196 dəqiqəyə 8 baxış

196 dəqiqəyə 8 baxış
22 sentyabr 2014
# 14:00

Türk rejissoru Nuri Bilgə Ceylanın builki Kann festivalında “Qızıl palma” mükafatı almış “Qış yuxusu” filminin bu yaxınlarda Bakıda premyerası oldu. Filmə baxan Kulis.az yazarları “Qış yuxusu” haqqında fikirlərini bölüşürlər.

Qan Turalı: “Qış yuxusu” filmi ilə Ceylan dil açdı. Bu film XIX əsr filmidir. Özünü cəmiyyətdən təcrid edən Aydın (aydın) öz kiçik hotelində həyat sürür.

Onun instinktləri saxta zadəgan instinktləridir, yüksək ideallar haqqında boşboğazlıq edir, lakin yoxsulluq içində boğulan bir ailəni bağışlamır.

Film onun simasının açılmasına xidmət edir.

Aydın xırda burjua baxışı ilə kiçik bir dünya yaradıb və bu dünyanın qanunları ilə hamıya məhkəmə qurur.

Lakin həyat bambaşqadır və gerçək həyatla toqquşan Aydın təslim olur.

Filmdə rus ədəbiyyatından çoxlu təsirlənmələr var. Aydının evə qayıdışı isə mənə Tolstoyun Yasnaya Polyanadan getməsini xatırlatdı.

Pulun yandırılması səhnəsi “İdiot”u andırdı.

Ceylan bu filmdə özünün ədəbi istedadı ilə ortadadır, nəinki rejissor.”

Ağa Cəfərli: “Nuri Bilgənin qəhrəmanı qış yuxusuna getmiş canlıdır. Və o, “yuxuda” gördüklərinə inanır. Onu oyatmaq cəhdlərinə isə instinktiv reaksiya verir.

Aydın özünü ciddi yazar hesab edir, müdrik görkəmlə müxtəlif məsləhətlər verir, insanları düz yola çəkmək cəhdləri göstərir.

Ancaq onun bacısı ilə uzun-uzadı söhbətlərindən belə məlum olur ki, Aydın əslində elə də ciddi yazar deyil. Onun yazdıqlarını əslində beş-üç nəfərdən başqa oxuyan yoxdur. Bilmədiyi mövzulardan yazır. Qaloşu palçıqlı kənd insanlarını aşağılayır.

Kompüterinin yanı kitablarla dolu olan Aydın bacısının danışdıqlarına təəccüblənir. Halbuki, bacının danışdıqları yeni bir şey deyildi, “İncil”dən, “Səfillər”dən, “İdiot”dan gəlirdi. Və bu məqam göstərir ki, o, heç ciddi intellektual da deyilmiş.

Aydının bacısı ilə söhbətləri mənə xeyli maraqlı gəldi, görünür, Azərbaycanda xeyli aktual olan bu mövzu Türkiyə üçün də aktuallığını itirməyib. Və qəhrəmanın adının Aydın olması da belə görünür ki, təsadüfü deyil.

Aydını “yuxudan” ayıltmaq istəyənlərdən biri də onun həyat yoldaşıdır. Həyat yoldaşının dediklərindən isə belə anlaşılır ki, Aydın kinli və xəbis insandır. Aydının belə olduğunu biz filmin başqa epizodlarında da görürük.

Aydını yuxudan oyatmaq cəhdləri alındımı? Aydın sanki nələrisə anladı, ancaq məncə alınmadı...”

Mirmehdi Ağaoğlu: “Qış yuxusu” həmişə sözə xəsislik edən Nuri Bilge Ceylanın digər filmlərindən fərqli olaraq “bol sözlü” və daha ədəbidir. Qəhrəmanlar - Aydın bacısı Necla və xanımı Nihal dəfələrlə müxtəlif bədii əsərlərin mövzusu olmuş məsələləri müzakirə edib təhlil edirlər. Bu yerdə Aydın tamaşaçıya Yasnaya Polyanada yaşamış Tolstoyu xatırladır. Amma bu dəfə tərsinə. Ceylanın “Tolstoyu” hər cür zorakılığa qarşı mərhəmətli olmağı qəbul etmir.

Böyük bir mülk və hotel sahibi olan Aydın, demək olar ki, təsərrüfat işləri ilə məşğul olmur. O, göylərlə əlləşir. “Türk teatr tarixi”ni yazmağa çalışır. Əsl teatr, film isə ətrafında baş verir. Atasından qalma kirayə evdə yaşayan yoxsul ailə kirayə pulunu ödəyə bilmədiyinə görə Aydının işçiləri tərəfindən təhqir olunub. Onlar da evdən çıxmamaq üçün “böyük həqiqətlər”lə çarpışan Aydına minnətçi düşürlər, azyaşlı uşağı ondan üzr istəməyə vadar edirlər. Aydın “Əslində mən əl öpdürməkdən xoşlanmıram” desə də saxtakarcasına ekrana gülümsəyərək əlini qabağa uzadır.

Aydının digər davranışlarında da saxtakardır.

Keçmiş teatr aktyoru, qalın-qalın kitablar oxumuş, türklər demiş, kültürlü Aydın bu əyalət qəsəbəsində gördüyü hər şeyi mədəniyyətə bağlayır. Bacısından fərqli olaraq bütün bunların səbəbini – yoxsulluğu görmür.

“Qış yuxusu” Çexov hekayələrindən təsirlənərək çəkilsə də filmdə Tolstoya, Dostoyevskiyə, Vüktor Hüqoya, Frans Kafkaya göndərmələr, işarələr görürük.

Filmdə mərhəmət məsələsi mənə Trierin “Doqvill” filmini xatırlatdı. Məncə Trier mərhəmət məsələsinə daha ciddi, daha amansız yanaşmışdı.

Ceylanın budəfəki filmində onun ənənəvi uzaq planlarını və fotodan gəlmə kadrları görmədik. “Qış yuxusu”nun koloritli dekoru üç saat 20 dəqiqəlik filmi baxımlı edir. Xüsusən atın əhliləşdirilməsi səhnəsi çox təbii idi”.

Sevinc Çılğın: “Dialoqlar üzərindən qurulmuş bir romanı səsli gördüm. Zamanın necə gəlib necə getdiyini bilmədim. Sanki kənardan birinin həyatını montajsız seyr edirdim. Müasir insan, ziyalı, yazar, nəzəri düşündüklərini şəxsi həyatında praktik olaraq tətbiq etməyən, ziddiyyətli yaradıcı adamın gəl-getləri, sahib olduğu şeyləri özününküləşdirib şəxsi mükəlləfiyyəti kimi davranışları...

Əsas maraqlı tərəfi isə qəsr məfhumu idi - hadisələr "qəsrdə" baş verir. Adam və situasiya "qəsrdən" kənara çıxa bilmir. Böyük "qəsrdə" (yaşadığı yerdə) kiçik "qəsrin" (öz içinin) bərqərar olması, çevrə boyunca dolaşması...

Rejissor, kamera, aktyor oyununu mükəmməl adlandırıram. Dialoqlar son dərəcə təbii, gözəl, axıcı idi. Ən çox diqqətimi çəkən isə mübahisələr oldu. Söhbətdən mübahisəyə keçidlər daha real, daha təbii idi. Personajlar isə bizim tanıdığımız adamlar idi (ədəbi mühitimizi çox xatırladırdı). İntellektual kütlə üçün nəzərdə tutulmuş bir filmdir məncə, yəni görünən bir idisə görünməyən də vardı ki, onu ikinci gözlə görmək olardı”.

Vüsalə Məmmədova: “Belə qış yuxusuna getməyi heç vaxt istəməzdim. Başa düşürəm, bəzi insanların yanında xoşbəxt olmağın tək yolu qış yuxusuna getməkdir. O baxımdan filmi dəyərləndirdim. Amma təkrar baxmaq istəməzdim. Film daha çox Azərbaycan teatrına oxşayırdı – SÖZÇÜLÜK! Kadrlardan çox obrazlar danışırdı ki, bu bir tamaşaçı kimi məni yorur. Qisası, mən o tamaşaçılardanam ki, filmə baxanda sonra gərək hamı gedib yatsın, mən divanın bir küncünə çəkilib susum, hamıdan zəhləm getsin və s. “Qız yuxusu”ndan sonra rahatca çantamdan Orhan Pamukun kitabını çıxarıb oxumağa davam etdim.”

Könül Həsənqulu: “Bu filmdə diqqətimi çəkən məqamlardan biri sahibkar simasının qabarıq şəkildə göstərilməsi oldu. Belə ki, filmin qəhrəmanı – sahibkarın yanına, kəndin uzaq yolunu piyada gəlmiş kirayənişin boğaza qədər palçığa batan ayaqqabılarını girişdə soyunur ki, onların döşəməsini bulamasın. Kirayənişin ona ailəsinin maddi sıxıntısını izah edəndə, o, otağın havasından şikayətlənir və durub pəncərəsini açır. Sonunda isə kirayənişindən bir daha ona belə mövzularda müraciət etməməsini xahiş edir. Bu xırdalıqlarla bilavasitə məşğul olan işçilər təyin etdiyini söyləyir. Nəticədə, axşam kompüter arxasına keçər-keçməz o zavallının ayağından gələn pis qoxunu da köşə mövzusu edib, şəxsini qınaq obyektinə çevirir.

Digər bir məqam isə, qəhrəmandan cana gələn həyat yoldaşının bir müddət ondan ayrı yaşamaq istəyini söylədikdə çıxardığı nəticə oldu. Bu dəfə o, xanımına mənəvi məzuniyyət verib, onu İstanbula göndərməkdənsə, bir neçə gün əvvəl aldıqları bəmbəyaz, çöl atının ipini açıb azadlığa buraxır. Belə...”

Elmin Həsənli: “Nuri Bilge Ceylanın həsrətlə gözlənilən “Qış yuxusu” filmini nəhayət Bakıda izləyə bildik. “Üç saat orda nə edəcək? Bu qədər müddətə Nuri Bilge izləmək olarmı?” deyirdilər. Sən demə hətta Kann festivalının juri heyətinin sədri də belə düşünürmüş. Hətta qorxurmuş ki, tualetə getmək istəyər, amma çıxa bilməz zaldan. Yeri gəlmişkən, “Qış yuxusu” filmi indiyə kimi “Qızıl palma” almış ən uzun filmdir.

Şəxsən mən filmi izləyərkən qətiyyən sıxılmadım. Film boyu adam özünü bəzən kinoteatrda, bəzən isə teatr zalında hiss edir... Hər halda bəzi səhnələr bizim üçün çox tanış idi. İçki məclislərində yüz qram içdikdən sonra intellektual söhbətlər edib hər şeydən danışıb, əslində heç nə deməyən adamlar. Yazdıqlarından heç nə başa düşmədiyimiz “filosoflar”, xalqdan uzaq düşmüş, guya maddiyyatın fövqündə olan, amma “170 lirə”nin söhbətini edən, gəlirini-çıxarını əslində çox yaxşı bilən “aydınlar”ı görməmişikmi ətrafımızda? Dindən, Allahdan danışıb, başqalarının dalınca söyüş söyən ikiüzlü “hocalar” görmədikmi? Tanış obrazlar, tanış dialoqlar və tanış səhnələr darıxmağa qoymur adamı.

Film boyu paralel olaraq iki ailənin taleyini izləyirik. Biri “can sıxıntısı”ndan, biri isə “maddi sıxıntı”dan əziyyət çəkir. Amma filmin baş qəhrəmanı Aydın can sıxıntısından əziyyət çəkdiyini inkar edir. O deyir ki, can sıxıntısı lüksdür. Heç vaxt belə bir hiss yaşamayıb. Buna vaxtı olmayıb. Guya kitablar, intellektual fəaliyyət onu sıxılmağa qoymayıb. Amma onun qeyri-səmimi olduğu tamaşaçıya aydındır. 25 il aktyor kimi işlədikdən, məşhur olduqdan sonra hər şeyi atıb atasından qalan mülklərə sahib çıxmaq və İstanbuldan uzaqlaşmaq üçün kəndə gəlib. Burda yerli qəzetlərin birinə köşə yazır. Öz üzərinə insanları maarifləndirmək üçün ağır missiya yükləyib. Amma onun yazılarının oxunmadığını, heç kimə lazım olmadığını bacısı acı bir həqiqət kimi Aydının üzünə çırpır. Bir köşə yazarı kimi cəsarətsizlikdən əziyyət çəkir Aydın həm də. Dindarlar haqda yazdığı yazının çox sərt olub-olmamağı onu narahat edir.

Onun gənc həyat yoldaşı da var. Yaraşıqlı, xarizmatik aktyora vurulan, ona ərə gedən, bir müddət sonra isə reallıqlarla qarşılaşdıqda xəyal qırıqlığına uğrayan Nihal. Uzun müddətdir aralarında heç nə yaşanmaması da Aydının bir kişi kimi zəifliyini göstərir. Şəhər həyatından uzaqda yaşayan bu gənc qızın mimikası, qrimi, səs tonu onun burda şam kimi əridiyini göstərir... O “sağ qalmaq üçün” xeyriyyə təşkilatı da yaradır. Və hadisələr bu təşkilatın evdə keçirilən “gizlin” iclasından sonra açılır. Nihal haqsız yerə Aydını iclasdan qovur...

Filmin süjetini burda yazmağım mənasızdır məncə. Düşündürən film izləmək istəyirsinizsə, məncə gedib kinoteatrda “Qış yuxusu”na mütləq baxmalısınız.”

Cavid Zeynallı: “Qış yuxusu” Türk kinosunun son illərdəki uğurlarından növbətisidir. Və əlbəttə, bu film sübut elədi ki, türk kinosu özünün intibah dövrünü yaşayır. Filmdə hamı bədbəxtdir: ər də, arvad da, bacı da...

Xüsusən, xaraktercə təzadlı olan, ziyalılığın, xeyriyyəçiliyin imitasiyası ilə məşğul olan ailə başçısının simasında Nuri Bilgə Ceylan müasir cəmiyyət üçün ciddi mesaj verib. Bu mesajdan qəzetə (oxu: sayta) əxlaqi-dini məqalələr yazan bizim bəzi həmkarlara da xeyli pay düşür.

Filmdəki hadisələri, qoyulan sualları təkcə Türkiyə cəmiyyətinə aid etmək olmaz. Bu, əslində, bütün cəmiyyətlərin dəqiq diaqnozudur.”

# 3910 dəfə oxunub

Müəllifin son yazıları

# # #