Bülbül və qızılgül - Oskar Uayldın hekayəsi

Bülbül və qızılgül - Oskar Uayldın hekayəsi
16 oktyabr 2023
# 12:30

Bu gün görkəmli irland şair və dramaturq Oskar Uayldın doğum günüdür.

Kulis.az bu münasibətlə onun "Bülbül və qızılgül" hekayəsini təqdim edir.

- Dedi ki, ona qırmızı qızılgül gətirsəm, mənimlə rəqs edəcək, — gənc Tələbə dedi, — amma bağmda bir dənə də olsun, qızılgül yoxdur.

Palıd ağacının başındakı yuvasından onun sözlərini eşidən Bülbül yarpaqların arasından boylandı.

- Bağımda bircə dənə də olsun, qızılğıl yoxdur! — Tələbə gileylənməyə davam edirdi, onun gözəl gözləri yaşla dolmuşdu. — Аh, bəzən insanın xoşbəxtliyi elə mənasız şeylərdən asılıdır ki! Mən müdrik insanların yazdığı o qədər kitab oxumuşam, fəlsəfənin nə qədər sirlərinə vaqif olmuşam, amma bağımda qırmızı qızılgül yoxdur deyə, həyatım məhv olur.

- Budur, axır ki, əsl aşiq gördüm, — Bülbül öz-özünə dedi. — Onu hələ tanımasam da, gecələr uzunu onun barəsində nəğmələr oxudum, gecələr uzunu ondan ulduzlara danışdım, axır ki, özünü də gördüm. Saçları qətran kimi qaradır, dodaqları axtardığı qızılgül kimi qıpqırmızıdır, amma ehtiras onun rəngini fil sümüyü kimi avazıdıb, kədər üzünü soldurub.

- Sabah axşam Şahzadə ziyafət verir, — gənc Tələbə pıçıldayırdı,— mənim sevgilimi də dəvət ediblər. Əgər ona qırmızı qızılgül aparsam, o, səhərə qədər mənimlə rəqs edəcək. Ona qırmızı qızılgül aparsam, bədənini qucaqlayacam, qollarımda saxlayacam, o, başını çiynimə əyəcək, əllərim onun əllərini sıxacaq. Amma bağımda bir dənə də olsun, qırmızı qızılgül yoxdu, ona görə də, mən tək oturub, onun yanımdan ötməyinə baxmalı olacam. О heç üzümə də baxmayacaq, qəlbim kədərdən parça-parça olacaq.

- Bu əsl aşiqdir, — Bülbül dedi. — Mənim barəsində nəğmələr oxuduğum sevgini o, qəlbi ilə yaşayır, mənim üçün sevinc olan şey, onun üçün əzabdır. Doğrudan da, sevgi möcüzədir. О, qiymətli zümrüddən, bahalı almazdan da qiymətlidir. Onu inci və mərcanla almaq mümkün deyil, sevgi bazarda satılmır. Onu piştaxtada görüb, qızıla dəyişib almaq olmaz.

- Xorda musiqiçilər oturacaq, — gənc Tələbə deyirdi. — Onlar arfa və skripkalarda çalacaqlar, mənim sevgilim isə simlərdən qalxan sədaların altında rəqs edəcək. О, zalın döşəməsində qu kimi süzəcək, elə süzəcək ki, sanki ayaqları döşəməyə dəymir. Ətrafında bahalı geyimlərə bürünmüş saray əyanları dövrə vuracaq. Amma o mənimlə rəqs etməyəcək, çünki ona aparacaq qırmızı qızılgülüm yoxdur.

Bunu deyib, gənc üzüqoylu otun üstünə yıxıldı, əlləri ilə üzünü qapayaraq, ağladı.

- О niyə ağlayır? — balaca, yaşıl Kərtənkələ onun yanından quyruğunu qıvrıldaraq, sürünüb, keçdi.

- Doğrudan da niyə? — günəş şüasının ardınca uçan Kəpənək sualı təkrarladı.

- Niyə? — Gülümbahar çiçəyi də qonşusundan soruşdu.

- О, qırmızı qızılgülə görə ağlayır, — Bülbül dedi.

- Qırımızı qızılgülə görə?! — hamısı birağızdan qışqırdı. — Аh, necə də gülməlidir!

Sinizmə meylli balaca Kərtənkələ utanmadan qəhqəhə çəkdi.

Tələbənin əzablarını anlayan təkcə Bülbül idi, о sakitcə Palıd ağacının başında oturub, sevginin sehri barədə düşünürdü.

Budur, o, tünd rəngli qanadlarını havada açıb uçdu. Kölgə kimi pöhrəliyin üstündə dövrə vurub bağçaya qondu.

Yaşıl talanın ortasında gəlimli bir Qızılgül Kolu dayanmışdı. Bülbül onu görüb, budaqlarından birinə qondu.

- Mənə bir dənə qırmızı qızılgül ver, — Bülbül dedi, — mən sənə ən gözəl nəğməmi oxuyaram!

Qızılgül Kolu başını yellədi.

- Мənim güllərim ağdı, — о dedi, — onlar dəniz köpüyü, zirvələrin qarı kimi ağappaqdı. Köhnə günəş saatının yanındakı qardaşımın yanına get, — bəlkə onda sən istəyən qızılgüldən ola.

Bülbül köhnə günəş saatının yanında bitən Qızılgül koluna tərəf uçdu.

- Mənə bir dənə qırmızı qızılgül ver, — o dedi, — sənə ən gözəl nəgməmi oxuyaram!

Amma Qızılgül Kolu başını yellədi.

- Мənim güllərim sarıdı, — Kol dedi, — kəhrəba taxt-tacında oturan ilahənin saçlarından, biçilməmiş taladakı sarı güllərdən daha sarıdı. Tələbənin pəncərəsi altında bitən qardaşımın yanına get, bəlkə o sənə istədiyini verə.

Bülbül Tələbənin pəncərəsi altındakı Qızılgül Kolunun yanına uçdu.

- Mənə bir dənə qırmızı gül ver, — o dedi, — mən də sənə ən gözəl nəgməmi oxuyaram!

Amma Qızılgül Kolu başını yellədi.

- Мənim güllərim qırmızıdı, — o dedi, — göyərçin ayaqları kimi, okeanın dibindəki mağaralarda yaşayan mərcanlardan daha qırmızıdı. Amma qışın şaxtası mənim qanımı damarlarımda dondurub, şaxta böyrəklərimi iflic edib, tufan budaqlarımı sındırıb, buna görə də bu il qızılgülüm olmayacaq.

- Bircə dənə qırmızı qızılgül — səndən tək istədiyim budur, — Bülbül dedi. — Bircə dənə qırmızı qızılgül! Bilmirsən, onu necə əldə eləmək olar?

- Bilirəm, — Qızılgül Kolu dedi, — amma o elə qorxuludur ki, sənə deməyə cəsarət eləmirəm.

- Bu sirri mənə aç, — Bülbül dedi, — mən qorxmuram.

- Əgər qırmızı qızılgül istəyirsənsə, — Qızılgül Kolu dedi, — gərək ay işığında cəh-cəh vurub, onun tumurcuqlamağına səbəb olasan, sonra öz ürəyinin qanı ilə onun rəngini qızardasan. Sən sinəni mənim tikanlarımdan birinə dayayıb, nəgmə oxumalısan. Bütün gecəni mənim üçün oxumalısan, tikanım sənin ürəyini deşib, qanını soracaq və damarlarıma axıdacaq.

- Ölüm — bir qızılgüldən ötrü çox qiymətli əvəzdir, — Bülbül qışqırdı. — Həyat hamı üçün şirindir! İlahi, meşədə oturub, qıpqırmızı günəşə, gümüşü aya baxmaq necə də gözəldir! Səhərin incilərə bənzəyən şehi, inciçiçəklərinin gözəl qoxusu, vadidəki çiçəklərin uzaqdan vuran ətri... amma Sevgi Həyatdan da gözəldir, buna görə də, bir insan qəlbinin yanında bir quşun ürəyi nədir ki?!

Bunu deyib, Bülbül qanadlarını açdı. Bağın üstündən kölgə kimi keçib, pöhrəliyiin üstü ilə uçdu.

Tələbə isə hələ də uzandığı otluqda idi, onun gözəl gözlərinin yaşı hələ qurumamışdı.

- Sevin! — Bülbül ona tərəf qışqırdı. — Sevin, sənin qırmızı qızılgülün olacaq. Mən onu sənə ay işığında oxuduğum nəğmələrdən yaradıb, ürəyimin qanı ilə qızardacam. Əvəzində səndən bircə istəyim var: öz sevginə sadiq qal, çünki Fəlsəfə nə qədər müdrik olsa da, Sevginin müdrikliyi Fəlsəfəninkindən çoxdur, — Güc nə qədər əzəmətli olsa da, Sevgi istənilən gücdən daha əzəmətlidir. Onun qanadları alov rəngindədir, bədəni alova bürünüb. Onun dodaqları bal kimi şirin, nəfəsi zanbaq ətirlidir.

Tələbə ona qulaq asır və heç nə başa düşmürdü, axı o ancaq kitablarda yazılan şeyləri bilirdi.

Palıd isə hər şeyi başa düşüb, kədərləndi, çünki onun budaqlarında yuva qurmuş bu quşcuğazı çox sevirdi.

- Axırıncı dəfə mənə bir nəgmə oxu, — o, Bülbülə pıçıldadı. — Sən gedəndən sonra bərk darıxacam səndən ötrü.

Bülbül Palıd üçün oxumağa başladı, onun cəh-cəhi gümüş qabdan süzülən suyun şırltısı kimi incə idi.

Bülbül nəğməsini qurtarandan sonra Tələbə otun üstündən qalxıb, cibindən qələm və qeyd kitabçasını çıxararaq, evinə tərəf yol ala-ala dedi:

- Hə, inkar eləmək olmaz, o, formanın ustasıdı. Amma onun hissləri varmı? Məncə yox. Mahiyyətcə, o bir çox sənətkarlar kimidi, virtuozluq nə qədər desən, səmimiyyətdən isə əsər-əlamət də yoxdur. О heç vaxt özünü başqasına qurban verməz. О ancaq musiqi barədə düşünür, hamı bilir ki, sənət eqoistlik doğurur. Öz aramızdı, hərdən onun mahnıları heyrətamiz dərəcədə gözəl olur. Heyif ki, onların heç bir mənası yoxdur.

O öz otağına gedib, dar çarpayısında uzanaraq, öz sevgisi barədə düşünməyə başladı və tezliklə yuxuya getdi.

Ay göy üzündə parlayanda, Bülbül uçub Qızılgül Kolunun yanına gəldi, onun budaqlarından birinə qonub, sinəsini tikanlardan birinə batırdı. Bütün gecəni sinəsini tikana dayayıb, oxudu, büllur kimi soyuq ay üzünü ona tutub qulaq asırdı. Bütün gecəni o oxuyur, tikan isə sinəsinə getdikcə daha dərindən yeriyərək, qanını sorurdu.

Əvvəl o, balaca oğlanın qəlbində balaca qızcığaza qarşı sevginin necə közərdiyindən oxuyurdu. O bu nəgməni oxuyanda Qızılgül Kolunun ən üst budağında bir gül tumurcuqladı. Nəğmə nəğmənin ardınca oxunduqca, qızılgülün ləçəkləri açılırdı. Əvvəl qızılgül çay üzərindəki yüngül duman kimi, dan yeri kimi bozumtul idi, sonra sübhün şəfəqləri kimi gümüşü oldu. Kolun üst budağında açan gülün rəngi gümüşü güzgüdəki qızılgül əksi, lam axan sudakı gül əksi idi.

Kol isə Bülbülün üstünə qışqırırdı ki, sinəsini tikana daha bərk batırsın.

- Sevimli Bülbül, sinəni tikanıma daha bərk sıx, tez ol, yoxsa qızılgül qızarmamış səhər açılacaq!

Bülbül sinəsini tikana daha bərk sıxıb, daha bərkdən oxumağa başladı, bu dəfə o, cavan kişinin qəlbində bir qıza qarşı alovlanan ehtirasdan oxuyurdu.

Qızılgülün ləçəkləri tədricən allanırdı, bu ləçəklər sanki sevgilisinin dodaqlarından öpən nişanlı oğlanın yanaqları idi. Amma tikan hələ Bülbülün ürəyinə sancılmadığından, gül hələ tam qızarmamışdı, onu qıpqırmızı ancaq bülbül ürəyinin qanı edə bilərdi.

Qızılgül Kolu yenə Bülbülün üstünə qışqırdı ki, tikana daha bərk dirənsin.

- Mənə daha da yaxınlaş, sevimli Bülbül, yoxsa səhər açılana qədər qızılgülü qızarda bilmərik!

Bülbül sinəsini tikana bir az da çox dayadı, nəhayət ki, tikanın iti ucu onun ürəyinə sancıldı, qəddar bir ağrı bütün bədənini bürüdü. Bədənindəki ağrılar nə qədər əzablı olurdusa, nəgməsi o qədər ucadan səslənirdi, indi o Ölümdə mükəmməllik tapan, qəbirdə belə ölməyən sevgidən oxuyurdu.

Və qızılgül şərqdən doğan günəş şəfəqləri kimi al-qırmızı oldu. Ləçəkləri, özəyi mərcan kimi qıpqırmızı qızardı.

Bülbülün səsi isə getdikcə zəifləyir, zəifləyirdi. Budur, qanadları xəstəhal şəkildə titrəyir, gözləri dumanlanır. Nəğməsi kəsilir, o hiss edir ki, boğazı qurumaq üzrədi.

Amma o, axırıncı mahnısını da oxudu. Rəngi avazımış ay onun mahnısını eşidəndə, səhərin açıldığını unudub, donub göy üzündə qaldı. Qırmızı qızılgül onu eşidib, heyrət içində titrədi və ləçəklərini səhərin yüngül mehinə açdı. Onun nəgməsinin əks-sədası dağlardakı mağaralara, orda yatan çobanlara çatıb, onları oyatdı. Nəgmə çaylarda bitən qamışlara yayıldı, qamışlar onu dənizlərə ötürdü.

- Bax! —Кol dedi. — Qızılgül qıpqırmızı oldu!

Amma Bülbül heç nə demədi. О, otların üstündə ölü uzanmışdı, sinəsində isə qanlı tikan vardı.

Günorta vaxtı Tələbə pəncərəni açıb, bağçaya baxdı.

- İlahi, xoşbəxtliyə bax! — deyə, o qışqırdı. — Budur, gözəl bir qırmızı qızılgül. Ömrümdə bu qədər gözəl qızılgül görməmişəm! Yəqin, bunun latınca nəsə hangamə bir adı var.

O, əlini pəncərədən uzadıb, qızılgülü dərdi.

Sonra şlyapasını götürüb, əlindəki qızılgüllə Professorun evinə tərəf qaçdı.

Professorun qızı evin kandarında oturub, mavi ipək sapı yumağa sarıyırdı. Balaca iti ayaqlarının altında yatmışdı.

- Söz vermişdiniz ki, sizə qırmızı qızılgül gətirsəm, mənimlə rəqs edəcəksiniz! — Tələbə həyəcanla dedi. — Budur, dünyanın ən gözəl qırmızı qızılgülü. Onu sinənizə taxın, biz rəqs etdikcə, o sizə mənim sevgimdən söz açacaq.

Amma qız qaşlarını çatdı.

- Bu gül mənim donuma yaraşmaz, — qız dedi. — Bir də ki, saray əyanlarından birinin oğlu mənə əsl daş-qaş göndərib, hamıya məlumdur ki, daş-qaş güllərdən çox bahadır.

- Siz necə də naşükürsünüz! — Tələbə acı-acı təəssüfləndi və əlindəki gülü yerə atdı.

Qızılgül yerə düşəndə, evin yanından ötən arabanın təkərləri altında qalıb, xıncım-xıncım oldu.

- Mən naşükürəm?!— qız hiddətləndi. — Siz doğrudan da, kobud adam imişsiniz! Bir də ki, siz kimsiniz axı? Vur-tut bir tələbə. Saray əyanının oğlunun çəkmələri kimi çəkmələriniz də yoxdu heç.

Və qız oturduğu yerdən qalxıb, otağına getdi.

- Bu Sevgi nə axmaq şeydi, — Tələbə evinə qayıdarkən düşünürdü. — Məntiq elmində olan xeyrin yarısı belə, onda yoxdur. О heç nəyi sübut eləmir, həmişə boş vədlər verir və həmişə heç vaxt olmayacaq şeylərə inandırır. О heyrətamiz dərəcədə lazımsızdır, bizim əsrimiz isə faydalı elmlər əsridir, odur ki, yaxşısı budur, mən Fəlsəfəyə qayıdıb, Metafizikanı öyrənim.

Və o, otağına gəlib, yekə, toz basmış bir kitabı çıxararaq, oxumağa başladı.

Tərcümə: Günel Mövlud

# 4561 dəfə oxunub

Müəllifin son yazıları

# # #