Məşhur türk şairi: “Azərbaycandakı yazar-şair dostlarıma təklif edirəm ki...” - MÜSAHİBƏ

<b><span style="color:red;">Məşhur türk şairi:  “Azərbaycandakı yazar-şair dostlarıma təklif edirəm ki...” - <span style="color:red;">MÜSAHİBƏ </b>
11 mart 2018
# 15:30

Kulis.az türkiyəli məşhur şair və tərcüməçi, İstanbuldakı Aydın Universitetinin professoru, “Cumhuriyet” qəzetinin köşə yazarı Ataol Bəhramoğlunun APA-ya müsahibəsini təqdim edir.

- 2016-cı ilin sentyabrında poeziya sahəsində Nobel mükafatı sayılan Avropanın “Homer qızıl medalı”nı aldınız. Deyirlər ki, Nobel mükafatı alandan sonra yazarlar dəyərli əsərlər yaza bilmirlər. Siz poeziyanın Nobelini alandan sonra nə etdiniz?

- O vaxtdan bəri “Bir çocuğa layık olmak” adı altında kitabı çapa hazırlamışam - oraya öz şeirlərim və tərcümələrimdən bəzi nümunələri daxil etmişəm. Rəsul Rzanın “Mən istərəm ki...” şeiri də kitabda var. 3-5-ci siniflərdən lisey yaşı da daxil olmaqla, vətən, ana, təbiət sevgisini, sülh ve bəynəlmiləlçilik kimi məfhumları əhatə edən şeirlərim və tərcümələrim kitabda yer alıb. Həyatımın ən mühüm dönəmlərindən birini də mənim məktəb və şagirdlərlə əlaqələrim təşkil edir. Son 2 ildə Türk Eğitim Derneğinin (TED) Batmandan Trakyaya qədər bütün məktəblərinə (təxminən 30 məktəb) getmişəm. Şagirdlərlə görüşmək ruhuma və şəxsiyyətimə son dərəcə zənginlik verdi və Türkiyəyə olan ümidim çox artdı. Bu söhbətimiz Azərbaycanda çap ediləcəyi üçün oradakı yazar-şair dostlarıma təklif edirəm ki, şagirdlərlə görüşsünlər. İbtidai-orta məktəb-lisey şagirdləri ilə görüşlərə gedib, onlardakı təmizliyi görsünlər. Mən şagirdlərlə görüşlərimdə bir şeir oxuyaraq o şeirin mənası, obrazları üzərində fikir mübadiləsi aparırdım, onlara suallar verəndə elə gözəl cavablar alırdım ki, ağzım açıq qalırdı. 2 ildən bəri yay aylarını Foçada keçiririk. Orada “Föça dörtlükleri”- başlığı altında yazdığım şeirləri kitab şəklində çap etdirdim. Çox dəyərli rəssam dostum Sali Turanın çəkdiyi şəkillər kitabımı zənginləşdirdiyi kimi 4 misralıq o şeirlərimin bəziləri Foçanın tarixi yerlərindəki daşların və qayaların üstünə yazıldı. Foça ilə bağlı bu cür gözəl bir iş gördüyümüzə inanıram. Bəzi vaxtlarda qəzetdəki köşə yazılarımın yerinə qoyduğum şeirlərimi “Ne çok hain” – adı altında bir yerə toplayaraq, kitab çıxardım. Təxminən 2 ay qabaq Caddebostan Kültür Mərkəzində kitabın təqdimatı oldu. 1000 nəfərlik salon dolduğu üçün bayırda 500 nəfər üçün stullar qoydular, Türkiyənin tanınmış aktyor və aktrisaları şeirlərimi oxudular. Mən o şeirlərimdə ədəbiyyatın və şeirin diliylə haqsızlıqlara qarşı etirazımı bildirmişəm. Bunun bizim ədəbiyyatımızda da, dünya ədəbiyyatında da saysız-hesabsız örnəkləri var. Bu gün o bayrağı biz daşıyırıq. Kitab yarmarkaları çox önəmilidir. Bu gün Türkiyənin böyük şəhərlərinin hamısında kitab yarmarkaları keçirilir və mən də vaxt tapdıqca kitablarımı imzalamağa gedirəm. Məni təccübləndirəcək qədər çoxlu sayda oxucu növbəyə girərək, kitablarımı imzalatdırmaq istəyir. 24-25 fevralda Ankara kitab yarmarkası həqiqətən, müdhş idi. Kitablar, yarmarkalar və xüsusilə şagirdlərlə görüşlər – bu dönəmdə mənim həyatımın ən dəyərli ərməğanları olub. Bir neçə ay əvvəl Avropa Elm və Sənət Akademiyası mənə mükafat verərək üzvlüyə qəbul etdi. Bunun da mənim üçün dəyəri böyükdür.

- Belə görürük ki, siz poeziyanın Nobelini alandan sonra daha fəal şəkildə çalışmısınız.

- Mənimki tam əksinə olub. Bütün mükafatlar kimi, mənə görə, Nobel də mübahisəlidir.

- Ancaq Homer qızıl medalı mübahisəli deyildi...

- Deyildi. Həm də Homer mükafatının pul-mulla əlaqəsi olmadığı üçün tamamilə obyektiv saymaq olar.

- Mərhum Əziz Nesin deyirdi ki, əvvəlcə özümün xəyalımda olan bir ölkə qurmaq istəyirdim-bacarmadım. Sonra şəhər qurmaq istədim - o da olmadı. Axırda gəlib bu məktəbi qura bildim.Şagirdlər barədə bu qədər rəğbətlə danışmağınız yadıma Əziz Nesini saldı. Mərhum Tarık Akanın qurduğu məktəbin andını da siz yazmısınız. Bu paralellikləri qurarkən səhv etmədim ki?Bunları yanaşı qoyanda “Türkiyədə inqilablar hədəfinə çatıb”, deyə bilirikmi?

- Təbii ki, deyə bilirik. Əziz Nesindən danışım. Mən liseydə olanda Əziz Nesinin qəzetdəki yazılarını və hekayələrini böyük zövqlə oxuyardım. Sonra qismət oldu, onunla böyük-kiçik qardaş münasibəti içində olduq. Türkiyə Yazarlarının Həmkarlar İttifaqında Əziz Nesin sədr olanda mən baş katib idim, daha sonra mən sədr oldum. Türkiyədə və xaricdə Əziz Nesinlə çox səyahətimiz və bir yerdə keçirdiyimiz aksiyalar olub. Əziz Nesin Türkiyənin indiyə qədərki ən reaksioner yazarıdır - bunu bu şəkildə ifadə edə bilərəm. Həmişə onu özümə örnək qəbul etmişəm. Onun çalışqanlığı, reaksionerliyi və liderliyi həmişə mənim üçün örnəkdir. Tarık Akan mənim qardaşım idi. Böyük sənətkar xüsusiyyətini və sadəliyini qətiyyən itirməyən dünya miqyaslı sənətkardır. Yurduna, Atatürk dünyagörüşünə və cəmiyyətdəki bərabərlik fəlsəfəsinə ürəkdən inanan bir aydın idi. Təəssüf ki, çox erkən yaşda biz onu itirdik. And məsələsinə gəlincə: bugünkü siyasət “Türküm, doğruyum, çalışkanım”- andından, nədənsə, narahat oldu və onun məktələrdə söylənilməsinə icazə vermədi. Tarık Akan məndən and yazmağımı xahiş etdi. Mən daha sadə dillə yazdım. Türkiyədə aydınlanma inqilabı hədəfinə çatıb. Bizim Azərbaycandakı kimi, bu inqilabın kökləri daha əvvəlki əsrlərə gedib-çıxır, XX əsrdə meydana gəlməyib. Ona görə də bu köklər qurudula bilməz, mümkün deyil. Bunu qəti şəkildə deyirəm. Mən Türkiyənin qarşısının açıq olduğunu görürəm. Buradan əlavə edim ki, Azərbaycanın önünün də çox açıq olduğunu görürəm.

- Bir az da geriyə gedəndə qarşımıza Nazim Hikmət çıxır.Bilirsiniz ki, Nazimin ilk kitabı 1928-ci ildə Bakıda çıxıb. 1950-ci illərdə də ən çox getdiyi yer Bakı olub, orada özünə təskinlik tapıb. Onu tamamlayan ikinci qələm adamı sizsiniz. 1980-ci ildə Moskvada çıxan “XX əsr Türk şeirindən” adlı antologiyada Nazim Hikmət, Fazil Hüsnü Dağlarca və b. şairlərlə yanaşı,1942-ci ildə anadan olmuş Ataol Bəhramoğlunun şeirlərini görəndə çox təəccüblənmişdik.

- Özümü çox xoşbəxt hiss edərəm.

- Bu gün Nazim Hikmətin Türkiyəyə nə dərəcədə qayıtdığını görə bilirsiniz?

-Bu gün Türkiyədə Nazim Hikmət xalq qəhrəmanı, əfsanə adamdır. O bayrağı bu gün daşıyan şair kimdir? Bunu zaman göstərəcək. Mən özümü Namik Kamaldan, Tofiq Fikrətdən, Nazimdən - o cizgidən ayrı düşünmərəm. Amma təbii ki, ora ilə məhdudlaşmaq da lazım deyil. Məsələn, Lermontov: ictimai mənada ən güclü şeirləri yazan şair olduğu kimi, sevgiylə bağlı ən can yandırıcı şeirləri də yazıb. Mən Nazimi də o şəkildə dəyərləndirirəm. Şairin dünyagörüşü o vaxt təsirli olur. Özümdən misal verim - "Ne çok hain” kitabımda olduğu kimi, bu günlə səsləşən şeirləri də yazmışam. “Aşk iki kişiliktir”- adlı kitabımda olduğu kimi, dillərdə gəzərək duyğulara toxunan şeirlər də yazmışam. Azərbaycan mənim üçün çox qiymətli yerdir. Ata-anamın Azərbaycan türkü olmalarının mənim üçü çox böyük mənası var. Azərbaycanda çıxan kitabımda səhvlər vardı. Şeirlərimin özüm də tərcüməçi ilə birgə çalışaraq tərcümə edilməsini istəyirəm. Azərbaycandakı dil-bizim türkcəmizin başqa bir versiyasıdır, özümüzün dilimizdir. Şeirlərimi ingiliscəyə, ruscaya tərcümə edən peşəkar insanlarla daima yazışıram. Hələ də rusca şeir kitabım çıxmayıb. Çünki tərcümələri bəyənmədim. Məsələn, çox hörmətlə xatırladığım şair Kuşner mənim şeirlərimi tərcümə etmək istədi. Bir türkoloq dostumuz şeirlərimi hərfən tərcümə edərək Kuşnerə verdi, Kuşner onları şeir halına gətirəndən sonra dedim ki, çox gözəl tərcümə etmisiniz, ancaq bunlar mənim şeirlərim deyil (gülür). Onun imzasıyla kitabım çıxa bilərdi, ancaq mənim kitabım olmazdı.

- Məlumata görə, yaşayan türk şairlər arasında xarici dillərdə ən çox kitabı çıxan şair iszsiniz.

- Dəqiq bilmirəm, ola da bilər, mən də o biri şairlərdən biriyəm. Bu işlərdə başqa münasibətlərin də rol oynadığını bilirsən. Türkiyədə heç kimin tanımadığı adamların da xaricdə kitabları çıxır(gülür). Şeirlərimi ingiliscəyə tərcümə edən adamla daima yazışırdıq, şeirlərimi ingiliscə mənim istədiyim şəkildə ifadə etmədiyini ona irad tuturdum. İndiana universitetində Türkologiya kafedrasının qurucusu olan bir professor şeirlərimi tərcümə edirdi. O qədər irad tutdum ki, axırda mənə bu sözləri yazdı: "Bu işdən vaz keçirəm, çox etiraz edirsən, mənim tərcümə etdiyim ən gənc şair 300 il əvvəl ölmüşdür"(gülür).

- Adamı peşiman etmisiniz...

- Xahiş-minnətlə də olsa, axırda tərcüməni bitirdi. Puşkinin türkcəyə tərcümə etdiyim şeir kitabını sənə imzalamaq istəyirəm (daha sonra Aleksandr Tvardovskinin bir şeirini türkcə oxuyur - tərcümə Ataol Bəhramoğlunundur).

# 1444 dəfə oxunub

Müəllifin son yazıları

# # #