Kulis.az Akademik Milli Dram teatrının aktyoru, Əməkdar artist Elşən Cəbrayılovla müsahibəni təqdim edir.
- Elşən bəy, sizinlə 15 il öncə görüşmüşdük. O vaxtdan indi daha gənc görünürsünüz. Xeyli kilo atmısınız...
- Hə elədir. Özümü rahat hiss eləmək üçün. Buna görə heç kim mənə 46 yaş vermir.
- Üzünüzü estetik əməliyyat etdirmisiniz?
- Yox. Səhnə gözəl görünüş tələb edir, ehtiyac varsa etdirənlərə də pis baxmıram. Kompleks yaşayırsansa etdirməlisən də. Mən etdirməmişəm. Pəhriz saxlayıram. İdman edirəm. Bu qədər.
- Geyim tərziniz də maraqlıdır, fərqli obrazlarda görünürsünüz, bu gün bir az hind yoqa ustalarını xatırlatdı.
- Fərqli geyinməyi sevirəm. Bir neçə il öncə Məşhəddəydim. Orda ərəblərin əntarisində (uzun ağ don) gəzmişəm 1 həftə. Çox rahat hiss edirdim özümü o paltarda.
- Siz 16 yaşınızdan Akademik Milli Dram Teatrında rollar oynamısınız. O yaşda bu teatra sizi necə işə götürdülər?
- Əslində bu teatrda böyümüşəm desəm yeri var. Ona qədər Musiqili Komediya teatrında balet artisti kimi səhnəyə çıxırdım, sonra yarımştat aktyor kimi çalışdım. “Dramteatr”da ilk dəfə 17 yaşıma girəndə “Qisas qiyamətə qalmaz” tamaşası ilə səhnəyə çıxdım, müqavilə ilə işləyirdim. Atam, aktyor Şahin Cəbrayılov insult keçirib yatağa düşəndən sonra ailənin yükü mənim çiynimə düşdü.
Beyninə qan sızmışdı. Yadıma gəlir ki, yeni xəstələnəndə evə təcili tibbi yardım çağırmışdıq. Həkimlər ona 1 həftə vaxt qoymuşdular, dedilər uzağı 6-7 günə dünyasını dəyişəcək. Biz onu haralara aparmadıq, hansı həkimləri gətirmədik. Beləcə 14 il yaşadı. Amma o müddət ərzində də dəflərlə infarkt keçirdi. 2007-ci il, sentyabrın 5-də Şahin Cəbrayılov dünyasını dəyişdi. Nə bir fəxri ad aldı, nə bir mükafat. Bütün əməyi boşa getdi. Halbuki atamın qızıl fondda nə qədər tamaşaları, filmləri var. Atam xəstə olanda teatrın rəhbəri Həsənağa Turabov idi. Atam ərizə yazdı, işdən çıxdı, 1999-cu ildə onun yerinə tam ştata məni işə götürdülər. Bütün nəhəng sənətkarlar sağ idi, ştatda əlavə yer yox idi. Beləcə, bu günə qədər həmin teatrda qaldım.
- Mədəniyyət Nazirliyi, teatr atanıza yardım edirdi xəstə olduğu müddətdə? Ümumiyyətlə, kimlər bu 14 ildə sizə dəstək oldu?
- Bəxtiyar Vahabzadəyə ulu bir şair kimi baxıram. Atamın üzərində əməyi çox olub. O atamı xəstəxanaya yerləşdirdi. Bəxtiyar müəllimlə tanışlığımız qəribə olmuşdu. Teatrda onun “İkinci səs” tamaşası hazırlanırdı. Şair məni səhnədə görüb, deyib ki, onun nə qəmgin gözləri var? Biləndə ki, Şahinin oğluyam və problem var tamaşadan sonra məni foyedə gözlədi. Söhbət etdik, kömək təklif elədi. Allah rəhmət eləsin. Ağır vaxtlar idi, tək idim. Həsənağa Turabov, Elçin Əfəndiyev, sonrakı illərdə Əbülfəz Qarayev kömək ediblər atamın müalicə almasında. Ən çox dəstəyi o zamanlar Gülağa Tənha verdi. Ona çox borcluyam. Atam Polad Bülbüloğlundan incik getdi. O zaman Polad Bülbüloğlu mədəniyyət naziri idi. Müraciət etsək də, kömək etmədi. Nəinki müalicəsinə, heç layiq olduğu fəxri adı da vermədi. Halbuki atamın tələbələri indi xalq artisti adını alıblar. 56 yaşında dünyasını dəyişdi. Zülmlər yaşadım, çəkdiyim əziyyəti heç kimə arzu eləmərəm.
- Teatr qalmaqallarını nəzərdə tutursunuz?
- Allah yolumu açıq edib. Yolumu açıb mərhum prezidentimiz Heydər Əliyev, pedaqoqum Cənnət Səlimova. İlk dəfə Cənnət xanım güvəndi, 16 yaşımda məni dövlət tədbirində aparıcı kimi Heydər Əliyevin qarşısına çıxardı.
- Heydər Əliyevin qarşısında asan olmazdı yəqin ki...
- Heç vaxt onun gözünə baxa bilməmişəm. Kulisdə görüşlərimiz olub. Bir dəfə də başımı qaldırıb üzünə baxa bilmədim. Gənc idim, utanırdım, həyəcanlanırdım. Amma bu həyəcan səhnədə yox olurdu. Bir çox aparıcılar kimi çaşıb səhnədən qaçmırdım, dilim topuq vurmurdu.
- Bir dəfə demişdiniz oğlunuzun yolunuzu getməsini istəmirsiniz. Niyə? Kifayət qədər uğurlu karyeranız var.
- Atam da mənim aktyor olmağımı istəmirdi. Gizlin imtahan verdim, cavab çıxmazdan 2 gün öncə anamla qaçıb rayona getmişdik. Qorxumuzdan (gülür). Çox zəhmli kişi idi. Özünə qiymət verilməmişdi deyə. Qabiliyyət imtahanına özü hazırlamışdı. Həsənağa Turabov imtahanda məni görüb dedi ki, sənətkar oğlu sənətkar, sən niyə gəlmisən? Çıx get. Yoxlamadan qiymət verdi. Mən qəbul olanda atam ağladı. Onun başını uca elədim. Heç peşman deyiləm. Dəfələrlə prezident mükafatına layiq görülmüşəm. Amma sənət adamı həmişə diqqət gözləyir. Bir az da olsa yaxşı olardı.
- Hamıya, yoxsa sizə?
- Hamıya diqqət var. Bəzi Xalq artistləri var ki, 3 ev alıblar dövlətdən, indi də Fəxri Xiyabanda məzar almaq üçün məktub yazırlar. Çəkilməlidirlər kənara, başqalarına da yol açmalıdırlar. Mən artıq özümə gənc nəsil demirəm, orta nəslin nümayəndəsiyəm.
- Xalq artisti olmaq istəyirsiniz?
- Niyə də yox? Buna layiqəm. Dövlət tədbirlərinin aparıcısıyam. Teatrda çoxlu sayda baş rolların ifaçısıyam. Qızıl fondda saxlanılan çıxışlarım var. Bu adı almış və heç bir iş görməmiş nə qədər həmyaşıdlarım var, mən də gözləyirəm.
- Dövlət tədbirlərinin aparıcısı olmaq uğrunda da rəqabət var?
- O qədər. O qədər paxıllıq edənlər, adlarını o tədbirlərə yazdıranlar var. Amma mənim vurduğum rekordu vuran olmayacaq. Daha 16 yaşlı Elşən deyiləm. İş stajım kifayət qədərdir, ən yüksək kateqoriyam, ən böyük stajım var. Qarşıdan teatrın 150 illiyi gəlir. Təltiflər olacaq. Ümid edirəm o siyahıda yer alacam.
- Bir fəhlə, bir həkim, bir müəllim, bir bənna da ömrünü daha ağır əməklə keçirir. Sənət adamının işi belə desək, daha şəndir, işi çal-çağırdır. Nə üçün onlara daha çox qiymət verilməlidir? Axı küçədə gedərkən onsuz da xalqın sonsuz sevgisini diqqətini görürlər.
- Hamıya şöhrət qismət olmur axı. Bəlkə də inanmazsınız. Elə oliqarx olmaq istədim. Çünki illərlə işləyib əməyi görünməyən aktyorlara əl uzatmaq istəyirəm. Hər aktyor şanslı olmur, gözə görünmür. Bəzisinin istedadı yoxdur, bəzisinin şansı. Düzdü indi acından ölən aktyor yoxdur. Maaşları çoxalıb, mükafatlar, filan. Amma yazıq, bədbəxt, gözdəniraq, naxışı tutmayanlar da var. Bilirsiniz üstümüzdə onların necə nəfsi var?
- Statusunuzdan istifadə edirsiniz?
- Yox eləməmişəm. Bəzən elə olub ki, dövlət tədbirlərində nazirlər özləri yanaşıblar. Nəsə kömək təklif ediblər. İstəməmişəm.
- Çox zaman böyük sənətkar dediyimiz məşhuru yaxından tanıyıb peşman oluruq. İnsani keyfiyyətlərinə görə. Sizdə də olub? Kollektiv içində xasiyyətini görüb təəssüf etdiyiniz tanınmışlar var?
- Çox. (Başını yelləyir) Sənətkar olmaq asandır insan olmaq çətindir. Girirəm teatra. Başımı salıb işimi görürəm. Ən zəhləm gedən yer bufetdir. Qeybətxana yeridir ora. Bəzi kişi aktyorlar çayxanada oturub arvad söhbətləri edirlər. Nə biabırçı söhbətlərə qarışıram, nə qeybətə. Orda ev də yıxarlar. Fəxri adına, baş roluna, hətta namuslu ailənə belə paxıllıq edənlər var. Mən çox nadir hallarda kiminləsə oturub çay içərəm. Siz çox az adamlardan birisiniz ki, biz birlikdə çay içirik. Çünki sizi tanıyıram, mədəniyyətinizə bələdəm. Evimə də heç kimi buraxmıram. Evimə teatrdan heç kim girə bilməz. Ümumiyyətlə, qonaq qarşılamıram. Qonağım bacılarım və bir də yaxın dostum var, o ailəsi ilə gələ bilər. Ev telefonumun da nömrəsini bilmirlər. Məni axtaran özümə zəng eləsin.
- Bu qısqanclıqdır ya ehtiyat etmək?
- Qısqanc deyiləm. Ehtiyat etməkdir. Ailədə sərt adamam ümumiyyətlə. Kənarda hamıyla mehibanam, amma evimin içinə olmaz. Atamın evinə ayaq açıb ona paxıllıq etmiş, evini yıxmış “dostları” çox idi. O zaman elə bir böyük sənətkar olmayıb ki, bizə gəlməsin, anam qarşısına süfrə açmasın. Amma zərbəni ən yaxın dostları vurdular. Xəstələnməyinin səbəbi oldular. Satqınlıqla, xainliklə, yolunu vurmaqla. Xalq artisti Ramiz Novruzun bir sözü var idi. Onun xətrini çox istəyirdim. Deyirdi sənətçi var damarından qan axır, sənətçi var damarından sidik axır. O və Səyavuş Aslan çox kömək olub mənə. Mən yeganə adamam ki, Səyavuşun məzarını ziyarət edirəm. Gül qoyuram. Orda işləyən xadimələr elə bilmişdilər mən onun oğluyam.
- Niyə bu qədər iyrənmisiniz mühitdən?
- İnanmıram. Üzümə gülüb dost dediyim arxamda elə işlər görüb ki... Dostlardan aldığım zərbə qədər heç kim zərbə almaz. Ona görə sənət aləmində dostum yoxdur. Başqa sahələrdən var.
- Elşən xəsisdir deyirlər.
- Əliaçığam. Məndən çox istifadə eləmək istəyən olub. Ehtiyacı olana verərəm. Amma məndən alıb aparıb arağa verəcəksə niyə verim? Bəziləri gəlir, deyir ver gedək xərcləyək. Deyirəm niyə, kişi deyilsən sən? Niyə mən sənə pul verməliyəm?
- Həm də kaprizlisiniz deyirlər.
- Bunu düz deyirlər. Çox kaprizliyəm. O da baxır nəyə. Məsələn mənim səhnə kostyumlarımı heç kim geyinə bilməz, dava salaram. Natəmiziliyi sevmirəm. Paltarlarım daim gül kimi və səliqəli olmalıdır.
- Qadınlardan iltifatlar, sevgi etirafları alırsınız?
- Çox alıram. Hətta özümdən yaşca böyük olan aktrisalardan sevgi etiraflar almışam. Ailəliyəm, istəmərəm xanımımın ürəyinə xal salam. Dahi sənətkarımız Məmmədrza Şeyxzamanov cavanlığında atama demişdi ki iki göz, iki gözə baxar. Namus qadın üçün də kişi üçün də eyni səviyyədə olmalıdır.
- Niyə demişdi? Atanızın romanları var idi?
- Teatrda aktrisalardan biriylə olmuşdu belə şeylər. O vaxt Şeyxzamanov atamı qrim otağına çağırıb şillə də vurubmuş.
- Ailəniz barədə də danışaq.
- 34 yaşımda evlənmişəm. Bir oğlum, bir qızım var. Xanımım çox gözəl insandır, namuslu və dürüst.
Mən yoldaşımın şagirdi olmuşam. Baxmayaraq ki, o məndən 10 yaş kiçikdir. Öz müəllimimə aşiq oldum. O kursda ingilis dilindən dərs deyirdi. Böyüklərə dərs demirdi, sadəcə bibimin tanışı idi deyə məni xahişlə qəbul etdi. Beləcə tanış olduq. Görən kimi vuruldum. Mənim zənnimcə kişi bir dəfə ailə qurmalı, özünü xırdalamamalıdır. Onda kişi ucuzlaşır. Kişi ailənin qədrini bilməlidir. Qadının əri varsa, o əlində zənbil bazardan gəlməməlidir. Kişinin kişi qadının qadın yeri var. Arzu edirəm kişiləri əlləri dolu olsun deyə evə gələndə qapını ayaqla döysünlər.
- Başqa nə arzunuz var?
- Ən böyük arzum həyat yoldaşımla Həccə getməkdir.