"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər
23 avqust 2026
# 14:00

Bu gün tanınmış fransız filosof Jan-Lyuk Nansinin anım günüdür.

Kulis az onun aforizmlərini təqdim edir.

Bu dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var. O, öz bədbəxtliyinə dair daha çox şəhadət toplamqdan başqa bir işə yaramayan nəsihətamiz çıxışların təskinliyində deyil, öz sınağında və daxili narahatlığının içində özünü tapmalıdır.

***

Şər mövcudatın içində onun varlığı rədd etmək kimi ən dərin imkanı olaraq gizlənir.

**

Sənin heç nəyin yoxdur, heç nəyə sahib ola və heç nəyi saxlaya bilməzsən; bax, sevməli və bilməli olduğun həqiqət budur. Məhəbbət idrakına yaraşan da məhz budur. Əlindən çıxıb gedəni sev, çıxıb gedən insanı sev. Onun çıxıb getməsini sev.

***

Təfəkkür mənanın oyanışıdır.

***

Məstlik, əslində, qurbanının elə qurban kəsənin özü olduğu bir ayinin uğurudur. Şübhəsiz ki, məstlik də öz növbəsində komikdir; çünki məst olan şəxs orada izsiz-tozsuz yox olub getmir, məstlikdən pərişan, ayılmış və bəzən məstliyin özündən belə xəyal qırıqlığına uğramış halda geri dönür.

***

Azadlıq artıq nə mahiyyətə aid, nə də mövcudluqla bağlı ola bilər; o, bu anlayışların çarpazlaşmasında ehtiva olunur: mahiyyətcə bir azadlığın ixtiyarına buraxılmış varlığı bu azadlıq naminə azad, ona təqdim edilmiş və onda əlçatan edən şeyin nə olduğunu düşünməliyik... Lakin əgər varlığa təqdim olunan mahiyyət hansısa şəkildə varlığı öz ən xalis mahiyyətində azad etmirsə, o zaman təfəkkürün düşünməyə, varlığın isə yaşamağa heç nəyi qalmır: hər ikisi bütün təcrübələrdən məhrum olur.

***

Heç nə bədənin içindən keçib o biri tərəfə adlamır — toxunuşun bütün mahiyyəti məhz bundadır.

***

Ağılla qavramaq uca səslə tələffüz etməyə bərabərdir.

***

İt və pişiyin qəzəblə bir-birinin üzərinə atılması əbəs yerə deyil. Bunlar bir-birinə mırıldayaraq meydan oxuyan iki fərqli ehtiras formasıdır.

***

Bədən bizim çılpaq təşvişimizdir.

***

Deyirlər ki, mürəkkəbhopduran mürəkkəbi, duz isə süfrəyə dağılan qırmızı şərabı canına çəkir. İçmək mənimsəmək deməkdir. Qida həzm olunmaq üçün əvvəlcə qəbul edilməli, sonra isə əridilməlidir. İçki isə, əksinə, dərhal bütün bədənə yayılır. Bu, bir hopma, suvarılma, yayılma və daxilə nüfuz etmədir. Əgər çörək və şərabın xristianlığın daha qədim, Dionis və Afrodita kultlarından miras aldığı ikili rəmzi mənası varsa, bu, məhz ikili dəyərlə bağlıdır: biri bərk və maddidir, digəri isə maye və ruhidir.

***

Şərabın və uşaqların həqiqəti nə axtarılan, nə tapılan, nə sübut edilən, nə də bərqərar edilən bir həqiqətdir: o, bəxş edilmişdir, bütövlükdə verilmişdir, hər cür bəxşişdən öncə verilmişdir. Onun mənbəyinə doğru geriyə getmək olmur. O, çeşmədən axıb gəlir və məhz bu cür insan poeziyanı və ya fəziləti içə bilər: bulağın başında, şüşənin ağzında, onu qarşılayan boğazdan başqa heç nəyə borclu olmayan bir axarda. İstər poeziya, istər fəzilət, surət, musiqi, düşüncə, istərsə də duyğu olsun: içmək canına çəkmək, süngərə çevrilmək deməkdir.

***

Sevgi açıq olanın, hüdudsuzluğun toxunuşudur.

***

Ruh sözünün ən tünd likörləri, şərab spirtini və ya qoxulu içkiləri təsadüfən adlandırmadığı məlumdur; onların hazırlanmasına fermentasiya və ya distillə prosesi rəhbərlik edir ki, bu da bir cövhəri, yəni konkret, qeyri-şəffaf və hissi bir maddənin xalis, ideya səviyyəsindəki və mənalı həqiqətini üzə çıxarmaq məqsədi daşıyır. Ruh və ya likör, ruhun maye və ya qatı halı hissiz olanın həssaslığından, Xalis Mənanın zərif şəhvətindən başqa bir şey deyil: həqiqət, transsendensiya, ilahilik, vəhy, vəcd.

***

İsteriya: mənalandırma ilə həddən artıq yüklənmiş bədən. Deməli, artıq bədən deyil...

***

Bədən dediyimiz yer üzünə atılmışlıqdır...

***

Bədən qətiyyən axmaq və aciz deyil. Ona başqa güc və düşüncə kateqoriyaları tətbiq olunmalıdır.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 156 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər