Avropadakı ilk Azərbaycan nəşriyyatının rəhbəri: “Çingiz Abdullayev Fransada izdiham yaratdı” – Müsahibə

<span style="color:red;">Avropadakı ilk Azərbaycan nəşriyyatının rəhbəri:  “Çingiz Abdullayev Fransada izdiham yaratdı” – <span style="color:red;">Müsahibə
20 may 2019
# 14:05

Kulis.az Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının yaradıclarından biri və rəhbəri Nicat Kazımovla müsahibəni təqdim edir.

- Nicat bəy, gəlin əvvəlcə “Kəpəz” nəşriyyatının yaranması ideyasından danışaq. Necə oldu belə bir fəaliyyət ideyası doğdu? Və niyə “Kəpəz”?

- 2015-ci ildə yazdığım “Rəngli Daşlar” romanı fransız dilində çap olundu. Təqdimatlardan birində fransız bir oxucu mənə sual ünvanladı ki, başqa hansı Azərbaycan ədəbiyyatından yazıçılar oxuya bilərik. Mənim isə ağlıma Banin gəldi və bildirdim ki, təəssüf ki, bu gün mağazalarda tapmaq çətindir. Gərək, arxivə müraciət edəsiniz. Burada ilkin nəşriyyat ideyası məndə yaranmışdı. Hətta vaxt itirmədən hüquqi qeydiyyatları və başqa texniki məsələlər olmadan başqa ad altında bir kitab da tərcümə edib çap etmişdim. Amma daha sonra eyni məsələ nəşriyyatımızın digər yaradıcılarından biri, Strasburqda vəkillik peşəsi ilə məşğul olan Dilbadi Qasımovun da kitabının təqdimatında sual olundu. Dilbadi Qasımov ilə müzakirə etdikdən sonra bu işi həm hüquqi cəhətdən, həm də digər cəhətlərdən peşəkarlaşdırmaq lazım olduğunu və üzərimizə böyük missiya alacağımız barədə danışıqlarımız oldu. Daha sonra başqa dostumuz, vəkil və ədəbiyyat həvəskarı Jean-Emmanuel Medina da bizimlə birgə fəaliyyət göstərmək arzusunda olduğunu bildirdi və hüquqşünas, yazıçılardan ibarət ümumbəşəri dəyərlərə xidmət edən və Azərbaycan ədəbiyyatını ilkin olaraq tanıtma missiyasını yerinə yetirməyə hədəf qoyan nəşriyyatı - “Kəpəz”-i yaratmağa müvəffəq olduq. İndi biz həm hüquqşünas kimi, həm də yazıçı kimi nəşriyyatımızı daha güclü bir quruma çevrdik. “Kəpəz” nəşriyyatının adı Azərbaycanın ən əzəmətli dağlarından birindən götürdük. Amma eyni zamanda “Kəpəz” Avropadilli xalqlarda “Kapaz” kimi yazılır və bunun mənası “capacity”, yəni bacarıq mənasındadır. Bu adla həm Avropa, həm də Azərbaycan adının daşıyıcısı olduq. İndi “Kapaz” adı Fransada sözün əsl mənasında brendləşməkdədir. Peşəkar fəaliyyətimizin 1 ili tamam olsa da adımız Fransanın hər tərəfindən eşidilir.

- “Kəpəz”i Fransada ilk Azərbaycan nəşriyyatı saymaq olar? Sizdən əvvəl burada Azərbaycana aid sistemli nəsə çap olunubmu?

- “Kəpəz” Azərbaycanı tək Fransada yox, bütün Avropada təmsil edən yeganə nəşriyyatdır. Çünki bizim kitablarımız saytımız vasitəsi ilə bütün fransızdilli ölkələrə satılması ilə yanaşı, digər ölkələrdən də ala bilirlər. Bayaq da qeyd etdiyim kimi 2015-ci ildə başqa nəşriyyat təşəbbüsündə işlərim olub. Bundan əvvəl də böyük iş adamları buna cəhd etsə də alınmayıb. Ümumi götürdüyümüzdə, “Kəpəz”ə sistematik halda Azərbaycan ədəbiyyatı çap edən ilk nəşriyyat demək olar.

- Başqa inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ədəbiyyatı Fransada necə çap və təbliğ olunur? Analoji nəşriyyatlar varmı?

- Burada yüz illərdir fəaliyyət göstərən nəşriyyatlar var ki, bəzən xarici yazıçıları da çap edirlər. Gərək həmin yazıçı öz ölkəsində bestseller olsun. Çox yaxşı yazan, lakin öz ölkəsində az tanınan yazıçının çap olunması nadir hallarda baş verir. Bizim nəşriyyat isə bu missiyanı yüksək səviyyədə yerinə yetirir.

- Bu iş çoxmu çətindir? Həm maliyyə, həm zəhmət baxımından...

- İş çox çətindir. Elə aylar olur ki, 24 saatın 15-16 saatını həftə sonu da daxil olmaqla nəşriyyatın inkişafına həsr edirəm. Burada saytı qurmaqdan tutmuş, tərcüməçilərlə, yazıçılarla, korrektorlarla, dizaynerlərlə daimi danışıqlara kimi hər şeydən söhbət gedir. Maliyyə məsələmiz belədir ki, satılan kitablarımız başqa kitablarımızı maliyyələşdirir. Yəni əlavə vəsaitimiz və ya yardım yerimiz yoxdur ki, biz üç ayda 10 fərqli kitab tərcümə edək və çap edək. Bu səbəbdən kitabların satılması üçün də müxtəlif piyar xarakterli işlərlə də məşğul oluram ki, kitablar tez satılsın. Kitabların satılması yeni kitabın tərcüməsi deməkdir. Nə yazıq ki, bəzi hallarda tərcümə çapdan da baha olur. Bu səbəbdən bütün gəlirlərimizi kitabın nəşr işlərinə ödəyirik.

- Sizə dəstək verən olurmu? Ya Azərbaycandan, ya da xaricdəki azərbaycanlılardan...

- Bizə daimi mənəvi dəstək verilib. Bunu hər zaman dilə gətiriblər. Kitabların satılması və ya kiminsə kitab sifariş verib bizdə çap etdirmək istəməsi dəstək yox, işdir. Amma mənəvi dəstək verən minlərlə müxtəlif millətlərdən insanlar var.

Görüntünün olası içeriği: Nijat Kazimov, sakal

- Bir neçə maraqlı layihənizi mətbuatdan izləmişik. Bəlkə, gördüyünüz işlərdən sistemli danışasınız? Hansı kitablar buraxıb, hansı tədbirlər keçirmisiniz?

- Bizim ilk işimiz Əhməd bəy Ağayevin “Müsəlman dünyasında islahatlar” adlı kitab oldu. Ağayevin məqalələr toplusunu kitab halında çap etdikdən sonra təhsil aldığım Strasburq Universitetinin keçmiş rektoru 20 ədəd o kitabdan aldı və hər kəsə də tövsiyə etdi. Bu mənəvi dəstəklə doğru bir yola qədəm qoyduğumuzu anladıq. Belə ki, bundan sonra Strasburq Universiteti öz qapılarını üzümüzə açdı. Öz tələbəsinin və keçmiş tələbəsinin qurduğu nəşriyyata mənəvi dəstəyini açıqladı. Daha sonra gələn gəlirlərlə Nəriman Nərimanovun “Bahadır və Sona” romanını tərcümə etdik. Bu haqda bloggerlər yazdı, fransız mətbuatı öz qəzetlərində geniş məlumatlar verdi. Bu isə bizim işimizi daha da yüksək səviyyədə həyata keçirməyimiz üçün həvəs yaratdı. Nərimanovun gəlirləri ilə isə Hüseyn Abbaszadənin “Haradansınız Mösyö Abel” adlı kitabını fransız dilinə tərcümə etdik. Burada isə “partlayış” oldu. Kitablarımız çox satılmağa başladı. Fürsətdən istifadə edib sayt yaratdım. Sayt işimizi xeyli yüngülləşdirdi. Kitab o qədər uğurlu oldu ki, hətta ən uğurlu kitabevləri gün ərzində on minlərlə insanın qarşısından keçdiyi vitrinlərinə kitabı qoydu. Bu kitab sayəsində müxtəlif təbəqədən olan insanlarla ünsiyyət quruldu. Avropa Şurası, Avropa Parlamenti ilə əlaqələr sıxlaşdı. Bizi öz tədbirlərinə dəvət etdilər. Hər şey yuxu kimi görünsə də, biz artıq tam bir fransız nəşriyyatı olmuşduq. Bizim bu uğurumuz nəticəsində Nobel mükafatlı yazıçıların əsərlərinin təqdimatının gerçəkləşdiyi məkanı bizə ödənişsiz verdilər ki, “Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimatını keçirək. Bu təqdimat ilə böyük nəşriyyatların apardığı rəqabətə daxil olduq. Vyanada təsis olunmuş, böyük aksesuar markası Freyvilin direktoru şəxsən mənimlə əlaqə yaratdı və dedi ki, Strasburqdakı şöbəmizdə azərbaycanlılar üçün Novruz bayramı təşkil etmək istəyirik və mənə təklif edirdilər ki, siz də öz kitablarınızın sərgisini təşkil edin. Buna nəyin səbəb olduğunu soruşduğumda, nəşriyyatınızın uğurunu görməmək mümkün deyil dedilər. Bu təqdimatların hamısının video kadrları saytımızda və Editions Kapaz sosial şəbəkələrində mövcuddur.

Ən əsası, məni sevindirən o oldu ki, Elzas bölgəsinin ən nəhəng bələdiyyə kitabxanası olan “Andre Malraux”da Azərbaycan ədəbiyyatı guşəsi yaratmağa müvəffəq olduq. İndi orada bizim bütün kitablarımız var. Bundan əvvəl orada Azərbaycana aid hər hansı bir kitab yox idi. Halbuki ermənilərin, gürcülərin yüzlərlə kitabları var idi.

- Gəlin, “Azərbaycan ədəbiyyatı antologiyası”ndan ayrıca danışaq. Yazıçılarımızın hekayələr toplusundan. Seçilməsi, tərcüməsi, nəşri, təqdimatı... Bütün bu işlərin hansında sizin rolunuz daha çox oldu?

- “Azərbaycan ədəbiyyatı antologiyası” Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sifarişi əsasında reallaşdı. Dəyərli ziyalımız, böyük tərcüməçi Vilayət Hacıyevin e-maili ilə hər şey başladı. Bir dövlət qurumunun bizimlə əməkdaşlıq etmək istəməsi bizi çox sevindirirdi. Siyahı Mərkəz tərəfindən tərtib olundu, geri qalan prosesin hamısını nəşriyyatımız reallaşdırdı. Yəni tərcümələr, redaktə, korreksiya, kitabların dövlət və bələdiyyə kitabxanalarına paylanılması, təqdimatın reallaşdırılması, çıxışçıların seçilməsi və s. A-dan Z-ə hamısını nəşriyyat etdi.

- Antologiyanın təqdimatında Strasburq Universitetinin filologiya fakültəsinin dekanı da daxil olmaqla bir neçə nüfuzlu şəxs iştirak etdi və kitabdakı hekayələr haqqında yaxşı sözlər dedilər. Bu tədbiri Azərbaycan üçün ilk saymaq olarmı? Və hansı cəhətlərinə görə?

- Hər şeydən əvvəl dediyiniz dekan Jean-Paul Meyer, tanınmış türkoloq Stefan De Tapiya və yazıçı Mişel Kopun orada çıxış etməsi də təsadüfi deyildi. Onları bu təqdimata razı salmaq da asan deyildi. Əgər bizim nəşriyyatın artıq keçmiş uğurları olmasaydı, onlar bu təqdimata gəlməzdilər və çox sevinirəm ki, bu gün Fransada döydüyümüz bütün qapılar üzümüzə açılır, heç kim bizə yox demir. Bu şəhərin merindən tutmuş, universitet professorlarına qədər belədir. Hətta tədbirdə Avropa İnstitutlarından gələn tanınmış şəxslər, Fransa Respublikasının tanınmış simaları da var idi. Tədbirdə iki yüz nəfər iştirak edirdi. Ora gələn Azərbaycanlılar isə təkcə Strasburqda yaşayan yox, Fransanın yüzlərlə kilometr uzaqlarından gələn insanlar da var idi ki, heç birisini şəxsən tanımırdım. Onlar özlərinə bilet alıb, otel tutub gəlmişdilər ki, sırf bizim təqdimatımızı görsünlər. Bunun özü də ayrıca bir uğurdur ki, burada yaşayan Azərbaycanlılar belə tədbirlərə gəlirlər. Hər şeydən əvvəl onlar öz övladlarına fransız dilində Azərbaycan ədəbiyyatı oxudacaqdılar. Bundan gözəl nə ola bilərʔ

Bəli, bu təqdimat ilk idi. Fransızlar Azərbaycan ədəbiyyatını fransızlara təqdim edirdi. Bu misli görünməmiş tarixi hadisə idi və biz bu kimi tədbirləri artıq tez-tez edəcəyik.

- Antologiyalar effektlidir, yoxsa ayrı-ayrı müəlliflərin nəşr edilməsi?

- Antologiya dövlətlərin marağında olan bir məsələdir. Effektivliyinə gəlincə ayrı-ayrı müəlliflərin nəşr edilməsi daha üstündür. Antologiya bir mədəniyyətin, dövlətin, xalqın ədəbiyyatının tanınmasına xidmət edir, ayrı-ayrı müəlliflər isə onların şəxsinin tanınmasına xidmət edir.

- Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı sizin ekspertlərdən müsbət rəy aldı. O ekspertlərin kimliyi haqqında məlumat verə bilərsinizmi? Niyə bu müəllif, niyə bu əsər?

- Bu ekspertlərin adlarını açıqlaya bilməsəm də, onlar olduqca peşəkar şəxslərdirlər. Belə ki, aralarında müxtəlif universitetlərdə professor işləyənlər və bədii redaktorlar var. Onların rəyi sırf kitabın Fransaya uyğun olub-olmaması ilə bağlıdır. Bu səbəbdən kitab haqqında hazırladığım sinopsisi onlar dəyərləndirirlər.

- Bildiyimiz qədərilə “Kəpəz” nəşriyyatı Avropanın nüfuzlu mükafatlarına namizədlər vermək hüququna malikdir. Bu hüququ necə əldə olunur? Ümumiyyətlə, bu prosedur haqqında danışardınız mümkünsə...

- Fransada rəsmi qeydiyyatdan keçmiş və nəşriyyat statusunu almış bütün nəşriyyatlar beynəlxalq müsabiqələrə qatılma imkanı əldə edir. Bunun üçün Fransa Milli Kitabxanasından da mütləq şəkildə çap edilən kitabı qeydiyyatdan keçirmək lazımdır ki, bu kitab müsabiqəyə qatılsın. Biz isə hüquqi cəhətdən bütün meyarlara uyğunuq deyə belə bir vəsiqəni əldə etdik.

- Buraxacağınız kitablardan bu mükafatlara təqdim etmək fikriniz varmı?

- Azərbaycan ədəbiyyatı Fransada tanınmır, buna tələbatı sırf “Kəpəz” nəşriyyatı yaradır. Ən vacib məsələ isə həmin bu müsabiqələrə kitablarımızı göndərməyimizdir. Fransada təşkil olunan hər hansısa bir müsabiqədə ilk onluğa düşmək demək yüz minlərlə oxucu tərəfindən bu kitabın oxunması deməkdir. Burda Qonkur, Femina, İnaloca kimi böyük fransız müsabiqələrinə qatılma icazəmiz var. Müsabiqələr təkcə bunlardan ibarət deyil, Fransada yüzdən çox ədəbi müsabiqə var və biz hər yerdə bunu edəcəyik.

- Sizcə Azərbaycan nəsri dünyaya çıxmaq, adı gedən və getməyən mükafatların uzun-qısa siyahısına düşmək iqtidarındadırmı? Proses getsə nəticə əldə etmək olarmı?

- Müsabiqədə iştirak etməyin avantajı ondadır ki, kitab oxuyacaq münsif heyəti kitabın hansı nəşriyyat tərəfindən, hansı yazıçı tərəfindən çap olunduğunu bilmir və anonim olur. Bu səbəbdən bizim kitabımızı 100 illik bir nəşriyyatın kitabı kimi də dəyərləndirə bilərlər. Bu səbəbdən şübhəm yoxdur ki, biz layiq olduğumuz mükafatları qazanaq və Azərbaycanı ən yüksək səviyyədə tanıdaq.

- Dünən Çingiz Abdullayevin kitabının təqdimatını keçirdiniz, necə keçdi tədbir?

- Çingiz Abdullayevin “Şübhəsiz Metamorfoz” romanı üzərində aylarla işlədik. Tərcümə və redaktə prosesi çox uzun çəkdi. Buna səbəb isə, kitabı tərcümədən və redaktədən sonra bəlkə on fərqli şəxsə oxutmağımız ilə bağlı idi. Çingiz Abdullayev bu kitabın müəllif haqlarını bizə təmənnasız vermişdi. Bu çox böyük bir mənəvi dəstək idi. Çünki o da artıq bizim işlərlə tanış olmuş, nəşriyyatımızın birbaşa xalqımızın maraqlarına xidmət etdiyini, Azərbaycanı dünyada tanıtmaq üçün düzgün yolda olduğumuzu bilirdi. Çingiz müəllim, vaxtı çox məhdud olmasına baxmayaraq, elə təqdimat günü Strasburq şəhərinə gəldi. Uzun illərdir oxuduğum yazıçını Strasburq şəhəri vağzalı qapısından çıxarkən görəndə istər-istəməz qəribə duyğular keçirdim. İnana bilmirdim ki, bu gerçəkdir, ya yox. Qarşıladıqdan cəmi iki saat sonra təqdimata getdik və o, Strasburqda olduğu bir gün müddətində müəllim-tələbə münasibəti qurulmuşdu aramızda. Onun dəyərli fikirlərinə qulaq asmaq, nəsə öyrənmək mənim üçün çox xoş idi. İndi onun kitabından yox, birbaşa özündən öyrənirdim. Çingiz müəllim, dedi ki, əgər bir yazıçı beş dildə çap olunursa, bu bütün dünyada çap olunması deməkdir: İngilis, alman, fransız, rus, ispan. Biz isə fransız dilində bu missiyanı öz üzərimizə götürmüşük və dünənki təqdimatdan da, Antologiyanın təqdimatından da başa düşürük ki, biz artıq bunun öhdəsindən gələ bilirik. Tədbirdən bir saat əvvəl Strasburq şəhərində külək və ardınca şiddətli yağış oldu. Bu, mənim aylardır hazırlaşdığım təqdimata əngəl yaradacağını düşünməmə səbəb oldu.

Görüntünün olası içeriği: 2 kişi, Nijat Kazimov dahil, ayakta duran insanlar ve takım elbise

Çingiz müəllim dedi ki, narahat olmayın, yağış yağanda insanlar daha çox gəlir. Dediyi kimi də oldu. Bu qədər gözlənilməz problemlər olmasına baxmayaraq, tədbir izdihamlı keçdi. Orada tək Fransadan yox, Almaniyadan belə rus oxucuları, Avropa institutları əməkdaşları, yerli ictimaiyyət, hətta hüquq fakültəsindəki professorlarım da gəlmişdi. Tədbir vəkil və professor Teri Edmond tərəfindən idarə olunurdu və əməkdaşımız Daria Zielteva Çingiz müəllimi sinxron tərcümə edirdi. Maraqlı suallar və maraqlı cavablar var idi. Tədbir bitəndə Çingiz müəllimin oxucuları yaxınlaşıb mənə öz iradlarını bildirirdilər ki, niyə belə tez bitdi təqdimat. Halbuki iki saatdan artıq çəkmişdi. Biz Çingiz Abdullayevi dinləmək istəyirik - deyirdilər. Bunu mənə fransızlar və ruslar deyirdi. Bununla belə təqdimat başa çatdıqdan sonra izdihamlı oxucu sırası yarandı və hər kəs öz suallarını ayaqüstü verib dinləməli olurdu. Yəni rəsmiyyətdən kənar təqdimat davam edirdi. Tədbirin ideal keçməsi üçün Balkan musiqi qrupu ilə də danışmışdım. Onların Azərbaycan musiqilərini ifa etməsi üçün, hətta oxuması üçün şəxsən özüm də çox zəhmət çəkdim. Mənə elə gəlir, təqdimat günü Azərbaycanı ədəbi və mədəni cəhətdən yüksək şəkildə təmsil etdik.

Çingiz Abdullayevin Strasburq şəhərindəki təqdimatından sonra bütün “Kəpəz” nəşriyyatı heyəti işləri daha da böyük və möhtəşəm şəkildə davam etdirmək üçün stimul qazandı.

- Daha hansı kitablar buraxmaq haqqında düşünürsünüz və seçimi necə edirsiniz?

- Hazırda Rəsulzadənin Stalinlə bağlı inqilab xatirələri tərcümə olunur. Yusif Səmədoğlunun ``Qətl Günü`` romanının isə redaktəsi iyun ayında yekunlaşacaq. Eyni zamanda franko-türk yazıçı A.Başaranın fransız dilində yazdığı Türk-Fransız sosial və mədəni əlaqələri haqqında maraqlı araşdırma kitabını çap edəcəyik. Hansı ki, bu yazıçı əvvəllər başqa böyük nəşriyyatlar tərəfindən çap olunmuşdu. Azərbaycandan çıxarmalı olduğumuz kitab çoxdur: İsa Hüseynovun “Məşhər” romanı, Nəsiminin şerlər toplusu, Axundovun dram əsərləri, Cəfər Cabbarlının əsərlərini və bu kimi mütləq çap olunacaq kitab layihələrimiz var, sadəcə bu kitablar öz tərcüməsi və çapı üçün digər satışda olan kitabların gəlirini gözləyir. Bu da nə yazıq ki, bizim işlərimizi çox ləngidir. Eyni zamanda bəzi texniki məsələlər aradan qaldırılandan sonra Şərif Ağayarın kitabını da tərcümə və çap edəcəyik. Mən özüm bu kitabı oxuduqdan sonra başa düşdüm ki, bu romanı münsiflərimiz bəyənəcək. Bu səbəbdən oxuyub bitirdiyim gecə böyük bir sinopsis hazırlayıb göndərdim. Hətta biri mənə zarafatla dedi ki, bu, sinopsisdir, ya romanın özüdürʔ Çünki istəyirdim ki, bu kitabla daha ətraflı tanış olsunlar, detalları bilsinlər. Əslində, beş rəyin beşi də müsbət ola bilərdi, sadəcə bir şəxs mövzunu başqa bir romanın mövzusuna bənzətdiyi üçün təsdiq edə bilmədi. Amma ona izah məktubu yazdım ki, bu avtobioqrafik romandır və yazıçı öz həyatını da bu romanda paylaşıb.

Yeni layihələrimiz də var ki, bunlar hazırda danışıqlar mərhələsindədir. Belə ki, Qırğızıstan, Qazaxsıtan kimi Mərkəzi Asiya ölkələri və eləcə də Türkiyə dövləti öz Antologiyalarını bizdə çap etdirmək istəyir. Biz bu yolla bütün türk dünyasına da xidmət etmək istəyirik. Hətta buna görə Qırğızıstandan bir millət vəkili xanım da gəldi Strasburqda mənimlə göürşdü. Öz ədəbiyyatlarının Frasnada tanınması üçün bizimlə əməkdaşlıq etmək istəyirlər. Qismət olarsa, Cənubi Azərbaycan ədəbiyyatı Antologiyası da çap etmək istəyirik. Ən azından bir xalq, millət, müəyyən mədəniyyət daşııyıcısı olduğumuzu bütün Avropaya göstərmək istəyirik. Bizim 1 illik fəaliyyətimiz bizim bu yolda hələ cəmi 1% irəlilədiyimizi göstərir. Qarşımızda hələ 99%-lik bir yol var.

- Sizə uğurlar arzulayırıq və müsahibə üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm.

# 3567 dəfə oxunub

Müəllifin son yazıları

# # #