“Başqa torpaqda öz vətənini sevdirmək” – Rəssamımızın sərgisindən qeydlər

“Başqa torpaqda öz vətənini sevdirmək” – Rəssamımızın sərgisindən qeydlər
10 mart 2020
# 15:50

“Baharın gəlişi ilə həyatın yenidən oyanmasına hər zaman sevindiyimiz qədər də, ona rəngarənglik qatan insanlarla ünsiyyət də bizə onun kimi vacibdir”.

Bu sözləri Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Hafiz Məmmədovun qızı Lətafət Məmmədovanın Türkiyədə keçirilən “Bahar” adlı rəssamlıq sərgisində iştirakdan sonra jurnalist Mətanət Süleymanova söyləyib.
Bu sərgidən çox təsirlənən həmkarımız belə qeyd edir:
“Bəzən öz dünyasında yaşayan, həyatı başqa rənglərdə görən birisi, digərlərini arxasınca hansı yollarla gətirdiyini bilməsə də, niyə gətirdiyini yaxşı bilir. Demək, sənət belə bir şeydir - başqasının dünyasına girə bilməsə də, hər kəsi öz dünyasına gətirər. Bu dəfə tanınmış, ömrünü sənətinə həsr etmiş, Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Hafiz Məmmədovun qızı, bu sahədə öz adını qazanmış, dosent, rəssam Lətafət Məmmədovanın bizə açdığı qapılardan içəri daxil olduq.


İstanbulda məşhur Aya Sofiyanın yaxınlığında yerləşən, Osmanlı imperiyası zamanı tərsanə kimi tikilən və bu gün öz qədimliyini və ecazkarlığını yeniliyə təsdiq edən bu “Verne Art” sərgi salonunda türk dünyasına aid olan bir çox sənət əsərləri var. Azərbaycanın qədim xalçaları, samovarlar və sədəflə bəzədilən mebellər, miniatürlər və parça üzərində əl işləmələri. Bu əşyalar öz məkanlarından razı idilər sanki. Yüzlərcə illərin ta bizə qədər gələn, simasını itirməyən, əksinə düşüncə dolu divarların üzərində hörmətlə asılan tablolar da tarixin üstünə tarix, səssizliyin üzərinə rahatlıq, bir rəngin üzərinə çalarlar qatmışdı. Sərgidə hər kəs Lətafət xanımın ətrafına toplaşmışdı, hətta qədim binanın özü belə. 20 ildən çoxdur, Türkiyədə 15 il rəsm akademiyasında dərs verən, sonra özünə məxsus rəsm atelyesi acan, özünü və sənətini "çoxaldan" rəssam, hər kəsin qəlbinə Azərbaycanın kiçik parçasını, rəng və çalarlarını, yaşam tərzini və mədəniyyətini aşıladır, sevdirir. Lətafət xanım həm də elə müəllimdir ki, şagirdlərindən və verdiyi sənət dərsindən həzz alır. Məncə bir torpaqda oturub susmaqdansa, başqa torpaqda öz vətənini sevdirmək daha böyük məharət tələb edir. Bizim Lətafət xanım məhz belələrindəndir”.

# 2066 dəfə oxunub

Müəllifin son yazıları

# # #