Dəli əlində qalmışıq - Aqşin Yenisey yazır...

Aqşin Yenisey, yazıçı

Aqşin Yenisey, yazıçı

25 oktyabr 2022
# 10:40

Kulis.az Aqşin Yeniseyin ""Vorzakonkaların", "Zeynəbin itlərinin" məmləkətində təhsil"" adlı yazısını təqdim edir.

Kitab bazarına aid hesabat bizə deyir ki, bu gün bütün ərəb ölkələrində il ərzində təkcə İspaniyada olduğu qədər kitab satılmır. Çünki ərəblər inanırlar ki, bəşəriyyətə ağıl öyrətmək iddiasında olan və bütün zamanların fövqündə dayanan bir kitabları var, başqa birinin kitabını oxumağa ehtiyacları yoxdur.

Sinqapuru ağ günə çıxaran dövlət təhsil proqramının adı belə idi: "Düşünən məktəblər, öyrənən xalq” (Thinking Schools Learning Nation). Məktəb öyrənmək və öyrətmək mərhələsindən düşünmək və düşündürmək mərhələsinə keçməli və xalqın özünə öyrənci, şagird, tələbə kimi yanaşmalı. Məktəb şagirdi deyil, xalqı yetişdirdiyinin fərqində olmalı.

Bizdə tam əksinədir; düşünmək xalqa məxsus bir keyfiyyət kimi qəbul və təbliğ olunur. Tutuquşu təfəkkürümüz tez-tez "xalqımız müdrikdir", "müdrik xalqımız" kimi ifadələri işlətməkdən misilsiz zövq alır. Müdriklik öyrənmə prosesinin son mərhələsidir. Müdrik öyrənən deyil, öyrədəndir. Xalq müdrikdirsə, demək, təhsilin fövqündədir.

Kökündən yanlış yanaşmadır. Müəllimlərin, həkimlərin xalqın əlindən dad etməsinin səbəbi də bu yanaşmadan qaynaqlanır. Valideyn özünü elmin, xəstə və xəstə yaxını özünü tibbin fövqündə görür. Çünki anadangəlmə müdrik olduğunu söyləyiblər ona.

Buna görə də bizdə məktəb öz işini şagirdi öyrətməklə məhdudlaşdırır. Şagirdin öyrəndiklərini düşünüb-düşünməyəcəyi onu maraqlandırmır. Təhsil "vorzakonkaların", "Zeynəbin itlərinin" məmləkətində mexaniki prosesdir. "Sənə diplom verənin anasını-bacısını" yağlamaq məsələsi də bu mexanikiliyin nəticəsidir.

Sinqapurlu pedaqoqlar isə öz ana-bacılarını yağlatdırmamaq üçün hesab edirlər ki, düşünmək və düşündürmək bacarığı məktəbə məxsus olmalıdır, məktəbdə formalaşdırılmalıdır. Xalq yox, məktəb müdrikləşməlidir. Öyrətmək alayarımçıq təhsildir, təhsil həm də öyrəndiyini düşünməyi, analiz etməyi öyrətməlidir.

Bu gün, sadəcə özəl şirkətlər üçün yüksək maaşlı peşəkar kadrlar yetişdirməyi hədəfləyən neoliberal kapitalizm sistemi nəinki düşünən, hətta öyrəndiyini də işinə yarayacaq qədər mənimsəyən bir nəsil yetişdirməklə məşğul.

Sinqapurlular bu üçünü məktəbdə birləşdirdilər: öyrənmək, öyrəndiyini düşünmək, düşündüyünü tətbiq etməyi bacarmaq. Nəticədə bizim "muğam üçlüyü"ndə və "üçbacı dolması"nda əldə etdiyimiz uğurları onlar təhsildə əldə etdilər.

"Öyrənən, öyrədən məktəblər” dövrü təhsilin Uşinski dövrü üçün keçərli idi, bu gün düşünən, araşdıran, axtaran məktəblərin, universitetlərin yoxdursa, səni heç bir mistik qüvvə gələcəyə apara bilməz. Sinqapur ən birinci öz qədim müdrikliyindən imtina etdi.

Sinqapurun inkişaf proqramı insanlıq şüurunun qəbilə dövrünü formalaşdıran "Gənclik gələcəyimizdir!” düşüncəsini beyinlərdən qazıyaraq, onu "Gənclik bu günümüzdür!” məntiqi ilə əvəzləyib.

Təhsildə ABŞ alimi Hovard Hardnerin yaratdığı "Hardner modeli”ni əsas götürən Sinqapur hökumətinin tədris proqramı şagirdin, tələbənin, magistrın intellektual potensialını maksimim istifadə etmək deyil, onu potensialının fövqünə çıxarmağı hədəf götürür. Bundan ötrü Hardnerin təhsildə "Çoxlu zəka” nəzəriyyəsinə söykənirlər.

Nədir "Çoxlu zəka” nəzəriyyəsinin məzmunu? Hovard Hardner bu nəzəriyyəsində insan zəkasının çoxçeşidli olduğunu söyləyir və ümumi zəkanı səkkiz əsas zəka növünə bölür:

1. Şifahi zəka – Dil, 2. Məntiqi zəka – Riyaziyat, 3. Vizual zəka – Kosmik, 4. Musiqili zəka – Ritmik, 5. Fiziki zəka – Kinestetik, 6. Fərdlərarası zəka – Sosial, 7. Şəxsə yönəlik zəka – Daxili, özünəməxsus, 8. Təbiət zəkası.

Hardner modeli təhsildə fərdin paralel olaraq bütün zəka çeşidlərinin iştirakını nəzərdə tutur.

Yəni oxu, yaz, gör, hesabla, qulaq as, hiss et, özünküləşdir və həyata keçir, paylaş.

Statistik araşdırmalara görə, dünyada ən fitri istedadsız vətəndaşların vətəni olan ABŞ-ın təhsil sistemi öyrənən beyinləri bir-birinə bağlayaraq Hardner modeli sayəsində bu gün dünyanın ən yaradıcı təhsil ocaqlarına sahibdir. Eyni sözü Sinqapurun təhsili haqqında da deyə bilərik. Hər iki ölkədə göydəndüşmə "istedadlı uşaq” anlayışı ortadan yığışdırılıb.

"Fitri istedad” anlayışı təhsilin "Ağ atlı oğlanı” kimi bir şeydir. Məktəbin oturub hansısa ananın qarnından çıxacaq fitri istedad yolu gözləməsi artıq keçmişdə qaldı. Yeni təhsil proqramları sübut edir ki, istedad uşağa təlim-tədris vasitəsilə də verilə bilər. İstedad nədir – müşahidə bacarığı, məntiq yürütmə və təcrübə. Əgər uşaqlara kiçik yaşdan bu vərdişlər öyrədilsə, hər hansı bir sahədə ölkənin oturub "ağ atlı oğlan” yolu gözləməsinə ehtiyac qalmaz.

Ümumiyyətlə, bizim xalqı da zehni inkişafdan saxlayan bu "ağ atlı oğlan”ı bacardıqca aşağılamaq lazımdır. Hər rastımıza çıxanda atına-zada muçqurmalıyıq ki, ürküb yaddaşımızdan götürülsün. Nə özü bir işə yarayır, nə atı. Bax, təhsildə "Çoxlu zəka” nəzəriyyəsinin faydalarından yazdığım yerdə yenə özünü atqarışıq pərçimlədi beynimə.

Sinqapurluların "düşünən məktəblər” anlayışını hərfi mənada anlamaq doğru deyil; bu, gələcəyin düşünən nəslini yetişdirən məktəblərin varlığını işarələyən bir şifrədir. Başqa bir amerikalı təlimçi Piter Senqenin sözləri ilə desək, "düşünən məktəblər”, bir növ, "öyrənən mafiyalar”dır, bəli, düz oxudunuz, təhsil mafiyaları, təşkilatlanmış, necə deyərlər, "intellektual çete” halına gəlmiş məktəblər.

Mövhumat, cəhalət üzərindən deyil, bilgi, elm üzərindən bir-birinə hörülmüş beyinlər.

Sinqapurun təhsil proqramının fəlsəfəsinə görə, "düşünən məktəblər”in uğurunun səbəbi həm də "öyrənən xalq”dır. Xalq da elmin inkişafı ilə ayaqlaşmağa can atmalıdır ki, öz alimini başa düşsün, ona sabun bişirtdirməsin. Bizdə belə bir fikir formalaşıb ki, xalqa ağıl öyrətmək olmaz, xalq minillik təcrübələri sayəsində özü-özünü anadangəlmə ağıllı doğur.

Sonra da hamı küçədə-bacada gileylənir ki, vallah, dəli əlində qalmışıq.

/qaynar.info/

# 2093 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #