Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM), Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Collins və mayoru John Spencerin müəllifi olduğu “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimat mərasimi keçirilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbirdə kitabın təqdimatı ilə yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hərbi-strateji xüsusiyyətləri, müasir müharibələrin xarakterinə təsiri və bu qələbənin arxasında dayanan milli güc amilləri geniş müzakirə olunub.
Kitabın müəllifləri nəşrin hazırlanma prosesi, əsas tədqiqat istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər. Onlar qeyd ediblər ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan kitab təxminən iki il ərzində hazırlanıb.
Liam Kollins Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə bağlı olmadığını, bunun 20 ildən artıq müddətdə həyata keçirilən uzunmüddətli strategiyanın nəticəsi olduğunu bildirib.
“Şübhəsiz ki, pilotsuz uçuş aparatları öz rolunu oynadı. Lakin müharibədə qələbə Qarabağın azad edilməsi məqsədinə yönəlmiş 20 ildən artıq strategiyanın həyata keçirilməsinin, eləcə də bu vəzifəni yerinə yetirməyə qadir silahlı qüvvələrin yaradılmasının, formalaşdırılmasının və tətbiqinin nəticəsi idi”, – Kollins vurğulayıb.
Con Spenser qeyd edib ki, müharibələr texnologiya ilə deyil, insan amili ilə qazanılır və 44 günlük Vətən müharibəsi də istisna olmayıb. O bildirib ki, müharibənin tədqiqi zamanı müəlliflər hərbi əməliyyatların iştirakçıları, o cümlədən diviziya komandirlərindən tutmuş ayrı-ayrı əsgərlərə qədər çoxsaylı şəxslərlə müsahibələr aparıb, döyüşlərin baş verdiyi ərazilərdə olublar.
“Biz altı dəfədən çox bölgəyə səfər etmişik. İlk səfərimi 2021-ci ildə, Şuşa döyüşünü araşdırmaq məqsədilə etmişdim. Bu, Azərbaycanın qələbəsini təmin edən həlledici döyüş idi. Sonradan kitabda bəhs etdiyimiz digər döyüş meydanlarına da beş dəfə qayıtdıq. Ərazini və həmin döyüşlər zamanı qəbul edilmiş qərarları daha yaxşı anlamaq istəyirdik”, – Spenser bildirib.
Onun sözlərinə görə, kitabın hazırlanması zamanı döyüşlərin xəritələr üzərində vizuallaşdırılmasına da xüsusi diqqət yetirilib. Müəlliflər hər bir döyüşün ayrı-ayrılıqda deyil, eyni vaxtda müxtəlif istiqamətlərdə baş verən əməliyyatların ümumi müharibənin gedişinə təsiri kontekstində araşdırılmasına çalışıblar. Spenser vurğulayıb ki, müharibələrin nəticəsini texnologiya deyil, insanların mürəkkəb şəraitdə qəbul etdiyi qərarlar müəyyən edir.
“Müharibələr texnologiya ilə qazanılmır. Əsas məsələ stress altında, çox vaxt qəbul etdiyin qərarın nəticəsinin necə olacağını bilmədən düzgün qərarlar verməkdir”, – o qeyd edib.
Ekspert əlavə edib ki, araşdırma zamanı Ermənistanın bəzi müdafiə mövqeləri kifayət qədər güclü olub və müəyyən üstünlüklərə malik olmalı idi. Buna baxmayaraq, döyüşlərin nəticəsi insan səyləri və qəbul edilmiş qərarlarla müəyyənləşib.
Təqdimat mərasimindən sonra müəlliflərin iştirakı ilə media brifinqi keçirilib.
Qeyd edək ki, nəşr Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə dair xaricdə hazırlanmış ilk genişmiqyaslı və sistemli hərbi tədqiqatlardan biridir. Araşdırmanın hərbi tədqiqatlar sahəsində ixtisaslaşmış Vest-Point Hərbi Akademiyasının mütəxəssislərinin də iştirakı ilə aparılması əsərin elmi və analitik əhəmiyyətini daha da artırır.
Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri və Birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə və sonrakı hərbi-siyasi proseslərə qədər geniş dövr əhatə olunur. Kitabda Azərbaycanın genişmiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), “Dəmir Yumruq” əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Hadrut, Əmirvarlı, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri ayrı-ayrı bölmələrdə təhlil edilir.
Kitabın diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə əlaqələndirilməsi barədə geniş yayılmış fikrin tənqidi təhlilidir. Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi – milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.
Əsərdə Azərbaycanın hərbi uğurunun əsas səbəblərindən biri kimi “müasir döyüş sistemlərinin tətbiqi” konsepsiyasına dərindən yiyələnməsi göstərilir. Bu konsepsiya mövqelərin maskalanmasını, qüvvələrin səpələnməsini, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadəni, düşmənin atəş vasitələrinin susdurulmasını və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsini əhatə edir.
Müəlliflərin gəldiyi əsas qənaət ondan ibarətdir ki, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Belə bir qələbənin əldə olunmasının arxasında milli güc, ardıcıl dövlət və hərbi quruculuq siyasəti, iqtisadi potensial, effektiv kommunikasiya strategiyası və ideoloji fəaliyyət kimi mühüm amillər dayanır.
Kitabda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin döyüşlərin strateji idarə edilməsindəki rolu, ölkə daxilində və beynəlxalq müstəvidə kommunikasiya fəaliyyətinin fəallığı, eləcə də dezinformasiyaya qarşı mübarizəsi xüsusi vurğulanır.
Kitabda qeyd olunur ki, bu qələbənin təməlində uzun illər ərzində həyata keçirilən dövlət quruculuğu siyasəti, iqtisadi inkişaf, güclü ordu quruculuğu, texnoloji modernləşmə, hərbi hazırlıq, effektiv idarəetmə və milli səfərbərlik dayanır. Başqa sözlə, döyüş meydanında əldə edilən nəticə müharibədən əvvəlki illərdə formalaşdırılmış milli potensialın və sistemli hazırlığın məntiqi nəticəsi kimi təqdim olunur.
Təqdimat zamanı konkret hərbi əməliyyatların xəritələr üzərində göstərilməsi və döyüşlərin gedişinin təhlili də diqqət mərkəzində olub. Xüsusilə Hadrut və Şuşa şəhərlərinin azad edilməsi əməliyyatlarının planlaşdırılması, relyefdən istifadə, bölmələrin hərəkət marşrutları, manevr imkanları və döyüş şəraitində qəbul edilən qərarlar müasir şəhər müharibəsi baxımından nəzərdən keçirilib.
Müəlliflərin yanaşmasına görə, Hadrut və Şuşa əməliyyatları şəhər döyüşlərinin aparılması baxımından xüsusi hərbi-taktiki əhəmiyyət daşıyır. Şəhər ərazilərində döyüşlərin aparılması zamanı mülki infrastrukturun və yaşayış məntəqələrinin qorunması, qüvvələrin düzgün istiqamətləndirilməsi, relyefdən və kiçik bölmələrin manevr imkanlarından istifadə bu əməliyyatların mühüm xüsusiyyətləri kimi qiymətləndirilir.
Kitabda qeyd edilib ki, bu baxımdan Azərbaycanın Hadrut və Şuşanı azad etmək üçün həyata keçirdiyi əməliyyatlar digər müasir müharibələrdəki şəhər döyüşləri ilə müqayisə üçün də maraqlı nümunədir. Belə ki, Qəzza zolağında İsrailin hərbi əməliyyatları, İraqda ABŞ-ın apardığı döyüşlər, Vyetnam müharibəsi və Ukraynada Rusiya ordusunun şəhərlərə hücumları zamanı genişmiqyaslı dağıntılar və infrastrukturun məhv edilməsi müşahidə olunub. Şuşa və Hadrut əməliyyatlarının fərqləndirici cəhəti isə mürəkkəb hərbi şəraitdə şəhərlərin və yaşayış məntəqələrinin genişmiqyaslı dağıntılara məruz qalmadan azad edilməsidir. Bu yanaşma şəhər müharibəsinin yalnız hərbi üstünlük əldə etmək deyil, eyni zamanda əraziyə, infrastruktura və mülki mühitə münasibətdə məsuliyyətli əməliyyat planlaşdırılması məsələsi olduğunu göstərir.
Müəlliflər Azərbaycanın hərbi uğurunun yalnız texnoloji üstünlüklə məhdudlaşmadığını, texnologiyanın düzgün hərbi doktrina, əməliyyat planlaşdırılması və qoşunların koordinasiyası ilə birləşdirilməsinin həlledici rol oynadığını diqqətə çatdırırlar.
Kitabın hazırlanması zamanı 100-ə yaxın hərbi və mülki mütəxəssislə müsahibələr aparılıb. Müəlliflər, həmçinin əsas döyüşlərin baş verdiyi ərazilərə səfər edərək yerində araşdırmalar aparıblar. Bu yanaşma əsərdə hərbi əməliyyatların yalnız rəsmi məlumatlar və nəzəri təhlillər əsasında deyil, hadisələrin iştirakçılarının təcrübəsi və ərazi xüsusiyyətləri nəzərə alınmaqla araşdırılmasına imkan verib.
Müəlliflərin əsas qənaətlərindən biri də müharibənin nəticəsinin yalnız cəbhədəki hərbi qüvvələrin nisbəti ilə müəyyən edilməməsidir. Dövlətin iqtisadi imkanları, siyasi iradəsi, institusional potensialı, informasiya siyasəti, milli birlik və uzunmüddətli strateji hədəflər də müharibənin taleyinə birbaşa təsir göstərir.
Bu mənada əsər Azərbaycanın Vətən müharibəsindəki qələbəsini müasir dövrdə milli gücün müxtəlif komponentlərinin vahid strategiya çərçivəsində səfərbər edilməsinin nümunəsi kimi təqdim edir.
Xatırladaq ki, müəlliflər kitabın nəşrindən əvvəl də 44 günlük müharibə zamanı Hadrut və Şuşa şəhərləri uğrunda döyüşlərin gedişinə dair ətraflı araşdırmalar aparmış və bu mövzuda məqalələr dərc etdirmişlər.
Kitabın müəlliflərindən polkovnik (istefada) Liam Collins Medison Siyasət Forumunun direktoru, New America təşkilatının Gələcəyin Təhlükəsizliyi Proqramının baş elmi işçisi və Yaxın Şərq İnstitutunun fəxri hərbi əməkdaşıdır. O, ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib və polkovnik rütbəsində ehtiyata buraxılıb. 2016-2018-ci illərdə Ukrayna üzrə ABŞ-nin baş müdafiə müşavirinin icraçı köməkçisi vəzifəsində çalışıb. Prinston Universitetində dövlət idarəçiliyi üzrə magistr və fəlsəfə doktoru elmi dərəcələrini alıb.
Digər müəllif mayor (istefada) John Spencer Vest-Point Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunda şəhər döyüşləri üzrə kafedra rəhbəri, həmçinin Şəhər Müharibəsi Layihəsinin həmsədridir. ABŞ Ordusunda 25 ildən artıq xidmət edib və İraqda iki dəfə döyüş əməliyyatlarında iştirak edib. Şəhər döyüşləri üzrə dünyanın aparıcı mütəxəssislərindən biri hesab olunur.