Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq
29 iyul 2026
# 13:20

Meksikalı rejissor Gilyermo del Toro 2006-cı ildə bir çox kinosevər və tənqidçi tərəfindən şah əsəri kimi qəbul edilən "Panın labirinti" filmini ("El laberinto del fauno") tamaşaçılara təqdim etmişdi.

Kulis.az xəbər verir ki, Franko dövrünün İspaniyasından bəhs edən poetik və qaranlıq nağıl nümayiş olunduğu dövrdə rəğbətlə qarşılanmışdı. Film üç "Oskar"la yanaşı, BAFTA-da "Ən yaxşı xarici dildə film" mükafatını qazanıb və "Qoyya" mükafatlarından yeddi heykəlciklə qayıdıb.

Del Toro indi də filmin 20 illiyini qeyd etmək məqsədilə bərpa olunan "Panın labirinti"nin oktyabr ayında yenidən kinoteatrlarda nümayiş etdiriləcəyini təsdiqləyib. Rejissor bu xəbəri həftəsonu San-Dieqo "Comic-Con" tədbirində paylaşıb və filmin bərpasının süni intellektdən istifadə olunmadan, tamamilə əllə edildiyini vurğulayıb.

Daha əvvəl süni intellektin indiyə qədər yalnız "yarımmaraqlı ekran qoruyucuları" yarada bildiyini deyən del Toro "Panın labirinti"nin 3D versiyasının tamamilə əllə çevrildiyini qeyd edib. Çıxışının əvvəlində "qətiyyən süni intellektdən istifadə olunmayacaq" dedim", – deyən rejissorun bu sözləri zalda alqışlarla qarşılanıb.

Del Toro "Qoruduğumuz şey sənətin gözəlliyi və xilasedici gücüdür. Məsələ təkcə insanların iş tapması deyil; bir sənət ənənəsini qorumaqdır. Əgər bir nəslin bu sənəti öyrənməsinə mane olsanız, o sənətin gələcəyini də onların əlindən almış olarsınız", – deyə bildirib.

Rejissor bu səbəbdən çevrilmə prosesinə xüsusi vaxt ayırdığını qeyd edərək əlavə edib:

"Vaxt xərcləməlisiniz. Hər detalı tək-tək əllə etmək məcburiyyətindəsiniz".

Bu, del Toronun texnologiyaya və onun yaratdığı problemlərə qarşı ilk çıxışı deyil. Ötən il Lümyer Film Festivalında "Frankenşteyn" filmini təqdim edərkən də kinoda süni intellektdən istifadəni qınamış və belə demişdi:

"Təhlükəli zamanlarda yaşayırıq. Duyğularımızdan utanmağımız istənilir; bizə sənətin vacib olmadığı, hətta sənətin lənətəgəlmiş bir tətbiqlə yaradıla biləcəyi deyilir. Sənəti və duyğunu əlimizdən aldıqları zaman bu, bizi faşizmin estetikasına doğru sürükləyir".

"Frankenşteyn" filminə də toxunan del Toro layihənin tamamilə insan əməyi ilə ortaya çıxdığını vurğulayaraq demişdi:

"Bu filmdə bütün çəkiliş meydançaları gerçəkdir. Dekorasiyalar insan miqyasındadır, diqqətlə hazırlanmış miniatürlər var. Bu, insanlar tərəfindən insanlar üçün hazırlanmış bir operadır. Bizə sənətin yalnız zəruri deyil, həm də təcili bir ehtiyac olduğunu xatırlatmaq üçün çəkilib. Və süni intellekt də rədd olub gedə bilər!"

Del Toro süni intellektə yönəlik tənqidlərini daha əvvəl də dilə gətirmişdi. Rejissor 2023-cü ildə Ansi Beynəlxalq Animasiya Filmləri Festivalında etdiyi çıxışda bu ifadələri işlətmişdi:

"İnsanlar mənə süni intellektdən qorxdularını deyəndə "Heç bir zəkadan qorxmayın; axmaqlıqdan qorxun" deyirəm. Hər zəka sünidir. Axmaqlıq isə təbiidir; tamamilə, yüz faiz təbii və orqanikdir. Sabitlikdən qorxun. Əsl düşmən odur".

"Panın labirinti"nin bərpa edilən versiyası isə filmin 20 illik yubileyi çərçivəsində 9 oktyabr 2026-cı ildə ilk dəfə 3D və HDR formatında kinoteatrlarda nümayiş olunacaq.

Gilyermo del Toro kimdir?

Gilyermo del Toro 9 oktyabr 1964-cü ildə Meksikada anadan olmuş məşhur kinorejissor, ssenarist və prodüserdir. O, xüsusilə qaranlıq fentezi, qotik qorxu və nağıl elementlərini ustalıqla birləşdirdiyi misilsiz vizual xəttə malik ekran işləri ilə tanınır. Karyerası ərzində "Panın labirinti" (El laberinto del fauno), "Suyun forması" (The Shape of Water) və "Pinokkio" (Pinocchio) kimi dünyaca məşhur layihələrə imza atıb. O, 2018-ci ildə "Suyun forması" filminə görə "Ən yaxşı rejissor" və "Ən yaxşı film" nominasiyalarında "Oskar" mükafatına layiq görülüb.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər