Kulis.az Günel Mehrinin Elvin Əhmədoğlunun "Səma xanımı" filmi haqqında yazdığı “Səma xanımı” mənim rakursumdan" adlı yazısını təqdim edir.
Yəqin ki, uşaq vaxtı hər birinizin uçmaq arzusu olub. Kimimiz düzəltdiyimiz kağız təyyarə ilə, kimimiz çərpələnglə qaçaraq uçmağı, səmanın o sonsuz ənginliklərinə baş vurmağı xəyal etmişik. Quşlar tək azad olmaq, göy üzündə elədən-beləyə, belədən-eləyə süzmək heç nə ilə müqayisə olunmayacaq bir duyğudur, deyilmi? Təəssüf ki, hər kəs xəyallarının ardınca gedə bilmir. Amma o getmişdi. Daha doğrusu, günün birində qanadlanıb quş kimi uçmuş və cəsarəti ilə səmaları fəth etmişdi. Özü də ötən əsrin 30-cu illərində Azərbaycan qadınının təhsilsiz, hüquqsuz olduğu, çadra altında yaşadığı bir dövrdə... Əbəs yerə müasirləri ona “Səma xanımı” demirdilər ki...
Leyla Məmmədbəyova
Söhbət Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovadan gedir. Bu xanımın maraqlı həyat yolunu illər öncə onun haqqında hazırlanan bir verilişdə izləmişdim. Elə oradan da məlumatım var idi ki, Leyla xanım həm də SSRİ-nin ilk qadın paraşütçülərindən biri olub. Yaşadığı dövrdə medallarla təltif edilən təyyarəçinin qorxmaz ruhuna şeir belə yazılmış, hətta 1934-cü ildə çəkilmiş “İsmət” adlı bədii film də ona həsr edilmişdi. Amma həmin film səssiz idi və yalnız bəzi dialoqlar rus dilində titrlərlə verilmişdi. Elə bu səbəbdən də həmin film müasir dövrdə geniş tamaşaçı auditoriyası tərəfindən izlənilməmişdi.
Və nəhayət, illər sonra Nizami Kino Mərkəzində Leyla Məmmədbəyova elə öz ailə üzvlərinin iştirakı ilə yenidən yad edildi. Özü də bu dəfə müasir avadanlıqla çəkilmiş və səs-səda doğuran bədii filmlə. “Səma xanımı” adlanan filmin ssenari müəllifi və rejissoru Elvin Əhmədoğlu maraqlı bir iş ərsəyə gətirmişdi. Onun yaradıcılığına uzun illərdir bələd olduğum üçün həm peşəkar operator, həm zövqlü rejissor kimi imza atdığı bir çox layihələrini izləmişdim. Amma “Səma xanımı” real faktlar əsasında çəkilən tarixi bir film olduğu üçün, zənnimcə, daha böyük bir məsuliyyət tələb edirdi. Üstəlik, nəzərə alsaq ki, filmin uçuşla bağlı bir çox səhnələri var idi, bu, çəkilişin çətinliyini daha da artırırdı. Özü də tək çəkiliş heyəti üçün deyil, həm də Leyla Məmmədbəyovanın rolunu ifa edən aktrisa Sabirə Abdullayeva üçün.
Mən hələ filmi izləmədən öncə bu barədə rejissordan xəbər almışdım:
- Uçuş səhnələri necə alınıb?
- Məncə, yaxşı. İndi hər kəs izlədikdən sonra yəqin bir fikir formalaşar. Amma Sabirəyə çətin oldu. Dəfələrlə onu fırladırdıq, uçurdurduq... Alınmırdı, bir də, bir də... Çox əziyyət çəkirdi, yorulurdu, hətta halı pis olurdu... Amma əsas nəticədir də...
Və filmi izlədikdə rejissor və aktrisa tandeminin uğurlu nəticəsini görürəm. Filmin ayrı-ayrı epizodlarında Leylanın gah çadrasından imtina etməsi, gah təyyarəçi kimi səmalara yüksəlməsi, gah da paraşütdən tullanması emosional anlamda izləyicini həm silkələyir, həm də hər şeyin fövqündə onun apardığı mübarizəyə heyrətləndirir. Çünki qəhrəmanın həyat yolu yetərli qədər girintili-çıxıntılıdır. Yəni izlədikcə anlayırsan ki, bu, sadəcə, bir təyyarəçidən bəhs edən melodram deyil, daxilində get-gəlləri olan bir xanımın çox vaxt sözsüz mimikalarla təqdim olunan psixoloji portretidir. Sabirənin yaratdığı obraza baxdıqca sən bu səmimiyyətə inanırsan. Və yarım saat ərzində davam edən filmdə qəhrəmanın keçirdiyi sarsıntıları, sevinci və əzmi onunla birlikdə yaşayırsan, duyğularının selinə qoşulub uçduqca uçursan. Mənə görə bu uçuş gözlərimiz önündə Azərbaycan xanımının yüksələn ümumilədirilmiş obrazı idi. Təbii ki, bu mənada bədii filmdə debüt işi olmasına baxmayaraq, Sabirə Abdullayevanı və onun simasında təyyarəçi Leyla Məmmədbəyovanı görə bilən rejissor Elvin Əhmədoğlunu alqışlamaq lazımdır.
Leyla xanımın bir qadın kimi ən böyük uğuru isə karyerası ilə yanaşı, uğurlu ailə tablosunun olması idi. Bəli, o, çoxuşaqlı ana və ömür-gün yoldaşına sadiq bir xanım idi. Müasir günümüzdə də qadınının uğurlarını sevinclə qarşılayacaq, ona sözün hər mənasında dayaq olacaq həyat yoldaşı hər xanımın arzusudur. Bu mənada, Leyla xanımın bəxti gətirmişdi.
Filmdə təsvir olunan hadisələr ötən əsrin 30-cu illərində cərəyan edirdi. Həmin dövrün qaydalarına görə, nə qədər çətin olsa da, Leylanın oxuyub təyyarəçi olmaq və karyera qurmaq istəyini dəstəkləyən həyat yoldaşı Bəhram Məmmədbəyovun obrazı var. Mən düşünürəm ki, Leyla nə qədər iradəli olsa da, məhz ondan aldığı güc sayəsində əldə etdiyi qələbələrə nail olmuşdu. Qeyd edim ki, filmdə Bəhram Məmmədbəyovun obrazını gənc və istedadlı aktyor Tunar Əlizadə ifa edirdi.
Maraqla qarşılanan filmin qala gecəsində Leyla Məmmədbəyovanın ailə üzvləri, incəsənət xadimləri, media nümayəndələri, eləcə də filmin yaradıcı heyəti iştirak edirdi. Mən də öz növbəmdə bu uğurlu işə imza atan bütün komandanı təbrik etmək istəyirəm: ssenari müəllifi və quruluşçu rejissor Elvin Əhmədoğlu, prodüser Anar Əmirov, rollarda: Leyla Məmmədbəyova - Sabirə Abdullayeva, Bəhram Məmmədbəyov – Tunar Əlizadə, yoldaş Salamov – Faiq Mirzə, bəstəkar Vüqar Məmmədzadə, dialoqların quruluşu Fidan Fərrux, rəssam Pərvanə Məmmədova, qrim rəssamı Nərgiz Atakişiyeva, rejissor assistenti Novruz Məmmədov, Təranə Xəlilzadə...
Filmin mövzusu şəxsən mənim üçün bir qadın və bir Azərbaycan vətəndaşı kimi iki anlamda maraqlı idi. Birincisi, dünyaya Azərbaycan xanımlarının əzmini tarixi faktlarla nümayiş etdirmək. İkincisi, Azərbaycan təyyarəçilərinin şücaətinə bir daha nəzər salmaq. Qeyd edim ki, film ötən ilin dekabrında Aktau şəhəri yaxınlığında qəzaya uğramış Azərbaycan təyyarəsinin şəhid pilotları İqor Kşnyakin, Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın əziz xatirəsinə ithaf edilmişdi.