Qadınlar bayramı faciədən doğuldu – 8 Mart haqqında 8 fakt

Qadınlar bayramı faciədən doğuldu – 8 Mart haqqında 8 fakt
8 mart 2021
# 12:30

Kulis.az 8 Mart haqqında səkkiz faktı təqdim edir.

Hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd ediblər. Həmin gün böyük ailə anaları həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar, bayram günü bütün işlərdən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın məbədinə gəlirdilər.

1857-ci il martın 8-i ABŞ-ın Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. Ancaq işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılır.

***

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın "Dünya Qadınlar Günü" olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.

***

Amma qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir. 1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxırlar. 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir. Bu hadisə 8 mart tarixinə təsadüf edir.

Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 Mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşir.

***

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü. Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.

Fransada 8 mart qadınlar günü bir o qədər də dəbdəbəli şəkildə qeyd olunmur. Fransızların xanımlarla bağlı əsas bayramı martın 7-də keçirilir və “Nənələr bayramı” adlandırılır.

***

İsveçdə qadınlar bayramı günündə xanımlara bəxş olunan əsas hədiyyə gül və yaylıqdır. Məhz 8 mart günündə bu hədiyyələrdən əldə olunan gəlir ölkədəki çoxuşaqlı anaların hesabına köçürülür. Yunanıstanda isə bayram günündə müvəqqəti səlahiyyətə sahib olan xanımlar öz sevgililərini və həyat yoldaşlarını su şırnağına tuturlar.

# 2744 dəfə oxunub

Müəllifin son yazıları

# # #