Tənqidçi od püskürdü: “Aləmi özünüzə güldürməyin!” – Mirzə Cəlil Polemikası

<span style="color:red;">Tənqidçi od püskürdü:  “Aləmi özünüzə güldürməyin!” – <span style="color:red;">Mirzə Cəlil Polemikası
7 mart 2019
# 11:45

Kulis.az Mirzə Cəlillə bağlı polemikanın davamı olaraq tənqidçi Mehman Qaraxanoğlunun “Aynada özünü əyri görənlər” məqaləsini təqdim edir.

Bəri başdan deyirəm, Şəhriyar del Gerani və ya özgə yazarlarla heç bir fiziki cəbhələşməm yoxdur, amma fərqli fikir müstəvisində cəbhələşmələrimə söz ola bilməz; əgər onları bir yerə yığsam, ağırlıqları ucbatından bir qram da tərpədə bilmərəm. Şəhriyarın “Mirzə Cəlilin hekayələri redaktə olunmalıdır” məqaləsini oxuyandan sonra sözügedən “yük”ümün üstünə təptəzə “yük”ün gələcəyinə şəkk-şübhəm yoxdur, amma nə etmək olar?! Şəhriyar məqaləsinin əvvəlini “hücum” taktikası ilə başlayır. Amma kimə qarşı, bilinmir. “Yıxılmamaq” üçün böyük Məmməd Əmindən yapışır və maraqlı bir manevr edərək onu “xüsusiləşdirir”. Və bir az da “irəli” gedib sətiraltı olsa da Rəsulzadəni öz məsləkdaşlarına – Sabirlərə, Hadilərə, Mirzə Cəlillərə, Əli bəy Hüseynzadələrə və digər əqidə dostlarına qarşı qoyur. Görünür, totalitar dövründən qalma “parçala, hökm sür!” siyasəti ədəbi təfəkkürdə hələ də qalmaqdadır. Guya məhz Rəsulzadə heç bir istinad yeri olmadan “heç”dən “var” olub! Guya məhz o, yuxarıda adı keçənlərin “aşağıladığı” Azərbaycan qadınına səsvermə hüququnu tanıdıb! Gülüncdür!

Əgər Şəhriyar vaxt tapıb heç olmasa Məmməd Əmin Rəzulzadənin 1913-cü ildə “İqbal” qəzetinin ayrı-ayrı saylarında çap olunan “Türkiyədə qadınlar” məqaləsinin əvvəlini oxusaydı, əsassız fikirlərindən vaz keçərdi:

“Türkiyədə qadınların halı nə yoldadır? Osmanlı həyati-ictimaiyyə və siyasiyyəsinə fövqəladə maraq edən əhalimizdən təsadüf elədiyim bir çoxlarının mənə verdikləri yuxarıdakı suala, mövzui-ümumi olduğu üçün "İqbal" stunlarında cavab veriyorum: Türkiyə qadınları da əsas etibarı ilə bizim qadınların giriftar olduqları əsarət halındadırlar. Türkiyədə hakim ictimai nəzəriyyə, bütün Şərq məmləkətlərində olduğu kimi qadını aşağı cinsdən bir məxluq tələqqi edər. Məəmafih İstanbul qadınlarının vəziyyəti-ictimaiyyələri İran qadınlarından da, Qafqasiya qadınlarından da müsaid bir haldadır”.

Şəhriyara sual verirəm: Belə olan təqdirdə Mirzə Cəlillər, Sabirlər nə etməli idilər? Durub kənardan bu “gözəl tablo”nu seyr etməli idilər?! Deməli bir yol vardı; öz həmvətənlərini, qadınlar da onların içərisində, mitilinəcən qamçılayıb oyatmaq! “Sizi deyib gəlmişəm” səlahiyyətini haqq edib hayqırmaq! Aşağıda oxuyacağınız şeir həmin hayqırtının nəticəsi deyil, bəs nədir?

Şairəm, çünki vəzifəm budur əşar yazım

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, günüzü ağ, gecəni tar yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs böylə bərəldirsən, a qare, gözünü,

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

Mirzə Cəlil yaradıcılığında predmetlər çağdaş dünya nəsrində olduğu kimi, şərtiliklər üzərində qurulub. Bunlar “Hamlet”dəki “siçan tələsi”nə oxşayır. Əgər zamanında ədəbi tənqid həmin tələdən üzüağ çıxsaydı, bu söhbətlərə hacət qalmazdı. Özünüz baxın, “Eşşəyin itməkliyi”ndə eşşək, “Kişmiş oyunu”nda kişmiş, özü də lap əlasından, “Buz”da buz, “Usta Zeynal”da erməni ləyəni, “Qurbanəli bəy”də axur, avantüraya məruz qalan hekayədə poçt qutusu və s. Siyahını uzatmaq da olar. Mirzə Cəlil dahiyanə bir sehrbazlıqla diqqəti tamam başqa bir obyektə yönəltməklə oxucunu “hədəf”dən yayındırır, özünüz düşünün, təkcə oxucunumu, başlıcası, senzuranı. Bu da istər-istəməz hekayələrinin bədii-estetik dəyərini artırır, çoxqatlı edir. “Hələ gördüklərinin dördə birini” yazmayan nəhəng fikir adamlarının alternativ yolu var idimi?!

Azərbaycan ədəbiyyatşünaslığı Novruzəliyə münasibətdə xanın tutduğu yolla gedib, onun “avamlığına” qah-qah çəkib gülməsəydi, (Kinomuz da o cür. “Poç qutusu” filminə bir də nəzər yetirin. İstedadlı rejissorumuz Rauf Kazımovski fiziksəl baxımdan ən zəif görünüşlü böyük İsmayıl Osmanlını Novruzəli roluna çəkməklə tarixi yanlışlığa yol vermişdir. Lakin bunu həm də yalnız onun ayağına yazmaq da insafsızlıq olardı. İlahi, dünyada bu qədər fağır və mağmın adam ola bilərmi? – M.Q.) yəqin tamam ayrı bir mənzərə alınacaqdı. Amma heç olmasa xan hekayənin sonunda bir qədər “fikrə gedir”, təəssüf ki, ədəbiyyatşünaslığımız heç bunu da eləməyib. Heç Şəhriyarın dediklərində də təzə bir şey yoxdur. Hələ illər öncəsi bu gün qaldırılan məsələni tanınmış qələm adamı Elçin Şıxlı dilə gətirib: “Sovet dönəmində Mirzə Cəlilin bu hekayəsini bolşevizmin Azərbaycanı avamlıqdan xilas etməsinə bir nümunə kimi tədris və təqdim edirdilər. Hələ indiyədək də ermənilər bizlərlə müxtəlif mübahisələrdə fenomenal Novruzəli avamlığından bir arqument kimi istifadə edir və deyirlər ki, siz türklər avamsınız. Adətən, cavabında özünütənqidin yalnız böyüklərə xas olduğunu söyləyirik… amma dediyimizə, deyəsən, heç özümüz də inanmırıq”.

Ən maraqlısı odur ki, Şəhriyar da bilərəkdən “köhn”ələrin yolu ilə gedir, necə deyərlər, eşşək qalan yerdə palanı döyür. “Niyəsi”ni mətnin sonuna yaxın deyərəm. Amma Şəhriyardan bir sorum var: Əgər hekayənin adı “Poçt qutusu” deyil, başqa cür olsaydı (tutaq ki, “İlk mübarizə yollarında”) yenədəmi Mirzə Cəlilə bu qədər iftiralar yağdırılardı? Mənim cavabım belədir: Yox! Mirzə Cəlil qədər öz xalqını yüksəldən ikinci bir yazara çətin rast gələk! Bəs Azərbaycanın ilk Xalq yazıçısının da erməni olmasına necə baxırsınız, Şəhriyar bəy? İstəmirəm mətləbdən uzaqlaşım. Hə, Novruzəli poç qutusunu tanımadı da... Qoy Novruzəli də olsun, məhz yazdığınız kimi (həm də günaha batdığınız kimi!) daşı çox-çox ağır olan o dahinin qohum-əqrəbasından biri... Məgər insanın bilməmək haqqını kimsə onun əlindən ala bilər? Görün, Kamal Abdulla nə qədər haqlı imiş: “İlahi, bilməyənləri bilənlərin qəzəbindən qoru!”. Bu qəzəb düz 114 ildir ki, “Novruzəli qiyafəsi”ndə Mirzəyə püskürülür. Qoy olsun! Yel, qayadan nə aparar?!

Bəs əsl həqiqət harada gizlənib? Novruzəli təmiz, abırlı və ləyaqətli bir Azərbaycan kəndlisidir. O, haqsızlığa, ədalətsizliyə qarşı özünəməxsus bir dirəniş nümayiş etdirir, öz kəndli ampluasında mübarizə aparır. Belələrini susdurmağın klassik yolları rejimə bəllidir: Onu bezdirib mübarizə aparmaq əhvalını soyutmaq. Novruzəli dövlət strukturları arasında var-gəl edən yüzlərin, minlərin ümumiləşdirilmiş obrazıdır. Həyatında zəncirvarı bir şəkildə bir-birinin arxasınca baş verən xoşagəlməz hadisələrin fonunda Novruzəlinin əməli ona verilən cəza ilə tərs mütənasibdir:

“Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından saldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın məni indi çoxdan göndərmişdilər Sibirə. Xan, başına dolanım, di gör günah kimdədi?”.

Novruzəli özündə olmadığını özü də etiraf edir. O, öz davranış və hərəkətlərinə sahiblənə bilmir. Bəs “qanun keşikçiləri” nə edir? Onu döyə-döyə, qol-qabırğasını sındıra-sındıra aparıb atırlar qazamata. Belə çıxır ki, nəçərnik divanxanasının saldatları bir həftə öncə haqlı şikayət etdiyinə görə bu kişinin dərsini vermək üçün məqam axtarırlarmış. Belə çıxır ki, Novruzəlini göydə axtarırdılar, yerdə düşüb onların əlinə. Novruzəlinin xana verdiyi sual da ibrətamizdir: “Xan, başına dolanım, di gör günah kimdədi?”. Bir əsrdən çoxdur ki, kişinin bu sualı cavabsız qalıb. Biz isə gör nəyin davasını edirik: Poçt qutusu, belə gəldi, poçt qutusu belə getdi. Burada avamlıqdanmı söhbət gedir?!

Pafosunuza (saxta canıyananlılığınıza, çünki məqsədiniz hər necə olur olsun Mirzəni aşağılamaqdır! – M.Q.) diqqət edin:

“Gerçəkdən də, faciəvi durumdur. Siz mənə 20-ci əsrdə yox, ümumiyyətlə, Rusiyanın layihəsi olan Ermənistanın tarixində bircə nəfər Üzeyir Hacıbəyli, Rəsulzadə, Əhməd bəy Ağaoğlu göstərin, təslim olum”.

Yaddaşınıza nə olub, Şəhriyar bəy? Bəs Xaçatur Abovyan (1809-1848) kimdir? Nə əcəb ”Ermənistan yaraları” romanını yazan bu zaddan xəbəriniz yoxdur? Bu primitiv romanda da ağır həyat keçirən erməni kəndlilərindən söhbət gedir. Heç inanmıram ki, əsərin ilk adı “Ermənistan yaraları” olsun! Bunu sonralar ermənilər “modernləşdiriblər”. Hələ üstəlik ona yeni fəsillər əlavə etmələri də şəksizdir. Siz isə “redaktə”dən danışırsınız. Kimi, kimi, Mirzə Cəlili! Aləmi özünüzə güldürməyin! Özünüzə götürməyin, indi yazarların çoxunun mətnini yox, hətta özlərinin də birbaşa redaktəyə ehtiyacları vardır. Amma gerçəkdən yaralarımızın közünü qoparan Mirzə Cəlil dahiyanə halətdə korrekt bir sənətkardır. Biz isə “lağ etmək”dən o tərəfə adlaya bilmirik. Yadınıza salıram: “Lağlağı” həm də Mirzə Cəlilin təxəllüslərindən biridir! Yeri gəlmişkən, Qoqol da öz xalqının “xəstəlik tarixini” yazıb. Bizim də xəstəlik tarixçəmizi Mirzə Cəlil yazıb. Hələ üstəlik, onun sağalma yollarını - reseptlərini də verib. Yetər ki, təkrarən “Anamın kitabı”na “boylanasınız”.

Mirzə Cəlili plagiatlıqda suçlamaq da aşkar sayıqlamalardan başqa bir şey deyildir. Görünür, bunu deyənlər oğurluqla təsirlənməyi, orijinallıqla qeyri-orijinallığı özlərinə lazım olan miqdarda səhv salıblar. “Dahilərə divan tutmaq” şakəri artıq ruhumuzda arxetipləşir. “Çünki özümüz öz başımıza əngəl-kələfik biz”. (Sabir) Niyə? Bu da ayrı bir mövzunun sualıdır.

Bunlar öz yerində. Şəhriyar bəy, bəs sizi qıcıqlandıran nədir? Siz istedadlı şairsiniz. Adda-budda nəşr olunan nəsr nümunələriniz də özünəməxsusdur. Tanınma kimi bir kompleksiniz də yoxdur! Təbii ki, bu gün həqiqi sənətlə deyil, həqiqi imitasiya ilə məşğul olan çox sayda şairlərin aşağı əyarlı şeirlərinin dünyaya çıxması yaxşı hal deyildir. Çünki bunlar Azərbaycan adınadır. “Ziyalı” adlandırdığınız tənqidçilərin də burada rolu danılmazdır.

Az-çox istedadı olan hər bir qələm adamının daxilində bir “qiymətləndirmə aparatı” olmalı və həmin aparatı hərəkətə gətirən bir amansız soru da onu qarabaqara izləməlidir: Bu qədər “bolluğ”un içərisində mən niyə yazıram?!

Unutma, bizə dal-dala gedən velosiped də lazımdır. Onlar sonda bizi Mirzə Cəlillərə aparıb çıxaracaq... Qabağa gedib nə etmişik ki?!

# 4540 dəfə oxunub

Müəllifin son yazıları

# # #