Məşhur yazıçıdan şok açıqlama: “Orxan Pamukun yazmaq qabiliyyəti yoxdur”

Məşhur yazıçıdan şok açıqlama: <span style="color:red;">“Orxan Pamukun yazmaq qabiliyyəti yoxdur”
17 yanvar 2018
# 17:30

Çağdaş çin ədəbiyyatının ən önəmli yazarlarından Yu Hua türk mətbuatına geniş müsahibə verib. Müsahibədə yazıçı diş həkimliyindən bezib yazmağa qərar verdiyini açıqlayıb: “İnsanların ağzının içinə baxmaqdan usanmışdım.”

Yu Hua bundan əlavə Çin ədəbiyyatından türk ədəbiyyatına, siyasi söhbətlərdən kino dünyasına qədər bir çox sahələrdə fikirlərini bildirib.

“Türk ədəbiyyatını izləyirsinizmi? Oxuduğunuz türk yazıçılar varmı” sualına Yu Hua belə cavab verib:

“Tanıdığım bir neçə türkün heç xoşuna gəlmədiyi Orxan Pamuku oxudum. Çox qəribədir, türklərin çoxusunun Pamukdan xoşu gəlmir. Tanıdığım bir türk qadın onun yazdıqlarını başa düşmədiyini demişdi. Hətta Pamuku üç dildə - almanca, ingiliscə, türkcə oxuyub, amma yenə də heç nə anlamayıb”.

Daha sonra yazıçı əlavə edib:

“Onun Çində ən çox maraq yaradan romanı “Mənim adım qırmızı” oldu. Ancaq mən bu romanı heç bəyənmədim. Romanın çoxlu qüsurları vardı. Pamuk kimi istedadlı bir romançı gərək ki, bu səhvləri etməsin. Bəlkə doğurdan da yazmağa qabiliyyəti yoxdur. Bəhs etdiyim romanda fərqli xarakterlər var və hekayə fərqli xarakterlərin dilindən təqdim olunur. Ancaq yalnız bir hekayə tərzi görünür, o da Orxan Pamukdur. Yazıçı belə xəta etməz. Xüsusən, yaxşı bir yazıçı heç etməz. Məsələn, Folknerin “Yatağımda ölərkən” romanında ölkəsində dəfn edilməsini vəsiyyət edən Addienin tabutunun ailəsi tərəfindən daşınmasından danışılır. Burda təkcə danışıqlar deyil, hadisələrə verilən reaksiyalar da fərqlidir. Bax artıq bu böyük yazıçıdır. Pamuk isə intellektual yazıçıdı, amma böyük yazıçı deyil. Çinli gənclər Pamukun “Mənim adım qırmızı” romanına heyran olublar, səbəbini bilmirəm. 20 yaşında gənc belə bir roman yaza bilər, ancaq usta bir imzanın qələmindən bu cür roman olmaz.

Orxan Pamukun çin dilinə çevrilməsi haqqında isə yazar bunları söyləyib:

“Çinlilər dediyim kimi, “Mənim adım qırmızı” romanını sevirlər, ancaq o əsərdə çox problemlər var. Mənə elə gəlir ki, sıradan bir çinli oxucu Pamuku o qədər də sevmir. Haruki Murakami, ya da Milan Kundera qədər Çində qəbul olunduğunu deyə bilmərik. Yəni Pamuk Çində ən populyar xarici yazıçı hesab olunmur. Ədəbiyyatla, mədəniyyətlə maraqlanan gənclər onun da əsərlərini oxuyur. Ola bilsin ki, “Mənim adım qırmızı” romanını da yaxşı tərcümə olduğu üçün bəyənirlər”.

Müsahibədə Yu Hua türk yazıçılardan Orxan Kamal və Əhməd Hamdi Tanpınarın da çin dilinə tərcümə ediləcəyini bildirib.

Çağdaş türk kinosu barədə söhbətində isə yazıçı bunları qeyd edib:

“Nuri Bilgə Ceylanın bir neçə filmini izlədim. “Qış yuxusu” diqqətlə izlənməsi gərəkən çox ciddi bir filmdir, çox gözəl çəkilib. “Üç meymun” da onun kimi. Ancaq sizə deyim ki, bu cür filmlər Çində göstərilsə belə çox az adam onu izləyər”.

# 1245 dəfə oxunub

Müəllifin son yazıları

# # #