Gözünüz arxada qalmasın, cənab general! – Günel Mehri yazır

Gözünüz arxada qalmasın, cənab general! – Günel Mehri yazır
21 iyul 2020
# 11:15

Kulis.az Günel Mehrinin “Mənim qəhrəmanım!” essesini təqdim edir.

Oturub saf-çürük edəndə mat qalır adam. Bir günün içində böyük bir elin gündəmi necə dəyişərmiş, Pərvərdigara! Elə bilirdik, bu mərdimazar virus əsl yaramızın üstünə qalın bir pərdə çəkib. Amma bircə həmləylə yenə də həqiqi ağanın kim olduğu sübut olundu. Bu uzun karantin günlərində içimizə elə bir vəlvələ, elimizə elə bir zəlzələ düşdü ki, dərindən dərin dərdimizə qayıtdıq. Bircə anın içində aylardan bəri beynimizi zəbt eləmiş xəbər lentinin başına daş düşdü elə bil. Bütün fikirlər sərçə dəstəsi tək pərən-pərən oldu.

Pandemiya, covid-19, koronavirus, karantin - hamısı, hamısı buxarlanıb uçub getdi. Başa düşdük ki, cəng meydanı olan məmləkətdə ən öldürücü virusların da tacı saxtaymış. Başa düşdük ki, savaş zamanı əsl taxt-tacın sahibi yalnız o imiş - əlahəzrət müharibə! Amma aşağıda yazdıqlarım nə pandemiyadandır, nə də müharibədən. Sizə kimdən deyim, kimdən danışım, adı gözəl, sözü gözəl, çöhrəsi nur, əməli nur bir qəhrəmandan. Yox, nə təltiflərini sadalayacam, nə həyatının xronoloji ardıcıllığını nəql edəcəm. Çün qəhrəman olmaq üçün təltiflər, medallar gərəkməz. Hər əlinə silah alan da qəhrəman olmaz zatən. Qəhrəman elə doğuşdan qəhrəmandır.

Bəlkə özü də xəbərsizdir missiyasından... Amma hər gün addım-addım, səssiz-səssiz ali missiyasına doğru irəliləyər, kənar bir işi olmaz. Bəzən əməlləri, bəzən də nur çöhrəsi ilə təəccübləndirər ətrafdakıları, ən doğmaları duruxarlar bir anlıq. Amma həyatlarının qəfil gəlmiş o möhtəşəm sonuyla bütün tapmacalar çözülər, xatirələr durna dəstəsi kimi yaddaşın arxivində sıralanıb diksindirər. Ki, ey dadi-bidad, axı o vaxt bunu eləmişdi, axı o zamanlar belə demişdi. Axrı bu axılar bir nöqtəyə dirənib vurar yumruq tək... Və biixtiyar bütün dodaqlar bir-birindən xəbərsiz eyni kəlimələrdə qovuşar: “O, qəhrəman idi! Mənim qəhrəmanım! Sənin qəhrəmanın! Bizim qəhrəmanımız!” Bu pıçıltılar əl-ələ verib elin dilinə düşər. Beləcə, yaşamı boyunca böyük miqyasda tanınmayan birisi bir ailənin, bir mahalın olmaqdan çıxıb, bütöv bir elin qəhrəmanına çevrilər. Elin olan da əbədidir, tərifi dodaqlarda, yeri qəlblərdədir.

Yəqin siz də şəhid fotolarına diqqətlə baxmısız. Vəzifəsindən, yaşından, rütbəsində asılı olamayaraq bütün fotolardakıların ortaq nöqtəsi var: çöhrələrində gizlənmiş bir əlçim işıq. Sən demə, şəhid nuru gizli şifrə kimi şəhidlikdən öncə qonaq gəlirmiş çöhrəyə. Sən demə, şəhidlik nişanəsi hələ sağ ikən peyda olurmuş... Düzü, hər səfər nur üzlü birini görəndə diksinirəm artıq. Amandır, olmaya budamı şəhidliyə namizəddir? Bəlkə də yazdıqlarımı qadın sentimentallığına, romantizmə bağlayanlar olacaq. Amma elə mövzular var ki, qələm deyil, faktlar danışar. Barmaqlar deyil, qəlb diqtə edər. Ona görə ərinməyin, elə indicə axtarış verib yazın: general-mayor Polad Həşimov. Xəbər lentində olan-qalan bir cüt, iki tək fotosuna növbəti dəfə baxın. Əminəm, o dediyim nuru siz də görəcəksiniz. Hətta bilirəm ki, bu neçə gündə çoxunuz sezmisiz dediklərimi...

Göz yaşlarımın pərdəsi arxasından general Həşimovun və silahdaşlarının dəfn görüntülərinə baxıram. Hamı kimi mənim də ürəyim parçalanır, amma elə o andaca çözürəm şəhidlik məqamının sirrini. Başa düşürəm ki, elin olmağı bacaran qəhrəmanlar bir dəfə doğulmur. Yüz kərə, min kərə, bəlkə hər gün doğulur sevənlərinin diliylə, səsiylə, rəğbətiylə. Və bir də baxıram ki, göz yaşlarım artıq kədərdən deyil, sevincdən sıralanır. Gözümün ekranında bu yaslı görüntülərin kadr arxası açıldıqca açılır.

Görürəm ki, eynən o uzaq 20 yanvar günlərindəki kimi insanlar birdir, əl-ələ ola bilməsələr də, göz-gözə, çiyin-çiyinədir. Ağızları maskaya həbs edilsə də, gözlər danışır. Və bu gözlərdən oxunan tək kədər deyil, həm də əzmdir, qürurdur, şərəfdir. Demək, illərdir millətin gen-kodunda yatmış vulkan oyanıb. Oyanıb və yağı düşmənin üstünə odlar yurdunun adına layiq od püskürməyə hazırlaşır. Demək, onların şəhadəti bir siqnal imiş. Şüurumuzun, hisslərimizin, “yatmış vulkan”ın silkələnib oyanmasına yönələn siqnal...

Mütəxəssislər təsdiqləyər. Polad elə bir metal növüdür ki, lazım olduqda yüksək möhkəmlik, yeri gələndə isə yumşaqlıq numayiş etdirir. Hətta bərk poladlar daha kövrək olurlar. Deyirlər ki, ordumuzun Poladı da belə imiş. Polad tək sərt, möhkəm, amma qəlbi yuxa kimi kövrək, yumşaq... Poladın xassələrini incələdikcə öz-özümə pıçıldayıram: “Bir ad insana nə qədər yaraşarmış...”

Sonra tanımadığım, üzünü belə görmədiyim qəhrəmanımın portretini cizgiləmək üçün haqqında deyilən adda-budda faktları beynimdə götür-qoy edirəm. Görünən o ki, hələ sağlığında əfsanələşmişdi Polad general: əsgərlərlə mehriban davranışı, sadəliyi, yardımsevərliyi, mərdliyi, sonsuz Vətən sevgisi və sadalamadığım neçə-neçə keyfiyyətiylə əfsanələşmiş, nümunə olmuşdu.

90-ların çətin dönəmlərində əsgərlərin yaşayış yerini cibinin puluyla təmir etdirən, hər durumda rüşvətdən qaçan, hətta ehtiyacı olan əsgərinin cibinə pul qoyan, dövlətin verdiyi evi şəhid ailəsinə bağışlayan, xidməti maşınını buraxıb şəhərdə metroyla dolaşan, kabinetdə oturmayıb, səngərdə əsgəriylə çiyin-çiyinə vuruşan, Aprel döyüşlərində hərbi savadı və bilikləriylə misilsiz şücaətlər göstərən... Bax belə biriydi general Həşimov!

İndi söylənənlər nağıl kimi görünür adama. Amma həqiqət bu ki, belə bir adam var idi, bizim dünyamızda, bizim zəmanəmizdə, bizim aramızda. Var idi və arxasında atalarıyla qürurlanan iki polad təki övlad, oğlunun qanını almaq üçün cəbhəyə yollanmaq istəyən bir ana, gecələr əl-ayaq yığışanda portretiylə dərdləşən qara paltarlı bir gəlin qoyub getmişdi... Getmişdi deyirəm, amma əslində polad kimi əriyib, hər zərrəsi qoyduğu cığırla addımlayacaq bir yox, on yox, yüzlərlə əsgərə, çavuşa, gizirə, zabitə dönmüşdü Polad generalın...

Uşaq vaxtı tanımışdım müharibənin sərt simasını. Uzaq 90-larda. Onda hələ Qarabağa gedən yollarda tikanlı məftillər yoxuydu. Onda hələ nənəmgilin Füzulidə cüt-cüt evləri vardı. Və orada keçirdiyim yay gecələrindən birində əlahəzrət müharibə sübhədək top-tüfəng səsləriylə salamlamışdı məni. Titrəmişdim, küləyin oynadığı yarpaq misalı titrəmişdim qorxudan. İndi böyümüşəm. Titrəmirəm daha. Amma o zamanlardan müharibəni qorxulu nağıllardakı üçbaşlı əjdahaya bənzədirəm. Heç cür gözü doymayan, od püskürən əjdahaya... Daim qurban tələb edən əjdahaya... Özü də bu qansız əjdaha ən gənc, ən yaraşıqlı, ən güclüləri qurban seçir.

Amma çox vacib bir məqamı unudur axı. Unudur ki, o seçdiyi qurbanları öldürmür, şəhidlik zirvəsinə çatdırmaqla mükafatlandırır. Çün burada yarımçıq qalmış ömürlər əbədi ölməzlik qazanır. Dastanlaşıb ağızlarda, sonra cild-cild kitablarda, filmlərdə yaşayır, nəsildən-nəslə adlayır. Oxuduğum kitablarda da ayrı-ayrı müəlliflərin müharibəyə verdiyi tərifləri çox görmüşəm. Razılaşdıqlarım da olub, razılaşmadıqlarım da. Amma birini heç unutmuram. Küpə kimi asmışam qulaqlarımdan.

Dünyaca məşhur yazıçı Selincer müharibədən qayıdır və baxır ki, o cəbhədə düşmənlə göz-gözə gələrkən arxada insanlar asudə yaşayırmış, öz itini küçədə gəzdirəcək qədər rahat və asudə. Və bu mənzərəni görən yazar təəccüblənir. Gör mən nə üçün, kim üçün sərf eləmişəm illərimi, gəncliyimi, səhhətimi? Mesajı tutdunuz. Selincer haqlıydı gəldiyi qənaətdə. Çünki bir savaş ölkəsində insanlar eyni dildə danışmalı, yumruq misalı eyni nöqtəyə vurmalıdır. Ki, ön cəbhədə olanlar kürəklərində həmin dayağı, mənəvi gücü hiss etsinlər. Qoyub getdikləri analarına, bacılarına, övladlarına görə gözləri yolda qalmasın. Kim deyir ki, bir əsgəri, lap elə böyük bir ordunu nizamlamaq, qələbəyə aparmaq üçün təkcə silah-sursat yetərlidir?..

Yazımın sonudur. Üzümü aylı-ulduzlu səmaya tutmuşam. O par-par yanan, əl uzatsam, çatar kimi yaxın olan ulduza baxa-baxa bütün cəsarətimi toplayıb sizə xitab edirəm, cənab general! Söyləyəcəklərim var. Biz tanış deyilik. Kaş biləsiz, günlərdir, bu həqiqət nə qədər göynədir məni. Əlinizi sıxmamağıma, bircə dəfə də olsun, gözlərinizə baxmamağıma, səsinizi eşitməməyimə bir bilsəz, nə qədər təəssüflənirəm. Şəhidlik məqamı bu imiş demək...

Tanımadan-etmədən bu qədər yanmaq, yad ikən bu qədər doğma saymaq, haqqında deyilənləri dinlədikcə “kaş ki, kaş ki” pıçıldamaq... O dünyadan bu dünyaya körpü var, deyirlər. Və buna içdən-içə inanan mən Şəmistan müəllimin o məşhur nəğməsindəki kimi bu dünyadan haqq dünyaya səslənirəm, sizə səslənirəm: Hay verin mənə, cənab general, hay verin mənə! Bu çox sevdiyiniz xalq var a. Ürəyindən öpülməli. Bu günlərdə düşmənə yönəlmiş kini, nifrəti, qəzəbi böyüyüb bütövləşən, hər vuruşuyla Qarabağ deyən ürəyindən. O sıralarında qürurla dayandığınız ordu var a. Qarşısında şapka çıxarmalı. O gündən bu günə polad tək zərbələr endirir düşmənə... Hə, bəlkə də haqqım çatmır, amma özümü saxlaya bilməyib əlavə edirəm: “ Gözünüz arxada qalmasın, cənab general!”

Epiloq

Gecədir. Aylı-ulduzlu sakit bir gecə. Bu gecənin sakitliyini heç nə poza bilmir. Heç top-tüfəng səsləri də. Mən burda hərflərlə güləşərkən uzaq-uzaq səngərdə üzünü belə görmədiyim, adını belə eşitmədiyim bir əsgər başını silahına dayayıb gözünü qırpmadan bu siyah gecənin keşiyini çəkir. Ki, mən öz evimdə arın-arxayın yazıma davam edim. Ki, oğlum yerində mışıl-mışıl yatsın. Qızım rahatlıqla kitab oxusun. Valideynlərim mürəbbəylə samovar çayı içsin. Və mən burdan tanımadığım o əsgərə, hə, hə, məhz o əsgərə əl sallayıb deyirəm: “Varlığına şükür! Tanrım səni hifz etsin, mənim qəhrəmanım! Sən haqq yolundasan! Qarabağ bizimdir!..”

Və sözlər dilimdən uçar-uçmaz gecənin səssizliyi bir anda pozulur. Uzaqdan dalğa-dalğa gələn uğultu çağrılmamış qonaq kimi içimə dolur. Təəccüblə qulaqlarımı şəkləyib havanı dinləyirəm. Səslər get-gedə aydınlaşır: “Qarabağ bizimdir! Bizim olacaq!” İlahi, bu nədir, yoxsa qaramı basır məni? Yoxsa, səhərdən beynimdə dolaşan fikirlərin ək-sədasını eşidirəm? Amma yox! Qarabasma da deyil, təsadüf də. Əksinə, gerçəkdən də gerçək tarixi həqiqətdir yaşadıqlarım. Azərbaycanın haqq səsi, yeni doğulan himnidir. İllərdir, mənim, sənin, milyonların içində sıxdığı fikirlərdir. Heyranlıqla ayağa qalxıram. Yumruğumu düyünləyib mən də qoşuluram: “Qarabağ bizimdir! Bizim olacaq!”

# 3799 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #