Gəmidə - Xalid Xəncanlının hekayəsi

Gəmidə - Xalid Xəncanlının hekayəsi
21 sentyabr 2023
# 16:00

Kulis.az Xalid Xəncanlının "Gəmidə" hekayəsini təqdim edir.

Orada bir dəniz var. İntiharımı gözləyir. Dalğaları yas saxlayır, susur. Balıqlar şəffaf su üzərində rəqs edir.

Mənim xoşbəxtliyimin içində kədər var. Xoşbəxtəm, çünki onunla birgəyəm. Kədərliyəm, çünki buna son verməliyəm. Hələ nə edəcəyimə qərar verməmişəm. Günümü saxtakarlıqla ötürürəm. Yalan danışmaqdan başqa nəsə bacarmıram. Onu görəndə hər şey yaxşı olacaq deyə söz verirəm. Amma buna səbəb yoxdur. Mənə niyə inandığını bilmirəm. Ola bilsin ki, məni sevir. Ya da xoşbəxt olmaqçün ümid bəslədiyi, uğurlu olacağına inandığı planın bir parçasıyam. Axır ki, işə yarayıb nəyinsə parçası oldum. Onu xoşbəxt, mənisə ailəmdə rüsvay edəcək planın. Olduqca sıxıcı bir zamanda rastıma çıxıb var olduğumu hiss etdirmişdi. Sanki Yer kürəsindən başqa planetdə də həyat var idi. Sanki istəsəm məsuliyyətdəm qaça bilərdim. İndi xarabalığın içindən çıxmağa çalışıram.

Nahar vaxtı dostumu görməkçün kafeyə getdim. Piyada keçidiylə getdikcə insan axını güllə kimi üzərimə yağmağa başladı. Güllələrin birindən yayınsam da digərinə tuş gəlirdim. Önümdə gedən qadın süpürgəni başının arxasında elə tutmuşdu ki, sanki yellənən sarı qıvrım saçları idi. Küçəni süpürməyə başladı. Şaxə qalxan toz yığını onu bir qalxan kimi ətrafdan qoruyur, himayə edirdi. Hamı ondan bir addım kənarda idi. Nəhayət kafeyə salamat çata bildim. Burada axşama yaxın müştəri əlindən boş yer tapmaq olmurdu. Ona görə də səfərimi biraz ləngitdim. Masalar qab-qacaqla dolu idi. Kafedəki işlərin bitməyini gözləyərkən siqaret yandırdım. Siqaretin yerə səpələnən külləri közərən ulduza bənzəyirdi. Kafenin qəfəsi xatırladan dəmir qapısına tərəf irəlilədim. Dostum ofisant işləyir, arabir şeir yazırdı. Biz onu Şair deyə çağırırıq. Əsl adı Şaiqdir. Subaydır. Sevgilisi yoxdur. Ona indikindən daha rahat və maaşı yüksək iş tapsam da qəbul etməmişdi. Səbəbsə ola biləcək hər hansısa mübahisədə minnət etmək ehtimalım idi. “Kiməsə səni öldürəcək silah vermə”. Düzü bu həddə səmimi olacaq qədər arsız idi. Söhbətə başlamamışdan onu təriflədim. Qılığına girdim. “Şeir ədəbiyyatın şahmatıdır. Şairsə insanı mat edəndir” dedim. Ona ləzzət elədi. Elə mənə də. Dara düşəndə ağlım ikiqat işləyir. Ona yaxınlarımla birgə tətil planımdan danışdım.

Bilirsən ki, yaxınlarımın həmişə ətrafımda olmağını istəmişəm. Bir gəmi sifariş etmişəm. Ailəvi tətil edəcəyik. İstəyirəm sən də gələsən - tətili ailəvi adlandırdığımdan dəvəti rədd etdi.

O nə sözdü deyirsən. Sən də mənim ailəmdənsən. Sənsiz məclis mənim nəyimə gərəkdi? - xətamı düzəltdim -Muradı da yoldaşıyla çağırmışam. Gör neçə vaxtdır ki, birgə istirahət etmirik.

Yaxşı, onda gələrəm. Amma məni içirdib şeir dedirtmə ha - zarafatyana dedi.

Ona söz verə bilmərəm. Bilirsən ki, ürəyim açılanda səni daha çox istəyirəm - kefim kökəldi. Birinci mərhələni uğurla başa vurmuşdum -Həmin gün nəsə işin çıxmayacaq ki? Bilməzsən harasa debata gedərsən.

Gələcəm, narahat olma.
Əgər gəlməsən, şeir yazdığın o dəftəri tapıb yandıracam.
Bircə ona dəymə. Hələ bir kitab da çap etdirə bilməmişəm.
Yaxşı, toxunmaram... Səni nəsə bikef gördüm. Sonuncu dəfə belə görünəndə yağış yağırdı, içkiliydin. Biraz söhbətləşəndən sonra dedin ki, təcili evə getməlisən, tək qalmağa ehtiyacın var və getdin.
Evə çatan kimi şeir yazmışdım. Tək olmasam yaza bilmirəm.
Qoy birisigün gəlsin. Qolunu gəmiyə bağlayacam. Birdən yenə təbin gələr, özünü suya atıb qaçarsan.
Onda gərək dəmirkəsən gətirəm- o meyxanaçılar kimi hazır cavab idi - Aysundan nə xəbər? - və cəllad kimi qəddar.
Gül kimi söhbət edirdik də. Yeri idi heç o bəlanın? Elə məni bıçaqlamağa fürsət axtarırsan.
Danış görək, nə yerdədir məsələniz?
Sonra danışarıq o barədə. Deyəsən o qadının sifarişi hazırdır, sən get.
Yemək hazır oldu, Cəlil?- o aşbazı səslədi.
İki dəqiqəyə hazırdı.
Day denən aşbazla adaşıq ki -ayağa qalxıb dostumla sağollaşdım - birisigün səhər tezdən, saat doqquzda sənə zəng edəcəm. Bir-iki şey alarıq. Hələ bazarlıq etməmişəm.

“Gələcək gəlmədən verilən hər vəd boşdur”. Bunu ömür gün yoldaşım hələ biz evlənməmişdən demişdi. Onu hər görüşdə özümə daha da bağlamaq istəyirdim. “Səni dünyanın ən xoşbəxt qadını edəcəm”. Başımıza gələn cürbəcür hadisələr, sürpriz təsadüflər, həyatın marağı itən zaman əlindəki boya ilə ömrümüzü yenidən rəngləndirən insanlar, hər gün təkrarlanan hadisələrdən boğaza yığılmış sevinc həsrəti məni yalançı çıxartdı. Vaxt keçdikcə bezdiyimi anladım. Sözümə əməl etmək istəmədim. Çünki bu ocaqda yanan mən idim. Aysun adında, 1.68 m boyunda, sarı saçlı, mavi gözlü bir qızı tanıyandan sonra anladım ki, özümü tanıyacaq qədər sabit deyiləm. Çünki, mən belə deyildim, xəyanət etməyi alçaqlıq zənn edirdim. Daha bilmirdim ki, bir vaxtlar iyrəndiyim şey nə vaxtsa zərurətim olacaq. Bəzi insanlar ya xoşbəxt ya da bədbəxt olurlar. Mən bədbəxt olmaqdan qorxduğum üçün həyatımın yaxşı və ya pis davam etməyindən asılı olaraq xoşbəxtçiliyimi ifadə edəndə ya çox ya da az xoşbəxt olduğumu deyirəm. Səhvim həyatımdakı bəzi şeyləri düzəltdi. Xoşbəxtliyin dəyişkənləyini nəzərə aldıqda indi daha xoşbəxtəm. Mən xoşbəxt olanda arvadım da xoşbəxt olur. Deməli hardasa düz nəsə etmişəm. Görəsən hal-hazırda sahib olduğu sevincin mənbəyini bilsəydi, nə edərdi? “Əzizim, çoxdandır ki, tətil etmirik. Gəmi sifariş etmişəm, bu şənbə-bazar yaxşıca istirahət edək” dedim. Məni qucaqladı, öpdü, köynəyimin çiyin tərəfi islandı. “Gör neçə vaxtdır ki, mənə “əzizim” demirsən” dedi. O an vicdanım uzun müddət görmədiyim bir dosttək sızıldadı. O gəmi istəmirdi. Kəlməsində gəmi yox idi. Səsində ona qarşı soyuqluğumu ifadə edən giley qarışıq sevinc var idi. Razılaşdıq ki, ortaq bir evli cütlüyü, dostlarımız Murad və Nigarı da çağıraq.

Mən Aysunu təəssüf ki, ilk dəfə görəndə aşiq olmuşdum. İndi ondan qopa bilmirəm. Əgər onu əvvəlcədən tanısaydım sevməzdim. Çünki gözəlliyindən başqa seviləcək bir cəhəti yox idi. Eh... gözəllik hardan cəhət olub ki. Hərdən yuxusuz qaldığım düşündürücü gecələrdə niyə aşiq olduğumu sorğulayırdım. Anladım ki, ona yox, aramızda olan anormal fərqə aşiq olmuşam. Hündür bir ağac kimi idi. Mən isə onun kölgəsində dinclik tapırdım. Bu dinclik səhrada kilometrlərlə yol getmiş bir bədəvinin suya qovuşması kimi idi. Bir müddət sonra budaqları üzərimə töküldü. Kölgəlik bir anda cəhənnəm istisinə tay oldu.

Aysun ağıllı qızdır. Söhbət üçün evinə gedəndə üç gündür hazırladığım dialoqu binanın pilləkənlərini qalxa-qalxa son dəfə təkrarladım. Hadisənin gedişatını təyin etməli idim.

Əgər sözlərimi onun suallarına uyğun seçsəm evə əliboş qayıdacaqdım. Halbuki bir plan hazırlamışam, borc pul tapıb gəmi sifariş etmişəm. Ona məhəl qoymadan danışmalıyam. Gərək çaş-baş, seçimsiz qalıb mənimlə razılaşsın.

Gözəlimin kefi bugün necədir?Necə olacam? Kefim yoxdur - artıq belə sözlərə öyrəncəliyəm. İndi yox, əzizim, başqa vaxt sına.
Gör sənin bikefliyin necə yerinə düşdü. - sevincək dedim - Elə mən də səni sevindirməyə gəlirdim.
Hardasan ki?
Evinin önündəyəm, gərək üzbəüz danışaq. Bəlkə qapını açasan?
Qəfil gəldiyinçün evin səliqəsiylə bağlı bir kəlmə də demə. Hər yer dağınıqdı- deyib qapını açdı.

Uzaqdan gözəl idi. Ona doğru addımladıqca daxilindəki təkəbbür gözə batırdı. Üzərinə neçə qırıq qəlb yapışmışdı. Dodağı sevgi etiraflarına verilən “yox” cavabı ilə dolu idi. Elə gözəl gülürdü ki, paxıllar ətrafında pərvanə olur. Düşmən nizəsi onun işıldayan gözlərini tökməkçün hazırlaşır. Bir sübut üçün dodağının kənarını yalandan da olsa büz, qoy elə bilsinlər ki, səndə kədər var, qısqananların ürəyinə yağ təki yayılsın.

O evdəki sən varsan, o ev hər nə olsa gözəldir.
Bəs deyirdin ki, evdə səliqə-səhman yaradım. Deyirdin ki, axır əvvəl birgə yaşayacağıq, gərək indidən ev işlərinə öyrənəsən. Nə əcəb belə danışmırsan? Yoxsa əlini üzmüsən məndən?
Biraz hə. Gördüm, düzələn deyilsən, mən də əl çəkdim. Day neyləyək, sevirəmsə, gərək zir-zibilin içində yaşamağı öyrənəm.
Yaxşı, sıfır-bir sənin xeyrinə.
Mən yarışa gəlməmişəm. Şad xəbər verməyə gəlmişəm- qollarımı açıb onu ram edirmiş kimi qucağıma sıxdım.
Hə ee. Sən nəsə deyəcəkdin axı. Nə xəbərdi belə?
Gəmidə ailəvi tətil planlaşdırıram. İki dostumu da çağırmışam. Onlardan biri evlidir, biri subay- deyib təlqinedici baxışla gözlərinin içinə nəzər etdim - Səni də orada görmək istəyirəm.
Mənim orada nə işim var ki?
Dostlarımdan biri subaydır. İnsanlar şübhələnməsin deyə səni sevgilisiymiş kimi tanıdacam - elə bu an qoynumdan qaçdı, mən isə bunu biraz gec olsa da gözləyirdim. - Onunla danışaram. Razı olacaq. Bəs sən razısan?
Özünü niyə müstəntiq kimi aparırsan? Başa sal məni, axı orada olmağımın nə mənası var?
Qulaq as. Arvadım üzməyi bacarmır. Dəniz ondan qurtulmaq üçün ən yaxşı vasitədir - bayaqdan əlimdə sıxıb saxladığım qumbaranı otağa atdım - Onu ətraf tənhalıq olanda suya itəliyəcəm. Hamı elə biləcək ki, bədbəxt hadisə baş verib. Amma qorxuram. Sən orada olsan bəlkə özümə gələrəm.
Mən razı deyiləm.
Yaxşı... onunla özün arasında bir seçim et. Mən səni seçirəm.
Sən mənə oyun oynayırsan. Elə bilirsən ki, belə etsən səndən əl çəkəcəm. Məni zəif yerimdən vurmağa çalışma. Mən onun ölməyini istəmirəm.
Yadındadır? Son görüşümüzdə dedin ki, əgər mən ayrılmasam, özün gedib ailəmə hər şeyi danışacaqsan? Səncə arvadım bunu öyrənəndə ölməkdən betər olmayacaq? Ya da ata, anam eşidəndə ki, oğulları arvadına xəyanət edib, səni belə asan qəbul edəcəklər? Səni yaxşı başa düşürəm. Vicdanın yol vermir. Bilirsən niyə? Çünki vicdanın bilir ki, illər sonra bu bədbəxt hadisəni xatırlayanda qəhərdən boğulacaq. O ikimizdən də ağıllıdır. Amma bu işlər belədir. Məni istəməyin qarşılığı budur. Bütün hallarda itirəcəyimiz bir şey olmalıdır. Əgər vicdanını itirməyəcəksənsə xoşbəxt ola bilmərik.
Belə xoşbəxt olmaq istəmirəm.
Yalan deyirsən. Hamı xoşbəxt olmaq istəyər...dostumla danışacam. Həmin gün sənə zəng edəcəm. O günə qədər düşün.
Mənsiz həll edə bilməzsən?
Yox... sənə verdiyim dəyəri gözlərinlə görməlisən ki, sonra mənə nankorluq etməyə haqqın olmasın... gəl qucaqlayım səni...birisigün görüşərik.

Həmin gün Xəzərdə fırtına qopacaq. Gecəni oyaq qalacam. Dalğalar üzərimə gəlməyə başlayanda özümü itirib hər kəsi bayıra köməyə səsləyəcəm. Bizim aramızda panika yaranacaq. Nə edəcəyimizi bilməyəcəyik. Bir-birimizin üzərinə qışqırıb nəsə etməyimizi istəyəcəyik. Hamı bir-birindən xilasedici bir hərəkət gözləyəcək. Bir möcüzə olmağını diləyəcək. Həmin anlardan birində kiminsə ayağı sürüşüb dənizə yıxılacaq. Arxasından suya baş vurmaq istəyəcəyik, amma belə fırtınada bu axmaqlıq olardı. Fırtınada gedən qayıtmaz idi. Göz yaşları dənizə qarışacaq, bizə ağlamaq qalacaqdı. Orada olan hamı bir-birinin üzünə utanmadan baxa biləcəkdi. Çünki günah bərabər paylanmışdı. Nə vaxtsa olanlar yada düşəndə masa ətrafındakılar eyni hisləri paylaşacaq, kiminsə əzab payı çox olduğundan dözə bilməyib ya oranı tək edəcək ya da söhbətə son qoyulmağını istəyəcəkdi. İçimizdən kimsə bir daha bizi görmək istəməyəcəkdi. Dərdimiz keçmişdəki dərdlərimizə qoşulanacan davam edəcəkdi. Ağrı keyiyəndə, kədərdən bezəndə, gülməyin vaxtı çatanda biz səssizcə, yaranı göynətmədən qovuşacağıq.

Şaiqlə birgə bazardan meyvə, çörək, göygöyərti, ət, spirtli və spirtsiz içkilər aldıq. Görüş yeri günorta saat 1-də gəmi təyin edilmişdi. Bircə məsələ qalırdı. Aysunu gəmiyə gətirmək. Əslində Şaiqdən xəbərsiz planımı qurmuşdum. Ona necə deyəcəyim barədə qərarsız idim. Gözləməyin mənası yox idi, daha da dilim tutulurdu. Bir nəfəsə dedim:

Şaiq, olar səndən bir şey xahiş edim?
Əlimdən gələn işdirsə, buyur.
İki günlük Aysunla sevgili ola bilərsən?
Başa düşmədim. Niyə ki?

Şaiq, əzizim, burda başa düşməməli nə var axı? Hal-hazırda qolları qırılmış əşya kimi bir yerdən tutub qala bilmirəm. Nə isə məni elə hey aşağı dartır. Çarmıxa çəkilən İsa kimi mismarlanmayan yerim qalmayıb, hərəkət edə bilmirəm. Lalə bir yerə dartır, Aysun da bir yerə. İndi mən hansı tərəfə keçim? Oranı da minalayıblar, buranı da. Hara ayaq basım? Necə edim ki, əməlim başımda partlamasın? Sən şairsən, yaradıcı insansan. Bəlkə də xəyallarında özünü bu vəziyyətə yüz dəfə salıb çıxartmısan. De görüm işin içindən necə çıxmısan? Yoxsa zibili çıxana yaxın yuxuya getmisən?

Onunla söhbət edəndə bilmədən ağzımdan qaçırtdım ki, biz gəmiyə gedirik. Nə qədər etdim, söhbəti fırlada bilmədim. İndi ayağını yerə dirəyib ki, orada olmalıyam, vəssalam. Kömək et də mənə, xahiş edirəm. Sənə heç bir maneçiliyi olmayacaq. Yalandan deyəcəksən ki, sevgilindi. Təki Lalə şübhələnməsin. Bilsə aləm dəyəcək bir-birinə.
Yox, Cəmil. Səndən sonra caynağını keçirəcək mənə. Ağrımayan başımı niyə ağrıdım ki?

Ay gözüm, ay işığım. O qurban kimi məni seçibdir. O hər adamla qidalanmır, qulağı hər sözü götürmür. Sən şairsən, ona şeir oxuyacaqsan. O şeir sevmir. Onda şeir sevməyə qəlb yoxdur. Şeir sevən olsa idi, neynirdi məni? Üzümə tüpürüb çoxdan əl çəkmişdi. O həyəcan, intriqa axtarır. Düşünür ki, həyatı seriallardakı bədbəxtlərin nəyindən əksikdir? O maraq ovuna çıxan bir yırtıcıdır. Sənin bu sakit həyatın onunçün mərmi israfıdır. Sakitsən, sakit qal. Mən ritmimi pozub pusquya düşdüm. O məni istəyir. Mənə nail olmaq. Taki bezənə qədər.

Şaiq, bax nəyə istiyirsənsə and içim. İki gündən sonra həyatından çıxacaq. Bir də o adda insan görməyəcəksən. İnanmırsan dostuna?
Dostuma inanıram, ona inanmıram.
Mən sənə söz verirəm. Əgər istəyirsənsə, səsimi telefonuna yaz, videomu çək. Amma mənə kömək et, xahiş edirəm.
Yaxşı, Cəmil, razıyam. Amma bir dost kimi deyim, özünü bilə-bilə ilişdirirsən. Bəs Aysun səninlə sevgili olduğunu bildirsə necə olacaq?
Narahat olma, elə şey olmayacaq.
Təki sən deyən kimi olsun.

Maşını işə saldım. Laləylə yola düşdük. Kosmetika ləvazimatları yadından çıxıb evdə qalmışdı. Hansısa parfümeriyanın yanında dayandıq, bir-iki şey aldı. Murad həyat yoldaşı Nigarla birgə artıq gəmidə idilər. Şaiq hamıdan sonda gələcəkdi. Çünki, sevgilisini gərək biz hamımız orada olanda təqdim etsin. O isə Aysunu bizə dostu kimi tanıtdı. Söhbətə girişib "bir-birinizə çox yaraşırsınız" deyərək Şaiqin xətasını düzəltməyə çalışdım. Dəstək üçün dostlarıma baxdım. Onlar da təsdiq etdilər. Sözlərim Aysunun vecinə olmadı. Çünki bilirdi ki, bu iş bugün bitəcək. Laləyə dedim ki, "Əzizim, Aysunla yaxından maraqlan. Yaxşı qıza oxşuyur, Şaiqə də yaraşır. Gərək onlar burdan sevgili kimi ayrılsınlar". Aysunun Şaiqə yanaşmayacağını bilirəm. Məqsəd Laləylə Aysunu bir-birinə yaxınlaşdırıb, mehriban etməkdir. Lalə gözəl insandır. Aysun bunu görə bilsə vicdan əzabı çəkib həqiqəti gizlədərdi. Mən isə kiminsə ölümünə səbəb olmazdım.

Masa quruldu, yemək-içmək düzüldü, hərənin qənşərində öz yarı olmaqla keçib əyləşdik. İçki badələrə süzüldü, süzülüb söz oldu. Söz sağlıq, sağlıqsa alqış oldu. Sağlığın sayı o qədər artdı ki, alqış mahnı oldu. Hərə bir ağızdan söz dedi, söz söz kimi yox səs kimi eşidildi. Səs xora çevrildi, xora dəniz dalğasının həlim səsi qoşuldu. Ariya yarandı. Bu gözəl ariyada biz ayağa qalxıb rəqs etdik. İçki bizi bihuş etmişdi. Biz sola getmək istəyirdik, amma sağa getdik. Beləcə içkinin marionetiymiş kimi ziqzaqvari rəqs edə bilirdik. Yorulduq, az qalsın ki, dənizə düşəcəkdik. Xoşbəxtlikdən bir yerdən tutub sağ qala bildik. Yerimizə əyləşdik. Həmin anın təsiriylə həyatda olduğumuzçün dualar etdik, valideynlərimizə can sağlığı dilədik. Sonra bu bəhanəylə bir daha içdik. Kefimiz yerində idi. Danışarkən əllər havaya qalxır, nəsə izah etməyə çalışırdılar. Bir-birimizi eşidə bilmirdik. Sözün düzü bu heç vecimə deyildi. Olanlar kənardan pantomima tamaşasından bir parça kimi görünürdü. Gecə saat ikiyə qalmışdı. Növbə-növbə hamı əsnəməyə başladı. Yatmaq üçün gəmidəki otağa keçdik.

Yoldaşlara əvvəldən demişdim ki, heç olmasa bu xoş istirahət günündə telefonlarımızı söndürək. Beləcə Aysunun mesajlarından qurtula bilərdim. Yemək yeyəndə, içki içəndə, rəqs edəndə, etdiyimiz bütün hərəkətlərdə Aysun mənə baxıb qədim üsullarla fikirlərini çatdırırdı. Laləylə rəqs edəndə "O qız sənə yaman çox baxır" deyərək pıçıldadı. İnsanlar söhbətimizi anlamasın deyə gülümsədim. Nəsə demədim. Sual verdi ki, "Məni sevirsən ya yox?". Külək önümdə vıyıldayıb dodağımdan çıxan sözləri uçurdurdu. O sözlər Laləyə fərqli nəql edildi. Mən dedim "Əlbəttə ki, səni sevirəm". O bildi ki, artıq onu sevmirəm.

Buludlar pagman kimi Ayı yeyir, inadkarca parıldayan ulduzu hər tərəfdən mühasirəyə almışdı. Yağış yavaş-yavaş damcılayaraq əvvəlcədən leysanı xəbərdar edirdi. Sanki gecənin səssizliyini pozmaq, ulduzların gözəlliyinə vurulduğumdan varlığını xatırlatmaqçün qısqanclıqla yağırdı. Yağış damcıları sanki öz yuvasından, buludundan ayrıldığı üçün acıqlı idi. Özünü körpə uşaq kimi yerə çırpırdı. Yerə toxunan an çıxan səs onun naləsi idi. Ayın üstü örtüldü. Qaranlıq bizi sübhədək uddu. Gecə çirkabların masqasıdır. Deməli işə başlamaq vaxtı yetişib.

Fırtına özünü göstərdi. Dalğalar üzərimə qoşun yeritdi. Mən isə elə bağırdım ki, səsim ölü balıqlara da gedib çatdı. Onları gəlsinlər deyə köməyə səslədim. Axı hansı axmaq özünü bilə-bilə qurban edərdi. Kimsə qorxudan bayıra çıxmadı. Məni otağa çağırdılar. Fırtına olacağını əvvəldən bildiyim üçün həyəcanlı deyildim. Lakin onlar bunu hiss etməməliydilər. Təşviş içində otağa girdim. Hər kəs bir-birinə sığınmışdı. Əyləşmək üçün mənə geniş bir yer qalmışdı. Paltarlarım islandığından otura bilməyib ayaqüstə qapıya söykəndim. Fırtına gəmini yellətdikcə mənə təkan verirdi. Beləcə tez-tez səndələyirdim. Bu elə çox baş verdi ki, yıxılmamaqçün tutduğum yerlərin hamısıyla bir-bir tanış oldum. Nəhayət bir yerdən yapışıb qala bildim. Hər kəs mənə baxırdı. Təkcə Aysundan başqa. Bunu necə başa düşüm?

Mənə niyə xəyanət etdin? - Laləylə gözgözə gəldik, uzun müddət baxışdıq. Əlimdə olsa həmin anı daha da uzadardım. O kinayə ilə dedi - Aysun xanım mənə danışdı - əsas şey isə qalırdı. Aysun Laləyə onu öldürmək planımdan danışıbsa...
Bilməzlikdən gəlmə. Xəyanət etdiyini bilirəm.
Oh-içimdə dərin bir nəfəs çəkdim. Demək, bilmir. Ağzımı yumdum. Axı mən indi peşman olmalıyam.
Məni də pis vəziyyətə saldın- şair dilləndi. Hamı top-tüfəngini götürüb üzərimə gəlirdi.
Niyə belə etdin Aysun?- indi növbə mənim idi. Lalə üzümə tüpürdü. Tüpürcəyi üzümdəki yağış damcılarına qarışdı. Aysun susmuşdu. Buradan necə qaça bilərdim? Ayaqlarım uçmaq üçün yerin cazibə qüvvəsinə yalvarırdı.
Məni hələ də öldürmək istəyərsən?

# 4967 dəfə oxunub

Müəllifin son yazıları

# # #