Azərbaycan dilində danışan İran filmləri – Aliyə yazır...

Azərbaycan dilində danışan İran filmləri – <span style="color:red;">Aliyə yazır...
31 may 2018
# 14:02

Ötən gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan dilində ekranlaşdırılmış İran filmlərinin nümayişini nəzərdə tutan “Sərhədsiz kino” layihəsindən növbəti filmlər təqdim olundu.

İranlı qonaqların, universitetin müəllim və tələbə heyətinin həmçinin kino adamlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açaraq, müəllifləri təqdim edən və tamaşaçıların suallarını cavablandıran rejissor Ərturan Nəcəfi Göl Azərbaycan dilində filmlərin xeyli əvvəl çəkilməyə başladığını dedi: “Məsələn, “Dəli Domrul”, “Saray”, “Məlik hatun”, “Aypara” kimi Azərbaycanın folkloru mədəniyyəti ilə bağlı olan filmlər çəkilmişdi, amma bunların çoxu fars dilində çəkilmişdi. Hardasa 7-8 ildir ki, Azərbaycan türkcəsində filmlər daha intensiv çəkilməyə başlayıb. Əksəriyyəti qısametrajlıdır, amma bir neçə tammetrajlı film də var. Məsələn, son zamanlar çəkilən “Ev” filmi azərbaycancadır və bir çox nüfuzlu festivalları gəzir”.

“Sərhədsiz kino” layihəsinin növbəti kino nümayişi günündə ilk təqdim olunan film rejissor İsmayıl Münsifin “Ardak” qısametrajlı filmi oldu.

Film dağılmış bir evdən bəhs edir. Burada ev sadə bir tikili deyil, ailə ocağı mənasını ifadə edir.

Tikili kimi təqdim olunan isə qayınata və gəlinin yaşadığı köhnə, damından torpaq tökülən evdir. Süjet boyunca oğulun-ərin uzun müddətdir ki, evdə olmadığını öyrənirik. Evin divarlarını rəngləyən gəlin bununla həm də ümidini ifadə edir, qoca ata isə fikirli halda papiros çəkir. Ata o taydan qaçaqmalçılıq yolu ilə içki keçirən oğlunun sağ olduğunu bilir. Növbəti epizodda su yolu ilə içki keçirən qaçaqmalçılar təsvir olunur. Ata oğlu ilə üz-üzə gəlir. Oğul bu tayda evləndiyini, bu yaxınlarda ata olacağını, qayıda bilməyəcəyini deyir. Gəlini ilə yaşamağın gərginliyindən çıxmaq istəyən ata oğlunu güllə ilə vurur. Artıq gəlin çıxıb gedə bilər. O, heç kimi gözləmir.

Film bütün metaforalarına, məkan həllinə, ümidi, gözləntini, üsyanı eyhamlaşdıran rəng həllinə baxmayaraq, atanın psixoloji gərginliyini ötürməyə, qadının yalnız simasında və hərəkətlərində izlədiyimiz hisslərini qarşılaşdırmağa, atanın oğlunu öldürməsini əsaslandırmağa vaxt qazana bilmir. Əgər “Ardak” tərcümədə olduğu kimi torpaq mənasını ifadə edirsə, yenə də, damdan yeməyin içinə tökülən torpaq, qadın-torpaq, parçalanmış torpaq kimi yozumlarda mənalana bilmir.

Siyamək Ətanın “Doğum günü” filmi birgə ad günü keçirib əylənmək istəyən gənclərin həyatından bəhs edir. Polisdən, valideynlərindən gizli boş evdə ad günü edib əylənən gənclərin gecəsi korlanır. Onlar arzuladıqları sərbəstlikdən ilk növbədə özləri qorxur. İlk baxışda olduqca səmimi və bir-birini sevən görünən gənclərin az zaman içində bu qədər yaxınlığının, əslində, içdən olmadığını öyrənirsən. Adi sürpriz sevgililər də şübhə oyadır, tapılmış hamiləlik müayinəsi kağızı gənclərin davasına səbəb olur. Polis hər yerdədir, biz kimisə təhdid edən hansısa polis görmürük, amma onun işıqları hər yerdədir - küçədə, evdə, azadlıq arzulayan gənclərin elə öz daxilində. Guya sərbəst gənclərin tutqun görünən Solmaza “Şən ol, rahatlan, əylən” kimi iradlarının, əslində özlərinə təsəlli olması aydınlaşır. Hamilə olduğu üçün başı bəlada olan Solmaz tanımadığımız birinin motosikletinə minib harasa gedir. Yuxarıda arzuladıqları azadlığı bir-birinə bağışlaya bilməyən gənclər dalaşır. “Doğum günü” sözü həm də Solmazın hələ doğulmamış körpəsinə aiddir. Biz hələ doğulmamış körpənin hansı dünyaya gəldiyini artıq görürük. Gənclərin “Mafiya” oyunu kimi polisin oğrunun, mafiyanın iştirak etdiyi oyunu seçməsi də filmə çoxqatlılıq gətirir. Cəmiyyət həyatından fraqmental bir səhnə təqdim etmək üçün bir qısametrajlı filmə bu qədəri yetərlidir.

Leyla Novruzinin “Mən İsmətəm” filmi heyvanlara sevgi, şəfqət göstərən İsmət adlı yaşlı qadından bəhs edir. O, itlərə pişiklərə, quşlara – küçədə rastlaşa biləcəyimiz heyvanlara yemək verir, tumarlayıq, sevgi göstərir. Buna görə, onu “dəli” adlandıranlar, qınayanlar, hətta döyənlər var. Amma İsmət bu sevgiyə dinə tapınan kimi tapınıb.

Sənədli film boyunca qəhrəmanının portretini müsahibə-reportaj, bədii səhnələrlə çatdırmağa çalışan rejissor əsas məramının heyvansevərlik və ya heyvanların müdafiəsi kimi bir fikir olmadığını söylədi: “Mənə İsmətin özü bir insan kimi maraqlı idi. Onun heç nəyə baxmayaraq yoluna davam etməsi, əzmindən dönməməsi maraqlı idi. Özünün filmə həvəsli olması, proses boyunca mənə yardımçı olmağa çalışması da xoş idi”.

Küçədə addımladıqca kameranın onunla yanaşı “addımlaması” tamaşaçını qəhrəmanla maksimum yaxınlaşdırır, həyata onun gözündən baxmaq kimi bir məqsədi vizual olaraq həll edir.

“İti öldürmək də insanı öldürmək kimi cinayətdir. Cinayətin böyüyü, balacası olmur” - deyən İsmətin əqidəsi yolunda həbsdə belə yatması onun yolunu daha aydın edir. İsmət haqqında pis-yaxşı danışan adamlar İsmətin portretinin fonunda qalır. “Mən İsmətəm” – özü haqqında ən yaxşı İsmət özü danışır…

Rza Cəfərzadənin “Daş abidə” filmi isə ideyanın təsvir həllinə görə filmlər arasında xüsusilə seçildi. Özünü öldürmək istəyən, ölüm-qalım gərginliyi yaşayan bir adam qayalıqların arasındadır. Tam qətiyyətlə tapançanı gicgahına dirəyərkən, başının üzərindən uçan quşun səsi onu əl saxlamağa vadar edir. Daha bir dəfə qətiyyətini toplarkən, ətrafdakı müxtəlif fiqurlu qayalıqlar diqqətini çəkir. Bunlardan biri xüsusən ilgincdir – bu qaya başına daş düşmüş insan kəlləsinə bənzəyir. Qətiyyətini gah itirən, gah toparlayan qəhrəman özü ilə oyun oynamaq – rus ruleti oynamaq qərarına gəlir: tapançanın barabanındakı güllələrin hamısını boşaldıb yalnız birini saxlayır. Bu, onun üçün altıdan bir ölüm riski deməkdir. Ruleti başına daş düşmüş insan kəlləsinə bənzəyən qaya ilə oynayır.

Beşinci güllə də boş açılanda qəhrəman tapançanı qayaya tuşlayır. Güllə açılır, amma burada ondan da böyük oyun qurmuş biri var: qayaya dəyən güllə daşı yerindən oynadır, daş eynən o qayadakı kimi intihar-intihar oynayan qəhrəmanın başına düşür. Yerə yıxılan gərgin qəhrəmanı təbiət özü yuyub qurudur, üstündən yağışlar yağır, çaylar axır və ona daha bir dəfə yaşamaq şansı verilir. Bu dəfə artıq o, əvvəlki gərgin adam ola bilməz. Film həm də təbiətə buraxsan, problem deyə bir şey yoxdur deyir. Daş arxetipi də filmi çoxyozumluluğa aparır. Təbiət təsvirlərindən bəhs edən sənədli filmlərin üslubunda çəkilməklə filmin ideyası, gücü daha da artır. Ağ-qara filmdə qəhrəmanın qayalıqlarda itməsi kimi kadrlar da təbiətin istənilən canlını özündə əritməsi kimi möhtəşəmliyini ifadə edir.

“Filmi Şirvan dərəsində, Savalan dağının ətəklərindəki qayalıqda çəkmişəm. Amma məkanı görüb filmi çəkməmişəm. Ssenaridə səhrada özünü öldürmək istəyən adamdan bəhs olunurdu. Məkanı görəndən sonra bu filmə yeni həll gəldi.

Alber Kamyu deyir ki, bizim edə biləcəyimiz, özümüzə aid bir fəlsəfi məsələmiz var, o da özümüzü öldürməkdir. Bunu Kamyu niyə deyir? Çünki bu yeganə məqamdır ki, insan durub “mən” deyə bilir. Soykökünü belə özü seçməyən insanın əlində özünə aid olan heç nə yoxdur. Filmim deyir ki, heç intihar da insanın iradəsindən asılı deyil. Amma bircə məsələ var, insanın özünün oyunda olmasını bilməsi ya bilməməsi... Bilməsi nəsə başqa bir şeydir, dəhşətli bir şeydir. Şahmat oynadığın yerdə apardığın fiqurun dönüb sənə baxması kimi bir şeydir.” - deyə Rza Cəfərzadə filmini şərh edir.

“Daş abidə” dünən nümayiş olunan filmlər arasında yeganə sözsüz, həm də ən çox müzakirə və təhlil olunan film olur. “Sərhədsiz kino” kateqoriyasına aid olmaq üçün üstün keyfiyyətləri olan film kimi…

# 1511 dəfə oxunub

Müəllifin son yazıları

# # #