Döyüşlər gedən vaxt Xankəndinin küçələrində gəzən Şahid

Döyüşlər gedən vaxt Xankəndinin küçələrində gəzən Şahid
29 avqust 2020
# 12:21

Kulis.az Mahir Rəsuloğlunun “Kəndimizin Şahidi” hekayəsini təqdim edir.

Gözlərində laqeydlik gizlənib, baxışları küt və biganədir. Dəmir arabasının içinə azacıq zibil yığıb, qalan yükü qayğılarıdır... Daha dəqiqi qayğısızlığı... Gəzir özü üçün bütün günü həmin ağır yük altında cırıldayan arabasıyla. Boyu da, qolları da uzundur. Güclüdür. Ondan qorxan, üzbəüz gəlməməyə çalışan az deyil. Ancaq zərərsizdir, kimisə incitdiyini eşitməmişəm. Yaxınlaşır, ədəblə salam verir. Əl tutub görüşsən ovcunun daş kimi bərk olduğunu hiss edərsən. Adətən siqaret istəyir:

- Qohum, nətəsən? Siqaretin var?

İsrar etməz. Pul da versən götürəcək, bir parça yavan çörək də. Yaşamaq üçün siqaretdən və çörəkdən başqa təmənnası da yoxdur. Heç nə verməsən də sakitcə arabasını cırıldada-cırıldada uzaqlaşacaq. Fərqi yoxdur hara, onun bütün dünyanı bir kəndin küçələrinə sığdırdığı vaxtdan min il keçib.

- Mən səni tanıyıram ey, biz qohumuq!

Axı biz həqiqətən də qohumuq, ancaq sən necə tanıyırsan, necə xatırlayırsan məni, ay Şahid? Axı ovaxtkı məni mən özüm güclə xatırlayıram.

Dünyanın düz, bizim qayğısız vaxtlarımız idi. Hər səhər quşlarla birgə oyanıb həvəslə məktəbə hazırlaşırdıq. Qonşu kənddəydi orta məktəb, bizdən heç olmasa, dörd kilometr aralı. İki bir, üç bir birgə oyandığımız quşlar kimi civildəşə-civildəşə düzülürdük yola. Yazın-payızın yağışlı havalarında torpaq kənd yollarının palçığında ayaqlarımızı güclə sürüyərək, qışın sərt soyuğunda hərdən az qala toqqa yerimizə çatan qarı yara-yara evləri ən yaxında olan yoldaşlarımızdan tez çatardıq məktəbə. Odun peçinin istisi sinif otaqlarının canını qızdırmamış yetişirdik çox vaxt. İnsaflıydı müəllimlərimiz, peçin yanında oturdurdular bizi, şalvarımızın yağışdan islanmış, bəzən hətta şaxtadan donmuş balağını qurutmaq üçün. Bir dərs, iki dərs... Və necə oxumağından asılı olmayaraq hamının səbirsizliklə gözlədiyi böyük tənəffüs başlayırdı. Məktəbimizin içində dadını heç vaxt unutmadığımız təamlarla dolu bufeti vardı, ancaq o böyük tənəffüsü həm də Şahidin satmağa gətirdiyi peraşkilərə görə səbirsizliklə gözləyirdik – qardaşı arvadının evdə bişirdiyi, isti-isti, içi “meyvə pavildalı” və düyülü peraşkilərə görə. Sonralar daha heç vaxt heç bir yerdə yeyə bilmədiyimiz peraşkilərə görə.

...Kəndin əksər evlərinin damında “möhürü” vardı Bəhmən kişinin. Qulağı ağır eşidirdi. Buna görə “Dəmirçi”dən başqa bir ayaması da vardı: “Kar Bəhmən”. Qoçaq adamıydı Bəhmən kişi, “dəmirdən çıxartdığı” çörəyilə yeddi oğul böyütmüşdü. Şahid Bəhmənin yeddi oğlunun üçüncüsüydü. Məktəbdə yaxşı oxumasa da, yaxşı dama oynayırmış Şahid. Elə damaya olan həvəsi əsl mənada başına bəla gətirmiş, taleyini dəyişmişdi.

Sovet ordusunda əsgərliyini çəkmək üçün Xankəndindən bir neçə yoldaşla qatara mindirib yola salmışdılar o vaxt. Plaskart vaqonda hamı yatmaq üçün yer hayına düşəndə Şahid də necə olursa bir nəfərlə dama oynamağa başlayır. Bir də onda duyuq düşür ki, yerlərin hamısı tutulub, məcbur qalıb giriş qapısının üstündəki yük yerində yatmalı olur. Yatır, amma gecənin bir aləmi qatar möhkəm silkələnir, ordan üzü üstə yerə yıxılır və başı zərblə aşağıdakı yatağın dəmir tininə dəyir. Elə o cür də əsgər aparırlar. İki ildən sonra ildə bir neçə dəfə, əsas da fəsil dəyişən vaxtlarda tutan xəstəliklə geri qayıtmışdı. Deyirdilər, əsgərliyi də çətin keçib, xəstəliyi tutanda dəfələrlə başqa millətdən olan yoldaşları tərəfindən döyülüb. Beləcə, xəstəliyi ömür-gün yoldaşı oldu Şahidin, zamanla adının qabağına dörd hərfli ayama da qoşuldu. Bir də o dəqiq məlum oldu ki, Şahid bu dünyadan subay gedəcək... Taleyinə tək qalmaq yazılıbmış Şahidin.

Elan olunmamış müharibə çox tez çatdı kəndimizə - həm Xankəndinə, həm də erməni kəndlərinə yaxın olduğumuz üçün nə baş verdiyini anlamamış bir də baxdıq ki, üç tərəfdən mühasirədə, odun-alovun ortasındayıq . Əvvəl-əvvəl inanmırdı heç kəs. Yəqin sakitləşərlər, yəqin Bakı, hətta Moskva məsələyə əl qoyar, sahmana salar hər şeyi, ölkə yiyəsiz deyil ki! Bir də axı biz yaxşılıqdan başqa neynəmişik ermənilərə. Kənddə az qala hər evin “kirvə”lik etdiyi bir erməni ailəsi vardı. Gedəndə qulluğumuzda duran, gələndə qonaqladığımız, yönlü tikəmizi yedirtdiyimiz, mehriban dolandığımız insanlar indi birdən-birə niyə bizə düşmən kəsilsin? Yox, nəsə səhvlik var bu işdə və yəqin tezliklə aradan qalxar.

Hər şey qəfil dəyişdi. Qonşuluğumuzdakı azərbaycanlılar yaşayan kəndlər növbəylə işğal olunur, evlər yandırılır, qaça bilən qaçır, qaça bilməyən qoca, cavan öldürülürdü.

Bir vaxtlar siniflərindəki odun peçinin istisində ayaqlarımızı qurutduğumuz, səbirsizliklə böyük tənəffüsün zəngini, Şahidi, onun peraşkilərini gözlədiyimiz məktəbdə artıq dərs keçilmirdi – qərargaha çevrilmişdi yeganə ikimərtəbəli, yaraşıqlı binamız. Kəndin başbilənləri, cavanları, ara-sıra başqa rayonlardan köməyə gələnlər burda yığışırdılar. Artıq kəndin bir neçə yerində müdafiə postları qurulmuşdu. Hamı növbəylə posta gedir, gecə-gündüz keşik çəkirdi.

...Günəş artıq ətrafı işıqlandırmaq işinin yarısını görmüşdü Şahid yola düşəndə. Deyirlər, kənddən çıxana kimi yolun qırağındakı evləri bir-bir səsləyib özünə yoldaş axtarırmış: “Posta gedirəm, gəl gedək”. Nə qədər eləyiblər, “Gecdir, uşaqlar ordadır, sənlik bir iş yoxdur” deyə geri qaytarmaq istəyiblər, ancaq qaytara bilməyiblər. Təkbaşına Xankəndi istiqamətindəki müdafiə postuna yollanmışdı.

Səhəri gün postlarda növbə dəyişəndə məlum oldu ki, Şahid yoxa çıxıb. Gecəyə düşüb qurda-quşamı rast gəlmişdi, dərədən, daşdanmı yıxılmışdı? Çox axtardılar, bir izi, bir sorağı tapılmadı Şahidin. Yeganə ehtimal bu oldu ki, azıb. Və bu ən qorxulu ehtimal idi; Xankəndi istiqamətində azıb gedən ermənilərə girov düşəcəkdi.

Günlər keçdikcə müharibə Şahidin yoxluğunu unutdurdu.

Dörd-beş ay keçmişdi Şahidin yoxa çıxmağından. Vəziyyət daha da pisləşmiş, qulağımız atəş səslərinə alışmış, döyüşlər gündəlik məşğuliyyətə çevrilmişdi.

Bu qədər qara-qarğaşanın içində gözlənilmədən Şahiddən xəbər gəldi. Hava telefonuyla danışanda ermənilər demişdilər. Sağıydı, Xankəndində girov saxlayırdılar. Müharibənin bir də yazılmamış qanunları var – bədəl ödəmək! Şahidi geri almaq üçün ən azından onun dəyərində nəsə vermək lazım idi, bu dəfə məşhur deyimin tərsi olmalıydı - can verib, can almaq. Diri erməni ələ keçirilməliydi. Təfərrüatını bilməsəm də, bir müddət sonra kəndimizə yaxın, Xankəndinə bitişik Kərkicahan istiqamətində Şahidlə dəyişmək üçün erməni yaxaladılar bizimkilər. Uzun-uzadı danışıqlara ehtiyac qalmadı, həmin ermənini verib Şahidi geri aldılar.

...Sən demə, azıb-eləməyibmiş, ana yolla birbaşa gedib çıxıb Xankəndinə. Ermənilərin arasında xeyli gəzib-dolaşıb şəhərin küçələrini. Heç biri şübhələnməyib, ta ki yaxınlaşıb Azərbaycan dilində “Qohum, nətərsən? Siqaretin var?”, deyə soruşana qədər.

Soyuq, qaranlıq zirzəmidə saxlamışdılar bu neçə ayı. Olmazın müsibətlər açmışdılar başına. Qırıq-qırıq, rabitəsiz danışırdı yaşadıqlarından. Ovcuna basdıqları közün, söndürdükləri odlu siqaretlərin verdiyi acıları anlatmağına ehtiyac yox idi, əllərinin içi yanıb bərkimiş, barmaqları içəriyə doğru yığışmışdı. Bir, hərdən iki erməniylə güləşdirirmişlər. Uzunboylu, enlikürək, güclü Şahidi yıxmaq üçün əlavə olaraq döymək də lazım gəlirmiş. Bir neçə dəfə Xankəndinin başının üstünə gətirib kəndimizə gələn yolları, bizim postların harada olduğunu aralıdan göstərməsini tələb ediblər, göstərmədiyi, göstərə bilmədiyi üçün hər səfərində döyülüb.

Taleyinə döyülmək yazılıbmış Şahidin...

...Arabası boş olmur, dibində bir az zibil var həmişə. Üstünə də çəkə bildiyi qədər qayğılarını, daha doğrusu qayğısızlığını doldurub, cırıldada-cırıldada boş küçələrdə küt, biganə baxışlarının apardığı yerə doğru gedir bütün günü.

Təsadüfən rastlaşsanız yaxınlaşıb ədəblə salam verəcək və siqaret istəyəcək:

- Qohum, nətərsən? Siqaretin olmaz?

# 2983 dəfə oxunub

Müəllifin son yazıları

# # #