Seriallarımızda niyə öpüşmürlər? - MÜKALİMƏ

Seriallarımızda niyə öpüşmürlər? - <span style="color:red;">MÜKALİMƏ
17 fevral 2015
# 14:58

LAYİHƏ - ALT QAT

Milli seriallarda öpüşmə səhnələri. İlk baxışdan çəkicidir. Milli hara, öpüşmə hara. Bədii kinomuzda barmaqla sayılacaq qədər belə fakt varsa, kütləvi janr olan serialda necə olsun? Serialın “olmaz”ları sırasına öpüş səhnələri daxildirmi? Ümumiyyətlə, bunsuz da ötüşən milli seriallar üçün bu, nə qədər vacibdir?

“Toy gecəsi” serialının ssenari müəllifi Samir Sədaqətoğlu mətnində belə epizodların olduğunu söylədi: “Ssenaridə öpüşmə epizodu var idi, amma olduğu kimi çəkilmədi. O səhnə sıradan bir epizod kimi salınmamışdı. Qəhrəmanlar (Dəniz Tacəddin və Namiq Qaraçuxurlu) hisslərini uzun müddət bir-birlərinə etiraf edə bilmirdilər, çox böyük çətinlikdən sonra sevgilərini belə bildirirlər. Bu öpüşmə səhnəsinə ehtiyac var idi, nəyinsə xatirinə deyildi. Bu səhnə bir gizli eşqin, sevgi etirafının, intizar dolu süjet xəttinin möhürü idi. Yəqin ki, mentaliteti nəzərə alıb bu yerləri çıxardılar, Dəniz xanım gənc bir xanımdır, bəlkə də o, istəməyib...

Qaldı ki, milli seriallarda belə epizodların olmasına... İnsanların ağrı-acıları, əsəbləri kimi, şəxsi, intim həyatları da var. Elə bir insan varmı ki, öpüşməsin? Yəni, filmin həyatiliyi və ya təbiiliyi üçün bu epizodlar da bəzən lazımdır. Düzdür, bizim cəmiyyət bir az bu məsələlərə həssas yanaşır, bir az da yaradıcı insanlarda komplekslər var. Bizim serial ATV kanalında yayımlanırdı, məncə ATV bu sərhədləri gözləyən bir kanaldır...”

Reytinqli seriallardan birinin - “Həyat sən nə qəribəsən?” serialının baş rol ifaçılarından biri Asya Atakişiyeva çəkildiyi serialda belə epizodların olmadığını bildirdi. “Əlbəttə, olsa da razılaşmazdım... Ümumiyyətlə, bu mövzuda adımın çəkilməsini istəmirəm”.

“Ləkə”, “Həyat çiçəyi”, “Sirr” seriallarında çəkilən aktrisa Günel Məmmədova seriallarla bağlı kanalların özünün də belə senzurası olduğunu söylədi: “Kanallar buna imkan vermir gərək ki. Amma düzü, mənim iştirak etdiyim layihələrdə hansısa açıq-saçıq epizodlar və ya öpüşmə səhnələri-filan olmayıb. Olsa da mən çəkilmərəm. Çünki, özüm üçün müəyyən çərçivələrim var amma o demək deyil ki, pis baxıram, xeyr... Sadəcə, bu yanaşma dediyim kimi, individual bir şeydir...”

“Qisas” serialında əsas obrazlardan birini canlandıran aktyor Cavanşir Hadıyev də belə epizodlardan imtina edib: “Ssenaridə belə səhnələr var idi. Ona görə imtina etdim ki... Əvvəla, bu serialdır - kütləvi janrdır. Mənim 15 yaşlı qızım var. Onun baxmasını və ya dostlarının, yoldaşlarının ona bu mövzuda nələrsə deməsini istəmirəm. Yəni, mən bunları düşünüb imtina etdim. Bəlkə də bədii film olsa çəkilərəm. Amma, məncə serial üçün özünü fəda etməyə dəyməz”

“Qız yükü” serialında məhz belə “erotik” səhnələr üzündən “təəssübkeş” saytlar tərəfindən “qoparağı götürülən” rejissor İntiqam Hacılı bütün məsələlərin, peşəkarlıqla bağlı olduğunu söylədi: “Bizdə, məlum olduğu kimi serial sənayesi hələ formalaşayıb. Bir növ axtarışdadır. Həm maliyyə, həm də yaradıcı cəhətdən oturuşmayıb. Yəni, necə maliyyələşir, maliyyə hansı təşkilatlara verilməlidir, kim çəkməlidir, komanda var və ya buna hazırdırmı, ssenariləri kimlər yazır və s. suallar hələ də açıqdır. Dediyim və buna aid unutduğum vacib sualların həll olunması üçün istehsal prosesinin güclənməsi və saflaşdırılması lazımdır. Hazırda aktyor oyunu, rejissor işi problemi ilə yanaşı ilk problem ssenaridir. Daha dəqiq bu ssenariləri kimlərin yazması. Serial sənayesində bu, ən böyük problem yaradan amildi. Bütün problemlərsə göz (ekrandan görürük) qarşısındadır. Həll yolu bu işi bilən adamların icra etməsindədir. O ki qaldı, öpüşmə və ya erotik səhnələrə, əgər serial əsasən ailə-məişət məsələlərinin göstəricisidirsə, burada sözsüz ki, erotika da var. O səhnələrin yersiz və qeyri-peşəkar çəkilməsi bu səhnələri gülünc formaya gətirir. İki nəfəri yatağa uzadıb çəkməklə iş bitmir. Hər səhnənin bir sualı var: nəyə görə?

Telekanallar bununla bağlı heç bir problem yaratmır. Yetər ki, o səhnələrin süjetə dəxli ola və düşük səviyyədə çəkilməyə.

Aktyor və aktrisalara gəldikdə isə, onlara normal qonorar verilsə, onlar da hər bir səhnənin öhdəsindən gəlməyə çalışarlar. Diqqətli olun, aktyor dedim ha, idmançıdan, qohum-əqrəbadan və ya dost-tanışdan yaradılan heyət demədim...”.

# 1796 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #