Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə

Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə
19 aprel 2021
# 13:44

Kulis.az Vüsal Bağırlının “Huşsuzluq” adlı hekayəsini təqdim edir.

“Xoşbəxt təkamül prosesi, ən sonda,quyruğumuzun itirməsiylə nəticələndi, amma, əvəzində yaddaşı əldə etdik”.

İosif Brodski, yazıçı

Bəzən çox huşsuz oluram, bəzən də dalğın. Xırım-xırda şeyləri, vecələ nüansları unutduram. Elə ki, paltarımı, ayaqqabımı geyinib, kitabımı qoltuğuma vurub evdən çıxıram, fikir məni götürür. Görəsən işığı söndürdüm, qazı, suyu, qapını bağladımmı? Narahat oluram. Tərəddüdlər, şübhələr ürəyimi gəmirir, mənə rahat olmağa imkan vermir. Sonra, özümü söyə-söyə, yarıyoldan tələsik geri qayıdıram. Evə çatanda baxıb görürəm, sən demə hər şey qaydasındaymış. Narahatlıq, cırtqozluq əbəs imiş. İşığı da söndürmüşəm, qazı, suyu da bağlamışam, üstəlik qapını da yaxşıca kilidləmişəm.

Yaddaşsızlığa, huşsuzluğa qarşı mübarizə aparmağa başladım, idmanla məğul oldum, soyuq suda çimdim, psixoloq yanına getdim, heç nə alınmadı. Qoz yedim, balıq yedim, şahmat oynadım, həkim dostumun yazdığı dərmanları bir-bir atıb qurtardım. Faydası olmadı.

Bax elə bu səbəbdən, keçən həftə başıma qəribə bir əhvalat gəldi. İndi unutduğum hansısa işin ardıyca gedirdim. Şəhərin izdihamlı, nəqliyyatın intensiv hərəkəti olan mərkəzi küçəsində maşınların dayanmasını gözləyirdim.

Maşınlar fasiləsiz siqnal verir, bir-birinin yolunu kəsərək irəliyə can atır, mənasız basabas, zəhlətökən səs-küy, bezdirici tünlük yaradırdılar. Avtomobil axınının buraxdığı his, toz-torpaq, bir tərəfdən də günəşin hərarəti, isti, bürkü, hücum çəkib nəfəsimi kəsirdi. Bərk tərləmişdim. Dilim, dodağım qurumuşdu. Su içmək istəyirdim. Darıxırdım, səbirsizlənirdim. Tərslikdən işıqfor sanki, yalnız avtomobillərin hərəkəti üçün qoyulmuşdu. İş-güc dalınca yollanan insanlar, şəhər sakinləri ora-bura tələssələr də, qırmızı işıq üzə dirənib, heç cür yanmaq bilmirdi.

Bir xeyli gözlədikdən sonra, nəhayət, bu baş verdikdə, işıqforun qırmızı işığı parladıqda, biz, yolu adlamaq üçün səkinin kənarına toplaşmış, içi mən qarışıq bir dəstə adam işgüzar, sürətli addımlarla irəliyə doğru addımlamağa başladıq. Elə yolun digər tərəfinə təzəcə adlamışdım ki, arxadan kiminsə çağırdığını eşitdim. Çevrilib baxdım. Yanında məktəbli uşaq olan orta yaşlı qadın idi. Narahat baxışlarını üzümə zilləyib baxır, əllərini, qollarını yelləyirdi. Əvvəlcə çaşdım və əl-qol işarələrinin dəqiq mənə aid olduğunu yəqinləşdirmək istədim. Sağa-sola baxdım, ətrafıma boylandım.

Yox, nişangahdakı insan dəqiq mən idim. Qadın yanındakı uşağı dartıb sürüyə-sürüyə düz üzərimə yeriyirdi. O, qənşərimə çatar-çatmaz əlində tutduğu qırmızı rəngli cəlbedici bir şeyi mənə tərəf uzatdı.

- Qardaş bu indicə sizin cibinizdən düşdü, xahiş edirəm götürün.

Mən duruxdum. Bir-iki addım geri çəkilib qadının əlindəki şeyə baxdım. Əvvəlcə imtina etmək istədim. Cazibədar, sığal daraqlı, ənlik kirşanlı, kənarları ülgüc kimi iti, kağızı şam şax, qoxusundan dəzgahdan bəlkə də bu gün kəsilib çıxdığı bilinən dip-diri yüzlüyü gördükdə tərəddüd etməyə başladım.

Yüzlük o qədər diri idi ki, düzbucaq formalı kağız pul əldə balıq kimi çırpınır, gülümsəyərək dil açıb danışırdı: "Sən canı, sən ölənlərinin goru, məni götür".

Birdən, ürək tərəfi əlim (neyləyim solaxayam?) qeyri-ixtiyari irəli uzandı və sehrli əsginası havadaca qapdı.

- Minnətdaram, çox sağ olun.

Pulu götürər-götürməz tez cibimə dürtdüm, tapıntıya təəccübümü büruzə verməmək naminə geri fIrlandım, azacıq dabana tüpür ədası, asta gedən namərddir üslubu ilə hadisə yerindən cəld uzaqlaşdım.

Artıq pulu xərcləyib qurtardığımın üçüncü günüdür və o gündən bəri məni bir sual bərk narahat edir, ciddi şəkildə düşündürür və vicdanımı yüngülcə qıdıqlayır. "Həmin gün səhər evdən çıxanda görəsən cibimə yüzlük qoymuşdum, ya yox?".

Həqiqətən, huşsuzluq pis şeydir.

# 2326 dəfə oxunub

Müəllifin son yazıları

# # #