“Salam, Dar ağacı” onundurmu? – Şairin çap olunmayan digər şeirləri – Təqdimat

“Salam, Dar ağacı” onundurmu? – Şairin çap olunmayan digər şeirləri – Təqdimat
24 yanvar 2020
# 18:18

Aşağıdakı poeziya nümunələri, “Salam, Dar ağacı!” şeirinin (1986) müəllifi Akif Azalpın uzun illərdən bəri qələmə aldığı, lakin əksəriyyəti bu və ya digər səbəblərdən indiyə qədər çap olunmayan şeirlərdir.

Şairin səhhəti ilə əlaqədar olaraq bəzi şeirlərin tam mətnini əldə etmək bir az vaxt aldı və bu səbəbdən də “Salam, Dar ağacı!” misrasının plagiata uğraması haqqında yazılan son məqaləm ilə bu şeirlər arasında bir qədər fasilə yarandı. Akif Azalpın Azərbaycan və özbək türkcələrində yazılmış yüzlərlə şeiri, “Mələklərin eşqi” adlı mənzum-musiqili dramı, bir sıra poema və balladaları (“Türkmənçay”, “Kaman”, “Nuhçıxan”, “Qaçqın”, “Olimp”, “Bakı”, Müsyö Feniks”, “Özbəknamə” və s.) arasından bu şeirləri seçmək asan olmasa da, ümid edirəm, həm müəllifin özünü, həm də oxucuları qane edəcək. Bəzi şeirlərin əvvəlində verilən izahlar şeirin hansı hadisə ilə bağlı yazıldığını oxucunun bilməsi üçündür və mənim tərəfimdən əlavə edilmişdir.

P.S. Plagiat faktı ilə bağlı yazılan son məqalədən sonra qarşı tərəfin (Şair Rüstəm Behrudi – red.) etiraf xarakterli susqunluğu, həmin məqalədə cəmi iki bəndi verilmiş “Karvanbasan” şeirini bu şeirlər arasında vermək fikrindən məni daşındırdı.

Təvəkgül Boysunar
Yazar-tərcüməçi

Zərbə

Müəllif, bu şeiri Bəxtiyar Vahabzadəyə həsr etmişdir. Şeir, Bəxtiyar Vahabzadənin, 20 Yanvar qırğınının icraçılarından olan rus generalının üzünə tüpürdüyü anları təsvir edir.

Qara yanvar günü məşum mənzərə,
Bakıda nahaq qan çıxanda dizə,
Nifrəti içini didən şairlə
İşğalçı general gəlir üz-üzə.

İzdiham dəhşətdən səksənir birdən,
Qalır generalın ağzında sözü.
Şairin bir lomba tüpürcəyindən
Əyilir sifəti, qıyılır gözü.

Sağ əllə əsgərə “əl saxla” deyə,
Sol əllə kor-peşman üzünü silir.
Adi güllələrin belə zərbəyə
Cavab olmadığın o, yaxşı bilir.

Şair üz çevirib sabaha doğru,
Gedir irəliyə, qalxır qülləyə.
General, canında üşütmə, qorxu,
Şairin dalınca baxır zirvəyə...

Yadına acılar düşür nə ki var,
Hindiquşdan belə, Qafqazdan belə.
Yolunmuş paqonlar, kəsilmiş başlar,
Ancaq beləsini görməyib hələ!..

General, xeyiri yoxdur neyləsən,
İstərsən, çıxardıb at əlcəyini!
Tarixindən silə bilməyəcəksən
Yenilməz bir xalqın tüpürcəyini!

General, dönəndə Kremlə bildir,
Silahla ölçülmür odun qüdrəti!
De ki, diz çökdürmək mümkün deyildir
Belə şairləri olan milləti!

1990

Qəhrəman nidası

Müəllif, bu şeiri böyük lider Heydər Əliyevin 20 Yanvar hadisələrindən sonra SSRİ paytaxtında verdiyi məşhur bəyanatına həsr etmiş və yaşantını onun dili ilə nəzmə çəkmişdir.

Xalqımın göyləri tutan fəğanı
Ağır illərimin acısı oldu.
Bakıdan birinci şəhidin qanı,
Səbrimin sonuncu damcısı oldu.
Əlvida, yolunu azan səltənət,
Nahaq qan içində üzən səltənət!

Anlatmışdı bir vaxt şeytanlığını
Minlərlə nərlərə qurduğun tələ.
Gəncliyimdən sənin zindanlığını
Hamleti oynarkən sezmişdim hələ!
Əlvida, yolunu azan səltənət,
Mərdlərinə zəhər süzən səltənət!

Yalnız sığınıb bir yurd muradına,
Can atdım üzünü ağ etmək üçün.
Azadlıq eşqinə çatıb dadına,
Elimin bəxtinə bir yetmək üçün.
Əlvida, yolunu azan səltənət,
İçdiyi andları pozan səltənət!

Heyhat, sınaqlara gərdikcə sinə,
Səngimək bilmədi böhtan daşların.
Aldanmış qəlblərin son ümidinə
Son qoydu yelbeyin keçəl başların!
Əlvida, yolunu azan səltənət,
Yalanı gerçəyə yozan səltənət!

Gözümə görünər nə xof, nə hədə,
Nə şöhrət, nə mənsəb, nə də kabinet...
Daha yerim yoxdur belə firqədə,
Al, başına dəysin, bu da partbilet!
Əlvida, yolunu azan səltənət,
Öz qəbrini özü qazan səltənət!

Artıq yollarımız başqa-başqadır,
Sən biryolluq uydun şərə, şeytana.
Məni isə məslək eşqim aparır,
Son sığınacağım Azərbaycana!
Əlvida, yolunu azan səltənət,
Əcəlin Qafqazda gəzən səltənət!

1990

Dantesin “yubiley”i

SSRİ imperiyasının yüzlərlə şairi qətl etdiyi repressiya hadisəsi (1937) Puşkinin Dantes tərəfindən dueldə öldürülməsindən tam 100 il sonra baş vermişdir. Müəllif bu şeiri məhz həmin maraqlı təsadüfə həsr edib.

Biləndə heyrətdən dondum yerimdə,
Heç demə, seçməklə 37-ni,
Şeytan dəstəsi qeyd edirmiş həm də,
Dantes gülləsinin yüz illiyini!

Bəli, bəli, yanlış eşitmədiniz...
Güllə yağışına tuş edilirdi
İlahi qüdrətin məğrur başları:
Hər yurddan Puşkinin mütərcimləri,
Hər xalqdan Puşkinin taledaşları...

Dəm idilər məxfi üçlər bəzmində,
İosif, Lavrenti, Anastas ¬– Ponti!
Vələdüzzinalar vəfa əzmində
Sələf zəfərini bayram edirdi.

Qatil şərəfinə səslənən tostlar,
Havalanırdı kin burulğanından.
Baş cəllad coşurdu: “Qaldırın dostlar,
Gözəl şərab yoxdur şair qanından!..”

poesia üçün şəkil nəticəsi

“İşverən”lər ilə yağan böhtanlar
Öz “iş”in görürdü hər gecəyarı.
Atəşfəşanlıqla gülləbaranlar
“İrs” qoyub kütləvi məzarlıqları...

Gələcəyə qarşı qurulan qurğu,
Qoyurdu qaçılmaz süqutun himin.
Rusiya susurdu, xalqlar susurdu,
“Boris Qodunov”da susduğu kimi...

1987

Mömünə xatun

Atabəylər dövlətinin iqamətgahı Naxçıvandan Həmədana köçürüləndə Şəmsəddin Eldənizin xanımı və Məhəmməd Cahan Pəhləvanla Qızıl Arslanın anası olan Mömünə xatun, bütün saray əhlinin və bütün yaxınlarının Həmədana köçməyinə baxmayaraq, qəribə və maraqlı bir qətiyyət göstərərək, ömrünün sonuna qədər Naxçıvanı tərk etmir. Müəllif bu şeiri həmin hadisəyə həsr etmişdir.

Həmədana köçüb getdi təxti-səltənət,
Həmədana köçüb getdi ərkani-dövlət,
Həmədana köçüb getdi saraylar, fəqət
Nuhçıxanı tərk etmədi Mömünə xatun,
Tərk etmədi bu obanı nümunə xatun!

Köçüb getdi can mülkünün tənha sərdarı,
Köçüb getdi Eldənizin yadigarları,
Köçüb getdi doğmaları, tacidarları,
Nuhçıxanı tərk etmədi Mömünə xatun,
Tərk etmədi bu yuvanı nümunə xatun!

Bir zamanlar gəlin kimi köçüb gəlmişdi,
İraqlardan yuxusunda seçib gəlmişdi,
Neçə-neçə gülşənlərdən keçib gəlmişdi,
Nuhçıxanı tərk etmədi Mömünə xatun,
Tərk etmədi bu röyanı nümunə xatun!

Niyəsini gedib sorun Gəmiqayadan,
Gedib sorun ərş uyuyan Köhnəqaladan,
Gedib sorun Əshabi-Kəhf deyən kahadan,
Nuhçıxanı tərk etmədi Mömünə xatun,
Tərk etmədi bu səmanı nümunə xatun!

Sən nələrə qadirsənmiş, yurd-yuva mehri!
Sən nələrə qadirsənmiş, od-ocaq sehri!
Sən nələrə qadirsənmiş, nə bilər şəhri!
Nuhçıxanı tərk etmədi Mömünə xatun,
Tərk etmədi bu məvanı nümunə xatun!

2009


Marafonçu

Öz həyatı bahasına Sülhün və qələbənin müjdəsini çatdıran ilk marafonçunun əzmini yad edərək...

Ümidlər sırsıra bağlayır artıq,
Harda qaldın, gəl çıx, hey, marafonçu!
Haqqın səbri daşıb çağlayır artıq,
Gəl çıx, qanad açıb, ey milyonlarla
Nakam ürəklərin yalqız ovuncu!
Əminəm, Xeyirlə Şər arasında,
Görünməz yerlərdə, göylərdə gedən,
Son döyüşün sonun sezib əvvəldən,
Sən artıq müjdənlə çıxmısan yola!
Hara çatdığını biləydim bircə,
Görərdin, məlhəmə dönürəm necə!..
Bəlkə, yaralardan üzgün əsgərsən,
Gəlirsən Laçından, ya Əsgərandan?!
Bəlkə, Daşaltıda qeyb olan nərsən,
Dönürsən zindandan, ya asimandan?!
Hardan gəlirsən gəl, təki gəlib çıx,
Ey Sülhün yolunda hey təngənəfəs!
Mən səni görürəm yer-göy qarışıq,
Mən səni görürəm, gözəgörünməz!..
İçdiyin andlara sadiq nər kimi,
Bilirəm, düz hara gələcəyini:
Orda səni gözlər Müqəddəs Məzar,
Orda səni gözlər Qutsal Xiyaban!
Özlər səni hər bir Sülhə intizar,
Özlər səni hər bir Haqqa tapınan!
Qanad gər, çempion, köksündə yara,
Çıxmadan, neçə can gözləyir səni!
O taylı, bu taylı üzü dağlara,
Bütün Azərbaycan gözləyir səni!..

2014

Ev

Günbatana gedən yol qırağında
Bir evə zillənir yolçu nəzəri.
Yaxına gəldikcə hər bucağında
Ünsüz qarşılayır quş lələkləri.

Yağmurlar döymüş ağ suvaq altından
Kələ-kötür daşlar qaralır tək-tək.
Qaralır çat atmış divarları da
Kimsəsiz qəlbimin uçuqları tək.

Sahibi kim imiş, əgər sağdısa,
Hara yol alıbdı, niyə tərk edib?!
Kimindi dağılmış bu qapı-baca,
Pis gündənmi atıb, özümü gedib?!

Bir alma ağacı dəyir gözümə,
Dibində saralan nimdaş cecimdi.
Elə qəmli-qəmli baxır üzümə,
Elə bil yıxılan mənim evimdi.

1989

Qınaq

“ – Kişisən, bu nədi, kişi olan kəs
Bir qadından yana bu günə düşməz!
Ölsə, ölən kimi ölüb qurtarar,
Qalsa, qalan kimi qalıb yaşayar,
Bir qadından yana bu günə düşməz!

Kişisən, ağlama, kişi yaramaz
Bir qadından yana belə ağlamaz!
Qəhərinə qoşub deməz dediyin,
Göz yaşına qatıb yeməz yediyin,
Bir qadından yana belə ağlamaz!

Kişisən, unudub o cadugəri,
Sil o göz yaşını, boğ o qəhəri!
Ya da divardan o paslı xəncəri
Alıb sapla mənim düz ürəyimə,
Belə kişi ola bilmədiyimə!”

1991

Salam, doğma məktəb!

Şeir Akif Azalpın illər sonra Özbəkistandan öz doğulduğu kəndə qayıdarkən təhsil aldığı orta məktəblə üz-üzə gəldiyi anların yaşantısını əks etdirir.

Çoxdandı üzbəüz gəlmirdik belə,
Salam, doğma məktəb - ürfan dəryası!
Xatirələr bir-bir gəldikcə dilə,
Sızlayır qəlbimin köhnə yarası.

Gözlərim önündə canlanır asta
On il yollarında ayaq döyənlər.
Erkən gəncliyindən söz açar olsa,
Səninlə öyünüb, səndən deyənlər.

O şanlı sinifin uşaqlarından
Hansı idi səni ən çox sevəni?!
Yoxsa, unutmusan illər ardından
Bir çılğın, qıvrımsaç yeniyetməni?!

Odlu baxışında min sirli sual,
Yandıqca səninlə gedirdi önə.
Köksünü bəzəyən o qızıl medal
Onun yadigarı deyilmi sənə?!

Sonra gedib düşdü lap uzaqlara,
Yolunu gözlərkən özgə uğurlar.
Amma ayrılığın çəkəndə dara,
Hələ də könlündə bir giley yaşar:

Nə diləsə verdin, çatdırıb sona,
Verdin əlvan yazı, qızıl payızı.
Vəd etsən də, ancaq vermədin ona.
Birinci sırada oturan qızı!

1989


“Dörd fəsil divanı”ndan örnəklər

Qəzəl

Bu qəzəldə müəllifin adından başqa, demək olar ki, bütün sözlər türk mənşəlidir

Yaydıqca günəş dan çağı yağdusun uzaqdan,
Dörd bir yanı ovsunlar idi isti qucaqdan.

Açmaqda olan yaz çiçəyi yırğalanırdı,
Könlündəki istəklə doğan gizli soraqdan.

Yalqızlığı yaxmaqda idi vermədən uyqu,
Öz sevgisini özləyərək doğma ocaqdan.

Süzməkdə ikən yan-yörəsin ürkü içində,
Bir sənduvacın cəh-cəhi telləndi budaqdan.

Çin varlığını titrədərək dalğalı ünlər,
Yel tək darayıb saçlarını öpdü yanaqdan.

Yer qoynunu sarmaqda idi bir dəli sevda,
Göy ülgüsü axmaqda ikən ballı dodaqdan.

Bu öygüyə, Akif, yad idi tək sənin adın,
Gəlmiş kimi göy türkcəyə hardansa qıraqdan.

1979

Ağabəyim ağadan təsdis

İllər boyu hicran dağı öz etdiyin etdi,
Qəm-qüssə üzündən ümidin izləri itdi,
Vaxtsız-vədəsiz sevgi xəzan fəslinə yetdi,
Yar-yar deyə qəlbimdə yarın heykəli bitdi;
“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim, ömrüm necə gəldi, necə getdi!”

Gündüzləri könlüm açılıb gülmədi yarsız,
Eşqin can alan meyvələrin bilmədi yarsız,
Gün yox ki, ümid göz yaşımı silmədi yarsız,
Cismim daşa, ya rəbb, niyə çevrilmədi yarsız?!
Eldən-obadan gizli gəlib, gizlicə getdi,
“Heç bilmədim, ömrüm necə gəldi, necə getdi!”

Pıç-pıçları itəcək dik atıldım fərağında,
Bir iz arayıb, yandım-alışdım sorağında.
Al-qırmızı bir alma görüb miz qırağında,
Dondum əriyən pərvanəsiz şam qabağında:
Şam da əsərək söylədi ki, indicə getdi,
“Heç bilmədim, ömrüm necə gəldi, necə getdi!”

Yaz günləri hər cilvəyə aldandı bəbəklər,
Bağçamda müdam boynu bükük qaldı çiçəklər,
Qovmaqda ikən bir-birin əlvan kəpənəklər,
Göynətdi yanıq bağrımı bir vaxtkı diləklər:
Cövlanlara müştaq neçə sirli küçə getdi,
“Heç bilmədim, ömrüm necə gəldi, necə getdi!”

Akif, Ağabəyim qəminə kükrəyib axdın,
Bundan beləsin taleyin iznində buraxdın.
Dəftərlərə bir köks ötürüb son kərə baxdın,
Ardınca da ithafları atəşlərə yaxdın,
Tel-tel alışan bunca şeirlər heçə getdi,
“Heç bilmədim, ömrüm necə gəldi, necə getdi!”

2004

# 6811 dəfə oxunub

Müəllifin son yazıları

# # #