Pyer Pazolininin son müsahibəsi: “Dünyanın sonunu göstərmək istədim”

Pyer Pazolininin son müsahibəsi:  “Dünyanın sonunu göstərmək istədim”
14 avqust 2022
# 10:00

Kulis.az məşhur italyan rejissoru Pyer Pazolininin son müsahibəsini təqdim edir.

– Maliyyə uğuru olmadan İtaliyada film çəkməyi davam etdirmək mümkündürmü?

– Ola bilər. Filmin uğursuzluğu təkcə maliyyə məsələsi ilə bağlı olsa belə, əgər film yaxşı filmdirsə, rejissor yenə də başqa filmlər çəkməyə davam edə bilər.

Kino sahəsində təhsiliniz varmı?

– Xeyr. Heç bir təhsilim toxdur. Bu sahədə təhsili əsasən filmlərə baxaraq əldə etdim. Bir də, iki böyük ehtirasım vardı. Bunlardan biri Çarli Çaplin, digəri isə Kenzo Mizoquçi idi. Bu iki şəxs filmlərimdə baş verən hər şeyin iki qütbünü təmsil edirlər. Əslində mənim filmlərim üslubçuların “komediya” və “uca” kimi qiymətləndirdiyi üslub kateqoriyalarının bir qarışığıdır. Misal üçün son dərəcə uca və üslubçu dəyərlərə malik olması lazım gələn “Kral Oidipus” filmində belə araya komediya ünsürləri qarışmışdır. Ancaq komediya sözünə çox adi məna yükləməməyə diqqət etməliyik…

– Siz yazıçı idiniz. Hələ də yazmağa davam edirsiniz? Elə isə film çəkməyə necə qərar verdiniz?

– Bu çox uzun hekayədir. On səkkiz yaşım olanda rejissor olmaq istəyirdim. Sonra müharibə başladı. Müharibənin başlanması ilə bütün ümidlər və imkanlar yox oldu. Daha sonralar da üst-üstə xeyli hadisələr baş verdi. İlk romanım “Həyat oğlanları”nı nəşr etdirdim. Roman İtaliyada xeyli uğur qazandı. Və ard-arda xeyli ssenari yazmaq təklifləri aldım. “Akkatone” filmini çəkdiyim zaman əlimə ilk dəfə idi ki, kamera götürürdüm. O zamana qədər bir foto da çəkməmişdim. Əslinə baxsanız indi də yaxşı foto çəkə bilmirəm.

Gələcəkdə özünüzü harada görürsünüz? Ədəbiyyatda, ya kinoda?

– İndiki düşüncəmə görə bir neçə film çəkdikdən sonra özümü tamamilə ədəbiyyata həsr etmək istəyirəm.

– Bunu səmimi olaraq deyirsiniz?

– Bəli, bu an səmimiyəm. Yəni elə olduğumu zənn edirəm.

Film çəkmək yorucu işdir. Baxmayaraq ki, bu İtaliyada daha əyləncəli bir iş kimi görünür. Sizcə italyanlar daha çox əylənir?

– Mən çox əylənirəm. Bu möhtəşəm bir oyundur. Əlbəttə, həm də yorucudur. Çünki filmlərimin kinooperatoru da mən olduğum üçün özümlə həmişə kamera gəzdirməli oluram. Bu da adamdan güclü əzələ istəyir. Ancaq bütün bunlara baxmayaraq film çəkmək mənim üçün çox əyləncəlidir.

Peşəkar olmayan aktyorlara üstünlük verirsiniz. Necə işləyirsiniz? Əvvəl bir məkan tapıb, sonra oyunçuları seçirsiniz?

– Xeyr, tam olaraq belə olmur. Əgər filmim fəhlə sinfi şəraitində keçirsə, adi işlərdə işləyən kişi və qadınlar seçirəm. Peşəkar olmayan aktyorlara üstünlük verirəm. Çünki orta sinifə mənsub aktyorun bir kəndlinin və ya fabrik işçisinin obrazını yaradacağına inanmıram. Dözülməz dərəcədə saxta olurlar. Amma burjua məkanlarında cərəyan edən film çəkirəmsə, bir vəkil və ya mühəndisdən filmimdə iştirak etməsini istəyə bilməyəcəyimə görə peşəkar aktyorlarla işləyirəm. Təbii ki, İtaliyadan danışıram. İsveçrədə olsaydım yəqin ki, həmişə peşəkar aktyorlarla işləyərdim. Çünki artıq orada orta siniflə fəhlə sinfi arasında bir fərq yoxdur. Fiziki fərqlərdən bəhs edirəm; İtaliyada orta sinif və fəhlə sinfi insanları arasında, qara və ağ insan arasında olduğu qədər fərq var.

– Burjua və burjuaziyaya qarşı yenə də kinlisiniz?

– Bu kin deyil, daha çox həm artan, həm də azalan bir şeydir. Təəssüf ki, bu nöqtədə kinə qarşı çıxıram. Çünki İtaliyada hər kəs burjua oldu.

Bəs, burjualar sizin filmlərinizdən birinin uğurunu ötüb keçərsə, bu sizi incidər?

– Burjualar heç vaxt belə bir şeyi edə bilməzlər. Bunu etsə, etsə elit burjualar edər ki, mən özüm onların içərisindəyəm.

– Nə üçün vuruşmursunuz?

– Hansı mənada?

– Artıq bir siyasi döyüşçü deyilsiniz.

– Bu gün heç zaman olmadığı qədər siyasi savaşın içərisindəyəm. Bu vaxta qədər heç bir partiyaya üzv olmamışam. Mən müstəqil marksistəm. Döyüşməyə yenə də davam edirəm.

– Siz həm şair, həm də rejissorsunuz. Bu iki rol arasında bir əlaqə var?

– Mənə belə gəlir ki, hər ikisi arasında dərin bağlılıq var. Sanki bir yox, iki ana dili olan yazıçı kimiyəm.

– İsveç kinosu haqqında nə bilirsiniz?

– Bütün italyan intellektualları kimi İnqmar Berqmanı tanıyıram. Başqa heç kimi tanımıram. Bir çox isveçli kinomatoqrafların adlarını bilirəm. Ancaq filmlərini izləmədim.

– Heç izləmədiniz?

– Heç. Roma bərbad şəhərdir. Müstəqil filmlər var. Lakin onları seyr etmək fürsətini çox az hallarda tapmaq olur.

– Son filminiz Sodom haqqındadır…

– İlk dəfədir ki, başlanğıcda ideyası mənə aid olmayan film çəkmişəm. Bu film əslində Sergio Cittiyə təklif edilmişdi və mən də hər zamankı kimi ssenariyə kömək edirdim. Zamanla Sergio filmə qarşı olan marağını itirdi. Mən isə əksinə ssenarini daha çox sevməyə başladım. Sergio başqa bir ssenari üzərində işlədi və filmin çəkilişindən tamamilə uzaqlaşdı. Bu səbəbdən də həmin filmi mən tamamlamalı oldum. Markiz de Sadın əsəri əsasında çəkilən bu film əsasən eyş-işrətin təmsili ətrafında inkişaf edir.

– Nə üçün filmdəki hadisələrin 1945-ci ilə təsadüf etməsini istədiniz?

– Dünyanın sonunu göstərmək istədim. Məncə 45-ci il şairanə bir seçim idi. 37, 38, 39-cu illər də ola bilərdi. Amma o zaman film mən istədiyim kimi şairanə məna daşımayacaqdı.

– O dövrü nə üçün şairanə hesab edirsiniz?

– Dekadentlik və hərc-mərclik baxımından şairanədir. Ssenaridəki hadisələr nasizmin təmtəraqlı günlərində cərəyan etsəydi film çox dözülməz olardı. Bütün olanların artıq son günlərdə baş verdiyini və tezliklə hər şeyin bitəcəyini bilmək tamaşaçıya bir yüngüllük hissi verir. Bu film böyük ölçüdə “həqiqi anarxiya”, yəni hakimiyyətin anarxiyası üzərinə hesablanıb.

– “Salo və ya Sodomun 120 günü” filminizdə yüzlərlə gənc kişi və qadın aktyorların dəhşətli və amansız rəftara məruz qaldığını, təhqirlərə və işgəncələrə tabe olduğunu bilirik. Bu gəncləri bir yerə necə topladınız?

– Bunu edərkən Markiz de Sadın sehrli rəqəmlərini izlədim. Qurbanlar bütövlükdə iyirmiyə qədərdir. Yüz deyildi. Onları seçərkən digər filmlərimdəki kimi hərəkət etdim. Yüzlərlə insanla tanış oldum və sadəcə uyğun olanları seçdim.

– Bunlar mazoxist aktyorlardır?

– Seçdiyimə görə, hamı mazoxistdir.

– Son filmlərinizdə dini ünsürlər yoxdur.

– Son filmlərimdə dini ünsürlərin olmadığına o qədər də əmin deyiləm. Misal üçün “Min bir gecə çiçəyi” filmində bütün filmə yayılmış dini ton mövcuddur. Təşkilati bir dindarlıq yoxdur, ya da birbaşa dini mövzudan bəhs edilmir. Amma mistik və məntiqdən kənar bir vəziyyətin olduğu yəqindir. Xüsusilə də filmin mərkəzində yer alan “Ninetto” hissəsində.

– Neo-faşist hərəkət üçün nə deyəcəksiniz?

– Faşizm öldü. Çünki faşizm artıq heç bir məna ifadə etməyən tanrı, ailə, vətən və ordu kimi sözlərə söykənirdi. Artıq bayraq görəndə həyəcanlanan italyanlar qalmayıb.

– Bu gün İtalyan cəmiyyətində ümumi olaraq özündən qopma, uzaqlaşma halı müşahidə olunur. Sizcə də belə deyilmi?

– İstehlakçılığı klassik faşizmdən daha təhlükəli hesab edirəm. Çünki həmin ruhani faşizm İtalyanları dəyişdirmədi. Onların daxilinə sirayət edə bilmədi. Totalitar idi. Amma total olaraq yayılmadı. Bir misal verim sizə: Faşizm 20 il ərzində dialektləri yox etməyə çalışdı, amma müvəffəqiyyət əldə edə bilmədi. İstehlakçılıq isə əksinə qoruyucu kimi görünərək dialektləri yox edir.

– Sizcə bu qüvvələr arasında bir tarazlıq varmı?

– Xaotik tarazlıq var.

– Bu xaos nədən qaynaqlanır?

Bu italyanların "böyümə" böhranıdır. İtaliya inkişaf etməmiş bir ölkədən inkişaf etmiş bir ölkə mövqeyinə çox sürətli keçid etdi. Və hər şey beş, altı, yeddi ildə baş verdi. Bu kasıb bir ailəni birdən-birə milyarder etməyə bənzəyir. Şəxsiyyətlərini itirirlər. İtalyanlar şəxsiyyətlərinin itdiyi bir prosesdən keçir. Halbuki başqa ölkələrdə bu inkişaf və şəxsiyyətlərini mərhələ-mərhələ itirmə halını son 200 ildə yaşayıblar.

Tərcümə etdi: Samirə Əşrəf

# 3194 dəfə oxunub

Müəllifin son yazıları

# # #