Kulis.az yeni start verdiyi “Uzaqdakı yaxınlar” layihəsindən Strasburqda yaşayan həmyerlimiz, Fransa prezidenti və hökumətinin akkreditasiyalı tərcüməçisi, Beynəlxalq Sinxron Tərcüməçilər Assosiasiyasının (AİİC) ilk azərbaycanlı üzvü, tərcüməşünaslıq və türkologiya üzrə elmlər doktoru Elvin Abbasbəyli ilə pandemiya mövzusunda söhbəti təqdim edir.
- Elvin bəy, sosial şəbəkələrdəki paylaşımlaınızdan görünür ki, pandemiyanın dünyadakı, o cümlədən Fransadakı artımını həssaslıqla izləyirsiniz.
- Bəli. Fransada karantin rejimi elan edilmədən öncə də izləyirdim amma sosial şəbəkələrdə çox paylaşmırdım. Fransada karantin rejimi elan edildiyi gündən daha yaxından izləyir və paylaşıram. Çünki Azərbaycana nisbətən pandemiya dalğası Fransanı daha öncə vurdu. Fransada yaşananlar dalğanın vurmadığı ölkələrdə də istər-istəməz baş verəcək. Paylaşma məqsədim digər ölkələrdə bunlarla hələ üzləşməmiş insanları xəbərdar etməkdir.
- Fransada da varmı vəziyyəti ciddi qəbul etməyənlər?
- Təəssüflər olsun ki, var. Fransızlar fərdi azadlıqlarına çox düşkündür. İlk günlər bəziləri qəsdən icazə sənədi olmadan evindən çıxırdı. Hökumət cəzaları və evdən çıxma şərtlərini ağırlaşdırmağa başladı. Bu cəza həbsə qədər gedir. Bundan əlavə, mediadakı xəbərlər də qanunlara qarşı gəlmək istəyənləri fikirlərindən daşındırmağa başladı. Artıq karantinin üçüncü həftəsindəyik. Dörd həftəlikdir və yenə də uzadıla bilər. Buna baxmayaraq, yenə də ciddi qəbul etməyən şəxslər var. Bu gün Fransanın daxili işlər naziri televiziyaya müsahibə verərək dedi ki, Pasxa bayramı üçün kimsə tətilə getməsin. Tutub cəzasını verəcəyik. Gördüyünüz kimi, vəziyyətin ciddiliyini anlamayıb tətil xəyalları quranlar və getməyə çalışanlar hələ də var.
- Karantin günlərini necə keçirirsiniz? Ordakı təcridolunmanın hər hansı özəlliyi varmı?
- Yazılı tərcümələr edir və elmi məqalələr yazmağa çalışıram. Əlimdə irihəcmli bədii tərcümələrdən birini bitirmək üzrəyəm. Vaxt tapıb bədii ədəbiyyat oxuyuram. İki həftədən bir ərzaq üçün marketə getməyə çalışıram. Nə qədər az təmasda olsaq, o qədər yaxşıdır. Təcridolunmanın özəlliyi tam təcrid deyil. Yəni, insanlar ehtiyacları olan ərzaq və dərmanlar üçün evdən çıxa bilər. Həkimlə görüşü olanlar da gedə bilər. Bütün hallarda üzərinizdə daxili işlər nazirliyinin sənədi olmalıdır. Sənədi özümüz intenetdən endirib, müvafiq qeydləri yazıb, imzalayaərıq. Məlumatları hər kəs öz vicdanına görə dürüst yazmalıdır.
- Fransız ailələrində gərginliyin artdığını deyirlər...
- Bəli, mətbuatda bu barədə xəbərlər verilir. Ailə şiddəti halları narahatedicidir və karantin şərtlərində bu, daha da artır. Şiddət sadəcə qadınlara deyil uşaqlara qarşı da edilir. Qadın və insan hüquqları üzrə assosiasiyalar həyacan təbili çalır. Polis və assosiasiyalar əllərindən gələni edir.
- Bir tələbə yoldaşınız koronovirusa yoluxmuşdu, indi necədir vəziyyəti?
- Yaxşıdır. Düzəlir yavaş-yavaş. Hərdən yazır mənə
- Fransada yoluxanların kimliyi açıqlanır?
- Yox açıqlanmır
- Karantində ən çox nə ilə məşğulsunuz? Onlayn işləyə bilirisinizmi?
- Yazılı tərcümə və elmi fəaliyyətlə məşğulam. Yazılı tərcüməçi və araşdırmaçı olaraq gündəlik həyatımda çox dəyişiklik yoxdur. Karantindən öncə də bütün işləri onlayn həyata keçirirdim. Dəyişən bir şey yoxdur. Sinxron tərcüməçi kimi bu dəyişikliyi görürəm. Bir çox peşə kimi bizim də peşəmiz bunun mənfi təsirini görür. Bütün konfranslar ləğv edilib. Üzvü olduğum Beynəlxalq Sinxron Tərcüməçilər Assosiyasiyası (AİİC) tele-konfrans vasitələri barədə düşünür. Artıq bəzi dövlət və hökumət rəhbərlərinin görüşləri telekonfrans vasitəsilə keçirilir. Yeni bir çox sahədə olduğu kimi sinxron tərcümədə də rəqəmsal dünyaya doğru gedirik.
- Sizcə, Fransa niyə ən çox yoluxan ölkələr sırasındadır? Bu haqda çoxlu versiyalar var. Sizin fikriniz də maraqlı olardı.
- Fransa Avropa Birliyinin üzvüdür. Şengen zonasına daxildir. Yəni koronavorusa yoluxmuş şəxs Bolqarıstandan girib Portuqaliyadan çıxa bilər. Beləcə yolu üstündə bir çox insana virusu yoluxdurar. Bundan əlavə Fransa dünyada turistin ən çox gəldiyi ölkələrdəndir. Sərhədlər tam şəkildə bağlanana qədər gediş-gəliş çox oldu. Məncə, bu da virusun yayılmasına öz təsirini göstərdi.
- Qonşu Almaniyada yoluxma və ölüm sayı aşağıdır axı.
- Fransanın Baş naziri dünən dövlət kanallarından birinə müsahibə verdi və bir vətəndaş ona bu sualı verdi. Fransa Almaniyadan öncə pandemiya dalğası ilə üzləşdi. Ona görə də Fransada həyatını itirənlərin sayı daha çoxdur. Almaniyada isə hər gün daha çox adam test edilir. Fransa bu barədə gecikir və xalq arasında narazılıq mövcuddur. Yoluxanların sayı hal-hazırda Almaniyada daha çox görünür. Bunun da səbəbi gündəlik test sayının orada daha çox olmasıdır. Fransada da bu cür testlər edilsə, yoluxanların sayı çox olacaq. Son günlərdə Fransada ölənlərin sayı çox artdı. Bunun da səbəbi pandemiya başladığı gündən statistikada sadəcə xəstəxanada virusdan dünyasını dəyişənlərin qeydə alınması idi. Qocalar evindəki qurbanları saya bilmirdilər. Son iki gündə dəqiq sayı öyrəndilər və ümumi saya əlavə etdilər.
- Çoxu düşünür ki, koronovirusun tüğyan etməsi ilə Qərbin, xüsusən ABŞ-ın xilaskar mifi dağıldı. Sizin üçün nəyi dəyişdi son bir ay?
- Avropada bu cür suallar verilmədi. Bunun səbəbinin daha çox Çin olduğu xalq arasında vurğulandı. Məsələ uzadılmadı. Dəyişən insanların gündəlik həyatı oldu. Mənim üçün çox şey dəyişmədi. İşimin yarısını öncədən də evdə görürdüm. Görə bilmədiyim qalan hissəsini də artıq əvvəllər vaxt azlığından oxuya bilmədiyim kitabları oxumağa həsr edirəm.
- Fransa insanı bu çətin anlarda belə insan haqları məsələsinə çox həssas yanaşır. Yəni, ailələrin icbari izolyasiyasına etirazlar oldu.
- Bəli, fransızlar fərdi azadlıqlarına çox düşkün olduqları üçün vəziyyətin ciddiliyini gec anladılar. Fransa prezidenti Makron xalqa ilk müraciətində bəzi iqtisadi tədbirlərin görüləcəyini elan etdi. Bir çox insan məcburi işsiz olduğu üçün bəzi yardımlar olacaq. Bu gün rəsmi saytında yerləşdirdi bu tədbirləri. Sərbəst məslək sahiblərinə və şirkət sahiblərinə iqtisadi dəstək olacaq. Amma buna baxmayaraq, yenə də hökumətdən narazı olanlar çoxdur.
- Ordakı azərbaycanlılarla əlaqəniz varmı? Onların psixoloji durumu və vəziyyəti necədir?
- Sadəcə sosial şəbəkələr vasitəsilə xəbərləşə bilirik. Hər kəs vəziyyətin ekstremal olduğunu anlayır və gözləyir. Başqa çarə yoxdur.
- Azərbaycan - burdakı qohumlar və həmvətənlər haqda nə dərəcədə narahatsınız? Ölkəmizdə görülən tədbirlərdən razısınızmı?
- Azərbaycan hökuməti doğru tədbirlər aldı. Bu pandemiya dalğası altında qalan ölkələri görür və buna görə addım atırlar. Amma xalqın reaksiyası təəssüflər olsun ki, adekvat deyil. İnsanlar vəziyyətin ciddiliyini başa düşmür. İtaliya və İspaniyadakı vəziyyətə baxıb dərs almaq lazımdır. Əgər dövlət evdə qalmağını istəyirsə, buna riayət etmək lazımdır. Şərqlilər hər şeyi alın yazısına bağlayır, amma bu məsələdə bir az realist olmaq lazımdır.
- Hadisələri yaxından izləyən biri olaraq hər hansı qənaətiniz varmı? Vəziyyəti necə proqnozlaşdırırsınız?
- Çindəki karantinə baxıb onu deyə bilərəm ki, Fransada karantin bir müddət davam edəcək. Amma heç kim bu vəziyyətin nə qədər davam edəcəyini deyə bilməz. Yaşayıb görməyə çalışacağıq.