“Azərbaycan dili” dərsliklərindəki uyğunsuzluqlar və nöqsanlar

“Azərbaycan dili” dərsliklərindəki uyğunsuzluqlar və nöqsanlar
23 iyun 2023
# 12:30

Kulis.az Filologiya üzrə fəlsəfə doktoru nül Aydın Nəhmətovanın “Mətnin iki əsas növü: necə adlandırmalı" məqaləsini təqdim edir.


AZƏRBAYCAN DİLİ DƏRSLİYİ VƏ YENİ ELMİ POLEMİKA

3-cü sinif “Azərbaycan dili” (tədris dili) dərsliyində (Rafiq İsmayılov, Gülşən Orucova, Dilrüba Cəfərova, Zahid Xəlilov. “Altun kitab”, 2014) mətn bədii və elmi olmaqla iki əsas növə ayrılmışdır. Yeni nəsil 2-ci sinif “Azərbaycan dili” dərsliyində isə (Rafiq İsmayılov, Ülkər Nurullayeva, Şəhla Zahidova, İradə Bayramova, Aysel Xanalıyeva. 1-ci hissə, ”Təhsil NP”, 2021) mətnin iki əsas növü tanıdılır: bədii və informativ. Bəs əslində, doğru olan nədir?
Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova “Mətnin iki əsas növü: necə adlandırmalı” məqaləsində bu suala cavab verməyə çalışmışdır.

MƏTNİN İKİ ƏSAS NÖVÜ: NECƏ ADLANDIRMALI

Müxtəlif kateqoriyalara görə “mətn növləri” anlayışı üzrə fərqli təsnifatlar aparılır. Məsələn, yazı tiplərinə görə mətnin təsnifatı: nəqli, təsviri, informativ, mühakimə, yaxud üslubuna görə: elmi, publisistik, bədii mətnlər, rəsmi-işgüzar sənədlər, elmi-kütləvi mətnlər, ədəbi-bədii, bədii-publisitik mətnlər məlumdur. Rəsmi-işgüzar sənədlərlə yanaşı, əməli-təlimat (praqmatik-prosedural) xarakterli mətnlərdən də danışmaq olar. Məişət üslubunda da mətnlərə təsadüf etmək olur: məsələn, məişət üslubunda yazılmış nağıllar, lətifələr, felyetonlar. Həmçinin sosial şəbəkələrdə ictimai həyatın müxtəlif sahələrinə aid yayımlanan yazılı nitq nümunələri məişət üslubunda olmasına baxmayaraq, onların arasında da dəyərli mətn nümunələrinə təsadüf etmək mümkündür. Təhlilə cəlb edilərsə, janr xüsusiyyətləri də üzə çıxarıla bilər.
Mətnlərin müxtəlif xüsusiyyətlərinə görə təsnifatından başqa, onların Avropa təcrübəsində iki əsas növü müəyyənləşdirilir və müxtəlif nəzəri görüşlərə görə, fərqli təsnifatları mövcuddur. Növlərin necə adlandırılmasından asılı olmayaraq qarşıya qoyulmalı olan əsas sual budur: Hansı əlamətinə görə mətni ən böyük növlərə ayırmaq olar? Xarici mənbələrə nəzər saldıqda onların istifadə məqsədlərinə görə fərqləndirildiyini görürük:
ədəbi (literary),
informativ.


Və ya:


bədii (fiction),
sənədli (nonfiction);
yaxud başqa bir təsnifata görə:
ədəbi mətnlər,
elmi-kütləvi mətnlər və s.

Mətnləri iki əsas növə ayırmaq uyğundur: ədəbi və informativ.


Niyə məhz ədəbi və informativ?


Mətn üslubuna görə beş növə malik olsa da, onları iki əsas kateqoriyada – ədəbi və informativ olaraq qruplaşdırmaq elmi baxımdan nə qədər əsaslıdır?


Ədəbi mətn dedikdə nə anlayırıq?


Ədəbi əsərlər bədii, bədii-publisitik, elmi-ədəbi üslublarda yazılmış əsərlərdir. Bədii əsərlər üç ədəbi növə ayrılır: lirik, epik və dramatik. Ədəbi mətn dedikdə bu ədəbi növlərə daxil olan bədii əsərlərlə yanaşı bir sıra digər bədii-publisistik janrlar da nəzərdə tutulur. Məsələn, felyeton, pritça, miniatür, oçerk, bəzi esse növləri və s. kimi ədəbi mətnlər də bədii-publisitik üslubda yazılır. Hətta icitmai-siyasi və ya fəlsəfi mövzuda yazılmış publisitik mətnlərin də nəzm və ya dramatik nümunələri məlumdur ki, bunlar da ədəbi-bədii əsərlər sayılır. İlk dəfə bədii əsərləri ədəbi növ kimi Aristotel “Poetika” əsərində səciyyələndirmişdir. Müasir ədəbiyyatşünaslığa görə, Aristotelin təsnifatına dördüncü ədəbi növ – elmi, fəlsəfi, mənəvi-əxlaqi, dini görüş və ideyaları bədii formalarda əks etdirən nəsihətamiz xarakterli ədəbiyyat olan didaktik əsərlər də daxil edilmişdir. Aristotelin təsnifatında bu növün fərqləndirilməməsinin səbəbi didaktikanın ədəbi növ kimi təzahürünün daha sonrakı ədəbi mərhələyə aid olmasıdır. İlk dəfə didaktik-bədii əsərlər Vergili və Lukresinin yaradıcılığında yer almışdır.


Ədəbiyyatşünaslıqda “bədii” anlayışı üslubu, “ədəbi” kəlməsi növü bildirdiyi üçün bu anlayışları qarışdırmaq, eyniləşdirmək uyğun deyil. Mətnin əsas növlərini müəyyənləşdirərkən “bədii növ” ifadəsindən istifadə etmək elmi baxımdan yanlışdır.


Müasir elmi-nəzəri yanaşmalara görə, mətnin ikinci böyük növü informativ mətndir.


İnformativ mətn nədir?


Bu suala düzgün və konkret cavab verə bilmək üçün öncə sözün mənasını aydınlaşdırmaq lazımdır. İnformativ mətn böyük əksəriyyətin ilk yanaşmada anladığı kimi, informasiya mətni deyil. İnformativ dedikdə faktlarla zəngin, faktlara əsaslanan mətnlər nəzərdə tutulur. Elmi-kütləvi, maarifləndirici bütün mətnlər bu ad altında birləşdirilir. İnformasiya mətni isə hər hansı bir informasiyanı verən mətnlərdir. Bunlara KİV-in informasiya janrları aiddir. İnformasiya janrları da, öz növbəsində, informativ mətn növünə daxildir. Rus dilində “информативный” və “информационный” sözləri məhz bu mənalarda fərqləndirilir. İngilis mənbələrinə əsasən isə, “nonfiction” – qeyri-bədii adlandırılan, geniş çərçivədə sənədli hesab edilən mətnlər informativ mətnlərdir və “informational” – yəni informasiya mətnləri bu növün ən geniş kateqoriyasıdır.
İnformativ mətnin tərtibatı oxucuya mətnin məzmunu ilə bağlı sual verməyə və onun cavabını tapmağa imkan verir. İnformativ mətnin başlığı ilə məzmunu arasında müstəqim əlaqə olur. Mətnin köməkçi elementləri – tünd şriftlə seçilmiş yarımbaşlıqlar, fəsil adları, qrafik təsvirlər, terminlər oxucuya müvafiq informasiyaları tapmağa kömək edir.
Bir sıra informativ mənbələr (ensiklopediyalar, sorğu kitabları, lüğətlər və s.) öyrənənləri kitabdan istifadənin daha fərqli üsulları ilə tanış edir. Belə kitablar sətirbəsətir oxunmur və bununla da təhsilalanar bilirlər ki, bəzi kitablar sorğu üçün tərtib edilir.

Sxem: Mətnin növləri


İbtidai sinif səviyyəsində mətnin növləri anlayışını necə izah etmək olar?


İbtidai sinifdən başlayaraq dilin tədrisi mətnlər əsasında aparıldığı üçün şagirdlər hər iki növ mətnlə tanış olurlar. Buna görə də dərslikdə mətnlərin növünə görə fərqləndirilməsi “Oxu” məzmun xətti üzrə standartlara daxildir. 3-cü sinif “Azərbaycan dili” (tədris dili) dərsliyində ( “Altun kitab”, 2014) mətninin iki əsas növünün olduğu qeyd edilmişdir: bədii və elmi. Yeni nəsil 2-ci sinif “Azərbaycan dili” (“Təhsil-NP”, 2021) dərsliyində isə bədii və informativ mətn növlərindən bəhs edilir. Bu məlumatlarda uyğunsuzluq nədən ibarətdir?


İbtdai sinif səviyyəsində ədəbi mətn anlayışını şagirdlərə izah etmək onların yaş mərhələsinin qavrama səviyyəsinə uyğun olmadığı üçün bu terminin dərsliyə daxil edilməsi məqsədəmüvafiq deyldir. Ona görə də ibtidai sinif dərsliyində məhz “bədii və informativ mətn” anlayışlarından istifadə etmək uyğundur. Lakin göstərdiyimiz dərsliklərdə bu anlayışların növ kimi tanıdılması elmi təhrifdir. Bu isə dərsliyə verilən elmi dəqiqlik tələbinə ziddir. Dərslikdə qeyri-dəqiq anlayışlardan istifadə etmək yolverilməzdir. Bəs problemi necə həll etmək olar?


İbtidai sinif “Azərbaycan dili” dərsliyində mətnin növləri haqqında məlumatı elmi-nəzəri hökm kimi - “Mətnlərin iki əsas növü var: bədii mətnlər və elmi mətnlər” şəklində deyil, sadəcə, ibtadai sinifdə şagirdlərin bədii və informativ mətnlərlə tanış olduqları haqqında məlumat vermək olar: “Siz dərsliyinizdə bədii və informativ mətnlərlə tanış olursunuz”. Onları fərqləndirən xüsusiyyətləri qeyd etməklə şagirdlər oxuduqları mətnləri növünə görə fərqləndirəcəklər. Burada ədəbi növə daxil olan bədii əsərlər və informativ növə daxil olan elmi-kütləvi mətnlərdən söhbət gedir. Bu halda başqa bir sual ortaya çıxır: elə isə, ibtidai sinifdə mətni məhz bu şəkildə - “bədii və elmi-kütləvi mətn növləri” kimi səciyyələndirmək olmazmı?


Əgər dərslikdəki mətnlər bədii və elmi-kütləvi olaraq iki növə ayrılarsa, bu zaman prosedural-praqmatik mətnlər təsnifatdan kənarda qalacaqdır. Amma yuxarıda izah etdiyimiz kimi, informativ mətn növü məlumatlandırma funksiyasına görə həmin mətnləri də ehtiva edir.


Nəticə


Mətn müəllif məqsədinə görə iki əsas növə ayrılır: ədəbi və informativ mətnlər. Bədii mətnlər oxucuları inandırmağa, dəyərləri tanımalarına, mənəviyyatını formalaşdırmağa xidmət edir, informativ mətnlər onları məlumatlandırır, maarifləndirir, həyati bacarıqlarını formalaşdırır.


Ədəbi mətnləri oxuyub dəyərləndirmək şagirdin estetik zövqünü, mənəviyyatını inkişaf etdirməklə yanaşı, həyati bacarıqlarını da inkişaf etdirir: nitqini zənginləşdirir; məntiqi təfəkkürünü, yaradıcılıq, problem həlletmə bacarığını inkişaf etdirir.


İbtidai siniflərdə şagirdlər “bədii mətn” və “informativ mətn” anlayışları ilə tanış olurlar, tam orta təhsil səviyyəsində fənnin tədrisində artıq şagirdlər mətnin əsas növləri kimi “ədəbi və informativ mətn” anlayışı ilə tanış ola bilərlər. . İnformativ mətnlər şagirdin əsas bilikləri – gələcək ixtisas seçimində əsas baza olmaqla yanaşı, dünyagörüşüdür, tətbiq edilmiş bilikləri isə həyati bacarıqlarıdır.


Təhsil müddətində şagirdlərin ədəbi və informativ mətnləri oxuyub anlama bacarıqlarının formalaşdırılması onların kommuniktiv bacarıqlarının əsasını qoyduğu üçün Azərbaycan dili kurikulumunun qarşısında duran əsas vəzifələrdəndir.

# 1775 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #