Zamin Hacı: “Sizə bir sirrimi açım...” – Müsahibə

Zamin Hacı: “Sizə bir sirrimi açım...” – Müsahibə
27 aprel 2020
# 08:59

Kulis.az tanınmış jurnalist-yazar Zamin Hacı ilə söhbəti təqdim edir.

- Karantini necə keçirirsiniz?

- Uzun illərdir köşə yazarı kimi çalışdığım və aktiv jurnalistikadan uzaqlaşdığım üçün həyat tərzimdə elə bir dəyişiklik yoxdur. İnternetin yaratdığı imkanlar yazı-pozu adamlarına dünyanın istənilən yerindən işləmək imkanı verir. Ancaq karantin ictimai baxımdan məni narahat edir. Düşünürəm, bunun iqtisadi nəticələri çox ağır ola bilər və tezliklə, ən azı yumşaq rejimə keçilməsini istərdim.

- Nələri oxudunuz və oxuyursunuz? Karantin mütaliəsi adlı bir siyahınız varmı? Yoxsa, eləcə əvvəlki qaydada davam edirsiniz?

- Xüsusi karantin mütaliəsi deyə bir siyahım yoxdur. Ancaq özümə iki ildir bir plan qoymuşam: hər həftə azı bir kitab bitirmək. Hələ ki, alınmır – keçən ildən “borclarım” qalır.

- Sizdən son illər Nobel və Buker alan yazıçılar haqda soruşmaq istərdik. Xüsusən, Nobelin son laureatlarından ağlınız nə kəsir? Aleksiyeviç, Bob Dilan seçimi bəzi oxucuları xəyal qırıqlığına uğratdı. Hətta Kazuo İşiquronu da layiq bilməyənlər tapıldı. Sizin fikriniz necədir və laureatlardan nələri oxuya bilmişiniz?

- Nobel ödülü ədəbi zövqüm üçün heç vaxt önəmli olmayıb. Hətta bəzi sevdiyim yazıçıların Nobel aldığını çox sonralar bilmişəm, məsələn, ispan yazıçı Kamilo Xose Selanın 1989-cu ildə Nobel almağını yalnız keçən ay öyrənmişəm, halbuki, onu 90-cı illərdən oxuyuram, hətta o zamanlar bir hekayəsini dilimizə çevirmişdim. Eyni sözləri İsaak Başevis Zinger və Dario Foya aid edə bilərəm – onların da Nobelçi olmasını gec öyrənmişəm. Ümumən Bukeri Nobeldən daha səviyyəli ödül hesab edirəm. Nəsə mənə elə gəlir ki, orada seçim daha ciddi və daha ədəbiyyata, sözə layiq olur. Aleksieviç oxu siyahımda var, ancaq təəssüf, hələ də imkan tapıb oxuya bilməmişəm. Dəyərli yazar olduğuna əminəm – müsahibələrini oxumuşam. Bob Dilanın ödülü yəqin, bir zarafat idi. Hərçənd, dinləmədiyim manıs olduğu üçün əminliklə bir şey deyə bilmərəm. İşiqurodan “Çarəsiz” romanını çoxdan oxumuşam, xoşuma gəlmişdi. Ancaq sevdiyim yazarlar siyahısına aid deyil.

- Peter Handke, xüsusən Olqa Tokarçuk da əks fikirlər doğurdu xeyli. Layiq olmadığını deyənlər çoxdur.

- Məncə bu suala cavab verdim. Yalnız zarafat üçün “bunlar kimdir” deyə əlavə edə bilərəm.

- Sizi həm də kinoman saymaq olar. Hansı filmlərə baxırsınız?

- Mənim kinoman olmağım haqda xəbərlər, Mark Tvenin sözü olmasın, bir az şişirdilibdir və neçə illərdir başımı cəncələ salmaqdadır. Hətta az qalıram kino çəkməyə başlayım. Sadəcə, sosial şəbəkədə olanda baxdığım filmlər haqda hərdən bir-iki cümlə paylaşırdım, maraq doğururdu. Ancaq güman edirəm, Sevda Sultanova, Aygün Aslanlı, Ayaz Salayev kimi kino biliciləri olan ölkədə mənim kimi diletantların kinodan danışması ayıbdır. Əlbəttə, kinomanlığı hərfi mənada, yalnız kinosevərlik anlamında qəbul eləsək uyğun ünvandasınız, bu sənəti çox sevirəm. Lümyer qardaşlarının ilk sadə çəkilişlərindən (qatar, fəhlələrin fabrikə getməsi və sairə) başlamış, hazırkı texniki effektlərlə zəngin filmlərə qədər hər kinoya baxıram. Gəlin sizə orijinal bir fikrimi açıqlayım: kino sehrli sənətdir. İnsanın həmişə arzuladığı ölümsüzlük, əbədiyyət hələlik özünü ən dəqiq formada kinoda tapmışdır. Təxminən bu temada Amerika fantast yazıçısı Tomas Şerredin “Cəhd” adlı povesti var. Baxmağa film seçərkən bir neçə kateqoriyaya söykənirəm: zövq sınağımdan çıxmış rejissorun filmi, o cümlədən həmin rejissorun bəyəndiyi filmlər, bəyəndiyim aktyorun oynaması, ssenari, prodüser və musiqi, Kann festivalında hər hansı ödül alması, hətta orda seçim siyahısına düşməsi. İnternet kino reytinqləri (İMDb) də adətən aldadıcı olmur, məsləhətdir. Deyəsən, əlavə bir şey qalmadı.

- Netfliks birdən-birə hətta ən məşhur kino şirkətlərindən seçilməyə başladı. “Çernobl”, “La Kasa de Pipl”, “Ottoman”, “Platforma”... Bu haqda nə deyə bilərsiniz? Sizə maraqlı gəldi?

- “Çernobıl” serialına baxmışam. Çox gözəl film idi. Sovetlərdə yaşamışam, atmosferi hardasa yüz faizə yaxın vermişdilər. Necə deyərlər, hər şey yerli-yerində... Amma ümumən “Netfliks” platforma olaraq mənim zövqümdən uzaqdır. Seriallara nadir halda baxıram, həmçinin filmlərin sırf oyun-oyuncağa çevrilməsi nəsə mənə pis gəlir. Filmlər kompüter oyunlarına bənzəməyə başlayıb, dramaturgiya azalır, texniki və çox zaman aldadıcı effektlər artır, bunun axırı yaxşı olmaz. Görünür, köhnə fikirli adamam. Bu, daha yeni nəslin platformasıdır. Gənclik isə həmişə haqlıdır!

- Pedro Almodovarın son filmi haqda nə düşünürsünüz? Söhbət 2019-da çəkilən “Pain and Glory” (“Ağrı və zəfər”) filmindən gedir.

- Almodovarın “Ağrı və zəfər”inə kinoteatra gedib baxdım. Keçən yay idi, deyəsən. (Lənətə gəlmiş virus, zamanı da qatışdırıb yaddaşımızda). Hətta köhnə dostum Orxan Fikrətoğlu da zalda idi və bütün film boyu kiminləsə söhbətləşdi. O vaxt imkan olmadı, indi saytınız vasitəsiylə Orxan bəyə salamlarımı göndərirəm. Filmə gələndə, yaxşı film idi, çünki Almodovar sevdiyim rejissordur, baş rolda da sevdiyim aktyor Banderas çəkilibsə, nə sözüm olacaq? Ancaq Almodovarın ən sevdiyim və unuda bilmədiyim filmi “Onunla danış”dır. Məni şoka salmışdı baxarkən. Son filmindən şok olmadım. Elə bil, köhnə dostla görüşürsən, ordan-burdan, hal-əhval tutursan (lap spoyler kimi çıxdı). O cür ovqat verdi. Yeni bir duyğu çıxmadı.

- Ümumiyyətlə, üstünlük verdiyiniz hansı filmlərdir? Coğrafiyaya, mövzuya, ya ölkəyə görə hər hansı bölgünüz varmı?

- Kannı dedim... Coğrafi baxımdan Fransa, Skandinaviya, Yaponiya, İtaliya, Koreya, Rusiya (həmçinin keçmiş SSRİ), Gürcüstan filmlərinə üstünlük verirəm. Mövzu komediya, fantastika, triller, dram, fentezi, epik – hər şey olar bilər, bircə qorxu filmləri olmasın. Qorxu filmlərinin estetik mənası mənə çatmır. Xüsusən iyrənc adamyeyənlər, həşəratlar-zad haqda olanda. Təbii, qorxu filmi deyərkən Hiçkok bura aid deyil. Böyük rejissordur. Bir də arthaus və antiutopiya sevdiyim üslublardır.

- Yəqin xüsusi sevdiyiniz rejissorlar da var...

- Terri Gilliam, Ues Anderson, Roy Andersson, Kventin Tarantino (indi onu internetdə zarafatla Karantino adlandırırlar), Yuri Bıkov, Zvyaqintsev, Balabanov, Klod Leluş, Lyuk Besson, Tarkovski, Mohsen Mahmalbaf, Apiçatponq Veresatakul (tailandlı rejissor, adını yadda saxlamaq mümkün deyil), Kurosava, Otar İoseliani, Aki Kaurismyaki, Cim Carmuş, Leos Karaks, Daneliya, Takeşi Kitano, Lars fon Triyer, Emir Kusturitsa, Alexandro Xodorovski, Martin Makdonax, Marko Ferreri və sairə. Azərbaycandan da Tofiq Tağızadə. Özüm çox ad çəkirəm, bəlkə kiminsə işinə yaradı.

- Azərbaycan ədəbiyyatını necə izləyirsinizmi? Hansı kitablardan, hekayələrdən, şeirlərdən danışa bilərsiniz? Müəlliflər də olar.

- Azərbaycan ədəbiyyatını imkan düşdükcə izləyirəm. Rasim Qaracanı, Seymur Baycanı, Nərmin Kamalı, Ayxan Ayvazı, Qisməti ləzzətlə oxuyuram. Bu yaxınlarda Rasətin bir hekayəsini (adı “Keçmiş Naqif Gəncəli, indiki Seyfi Sadıxlı” olmalıdır) oxudum, ürəkdən güldüm. Əkrəm Əylislinin deyəsən sizin saytda povesti çıxmışdı, “Metro vaqonu” və sairə - adı dəqiq yadımda qalmayıb – çox maraqlı gəldi, bir növ Mirzə Cəlilin “Danabaş kəndi”nə bizi yenidən qaytarmışdı. Ancaq bizim yazıçıların durumu ağlamalıdır. Onların kitabını nəşr edən, normal qonorar verən yoxdur. Oxucular da daha çox reklam edilən makulaturanı tanıyırlar. Klassiklərimizdən isə əlbəttə, Mirzə Cəlil, Haqverdiyev, Axundov, Hacıbəyov, Füzuli, Sabir, fiziki mənada masaüstü kitablarımdır.

- Onlayn konsertlər və tamaşalar olur. İzləyirsinizmi?

- Yox. Konsert format olaraq mənə heç vaxt çatmayıb. Musiqi kino deyil, ona tək qulaq asmaq lazımdır. Tamaşa isə internetlə effekt verə bilməz, aktyoru canlı görməsən, teatrın mənası olmur. Ancaq Hüseynağa Atakişiyev dirilib gəlsə və 1990-cı illərdəki tamaşaları təzədən səhnəyə qoysa, internet nədir, yalan olmasın, kalkulyator ekranında da zövqlə baxardım.

- Çoxu kimi izləyicilərin bir müddət sonra sizin də Facebooka qayıdacağınızı gözləyirdilər. Amma qayıtmadınız. Darıxmırsınız ki? O qədər geniş auditoriyadan biryolluq imtinanızın səbəblərindən danışardınız... Xüsusən karantin dövründə ki, onlayn ünsiyyətə böyük ehtiyac var.

- Facebook məni çox yorurdu, lüzumsuz enerjim gedirdi. Müəyyən siyasi təzyiqlər də olmuşdu, ancaq həlledici amil deyildi. Sadəcə, tərəzinin gözündə “getmək” daha ağır basdı. Əlbəttə, orda yaxşı dostlarım da vardı, onlara salam göndərirəm və hamısını öpürəm. Onlardan ötrü darıxıram, lakin Facebook üçün darıxmıram.

- Gəlin sizə bir xəbərçilik edim: Rauf Arifoğlu ilə bağlı yazınız facebookda çox tənqid olundu. Cavab kimi nə deyərdiniz?

- Rauf bəy uzun illərdir mənim yazılarımı dərc edir və buna görə çoxlu təzyiqlərə, tənqidlərə tuş gəldiyini təxmin edirəm. Ən azından, dini dünyagörüşü və siyasi mövqelərimiz çox fərqlənir. Bir az da açıqlayım, o əsl müsəlmandır, mən zen-buddizm aşiqi. O, hökumətin konstruktiv addımlarını dəstəkləyir, mən istənilən hökumətə medianın müxalif olması konseptini qəbul edirəm. O millətçidir, mən kosmopolitəm. Bunların fonunda 20 ilə yaxındır birgə çalışırıqsa, onu cəmi 1 yazımda, deputat seçkisində reklam üçün təbliğ eləməyim, yəqin ki, mənim tərəfimdən olduqca kiçik təşəkkür formasıdır. Azərbaycanda belə naşir və redaktor az tapılır. Mən 30 ildir bu qazanın içindəyəm, yazdığım sözün mənasını və məsuliyyətini az-maz bilirəm. Qaldı bəyənməyənlər, onlar da sağ olsun, yoxsa biz makaron deyilik hər kəsin ehtiyacı duyulsun. Hətta sizə bir sirrimi açım: hansısa yazımı hamı bəyənəndə nəyisə yanlış yapdığımı düşünürəm. Aydın Məmmədovun bu temada təxminən belə bir yaxşı fikri vardı: “Azərbaycan xalqı sevdiyi şəxsləri həmişə yuxarıda görmək istəyir. İstər dar ağacı olsun, istər tribuna – fərq eləməz”. Mən zalda oturmağı xoşlayıram.

- Bədii yaradıcılıqla məşğul olursunuzmu?

- Oluram. Qoy buna da qısa cavab verək.

- Pandemiya haqda nə düşünürsünüz? Dünyanın bu təşvişi sizcə əsaslıdırmı?

- Məncə bu pandemiyanı bəşəriyyət çox şişirtdi. Adamlar daha çox panika və qorxudan öldülər, nəinki virusdan. Bu da internet əsrinin yeni həyat tərzidir. Keçib gedəcək. Mən bəşəriyyət adlı virusun gələcəyinə nikbin baxıram. Biz hələ başqa planetlərə də yayılacağıq.

- Bilirik ki, çoxluq üçün tətbiq edilən qaydalardan xoşlanan biri deyilsiniz. Pandemiya qaydalarına münasibətiniz necədir? Çölə-bayıra çıxanda maska taxırsınız?

- Yox, bir dəfə də maska taxmamışam. Maskalanmağı sevmirəm. Mən biləni belə qadağa da bizdə hələlik yoxdur. Ancaq sosial məsafə qaydasından xoşum gəlir. Bəlkə buna görə oturuşumuzu-duruşumuzu öyrənək. Yoxsa görürsən avtobusda, metroda tipin biri oturub, ayaqlarını elə aralayıb ki, hərəsi bir stansiyadadır. Bədənin intimliyi, şəxsi toxunulmazlıq sərhədləri sanki bizdə yoxdur. Kişi kişinin ağzından öpür, adamlar təzə tanış olduğu şəxsin qarnına-başına yumruq vurub “kökəlmisən” deyir, nə bilim, küçədə elə gedirik, sanki əsgərlikdə yeməkxana növbəsidir.

Bir də bizdə sanki karantin gələcək üçün məşqdir. Nəyin məşqi, bunu hər kəs özü fikirləşsin.

- Son olaraq bir neçə film və kitab tövsiyə etməyinizi xahiş edirik.

- Filmlər: “Andrey Rublyov” (Tarkovski), “Braziliya” (Terri Gilliam), “Düz günorta” (Fred Zinnemanın filmi, 1952), “Kuklalar” (Takeşi Kitano), “Gözəl əhvalat” (Klod Leluş), “Onlarda hər şey yaxşıdır” (Cüzeppe Tornatore), “Qrand Budapeşt hoteli” (Ues Anderson), “Sakit qaçış” (Duqlas Tramball), “03 ölkəsi” (Vasili Siqarev)

Kitablar: Svift “Qulliverin səyahəti”, Servantes “Don Kixot”, Dostoyevski “Karamazov qardaşları”, Oruell “1984”, Bulqakov “Master və Marqarita”, Kobo Abe “Qumluqdakı qadın”, Orxan Pamuk “Məsumiyyət muzeyi”, Haruki Murakami “Qoyun ovu”, İsaak Zinger “Şoşa”, Şoloxov “Sakit Don”, Kurt Vonnehut “Qalapaqoslar”, Alan Uots “Tabular haqda kitab”, Haqverdiyev “Xortdanın cəhənnəm məktubları”

# 7897 dəfə oxunub

Müəllifin son yazıları

# # #