Külək öpür üz-gözümü - Şeirlər

Külək öpür üz-gözümü - Şeirlər
2 mart 2020
# 18:49

Kulis.az Təranə Arifqızının şeirlərini təqdim edir.


Səssizliyi oyatma

Tənhalığın ağuşunda yox olub,
Sənlə dolu kimsəsiz şəhərdəyəm.
Addım-addım yeyirəm küçələri...
Damla-damla yağışdayam, zərdəyəm.

Su üzündə yox olası gəmitək,
Eşitmirəm addımların harayın...
Külək öpür üz-gözümü səhərdən,
Tellərimi dəli-dəli darayır...

Bir evim var səssizliyin içində,
Pəncərədə soyuq izlər qarışır.
Astanası hər addımı bələmir...
Tanış gözlər divarıyla danışır...

Çapır, çapır köhlənini içimdə...
Yavaş, külək! Səssizliyi oyatma...
Bu kimsəsiz şəhəri al tərkinə,
Mən qarışıq apar, bir də qayıtma...


Yolum hara idi?

Ayağım altında asma körpütək,
Niyə yırğalanır bu yer, de görək?
Ruhlarmı üsyana qalxıb, oynayır,
Yoxsa, bu dünyaya qalmayıb gərək?

Yolum hara idi, bilmədim, vallah...
Nənəmin nənnisi uyutdu məni.
Qarşımda masmavi göy üzü vardı,
titrəyən pillələr ayıltdı məni...

Getdikcə, gedirdim üzüyuxarı,
Kimlərsə kimisə soraqlayırdı...
hər tərəf başdaşı, hər tərəf qəbir,
ayağım altında yer ağlayırdı...

Nə yoldu salıblar, deyindim hətta,
Qalxdığım nərdivan bitmir ki, bitmir...
Görəsən bu yolun axırı varmı?
Ruhlar da gözümdən getmir ki, getmir...

Çox şükür, deyəsən yol burda bitdi,
Uca bir zirvədə - heyrət! dedim mən.
Yolun bu üzündə başdaşı, qəbir,
O üz...gözəl bir yer... hara gedim mən?

***

Sıyrılıb qınımdan çıxmışam,
Məkanına sığmayan dəli küləklər kimi...
Bu cansız canımdan çıxmışam
Ovcumda titrəyən kəpənəklər kimi...

Ürəyimi ovub torpağa möhürləmişəm
qurumuş son yarpaqlar kimi...
istəsən də yığa bilməyəcəksən...

Məni küləklər aparacaq
parça-parça, tək-tək...

səssiz küçələrdə sovuracaq bərk-bərk...
Qaytar mənim dincliyimi,
götürdüyün yerə
Məni salıb itirdiyin yerə
Aparma, qara firtınaların
aramsız çəkişən qoynuna...

Salma məni, oyun sevənlərin
uduzduqları uşaq oyununa
Mən zərif bir çobanyastığı
kəpənəklərin boynundan asdığı
İçimə çöküb torpağın ətri
qışın bu isti günündə
vaxtsız göyərən saplağın ətri
Qırma, tapdalama, əzmə bu ləçəkləri sən,
qaytarıb yerinə qoya bilməzsən
bu çiçəkləri sən...

***

Dərindən nəfəs aldı yer..
titrədi, çırpındı...çərxi fələk kələfçəni dartdı...
ağırlaşmış yükünü boşaltdı...
yıxdı...dağıtdı...
neçə can, nəfəs aldı...yer...

Göylər yerə, yerlər göyə...
Baş ayaq altında...
canlar bir-birinə qanad gərdi,
bir-birinə nəfəs verdi yer qatında...

Bu nədir, İlahi?
yoxluqların varlığına sığınmaq,
varlıqların yoxluğunda var olmaq...
işıqlar qaranlığa kölə olarkən
ümidlər həsrətə məzar oldu, bax...

Bir nəfəs...bir titrəyiş...
bir hıçqırtı...bir səs...
bir udum hava... bəlkə...
bəlkə...
bu da bir ümiddir... bu da bir yaşam...
eşidirsən məni..? hardasan..?
gözlərimlə qulaq asdım yerin nəfəsinə
bəlkə çatdım...bəlkə çatdım...
qalaq-qalaq məzarların
burda həyat var!... səsinə...

# 5221 dəfə oxunub

Müəllifin son yazıları

# # #