Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə
20 aprel 2024
# 12:00

Bu gün görkəmli yazıçı, uzun müddətdir İsraildə yaşayan və bu ilin yanvar ayında 94 yaşında vəfat edən Çingiz Hüseynovun anım günüdür.

Kulis.az Bəsti Əlibəylinin mərhum yazıçı Çingiz Hüseynovla müsahibəsini təqdim edir.

Böyük Azərbaycan yazıçısı, tənqidçi, tərcüməçi və filosof Çingiz Hüseynov haqqında oxuyacağınız ədəbi söhbət illər öncəyə aiddir. Doğma Vətəndə, dəyərli aydınlar məclisində unudulmaz bir görüşdən sonra, elektron poçt üzərindən baş tutan Bakı-Moskva arası dialoqumuzu artıq Haqq dünyasında əbədi hüzura qovuşan Çingiz müəllimin əziz və işıqlı xatirəsinə həsr edirəm.

Çingiz Hüseynov: Yazıçı, ədəbiyyatşünas, tərcüməçi və filosof. 1929-cu il aprelin 20- də Bakıda doğulub. Moskva Dövlət Universitetinin filologiya fakültəsini (1952) və SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını (1956) bitirib. Rusiya və keçmiş SSRİ xalqları ədəbiyyatı üzrə mütəxəssis kimi müxtəlif vaxtlarda

M. Qorki adına Ədəbiyyat İnstitutunda dərs deyib. Filologiya elmləri doktoru, Moskva Dövlət Universiteti və İctimai Elmlər Akademiyasının professoru olan Çingiz Hüseynov filologiya sahəsində onlarca alim yetişdirib. ABŞ, Fransa, Türkiyə və digər ölkələrdə Rusiya xalqları mədəniyyətindən mühazirələr oxuyub.

“Bədii yaradıcılıqda ikidillilik problemləri”, “Çoxmillətli sovet ədəbiyyatında forma ümumiliyi”, “Mədəniyyət zəminində milli konfliktlər haqqında”, “Mədəniyyət sistemində din” və digər araşdırma əsərlərinin müəllifidir. 1959-cu ildə Rusiya Yazıçılar İttifaqının üzv qəbul olunub. 1988-ci ildə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərinə görə Respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
40-yaxın kitab müəllifi olan Çingiz Hüseynov ədəbi fəaliyyətə tənqidlə başlayıb. 1955-ci ildə Məmməd Rahimin “ Xaqani” poeması haqqında tənqidi məqalə ilə mətbuatda çıxış edən ədib sonra tərcüməyə keçmiş, Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Əbülhəsən,

Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov kimi görkəmli yazarların əsərlərini və on yeddi-iyirminci yüzillər xalq şair və aşıqlarının şeirlərini rus dilinə tərcümə etmişdir.

1962-ci ildə “Azərbaycan” jurnalında çap olunan “Mənim bacım” adlı povestiylə nəsr yaradıcılığına başlayan yazıçının həmin il eyniadlı ilk kitabı nəşr olunur. Bunun dalınca isə daha üç kitab- “Əriyən heykəl” (1964), “Çətin yoxuş” (1968) və “Novruzgülü” (1969) işığa çıxır. Ümumən götürdükdə, Çingiz Hüseynov 60-cı illərin payına düşən əksər əsərlərini doğma Azərbaycan dilində qələmə alıb ki, bu onillik ədibin yaradıcılığının Bakı dövrü kimi də xarakterizə oluna bilər.

Amma ona şöhrət qazandıran ilk əsəri Moskvanın qismətinə düşən “Məhəmməd, Məmməd, Məmiş” povestidir. Azərbaycan dilində yazılan bu povest Bakıda nəşr olunmadından, müəllifin öz tərcüməsində, 1975-ci ildə Moskvada, rus dilində işığa çıxır.
Bundan sonrakı əsərlərini rus dilində yazan yazıçı sonradan özü onların bəzilərini Azərbaycan dilinə çevirib. Yaradıçılığında çox əhəmiyyətli yer tutan “Fətəli fəthi” romanını isə iki dildə, öncə rus, sonra Azərbaycan dillərində yenidən yazıb. Məhz bu səbəbdən romanın iki müstəqil mətni vardır ki, həmin mətnlər həcm baxımından da bir- birindən kəskin fərqlənir.

Lakin hansı dildə yazmasına baxmayaraq, Çingiz Hüseynov müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələri sırasında dayanır və bu haqqı ona doğma Vətəniylə, mənsub olduğu mədəniyyətlə birbaşa bağlı olan bütün əsərləri verir.

Üçüncü minillik yazıçının yaradıcılıq və dünyabaxışında əsaslı dəyişikliklərlə başlayır. Bu dövrdən etibarən o, dini- teoloji mövzularla ədəbi gündəmə gəlir. 2002-ci ildə “Quran Surələrinin peyğəmbərə göndərilən ardıcıllıqla düzülüşü” (“Cуры Корана, расставленные по мере ниспослания их Пророку” ) adlı kitabı çapdan çıxır. Kitabın siqnal nüsxələrinin işığa çıxmasıyla Moskva ədəbi mühitində və dini çevrələrdə böyük ayiotaj başlanır ki, bu da boşuna deyildi. Məsələ burasında idi ki, Çingiz Hüseynovun bu kitabı ənənəvi “Qurani- Kərim”dən, daha doğrusu, surələrin oradakı düzülüşündən çox fərqənirdi.

Polemikaya qoşulanlar “belə bir iddiada olmaq üçün kanonik “Qurani- Kərim”i və təfsirləri yaxşı bilmək lazımdır, təfsirlər isə 30-40- cilddən ibarətdir və onları bilmək üçün ərəbcəni, farscanı, osmanlıcanı, üstəlik, tendensiyaları bilmək lazımdır” və s. kimi müxtəlif arqumentlər irəli sürürdülər.

Lakin ixtiyar yazıçı Şərq svilizasiyasında tabu sayılan mövzuya və İslamda ən həssas məqama toxunduğuna görə üzləşdiyi təpkilər qarşısında geri çəkilmir. Çünki öz mövqeyini müdafiə etmək üçün onun da çoxlu arqumentləri vardı və zaman-zaman mətbuata verdiyi müsahibələrdə, opponentlərinə cavablarında əlində olan dəlil-sübutların bir qismini bəyan etmişdir.
“Quran surələrinin düzülüşü” kitabından bir il sonra Çingiz Hüseynov İslam dininin banisi, sonuncu səma elçisi Məhəmməd peyğəmbərin həyatından bəhs edən bir roman yazır. “Aşan bardaqdakı suyun tökülməsinə imkan verməməli” («Не дать воде пролиться из опрокинутого кувшина, Москва, 2003) adlı romanın ikinci nəşri 2008- ci ildə yeni əlavələr və “Merac” adıyla Bakıda işığa çıxır ki, həmin əsərdə Həzrəti Məhəmmədin Məkkədən Qüdsə gəlişi və orada Adəm, Nuh, İbrahim, Musa, İsa həzrətləri ilə qarşılaşıb səmaya, Allahın hüzuruna qalxmasından bəhs olunur.

Bütün bu misallardan da göründüyü kimi, Çingiz Hüseynovun ürəyi hər zaman öz Vətəniylə, öz ümmətiylə birgə döyünüb. Bəs həm yaşca, həm mərtəbəcə qürbətdə yaşayıb-yaradan yazarlarımızın ön sırasında dayanan bu ixtiyar yazıçıya Vətəndə münasibət necədir və onun bədii irsi gələcək nəsillərə hansı səviyyədə ötürülür, necə təbliğ olunur? Təəssüf ki, bunların çoxu cavabsız və açıq qalan suallardı. Amma zamanla vəziyyətin dəyişəcəyinə ümidlər də yox deyil. Məsələn, mən ali məktəblər üçün buraxılan ikicildllik “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyində (Bakı universiteti nəşriyyatı, 2007) Çingiz Hüseynov haqqında oçerkə rast gələndə çox sevindim. Ədəbi vicdanı və alim ləyaqəti ilə seçilən filologiya elmləri doktoru Vaqif Sultanlının sözügedən dərslikdəki nəsr icmalında yazıçının yaradıcılığı, ədəbi mövqeyi və s. barədə üç səhifəlik obyektiv bir rezyüme verilib. Lakin oçerk əsasən yazıçının birinci dövr yaradıcılığı və 90-cı illərin ortalarına qədərki dövrü əhatə etdiyindən, bioqrafiyasında, demək olar ki, yeni bir mərhələ təşkil edən son 15 ilin məhsulu ( “Quran ayələrinin düzülüşü”, “Merac”, “Qarşıma çıxan keçmişim” və s. ) orada öz əksini tapmayıb. Hərçənd ki, yazıçının bu dövr yaradıcılığı mövzu, vətəndaş mövqeyi və ədəbiyyatda tabuların sındırılması baxımından çox önəmlidir. İstənilən halda, ümid etmək istərdik ki, böyük Sovet imperiyasının və onun sonrakı varisi Rusiyanın içində əridə bilmədiyi, əksinə, ömrünün hər anıyla öz doğma azərbaycanlılığına qaytardığı böyük yazıçımız milli ədəbiyyat və mədəniyyət tariximizdə layiqli yerini tutacaq. Və bizlərdən daha obyektiv olan rus yazarı Dmitri Furmanın

dediyi kimi, “...zaman keçəcək, keçmiş sovet və postsovet Azərbaycanında Çingiz Hüseynov mərhələsi haqqında danışacaqlar. ”

Kulis.az Bəsti Əlibəylinin mərhum yazıçı Çingiz Hüseynovla müsahibəsini təqdim edir.

- Çingiz müəllim, dünyanın sonuncu peyğəmbəri, İslam dininin banisi Həzrəti Məhəmməd əlehissəlam barəsində yazdığınız “Merac” romanı ilə müsəlman dünyasında cəsarətli bir addım atmış oldunuz. Necə oldu, belə bir ideya yarandı?

- Əvvəlcə onu deyim ki, belə ciddi mövzuya müraciətim Qarabağ muharibəsi ilə bağlıdır, bir növ, məcburi oldu: erməni avantüristləri əslində, rus dövləti olan Sovetlər Birliyinin rəhbərlərini öz tərəflərinə çəkmək, onlara xristianlıq baxımından xoş gəlmək məqsədilə (onu da deyim ki, ermənilərin monofizit xristianlığı həm pravoslav, həm də katoliklər tərəfindən hələ 4-cü əsrdə rədd edilmişdi) ortalığa yaramaz bir fikir atdılar – “vəhşi, barbar müsəlmanlar bizi - sülhsevər və proqressiv xristinları, qırırlar!..” Bu fikir məni dəhşətə gətirdi, elə bidim, xas müsəlman olan müdrik Nərgiz nənəmi təhqir etdilər!.. Peyğəmbər haqqında yazmağı qət etdim!..

– Romanın əvvəlində belə bir cümlə işlətmisiz: “Bu kitabda Oğuz dilində yazılmış “Quran”ın tərcüməsinə istinad olunur”. Məlumdur ki, “Qurani- Kərim” ilk dəfə ərəb dilində yazıya alınıb. Həzrəti peyğəmbərin dilindən izhar olunan bütün surələr və ilk basma nəşrlər də ərəb dilindədir. Belə olan halda siz ““Quran”ın Oğuz dilində tərcüməsi” dedikdə hansı mənbəni nəzərdə tutursunuz?

- Yazı prosesində məndə bəzi ciddi suallar baş qaldırmağa başladı, gördüm ki, bu hamıya məlumdur – Quranı xəlifə Osman dövründə tərtib edənlər onun bircə sözünə-kəlamına, vergül-nöqtəsinə toxunmamış (eşq olsun onlara!..), lakin Allahın bizə göndərdiyi Kitabın quruluşunu söküb dağıtmış, əsaslı şəkildə dəyişmişlər, başqa sözlə desək, surə-ayə xronologiyasına qarışıb Allah mətninin ardıcıllığını, məntiqini büsbütün pozmuşlar.
Mən nə dinşünasam, nə də ərəbşünas, mən bir ədəbiyyat adamıyam, mətnşünasam, odur ki, bu hal məni sarsıtdı, roman üzərindəki işimi yarımçıq qoyub Quranı Allah göndərdiyi tərzdə (bu haqda çox yazılıb!) tərtib etməyə başladım... Və nəticədə tamam başqa bir kitab alındı!..
Çox-çox sonra bildim ki, demə, mən gördüyüm işi (bu və ya digər dəyişiklik və fərqlərlə) yüz əlli il öncə ingilis şərqşünasları, yetmiş il öncə fransızlar, lap bu yaxınlarda isə türklər İstanbulda görüblər. Amma bu kitablar mənimkindən fərqli olaraq şərhsiz-izahsızdır!..
Kitab Moskvada çapdan çıxan kimi internetdə dinçilərin atəşinə tutuldu, İslam dükanlarında satışa buraxılmadı. İradlar bu idi ki, kanonik tərtibat guya Peyğəmbərin razılıği, göstərişi-təklifi ilə olmuşdur... Amma Quran Allahın Kitabıdır, Peyğəmbərin kitabı deyil, odur ki, bu işi görməyə heç kəsin haqqı yox idi...
O ki qaldi əsli oğuzlardan olan İbn Həsən – Purhəsən – Həsənoğluna... – onun ömrü iki “günah” işlətdiyinə görə (Allahın qarşısında deyil, çünki Quranın tərtibatı və Quranın tərcüməsi Allahın istəyinə uyğun idi, mövhumatçı dindarların qarşısında) faciə ilə bitdi. Bu haqda – mən 2011-ci ildə İstanbulda çap olunmuş 5 məktubumda ətraflı yazmışam.

- Dini mövzuda dalbadal iki əsər yazmanızı, öndə qeyd etdiyiniz motivlə yanaşı, həm də içinizdə duyduğunuz mənəvi-ruhi ehtiyac kimi anlamaq olarmı?

- Düz tapmısız!

- Sizdən öncə - XX əsrin birinci yarısında başıbəlalı “Əli və Nino” romanının müəllifi hesab olunan Məhəmməd Əsəd bəy də (Qurban Səid) peyğəmbər haqqında əsər yazıb. Həmin əsərlə tanışsızmı?

- Ənənəvi istiqamətdə yazılmış o kitabın mənim romanıma heç bir dəxli yoxdur.

- Yaradıcılığınızda tarixi mövzulara müraciət mühüm yer tutur və siz bu mövzuya böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiya və tənqidimizin banisi, yazıçı-filosof Mirzə Fətəli Axundova həsr etdiyiniz “Fətəli fəthi” romanıyla başlamısız. Romanda Mirzə Fətəlinin həyatı röyalar, xəyallar, ümidlər, arzular və iflas fəsillərinə bölünüb. Siz Şərqin bu böyük dahisinin aldandığına gerçəkdənmi inanırsız?

- O, mənim həyatımı yaşadı, mən də onun; bu baxımdan, roman - fantaziyadır. Mirzə Fətəliylə mən tale qohumuyam. Aldanmağa gəldikdə, təkcə ulduzlar deyil – onlarla bərabər biz də aldandıq.

- Romanı həm Azərbaycan, həm də rus dillərində yazmısız. Yəni, bu, bir dildə yazılıb, digər dilə tərcümə olunmuş əsər deyil. Üstəlik, Azərbaycan və rus variantları bir-birindən fərqlidir. Məsələn, rus variantı həcmcə Azərbaycan variantından kiçikdir və s. Deyə bilərsizmi, bu fərqlər, ixtisarlar nə ilə bağlıdır?

- Bu, mənim iki orijinalı olan yeganə romanımdır: “Fatalnıy Fatali” (Moskva, 1983, 27 ç.v.) və “Fətəli fəthi” (Bakı, 1986, 42 ç.v.). Əsəri əvvəl rus dilində yazdım, sonra azərbaycandilli orijinalı yarandı. Bəli, orijinallar arasında təkcə həcm baxımından deyil, hətta sujet baxımından, eləcə də dil və oxucu hökmündən doğan çox-çox fərqlər var ki, bu haqda xatirələr kitabımda xeyli yazmışam.

- Mirzə Fətəli Axundovun həyatı, ictimai fəaliyyət və dünyabaxışı ilə paralel, on doqquzuncu əsr Azərbaycan mədəni-ictimai mühitinin və çar Rusiyasının Qafqazlarda yürütdüyü məkrli siyasətin panoramını yaradan “Fətəli fəthi”nin bir özəlliyi də romanın bioqrafik baxımdan ikili səciyyə daşımasındadır. Buna bir az öncə özünüz də işarə etdiniz. Mümkünsə, bir qədər də aydınlıq gətirərdiz.

- Romanın yazılmasının iki səbəbi var, biri obyektiv, biri subyektiv. Obyektiv səbəb – Böyük Vətən müharibəsindən sonra SSRİ-də müşahidə olunan ideologiyanın xatirinə tarixin təhrif edilməsinə, saxtalaşdırılmasına qarşı etirazımı bildirmək idi; müstəmləkəçilik siyasətinə qarşı xalqların bütün milli-azadlıq müharibələri, cərəyanları, o cümlədən Şeyx Şamil hərəkatı mürtəce elan olunmuşdu, tarixi həqiqətlər təhrif olunur, kənar torpaqlarda yaşayan xalqların, o cümlədən Azərbaycanın “Rusiyanın tərkibinə könüllü daxil olması” bayram kimi qeyd edilirdi... O zaman mən qərara aldım ki, mövcud materiallar əsasında Qafqaz- Rusiya bağlılığının könüllü birlik deyil, Lermontovun yazdığı kimi “qanlı tabeçilik” olduğunu göstərim.
Subyektiv səbəb isə odur ki, mən aydınca dərk etməyə başladım ki, Axundov sanki mənim həyatımı yaşayıb; o da, mən də imperiya dövlətinə xidmət etmişik, onun da, mənim də, necə deyərlər, mundir altında azadlığa təşnə ürəklərimiz döyünüb, o da mənim kimi qələmi vasitəsi ilə zorakılığa, köləliyə, insanın alçaldılmasına, yalan və böhtanlara, nadanlığa qarşı çıxmışdır.


-“Fətəli fəthi”ndən sonra Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanov haqqında iki hissəli, böyük roman yazdınız. Bilirsiz ki, bu mövzuda sizinlə eyni soyadı daşıyan qocaman yazıçımız İsa Muğanna da yazıb. 80-ci illərdə onun ssenarisi əsasında Nərimanov haqqında “Ulduzlar sönmür” adlı bədii-sənədli film çəkilib. “Doktor “N” romanını isə siz Muğannadan sonra (1998) yazmısız. Bilmək istərdim ki, mövzuya müraciət etmənizdə həmin ədəbi faktın təsiri olubmu? Yəqin ki, siz həmin filmlə tanışsız və deyə bilərsizmi ki, bir-birinin müasiri və həmyaş olan, eyni siyasi epoxada yaşayan iki görkəmli yazıçımızın Nəriman Nərimanova yanaşmasında kardinal fərqlər nədən ibarətdir?

- Sosialist ruhlu o əsərlə, təbii ki, tanışam – mono, yəni, tək qəhrəmanlı əsərdir, mənim romanım isə ikiqütblü, iki qəhrəmanlıdır: Nərimanov və Məmməd-Əmin. Və məqsədim-konsepsiyam da tamam başqadır: Azərbaycanın keçdiyi yolları, ictimai-siyasi situasiyaları canlandırmaqla tarixə ədalətli, obyektiv münasibətə yardımçı olmaq. İndi biz nə Nərimanovu qəbul edirik, nə də Məmməd-Əmini bəyənirik, odur ki, romanım faciə ruhludur.

- Çox dəyərli əsərlərinizdən biri də həyatınızın Bakı dövründə yazdığınız “Məhəmməd, Məmməd, Məmiş” povestidir. Milli ağrılarla dolu olan bu əsəri hərə bir cür oxuyur... Mən isə povesti milli tərəqqidən tənəzzülə enişin bədii xronikası kimi qəbul etdim.

- Səhv etmirsiz, konsepsiyanı düzgün tutmusuz.

- Bir qədər də ümumi ədəbiyyat məsələləri barəsində. Sovet dönəmində vahid məkan, ümumi mədəni siyasət və digər faktorlar Rusiya ilə müttəfiq respublikaların ədəbiyyatları arasında paralellər aparmağa imkan verirdi. Məsələn, Şoloxov-İsmayıl Şıxlı, Bulqakov-Yusif Səmədoğlu və s. Bəs indi necə - bu cür paralellər aparmaq mümkündürmü?

- Təbii ki, oxşarlıq o zamanlarda da olmuşdu, indi də var, amma məncə, bu kimi paralellər kasıbçılıqdan doğur.

- Bəzən sizi rus mədəniyyətinin “udduğu”, başqa sözlə desək, ruslaşmış ziyalılardan hesab edirlər. Bu fikrə münasibətiniz?

- Bu sual mənə sizdən öncə də verildiyindən, cavabımı da təkrarlamalı olacam: Nəhəng meqapolisdə, yad millətlərin təbii assimliyasiyası içində, nə qədər qəribə görünsə də, məhz Moskva məni rus mədəniyyəti ilə zənginləşdirib öz dilimə tərəf yönəltdi – bunu qaydadan istisna kimi də qəbul etmək olar, çünki rusdilli Bakıda yaşasaydım, bu tədricən sönərdi; dünya neft imperiyasının paytaxtı rusdilli idi. Bakı məndən təhsili və mədəniyəti rusdilli olan amorf bir məxluq yaradardı, lakin Moskva məni inad və qətiyyətlə öz azərbaycanlılığıma, mədəniyyətimizə, dilimizə qaytardı, həm də bu zaman mənim sonrakı taleyim üçün qurtuluş olan dil vasitəsilə inkişafa rus başlanğıcı verdi. Və mənim yaradıcılığımda neçə onilliklərdir ki, sirli-heyrətamiz bir modern xalı toxunur; bu üslub, bu düşüncə bakılı-moskvalı, azərbayacan-rus ornamentləri, quraması, düşüncəsi ilə yaranır. Qəlbim-həyatım mübarizə meydanıdır; içimdə dərin kök salmış rus-Azərbaycan vahidliyi gah birləşir, gah da parçalanır. Bu mübarizədən həm faydalanır, həm də... yoruluram. Amma bunu da deyim ki, mənim rus dilim olmasaydı, romanlarım işıq üzü görməzdi – nə “Doktor N”, nə “Fatalnıy Fatali”, nə də digərləri...

- Siz Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş bir ailəni təmsil edirsiz. Mərhum qardaşınız Əlikram Hüseynov milli tar sənətimizdə xüsusi yeri olan bir sənətçiydi. Amma bu gün doğmalarınızdan vətəndə qalanı yoxdur, deyəsən və yəqin ki, bu sizi çox xiffətləndirir.

- Qardaşımla son dəfə vidalaşanda ürəyimə dammışdı ki, bir daha vətənə dönməyəcəyəm. Lap bu günlərdə doğulduğum ev də yandı... Amma Allah bilən yaxşıdır!

- 60 illik ədəbi fəaliyyətinizin bəhrələrini hansı formalarda görmüsüz və siz özünüzü bəxtli, naxışı gətirən yazıçı hesab edirsizmi?

- Bu dünyanın ən bəxtəvər adamıyam, çünki hələ də sönməyən, alışıb yanan bir ümidlə yaşayıram; ən yaxşı əsərim hələ də yazılmayıb, amma yazılmaqdadır! Və buna da inanıram ki, əsil yazıçı o dünyada da yazmağındadır.

- Azərbaycan ədəbi mühiti ilə əlaqələriniz hansı səviyyədədir, burdakı cavan yazarlardan kimləri oxuyursuz, qənaətləriniz necədir?

- Əlaqələrim genişdən geniş, çox yüksək səviyyədədir, amma zamanın ömrü, təəssüflər olsun, ildən- ilə qısalır, azalır. Mənə yazılarını göndərənlərin, məktublaşanların, skaypla danışanların sayı o qədərdir ki... göz dəyməsin!

- Vətənə dönmək istəmirsizmi?

- Dönüb-dönməməyim... Əslində, bir az öncə bu suala öz təxminimlə cavab verdim, amma son qərar Allaha qalır.

# 3445 dəfə oxunub

Müəllifin son yazıları

# # #