsünüz ki, yenə fürsət düşdükcə sözlərini deyirdilər, ümidli idilər ki, biz çox, Habil təkdir, bəlkə əvvəl-axır öhdəsindən gəldik.
O zamanlar 1950-1980-ci illərdə Azərbaycan kamançaçılığında tanınan, ekranlarımızda, efirlərimizdə, xalq çalğı alətləri ansambllarımızda, toy-düyünümüzdə adları və ifaları sayrışan ermənilər hələ az deyildi - Nefton özü, Vaqo Velkumov, Boris Keropyan, Vartan Manqasaryan və digər irili-xırdalı bu cür vartanlar. Daha əvvəlki vartanların adlarını unudulmağa qoymayan, yaddaşlarda diri saxlayan, örnək kimi yaşadan adamları da vardı.
Aramızda oturub erməniçiliyə xidmət edən Firidun Şuşinski ləqəbli şəxsin 1985-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqiçiləri" kitabında bircə Azərbaycan kamançaçısı haqqında ayrıca yazı yoxdur. Ancaq Saşa Ohanezyan, Avanes Avanesov, Armenak Asriyan, Levon Qaraxanyana gen-bol oçerklər həsr edilib, hələ digər xanəndələrə həsr edilən yazılarda erməni əsilli kamançaçılardan elə müstəqil oçerklər həcmində gəzişmələri qoyuram bir kənara. Azərbaycanınsa elə həmin erməni musiqiçiləri ilə eyni vaxt kəsiyində yetərincə şöhrətli İsmayılxan Talışinski, Qılman Salahov, Hafiz Mirzəliyev, Tələt Bakıxanov, Ağası Məşədibəyov, Elman Bədəlov kimi kamançaçıları vardı. Habilinsə ad-sanı artıq 1960-1970-ci illərdən respublikanın sərhədlərini aşmışdı, canlı klassik hesab edilirdi, Xalq artisti fəxri adına layiq görülmüş ilk kamançaçımızdı.
O kitabda Azərbaycan kamançaçıları haqqında tam sükut - sanki heç olmayıblar.
Həmin kitabın müəllifi və araya-ərsəyə gətirilməsinə kömək edənlər gələcəyi də düşünürdülər: zaman keçəcək, açacaqlar "Azərbaycan xalq musiqiçiləri" adlı bu kitabı, baxacaqlar ki, oçerklərin qəhrəmanları Lazar Ter-Vartanesov, Qrikor Məlikyan, Avanes İoannesyan, Bala Məlikyan, Lazar Qabrielyan və digər belə-belə yanlar, istər-istəməz o nəticə çıxarılacaq ki, elə bunların xalq musiqisinin əsas sütunları ermənilərmiş. Kitab Bakıda buraxılıb, üstündə müəllif olaraq bir azərbaycanlı adı, nəşrin dili azərbaycanca. Yəni hələ 1980-ci illərin ortalarında azərbaycanlılar özləri etiraf ediblər ki, onların xalq musiqisini biz yaratmış, biz təmsil etmiş, biz irəlilətmişik. Budur məkrli siyasətin alt qatı.
Habil boyda nəhəngdən bu kitabda əsər-əlamət yoxdur. Vaxtında özündən soruşmuşdular ki, nə əcəb bu kitabda Habil haqqında bir məqaləniz, hətta müsbət bir cümləniz yoxdur? Bu söhbətin canlı şahidiyəm. Azərbaycan radiosunun musiqi redaksiyasının xalq musiqisi şöbəsinə qoltuğunda bu təzə kitabı ilə gəlmişdi, o vaxt həmin redaksiyanın baş redaktoru olan Hacıbaba Məmmədov kitabı vərəqləyəndən, mündəricatına nəzər salandan sonra bu sualı vermişdi və müəllif də söyləmişdi ki, bu kitabın davamı da olacaq, növbəti hissədə Habil haqqında da ayrıca böyük oçerk olacaq. 1995-ci ildə vəd edilən həmin kitab çıxdı. "Musiqiçinin düşüncələri" adlı o kitabda, həqiqətən, artıq Habil Əliyevdən də bəhs edilirdi. Ancaq həqarətlə, nifrətlə.
Gerçək mənzərə budur, agah olun. Erməniçilik bütün istiqamətlər üzrə içərimizdə belə işləyib.
Habil müəllim danışırdı ki, o erməni müəllimimizin öyrətdiyini mən də çalırdım, kamança sinfinə gedən başqa uşaqlar da. Ancaq mənimki həmişə nə iləsə obirilərinkindən seçilirdi. Erməni müəllimimiz əsəbiləşirdi ki, düz çalmırsan. Deyirdim, axı, müəllim, nə öyrədinibsizsə, barmaq-barmaq hamısını eynilə çalıram.
Daha da hirslənirdi ki, yox, düz çalmırsan, nəsə yadlıq var sənin çalğında, bilmirəm nədir, amma yaddır.
Yadlıq nə imiş? Habil müəllim bunu da danışırdı ki, ağdaşlı məşhur xanəndə, vaxtilə Cabbar Qaryağdı oğlunun özünün də yüksək qiymətləndirdiyi Veys Hacıyevin oxularını dinləyib valeh olubmuş, kamançasını çalanda onun boğazlarını, şirinliklərini ifasına qatırmış, anasının çətin müharibə illərində iş görə-görə hərdən etdiyi qəmli zümzümələrindəki xalları hansısa el nəğmələrini çalanda istifadə edirmiş və sırf azərbaycanlı oxusundan, nəfəsindən gələn bu xırdalıqlar, təbii ki, erməni müəllimin nə çalğısında vardı, nə öyrətdiyində. Oxudan gələn bu xalların hər birinin kökü muğama bağlı idi. Erməni muğamı öyrənib tarda, kamançada çala bilirdi, amma Azərbaycan dilində danışmağın öhdəsindən gəlsə də, azərbaycanlı kimi oxumaqda gücsüz idi. Oxumaq ürək məsələsi idi və azərbaycanlı kimi oxumaqçün gərək azərbaycanlı ürəyinin sahibi olaydın. Habil kamançaya Azərbaycan oxusunu gətirməyə başlamaqla kamançanın yalnız qıvraq barmaqlarla deyil, həm də həssas ürəklə çalınan bir alət olduğunu əyan etdi. Buna görə nə çaldısa, erməni orda bir yadlıq, dinləyən azərbaycanlısa indiyədək dinlədiyi kamançalarda eşitmədiyi doğmalıq sezdi.
El sənətimizin iki qanadı ən azı bu son 2-3 əsrdə həm də siyasi yük daşıyıb. Bir xalça, bir də kamança. Erməni də, digər yadellilər də tarix boyu yalnız yurdumuzun ayrı-ayrı guşələrinə, altı da, üstü də qızıl torpaqlarına göz dikməyiblər, maddi və mənəvi sərvətlərimizi də girəvə düşdükcə qamarlamağa, özününküləşdirməyə can atıblar. O yerdə ki hansısa xalçanı farsın toxuduğuna tam əmin olublar, əllərində dəlil-sübut olub, onu elə birbaşa öz xalçaları kimi təqdim ediblər. Fəqət görəndə-biləndə ki, bu xalça Təbrizinki, Ərdəbilinki, Marağanınkıdır... başlayıblar izi itirməyə, adını "İran xalçası" qoyublar. O yerdə ki xalçanın ermənininki olduğu dəqiq bilinib, açıqca öz adlarını üstünə yazaraq dünyaya car çəkiblər. Ancaq Qarabağ, Şirvan, Quba və digər xalçalarımızın dəqiq ünvanını it-bata salmaq, elə bunları da özlərininki kimi qələmə verməkçün mücərrəd bir "Qafqaz xalçası" deyimini uydurublar.
Kamançaya və kamançaçılığa isə heç tərəddüdsüz-zadsız elə "bizimkidir" deyiblər, özlərini bu işin sahibi kimi təsdiqləyiblər, bir inhisar yaradaraq azərbaycanlıları da yaxına buraxmamaqçün hər fitnəyə əl atıblar.
Birdən-birə Habil kimi cəngavər meydana atılarkən ona düşmən kimi baxmamalıydılarmı?
Habil yalnız bir mahir sənətkar deyildi, həm də siyasət adamı idi. O, köksündə Azərbaycanın ali dövlət təltifini - "İstiqlal" ordenini gəzdirirdi və buna sözün birbaşa mənasında tam haqqı vardı. Çünki onun yerinə yetirdiyi iş zahirən tamaşaçı qarşısında əyləşərək kamança çalmaq idisə də, mahiyyətcə zəbt edilmiş sərvətimizi istilaçının caynaqlarından qopararaq özümüzə qaytarmaqdan ibarətdi.
Ona görə də 1990-2000-ci illərdə, hələ torpaqlarımızın erməni işğalında olduğu vaxtlarda etdiyim çıxışlarda deyirdim və söylədiklərim də lentlərin yaddaşında qalmaqdadır - söyləyirdim ki, Habil Əliyevin xilaskarlığı onun nişanəsidir ki, əl boyda kamançanı işğalı altında saxlaya bilməyən erməni Azərbaycanın min kilometrlərlə ərazisini də daimilik zəbt edib qala bilməyəcəkdir.
Vaxt bu arzu və ümidimizi də çin etdi, zamanında Habilin bir qoşun erməni kamançaçısı və kamançaçılığımızdakı erməniçilik üzərindəkiqələbəsini gördüyümüz sayaq, gün yetişdi ki, Azərbaycanın müzəffər ordusunun da erməni və erməniçiliyi darmadağın etməsinə xoşbəxt şahidlər olduq, böyük Zəfərimizi qazandıq, torpaqlarımızı azadlığına qovuşdurduq.
"Mən bir söz deyəcəm, bir az təvazökarlıqdan kənar olacaq, amma məcburam deyəm. Bu kamança aləti əslən bizim alətimiz olub deyə mənə Allah Özü kömək elədi ki, onu ermənidən alıb özümüzə qaytarım. Kamança alətində mənə qədər eşidilməyən şeyləri çaldım. Muğamları çaldım, muğamları erməni çala bilməz heç vaxt. Çünki onun ürəyi deyil, onun malı, onun qanı-canı deyil. Muğamla layla bir-birinə calanıbdır. Mən muğamla böyümüşəm. Muğamat ürəyim, qanım olduğundan məndə yaxşı alındı, kamançada yaxşı çıxdı, xalq da onu eşitdi, bəyəndi və sağ olsun ki, xalq da məni müdafiə elədi. Kamançanı mən xalqımızın hünəri ilə, köməyi ilə ermənilərdən ala bildim".
Bunlar mənim müşahidəm deyil, Habilin öz sözləridir və gərək kamançamızı, kamançaçılığımızı elm kimi araşdıranlar bunlara xüsusi diqqət edə, bu ipuclarından yapışıb dərinlərə gedə.
Habildən əvvəl və Habil dövründə yaşayıb-yaratmış digər azərbaycanlı kamançaçıları ermənilər çox qabağa buraxmamaqçün bütün lazımi tədbirləri görmüşdülərsə də, hər halda onlara dözümlü yanaşmış, onlarla Habilə olan təki yağıcasına davranmamışdılar.
"Bizim kamançaçalanları ermənilər qəbul edir, yola verirdilər. Çünki onlar erməni yolu çalırdılar. Necə ola bilər ki, azərbaycanlı öz musiqisini, öz muğamını ermənidən öyrənib çala?! Mən buna görə xəcalət çəkirdim. Uşaq vaxtı hələ rayonda yaşayanda gördüyümü görmüşdüm, ancaq Bakıya gəlib burda bilavasitə tanınmış musiqiçilərin mühitinə düşəndə şahidi olduqlarım məni çox pərişan elədi. Tamam xəcalət çəkdim. Adam da öz musiqisini başqa bir millətdən öyrənər? Odur ki, heç kimə bənzəmədən, oxşatmadan çalmağa başladım. Mən oxuyanlarla çox çalırdım, oxuyanlar da məni çox istəyirdi. Niyə? Çünki mən oxuyanların vurduğu nəfəsləri çalırdım, qaytarırdım onlara. Onlar nə oxuyurdusa, mən də onu qaytarırdım onlara, o şeylərin hamısını, xanəndə yollarını. Mən həm də kamançada solo çalmağa başladım. Bu da xalqımızın kamançada eşitmədiyi şeylər idi. O çaldıqlarımın hamısı camaatımıza doğma idi. Çünki Xanın, Zülfünün, Mütəllimin, Yaqubun nəfəsləri, boğazları, keçidləri, qaynatmaları artıq dönə-dönə eşidilmişdi, ruha hopmuşdu. Odur ki, mən bunları artıq kamançada müşayiət vaxtı deyil, təkcə çalanda da camaata çox şirin, məhrəm gəldi. Ona görə də Habil kimi mənim qiymətimi verdilər. Bu, məni həm çox fərəhləndirdi, həm də borclu elədi. Mən də dayanmadan çalışdım ki, elə incəliklər edim, elə gözəlliklər tapım ki, çalğım get-gedə daha da yaxşılaşsın".
Xalq Habilin çalğısını eşidincə sanki çoxdan görmədiyi doğması ilə rastlaşan kimi olmuşdu. Ermənilər və erməniçiliksə diksinmişdi. Məchul sual qarşısında gözlərini döyürdülər: kamança həmin kamançadır, bəs bu səs niyə özgə təhərdir? Odur ki, fürsət düşdükcə Habilə badalaq vurmağa, maneələr yaratmağa, sataşıb həvəsdən-ruhdan salmağa macal axtarırdılar.
O əhvalatlardan birini Habil müəllim belə nağıl edirdi ki,Yaşıl teatrda dövlət konserti olası idi. Təbii, konsertin proqramında ən üzdə olan ifaçıların adlarıymış -Şövkət Ələkbərova, Hacı Məmmədov, Əbülfət Əliyev və Habillə Neftonun da adları həmin cərgədə. Ancaq Nefton Qriqoryan həmin axşam oxuyanları müşayiət edən kimi çıxış edəcəkdisə də, Habil Əliyevin tək ifası nəzərdə tutulubmuş.
Nömrələr bir-bir elan edilir, səhnəyə çıxırlar, çalıb-oxuyurlar, alqışlanırlar və növbə gəlib çatır Habilə.
Burası öz danışığında daha məzəlidir, üstəlik də birbaşa mətləbə çatmazdan qabaq yolüstü elə Habilsayağı özü də özünə yüngülvari sataşıb keçir: "Çıxdım səhnəyə, çaldım. O vaxt camaat məni lap çox istəyirdi. Elə indi də sağ olsunlar, çalsam, istəyərlər. Amma daha səksəni keçmişəm, səhnəyəçıxıb çalmaq yaşıma yaraşmır. Ayıbdı. Mənim taylarım gedib məşhədi olubdu, nə bilim hacı olublar. Hərçənd mən də Əməkdar, Xalq artisti olmuşam, ancaq evdə oturan yaşıdlarıma baxıb mən də tədbiri tökdüm, kamançanı qoydum yerə. Heç olmasa mənim də xalqa hörmətim bu olar ki, çalmaram. Sənət elədir ki, gərək xalqın qarşısına ən yaxşı vaxtında çıxasan. Nə isə, sözüm onda deyil, Yaşıl teatrda çıxdım səhnəyə, solomu çaldım, çox gözəl qarşılandı. Alqış kəsilmirdi, iki dəfə səhnəyə qayıtdım, baş əydim, camaat əl çəkmədi, yenə bir şey çaldım. Ancaq yenə alqış dayanmırdı, məni buraxmırdılar. Dübarə gəlib bir də çaldım. Həmin il Beynəlxalq uşaq ili elan edilmişdi. Mən də uşaqlara hədiyyə kimi Qənbər Hüseynlinin "Cücələrim"ini o münasibətlə hazırlamışdım. İş elə gətirdi ki, həmin gün çalmaqçün üçüncü dəfə səhnəyə qayıdanda bir yenilik olsun deyə bunu ifa etdim. Ovaxtacan "Cücələrim"i tək kamançada çalıb-oxuyan olmamışdı. Həm də məndən əvvəl çalınıb-oxunmuş "Cücələrim"lərdən fərqlənsin və daha da maraqlı alınsın deyə çalğıma toyuq, xoruz, cücə səslərini də qatmışdım. Çaldım, gözlədiyimdəm də yaxşı qarşılandı, camaat buna obirilərindən də gur əl çaldı. Səhnədən çıxdım, bu Nefton, digər ifaçılar da hamısı səhnə arxasındadırlar. Nefton birdən dilləndi ki, sağ ol, ara, nə yaxşı banlayırsan, ara? Gördüm Şövkətdə, Hacı da, ordakıların hamısı dönüb buna acıqlı baxdılar ki, yəni niyə Habilin xətrinə dəyirsən? Mən də buna həmişə hörmətlə "Nefton müəllim" deyirəm, ağsaqqal sayaraq o gələndə ayağa dururam ki, Nefton müəllim,orda oturma, burda əyləş. Gördü ona belə yazıq-yazıq baxıram, ətrafdakıların da münasibətini hiss etdi, guya könlümü almaq, malalamaq üçün qayıtdı ki, gərək onu səndən öyrənəm. Düz gözünün içinə baxa-baxa dedim ki, Nefton müəllim, sənin "Cücələrim" çalmağın ayıbdır, yaxşısı budur sən get anqırmağı öyrən".
Habil müəllim yalın əsəb telləri kimi həssas idi. Öz sözü idi, deyirdi ki, mən yonulmuş diş kimiyəm, hər isti-soyuq mənə o dəqiqə təsir edir. İsti-soyuq deyəndə məqsədi havaya işarə etmək deyildi. Məhrumiyyətli uşaqlıq, yeniyetməlik dövrü onu əvvəldən bərkə-boşa dözümlü etmişdi, sonra da ömrü boyu o kənd mənim, bu şəhər sənin - yollarda oldu. Onun həssaslığı insanı bir hərəkətindən, xəfif baxışından, adicə kəlməsindən görə, duya bilməsində idi. Oturub-durduğu, dost dediyi adamların da hər biri elə özünə uyğun duyğulu insanlardılar.
Muğamları, təsnifləri, bəstəkar mahnılarını, el havalarını seçib ayırdığı kimi, dost-yoldaşı da seçib ayırırdı. Əlbəttə, zahirdə yox, öz aləmində, içərisində. Musiqiçilər əhatəsində, öz curlarının əhatəsində olanda başqa Habil idi, ruhca, fikircə qəlbinə yaxın tutduğu Lətif Kərimovla, Bəxtiyar Vahabzadə ilə oturub-duranda bir ayrı Habil. Özü hər sözün çəkisini, dadını, istisini-soyuğunu biləndi, danışığı sərrastdı, ona görə də içi dərin deyişlərin vurğunu idi, "Adamların həssaslığı məni onlara bağlayır. Mən həssas adamdan ötrü ölürəm", - söyləyirdi.
Lətif Kərimovun böyük sənətinə heyran idi, - bu, öz yerində, amma xalçaçı ustad bircə təsirli ifadəsi ilə Habilin ürəyinə girmişdi. Danışırdı ki, Lətif müəllimə bir gün söylədim ki, siz gözəlliyi o qədər yüksək qiymətləndirirsiniz ki, gözəl özü heç bilmir o qədər gözəldir.Belə cavab verdi ki, Habil, buna mənim ixtiyarım var. Çünki, tutalım, bir gözəl xanım keçib gedir, mən də, sən də, başqaları da ona baxır. Ancaq mənim görməyimlə digərlərinin, hətta o xanımın özünün güzgü qabağında özünü görməsinin təfavütü var. Mən onu bir rəssam gözü ilə bütün mütənasibliyi ilə görə bilirəm, ona görə də mənim "gözəl" qiyməti verməyimlə bir başqasının "gözəl" deməsi əsla eyni deyil.
Habil müəllim o vaxt bu müşahidəsini mənimlə bölüşəndə söyləmişdim ki, əgər Lətif müəllim bir rəssam kimi gördüyü gözəlliyi çılpaq təsəvvür edə bilirsə, sizin görməyiniz yalnız zahiri yox, daxili də seyr etməyə imkan yaradan rentgen şüası altında görmək kimidir.
Gülümsəmişdi, deyəsən, ürəyindən olmuşdu, demişdi ki, o cəhət əsas Bəxtiyardadır. Çox olub ki, eyni məclislərdə oturmuşuq, başqaları danışıb, biz kəlmə kəsməmişik, hərdən baxışmışıq, amma həmin ani baxmaqla da mənim nə demək istədiyimi Bəxtiyar, Bəxtiyarın nə demək istədiyini mən hiss etmişəm.
Elə bir-birlərini belə incəliklə duymalarındandır ki, Bəxtiyar Vahabzadə Habilə bir deyil, bir neçə şeir həsr etmişdi, Habil də Bəxtiyar şeirlərini nəğmələşdirmişdi. Bəxtiyar müəllim bunu da söyləyirdi ki, "Muğam" poemasını yazanda Habil həmişə yanımda olub, onun məsləhətlərinə qulaq asmışam, tövsiyələrinə əməl etmişəm.
Əslində həmin poemanı yazdığı günlərdə Bəxtiyar Vahabzadə Habil Əliyevlə heç görüşməmişdi, hətta telefonla da danışmamışdılar. Ancaq deyirdi ki, hər axşam növbəti parçanı başlamazdan əvvəl maqnitofonu qururdum, Habilin lentlərini qoyurdum, elə dinləyə-dinləyə də başlayırdım yazmağa, çaldıqca elə Habil mənimlə danışan kimi olurdu...
Habilin həyatı boyu sonacan minnətdar olduğu və öz deməsincə, həyatda ona tam təmənnasız məhəbbət bəsləmiş bircə insan olmuşdu - anası Nisə xanım.
"Mənim üçün ana kimdir? Rafael müəllim, bu, çox çətin sualdır. Anasını hər halda, adamların hamısı çox istəyir. Amma mən bir məsələdən nigaranam, şübhəliyəm ki, Allahın anası olmayıb. Bu, bir sirdir, ancaq mənə belə gəlir ki, Allahın da anası olub. Ana əvəzolunmazdır, ana olmayandan sonra da onu əvəz eləyənbacıdır, heç olmasa bacı ögey anadan daha yaxşıdır. Həyatda əvəzsiz dəyərlər var, ana həmin sərvətdir. Əfsus ki, əfsus ki, vaxtında qiymətini verə bilmirik. Mən əgər bilsəydim ki, anam öləcək, inanın ki, ondan qabaq mən ölərdim. O qədər mən anamı sevmişəm. Rafael müəllim, keçib mətbəxdə baxıb görəcəksiz ki, televiziyanın üstündə anamın şəklidir. Çərçivədə təkcə gətirib qoymuşam ora. Belə etmişəm ki, gün boyu, həmişə, yatana qədər anamı görüm. Anam məni belə görə bilmədi. Bu şan-şöhrətdə, bu imkanda görə bilmədi. Amma gördü ki, mən də hamı kimi yaşayıram da. Belə görsəydi, bəlkə də anam ölməzdi".
Bu sözləri deyəndən sonra Habil müəllim şahidi olduğu, başına gəlmiş iki ana hekayətini danışmışdı. İkisini də danışanda doluxsunmuşdu, neçə dəfə səsi qırılmışdı.
Habil danışırdı, onun ibrətli ana hekayətlərini dinləyirdim, elə fərz edirdim ki, o danışmır, çalır, ana nəğməsi ifa edir.
Hadisələrdən biri İmişlidə baş vermişdi və bu söhbətini başlamazdan əvvəl Habil müəllim vurğulamışdı ki, "ölsəm də yadımdan çıxmaz!" Böyük mağazanın müdiri olan imkanlı bir adam oğluna kiçik toy edirmiş. Çalıb-oxuyurlar, yığışanlar da, toy sahibi də feyziyab olur. Habilgil haqqını alıb getməyə hazırlaşanda həmin mağaza müdiri toy sahibi rica edir ki, Habil müəllim, yaxşı qırqovulplov bişirtdirmişəm, axşam çörəyimizi yeyək, xudmani məclis olacaq, orda da bir-iki şey çalarsınız, hörmətinizi də necə lazımdır edəcəm, sonra gedərsiniz.
Adətən bildiyim dərəcədə Habil müəllim toyda xörək yeməyi xoşlamazdı. Toyu başa vurunca hansı saat olmasına baxmadan yola çıxardı. Ancaq o gün İlahidən olan kimi, elə bil bu hadisəyə şahid kəsilsin deyə ev sahibinin təvəqqeləri qarşısında yumşalır, sənətkar yoldaşlarına da deyir ki, 2-3 saatla bir şey olmaz, dincələk, qaş qaralanda yola çıxarıq.
İkinci mərtəbədə, eyvanda uzun bir masa açılıbmış, üstündə hər cür naz-nemət, dəmə qoyulmuş plovun yolunu gözləyə-gözləyə söhbətləşirlərmiş. Habil müəllim danışırdı ki, oturanlar ev yiyəsinin yaxınları idi, lap yanımda oturansa vaxtilə Bakıda milisdə işləmiş, indi təqaüdə çıxaraq ticarət şəbəkəsində çalışan bir yekəpər adam idi. Masa arxasında olanların sırasındakı bir arıq, sısqa cavan necə oldusa qayıtdı ki, Habil müəllim, bilirsiniz, bu İmişlidə nə qədər adam varsa, hamısını yıxıram, mənə güləşdə batan olmaz.
"Təəccüb qaldım, belə zəif, cansız bir şəxs özündən böyükləri də nə təhər yıxa bilər? Yanımdakı keçmiş sistem işçisi də cantaraq oğlandı. Həm yaşda bundan böyük idi, həm də canlı-cəsədli idi. Dedi, ə, başından yekə-yekə danışma. Kimi yıxırsan? Mən də İmişlidənəm. Məni də yıxarsan? Dedi: "Yıxaram". Bu da dik qalxdı ki, dur güləşək. Qalxdılar ayağa, yapışan kimi həmən bu arıq oğlan sistem işçisini çiynindən aşırıbguppultu iləvurdu yerə, dedim, öldü bu. Aşağıdan toy yiyəsinin anası, qoca qadın, yəqin, eyvandan bu hay-küyü eşidərək şəklənib ki, nə baş verir, yuxarıda nə həşirdir, hövlnak pilləkənləri qalxdı, "Ay mənim başıma daş, nəvəmin toyunda nə oldu?" - dedi. Toy sahibi, keçmiş milis işçisi olan həmin mağaza müdiri hikkəylə yaxınlaşdı zavallı qadına, anasını hökmlə itələdi ki, sən burda nə axtarırsan, get işinlə-gücünlə məşğul ol. Qadın yıxıldı yerə, məni ağlamaq tutdu. Musiqiçi yoldaşlarıma dedim ki, durun ayağa, uşaqlar. Ev sahibi nə qədər yalvardısa, üz vermədim. Dedim, mən sənin çörəyini yeyərəm, o loxma zəhər olub qalar boğazımda, sənin yediyin çörək deyil. Heç sağollaşmadan oturduq maşına, sürdük, çıxdıq getdik".
Ancaq təsadüf elə gətirmişdi ki, Habilin yolu həmin qanqaraldan əhvalatdan bir-iki həftə sonra Sabirabadın bir kəndinə düşür. Yenə toymuş. Ancaq işin tərsliyindən selləmə yağış başlayır, güclü də külək qopur. Peşmançılıq düşür, toy pozulur, külək toy mağarını da uçurub-dağıdır, gələn qonaqlar da naəlac qalaraq dağılışır.
Su içində olan musiqiçiləri dəvət edirlər evə.
"Bəyin də bir qardaşı var, çox baməzə, çox qabiliyyətli oğuldu. Gəldi ki, Habil müəllim, iyirmi dənə turacın bozbaşın bişirtdirmişəm. Dedim, day yox idi? Dedi, yox, elə hamısını bişirtdirmişəm, qoy nə qədər yağır-yağsın, özümüzçün axşamacan qəşəng vuracağıq. Soruşdum ki, kiminlə vuracaqsan? Dedi, bəs, sizdən əziz qonağımız olmayacaq ki, yaxşı da arağım var, xırda-xırda gillədəcəyik. Bu belə deyəndə ürəyim qopdu. Nə isə, iri bozbaş qazanını götürüb gəldilər, süfrə salındı, bir yeşik də araq qoyuldu. Dedim ki, ay qardaş, mən sən deyən köhnə Habil deyiləm e, çalğıma baxma, yaşlanmışam, burda yüzcə qram içsəm, ölərəm. İnsafən razılaşdı, dedi ki, neynək, əziyyəti özüm çəkərəm. Yayda susayıb ciyəri yananlar kimi stəkanı doldurur, çəkir başına, elə bil içdiyi heç araq deyil, sudur. Artıq gecə saat üç olub, bu, bizdən əl çəkmir, sabahı gün də bizim başqa yerdə toyumuz var, gərək yataq, dincələk. İçəridəki adamlara işarə elədik ki, axı biz yatmalıyıq. Bunlar da çıxıb çöldə ağsaqqala, qarasaqqala deyirlər ki, bəs Habil müəllim yatmaq istəyir, bu - bəyin böyük qardaşı hələiçir. Ev adamlarından bir neçə nəfər gəldi ki, bəs gecdir, yekunlaşdırın, hər dəfə də bu oğlan çönüb necə qeyzlə baxdısa, gələnlər elə sözü ağzında qalaraq çıxıb getdi. Hiss olunurdu ki, nədirsə, buna söz deyə bilən yoxdur, hamı bundan qorxur. Vəziyyəti belə görəndə cavanlardan biri: "Yaxşı, bu dəqiqə", - deyib çıxdı. Bir vaxt gördüm ki, palçığın içində bir arvad gəldi. Sən demə, bunların anasıymış. İçəri girib qapını açan kimi elə bircə bunu dedi: "Yusif?"
Bayaqdan hamının zəhmli baxışından qorxub-çəkindiyi bu adam bircə anda elə bil büzüşüb balacalaşdı, qadını görüncə durub bayıra qaçdı. Məni hönkürtü ilə ağlamaq tutdu. Dedim, halal olsun bu oğula,bayaqdan bizə verdiyi əziyyətlər də halal xoşun olsun, sən ki anaya belə hörmət bəsləyirsən, ananın qabağında belə əyilirsən, sənin yerin Cənnətdir".
Habil müəllim bu olmuşları mənə nağıl edəndə həmin əhvalatların üstündən 25 ildən də çox vaxt keçirdi. Danışırdı, sadəcə kövrəlmirdi, gözlərindən bıldır-bıldır yaş axırdı. Qəhərini uda-uda deyirdi ki, heç yadımdan çıxmır, o birinci də - anasını vuran da oğul idi, ikincisi - anasının bircə sözü ilə uşaq kimi durub qaçan da oğul idi. Fərqə bax!
Bəli, fərq tük qədər incədir. O da ana, o da oğul, bu da oğul, bu da ana.
Və bu da Habil.
Başqa kamançaçılarla Habilin fərqi də elə soğan qabığı qədər nazik, şəffaf idi. Onlar da kamança çalırdı, Habil də, onlar da eyni muğamları, eyni havaları ifa edirdilər, Habil də.
Lətifəsi bütün başqa kamançaçılardan uzaq olsun. Hansı birinisə o köntöy övladla oxşatmaq, yaxın qoymaq fikrindən çox uzağam.
Ancaq Habili anasının ruhu və kamançası qarşısında o ikinci oğul kimi əyilməyə də, səcdə etməyə də, sayğı duruşuna qalxmağa da həmişə hazır gördüm.
Bu ürəyin, bu mənəviyyatın sahibi olduğu üçün də heç kimin bacarmadığı kimi çala bildi.
2 noyabr 2024
"525-ci qəzet"