"Uzaqlar yordu məni" - Xuraman Hüseynzadə yazır

"Uzaqlar yordu məni" -  Xuraman Hüseynzadə yazır
28 avqust 2021
# 12:26

Nazim Əhmədlinin şeirləri haqqında

Torpaqlarımızın işğalı otuz ilə yaxın vətən dərdi, yurd həsrəti çəkmiş şairlərimizin yaradıcılığına təsirsiz ötüşmədi. Doğulduğu Laçın rayonu erməni qəsbkarları tərəfindən işğal olunmuş Nazim Əhmədli də o ağrını misralarla çəkən şairlərdəndir. Vətən ağrısı, el-oba dərdi, yurd-yuva nisgili onun da poetik dünyasına sirayət etdi, o da bu həsrəti şeirlərlə yaşamalı oldu.

N. Əhmədli “Vətən” şeirində yurd nisgilini, vətən həsrətini poetik ovqatla ifadə edir:

buludlar yaman qaralıb,

buludlar yaxına gəlir;

köyümüz adam şəklində

gecələr yuxuma gəlir.

Doğma yurd-yuvasını gecələr yuxuda görən Nazim Əhmədli düşmənlərin bağları da çapəb-taladığını misralarla oxuculara bildirir:

yaz gedib, qış qalıb qardaş,

yurd köçüb, daş qalıb qardaş;

bağların boş qalıb qardaş,

yağılar yığıma gəlir.

O, vətənin işğalının onun da gözünün yağını əritdiyini deyir:

düşüb çarığının bağı,

üzünü bürüyüb yağı;

əriyir gözümün yağı,

gözümün yağına gəlir.

Həm kür, həm də bəd olan N. Əhmədli fələyin çarxına vətəninin tuş gəlməsindən narahatlığını bildirir:

həm kürəm, həm də ki, bədəm,

bir canam, bir də ki, bədən;

bilmirəm niyə bu Vətən

fələyin çarxına gəlir.

Artıq zaman da, dövr də dəyişdi. Vətənimizin işğalından otuz ilə yaxın vaxt keçdikdən sonra Ali Baş Komandan İlham Əliyevin və igid əsgərlərimizin sayəsində torpaqlarımız erməni işğalından azad olundu. Qəhrəman şəhidlərimiz, qazilərimiz o torpaqları canları, qanları bahasına xalqımıza qaytardılar. Bundan sonra daha şairlər də ən gözəl şeirlərini işğaldan azad olunmuş Vətəndə yazarlar. Nazim Əhmədli də yəqin bundan sonra Vətənin xoş günləri, gözəlliyi haqda şeirlər yazar. Onun daha nə gözünün yağı əriyəcək, nə də o, Vətənin fələyin çarxınıa tuş gəldiyini görəcək. O günlər daha getdi. Daha şairlərin poetik ovqatı o əzablara, ağrı-acılara köklənməyəcək...

Necə gedim bu yolu

N. Əhmədli “Adsız liman” şeirində uçub-dağılmış yolu getməyin çətinliyindən söz açır:

yaman uçub, dağılıb,

necə gedim bu yolu;

pas atıb daş divarda,

yuxumdakı at nalı;

Yuxuda gördüyü at nalının daş divarda pas atmasının da səbəbi şairin yaşantıları, üzləşdiyi çətinliklərdir. O, alter-eqosuna bu yolu getməyin çətinliyini bildirir...

Ötən eşqin odundan qalan ağrı-acıdan da danışan N. Əhmədli səma cisimlərinin səsindən narahatlığını da ifadə edir:

buludların səsindən,

qulağımda küy qalıb;

ötən eşqin odundan,

canımda kösey qalıb;

Bütün bu çəkdiklərindən sonra o, alnına nə yazıldığını bilmədiyindən də poetik ovqatla söz açır:

ruhum bir adsız quşun,

qanadından asılıb;

heç özüm də bilmirəm,

alnıma nə yazılıb;

Burada sublimasiya özünü göstərir və şairi motivasiyaya cəlb edir. Göy üzündən baxan yaşıl ulduzlar onun diqqətini çəkir:

bir ayrı göy üzündən,

yaşıl ulduzlar baxır;

lələk-lələk buludlar,

yellənir ağır-ağır;

Buludlar qurumayanda...

O, bütün bu poetik müşahidələrindən sonra hər göyün özünəməxsusluğu haqda fikirlərini oxucularla bölüşür. Nədir o özünəməxsusluq, fərqlilik?

hər göyün öz tanrısı,

hər köyün öz adı var;

hələ yağışlar yağır,

qurumayıb buludlar;

Hər göyün öz tanrısı olduğunu deyən Nazim Əhmədli bütün bu gördüklərinin adı naməlum şəhərə və limana aid olduqları qənaətindədir:

könlümə qubar dolub,

baxışımda duman var;

orda bir adsız şəhər,

bir adsız da liman var.

“Əllərimdən” şeirində o, əllərinin bəzən fələyin oynu qarşısında aciz qaldığını poetik ovqatla oxuculara bildirir:

nə qapı, nə baca var,

hardan girim saraya;

barılar çox qəlbidi,

əl çatmır yuxarıya;

Təbiəti sevən bütün şairlər kimi o da məqamı çatdıqda təbiəti vəsf edən epitetlərdən yararlanır:

körpü bir tağın üstə,

qar yatıb dağın üstə;

ruhum yarpağın üstə,

payız düşüb araya;

Qarın dağın üstündə yatdığını deyən şair, ruhunun yarpağın üstə olmasını bildirir və payızın araya düşməsini də poetik ovqatla oxucuların nəzərinə çatdırır...

Sarı rəngin Azərbaycanda daha çox quraqlığı, qıtlığı, xəbisliyi, bədliyi bildirdiyi halda bir sıra xalqlarda onun fəallığın, mərhəmət və şəfqətin rəmzi sayıldığı bildirilir. Suriya müsəlmanları üçün sarının ölüm rəngi olduğu deyilir. Günəşin rəngi olsa da N. Əhmədli də sarıdan daha gözəl olan yaşıl rəngə üstünlük verdiyini poetik tərzdə oxuculara bildirir.

Nazim Əhmədli təbiəti, islam dinini tərənnüm edən yaşıl rəngə sevgisini də onu başqa rənglərə dəyişməməklə bildirir:

çıxıb getdim naxıra,

kim qalıbdı axıra;

mən yaşıla baxıram,

üzüm dönmür sarıya;

Yaraya niyə qaysaq gəlmədiyini də təbiətə olan sevgisi ilə ifadə edir N. Əhmədli:

kimdə bir az can qalıb,

nə dağ, nə aran qalıb;

ortalıqda qan qalıb,

qaysaq gəlmir yaraya;

Ömür yarıya çatanda...

Yolların açılmasını istəyən şair bunun da acı nəticəsini ömürün yarıya çatması kimi izah edir:

qayıdın, açın yolu,

ağaclar saçın yolub;

ürək yarıcan qalıb,

ömür çatır yarıya;

Nazim Əhmədli lirik qəhrəmanının onun əllərindən bərk yapışmasını ayrılıqlardan uzaq olması üçün istəyir:

hər çiçəkdə min naxış,

buludlar yağış-yağış;

əllərimdən bərk yapış,

ayrılıqlar qarıyar.

Onun şeirlərində təbiət mənzərələri önəmli yer tutur. N. Əhmədlinin buludlara tez-tez müraciət etməsi günəşli mavi səmaya və o buludlara olan sevgisindən irəli gəlir. “Gedim kimi oyadım” şeirində Nazim Əhmədli ağ buludların da bəzən əzaba mübtəla olmasını onların yanaqlarında gördüyünü poetik ovqatın uğurlu ifadəsi kimi oxucuların diqqətinə çatdırır:

gedim kimi oyadım,

gün çırtdadı bir udum;

üfüqdə ağ buludun,

yanaqları qanadı;

Göy üzünün qapısı açıq qalanda...

Buludlar göy üzündən çəkildimi, ya çəkilmədimi, o, bunu da poetik duyğularla oxucuların diqqətinə çatdırır:

buludlar çəkilməyib,

bir yanı uçuq qalıb;

gəldiyim göy üzünün

qapısı açıq qalıb;

Gəldiyi göy üzünün bir tərəfinin açıq qaldığını poetik ovqatla ifadə edən Nazim Əhmədlinin şeirlərində bu cür antiteza məqamlarına zamanı yetişdikcə rast gəlmək mümkündür. O, bu epitetlərdən maraqla istifadə edir.

N. Əhmədli məhəbbət lirikasında da təbiəti unutmur. “Mənə sevgidən danış” şeirində o, dənizlərin onun yuxusuna girdiyini çiçəklərin ağında könlünün köçü qalması ilə izah edir:

uzaqlar yordu məni,

bir az qayıt yaxına;

qərib-qərib dənizlər,

gəlib girir yuxuma;

ömür bir biçim qalıb,

dərd içim-içim qalıb;

könlümün köçü qalıb,

çiçəklərin ağında;

“Gəldi payız küləyi”

Təbiətin küskün, qəmli fəsli olan payızın gəldiyi üçün ürəyinin sınmasından qorxan Nazim Əhmədli lirik qəhrəmanına bunu bildirir:

gəldi payız küləyi,

soldu dağın küləyi;

birdən sınar ürəyim,

ürəyimə toxunma;

Çəkdiklərinin alnına yazıldığını poetik əhval-ruhiyyə ilə oxuculara bildirən N. Əhmədli lirik qəhrəmanına sevgidən danışmasını istədiyini deyir:

uzun yollar içində,

çəkdim dərdi içimdə;

yazılıb bu biçimdə,

alnımın varağına;

yol tutdum, qarış-qarış,

ağrılar qarımamış;

mənə sevgidən danış,

qəmli şeir oxuma.

“Buludlar çəkilincə...”

Lirik qəhrəmanından poetik əhval-ruhiyyə ilə qəmli şeir oxumamasını, sevgidən danışmasını istəyən Nazim Əhmədli ona sətiraltı mesajla sevginin daha gözəl olduğunu bildirir. Əlbəttə, bu zaman katarsis baş verər və motivasiya özünü göstərər. Bu isə insana hər zaman lazım olan psixoloji dəstəkdir. Qəm-qüssəyə yaxın olmaq qədər asan nə var ki?

“O sevdiyim dəniz” şeirində onun dəniz haqda şair düşüncələri oxucunu düşündürür:

gündüz gecəni qovur,

gecələr də gündüzü;

buludlar çəkilincə,

gülümsəyir göy üzü;

ruhumdan bir qaçaq var,

köksümdə bir bıçaq var;

canımda bir ocaq var,

hələ sönməyib közü;

Dənizə olan sevgisindən söz açan Nazim Əhmədli bulud sevgisinin dənizi görmək üçün bu dəfə cığıra çevrilməsini istəyir:

od yaxım, köz götürüm,

buluddan cığır hörüm;

aparın məni, görüm,

o sevdiyim dənizi.

“Ruhum kimə əsirdi” şeirində ruhunun kimə əsir düşdüyünü bilməyən şair küləkdən giley edir:

gecə yarıdan keçib,

üzüm-gözüm mürgülü;

küləklər hara dartır,

həsrətimin yükünü;

“Qönçələr solanda...”

N. Əhmədli bütün yuxu ilə gerçəkliyin yanında gecələrin yerini də görür:

solub gedir qönçələr,

yal-yamaca çən gələr;

qara xal-xal gecələr

saçlarımdan sökülür;

Ahlarının hara getdiyini bilməyən şair o taydakı dağları da adlarına yaraşmayan tərzdə-məlul, müşkül görür:

hara getdi ahlarım,

sonu yox uzaqların;

o taydakı dağların

boy-buxunu bükülü;

Bütün gördüklərinin, hiss etdiklərinin fonunda o, şair təxəyyülü gecə yuxusuna göy üzünün şəkilinin girdiyi qənaətinə də gəlir:

həm cığaldı, həm kürdü,

ruhum kimə əsirdi;

gecə yuxuma girdi

göy üzünün şəkili.

“Sular Tanrı payıdı” şeirində N. Əhmədli suların Tanrı payı olmasını poetik tərzdə ifadə edir:

Sular Tanrı payıdı

yollar burum-burumdu,

cığırlar dolayıdı;

göy sular gedib itmir.

Ağ buludlar mürgülü olanda

Bəs onun könlündəki tikili kimin payıdır? O, bunu da maraqla ifadə edir:

ağ buludlar mürgülü,

hanı, dərdin şəkili

könlümdəki tikili,

Tanrınını sarayıdı;

Fatma ananın mehri olan saflıq, təmizlik, gözəllik rəmzi olan suların bu əsrarəngizliyindən söz açan şair bu gözəllik olmayan yerin onun həsrətinin yayı olduğu yer kimi təsvir edir:

saat ötür üstümdən,

boğuluram tüstümdən;

canım bişir istidən,

həsrətimin yayıdı;

“Ürəyim bir ocaq közü” şeirində sərçələrin gecələri gözləməsini poetik ovqatla oxuculara deyir:

xoş günlərdən xəbər yoxdu

yadımdan çıxmır ötənlər;

qışda ac qalan sərçələr,

gecə ulduzları dənlər;

Göy üzü görünməyəndə...

O, ürəyinin ocaq közü olmasından söz açaraq göy üzünün görünmədiyini oxuculara bildirir:

ürəyim bir ocaq közü,

yoxmu, gecənin gündüzü;

yenə görünmür göy üzü,

çəkilmir dumanlar, çənlər;

nə var uzaqdan, yaxından,

tək səbir ötür qorxumdan;

çəkilib getmir yuxumdan,

payıza oxşar çəmənlər;

Dünyanın suyunun çoxalmasının da səbəbini dərdlərin çoxluğunda görən Nazim Əhmədli poetik əhval-ruhiyyə ilə dərdlərin çoxalaraq apofeoz halına düşməsini də poetik çalarlarla oxuculara bildirir. Dərdsiz insan varmı? Onun cavabını axtardığı suallardan biri də məhz budur:

dəli ruhum harda uyur,

dalğalar sahili yuyur;

bulanıb dünyanın suyu,

çoxalıbdı dərd içənlər.

N. Əhmədli, poetik aləmində onun oxucuları düşündürən məsələlərə, suallara poeziya kontekstində cavab axtarır...

Qarabağ işğaldan azad olduqdan sonra onun da ilham pərilərinin o yurdda öz şairinə yeni poetik duyğular yaşadacağı bəllidir. Hər bir söz adamanın doğulub-böyüdüyü yurd onun təbini daha yaxşı coşdura bilər... Əsrarəngiz təbiəti olan Laçının bütün söz adamları kimi Nazim Əhmədlinin də bundan sonra yaradıcılığında yəqin ki, oxucular daha maraqlı poetik ovqat müşahidə edəcək, oxuyacaqlar. Vətən sevgisi onun da yaradıcılığına yeni nəfəs gətirəcək...

# 2261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #