Moskva Millətlər Evində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Məhəmməd Əmin Rəsulzadə Məclisi və “Bakılılar” mədəni-maarifləndirici klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə rusiyalı və azərbaycanlı elm adamları, ədəbiyyatşünaslar, Rusiyadakı Azərbaycan səfirliyinin və diasporunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Bakılılar” klubunun rəhbəri Cəmil Sadıxbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri, Şərq və dünya intibah dövrünün görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin 880 illik yubileyinin Rusiya paytaxtında, xüsusi ilə də Moskva Millətlər Evində qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, dahi şairin yaradıcılığına bütün dünyada olduğu kimi, Rusiyada da önəm verildiyini bildirib: “Rusiya prezidenti Vladimir Putin 2002-ci ildə Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin açılışı zamanı dahi Azərbaycan şairi haqqında çıxış edib. O, Nizami Gəncəvinin hər zaman xalqları yaxınlaşdıran sözləri seçdiyini vurğulayıb: “Dünya ehtiyaclar və zülm üçün yaranmayıb, dünya xoşbəxtlik və azadlıq üçün yaranıb” fikri də məhz Nizamiyə məxsusdur”.
Tədbirdə çıxış edən Məhəmməd Əmin Rəsulzadə Məclisinin sədri Füzuli Fərəcov Nizami Gəncəvi yaradıcılığının bütün azərbaycanlılar üçün mənəvi qida olduğunu bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub. Biz də Rusiyada fəaliyyət göstərən diaspor təşkilatı olaraq dahi Azərbaycan şairinin həyat və yaradıcılığına, onun dünya ədəbiyyatına verdiyi töhfələrə həsr olunan tədbirlərə start vermişik”.
Rusiyanın Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, nizamişünas alim Abuzər Bağırov isə çıxışında Nizami Gəncəvinin qəzəllərindən, aforizmlərindən, “Xəmsə”yə daxil olan əsərlərdən parçalardan ibarət rus dilində kitab nəşr olunması təklifi ilə çıxış edib: “Onun əsərlərində həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimizə işarələr var. Yaxşı olardı ki, “Nizami ili”ndə bu kitab rus dilində nəşr olunsun və rusiyalı oxuculara çatdırılsın”.
Nizamişünas alim dahi şairimizin milli mənsubiyyəti ilə bağlı elm aləmində uzun illərdir gedən polemikalardan da danışıb: “Nizaminin milli mənsubiyyəti ilə bağlı təşvişə düşmək lazım deyil. Onun kimi böyük şəxsiyyətləri hər zaman hamı milliləşdirməyə, özününküləşdirməyə çalışır ki, Nizaminin kimliyindən mənfəət götürsün. Bu, təbii haldır. Birmənalı olaraq Nizami Gəncəvi Azərbaycan şairidir. Bunu hətta fars elm adamları da təsdiqləyiblər. Tehran Universitetinin professoru Səid Nəfisi ötən əsrin 50-ci illərində Bakıya gələndə bu mübahisəyə ehtiyac olmadığını, Nizaminin bütün əsərlərindən türklük qoxusu gəldiyini xüsusi vurğulayıb. Böyük Bertelsin də dediyi ki, fars dilində yazmaq, heç də fars şairi olmaq demək deyil. ”.
Daha sonra tədbirə Bakıdan Azərbaycanın Əlyazmalar İnstitutunun direktoru, tanınmış ədəbiyyatşünas alim Teymur Kərimli, İstanbuldan İstanbul Texniki Universitetinin kafedra müdiri Çingiz Hacıyev video əlaqə vasitəsi ilə qatılıblar.
Tədbirdə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, pedaqoji elmlər doktoru Nizami Əliyevin məruzəsi dinlənilib. Çıxış edən digər natiqlər Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışaraq, onun əsərlərində qoyulan bəşəri problemlərin bu gün də aktuallığını qoruduğunu xüsusi vurğulayıblar.