Esmeyə - həm sevdalı, həm də murdar - DOQQUZ HEKAYƏDƏN ALTINCISI

Esmeyə - həm sevdalı, həm də murdar - <span style="color:red;">DOQQUZ HEKAYƏDƏN ALTINCISI
10 aprel 2017
# 09:00

Kulis.Az Tehran Vəliyevin tərcüməsində məşhur Amerika yazıçısı Cerom David Selincerin “Doqquz hekayə” silsiləsindən altıncı hekayəsini - “Esmeyə – həm sevdalı, həm də murdar”nı təqdim edir.

Lap bu yaxınlarda aviapoçta ilə aprelin on səkkizində İngiltərədə olacaq bir toya dəvətnamə aldım. Bu toy elə bir toy idi ki, onda iştirak etmək üçün əlimdən gələni etməliydim, buna görə də o dəvətnaməni alan kimi ağlıma gələn ilk fikir bu oldu ki, toya vaxtında çatmaq üçün okeanın o tayına gərək

ancaq təyyarə ilə uçum, xərci cəhənnəmə. Amma bu məsələni çox ağıllı və tədbirli bir qadın olan arvadımla hərtərəfli götür-qoy edəndən sonra bu qərara gəldik ki, getməyim. Bircə şeyə görə: mən tamam unutmuşdum ki, qayınanam aprelin son iki həftəsini bizimlə bir yerdə keçirmək niyyətindədir. Açığı, nə Qrenser ananı mən elə tez-tez görürəm, nə də o indən belə cavanlaşan deyil. Yaşı əlli səkkizi haqlayıb (heç özü də bunu boynundan atmır ).

Ancaq buna baxmayaraq, məncə, mənim elə bir xasiyyətim var ki, həmin gün harada oluramsa olum, o toyun hədsiz dərəcədə şadyana keçməsinə sakit, araya bir qanqaralıq salmadan baxa bilmərəm. Ona görə də boş dayanmadım, qələmimi götürüb o toyun gəlini barədə (altı il bundan qabaq onu necə görmüşdümsə) bildiklərimi kağıza köçürtdüm. Əgər mənim bu qeydlərim üzünü belə görmədiyim bəyin bir-iki anlığa kefinə soğan doğrayacaqsa, lap gözəl, onsuz da biz burada heç kimin kefini açmaq niyyətində deyilik. Əksinə, bəzi şeylərdən onu xəbərdar etmək, ona öyüd-nəsihət vermək istəyirik.

1944-cü ilin aprelində mən İngiltərədə, Devonşir şəhərində yaxın zamanlarda materikə qoşun çıxa- rılması ilə əlaqədar ingilis kəşfiyyatının rəhbərliyi altında xüsusi təlim keçən altmış amerikalı hərbi qulluqçudan biri idim. Və indi o günləri xatırlayanda mənə elə gəlir ki, o vaxt biz hamımız, altmış nəfərimizin altmışı da sanki seçmə, müstəsna nüsxələr idik, o mənada ki, aramızda bircə nəfər də olsun oynaq, ünsiyyətcil adam tapmaq olmazdı. Hamımız məktub yazmaq azarlısıydıq və əsgəri vəzifəmizlə bağlı ünsiyyətimizi nəzərə almasaq, bir-birimizi dindirib-danışdırmağımız «Artıq qələmin varmı?», «Bu mürəkkəb sənə lazım deyil ki?» kimi ifadələrdən kənara çıxmazdı. Məktub yazmadığımız və məşğələlərdən azad olduğumuz vaxtlarda hər kəs özünə qapılıb, öz işiylə məşğul olardı. Məsələn, mən özüm, adətən, günəşli günlərdə mənzərəli şəhər ətrafında veyillənər, yağışlı havalarda isə çox vaxt, bir qayda olaraq, pinq-ponq stolundan bir balta sapı aralıda quraq bir yer tapıb mütaliə edərdim.

Təlim kursumuz düz üç həftə çəkdi və çox yağışlı bir şənbə günü başa çatdı. Həmin axşam saat yeddidə bütün qrupumuz qatarla Londona yola salınmalı idi: qulağımıza çatan şayiələrə görə, orada bizi materikə çıxmağa hazırlaşan piyada və hərbi hava desant diviziyaları arasında bölüşdürəcəkdilər. Günorta saat üçdə içi okeanın o tayından gətirdiyim kitablarla dolu əleyhqaz çantası da (əleyhqazın özünü hələ bir ay əvvəl «Mavritaniya»nın illüminatorundan

bayıra tullamışdım, hərçənd düşmənin doğrudan da qazdan istifadə edə biləcəyini özüm də çox gözəl anlayırdım, ancaq fikirləşdim ki, onsuz da bu andır maskanı vaxtında başıma keçirə bilməyəcəyəm) daxil olmaqla, bütün şeylərimi sursat kisəsinə doldurub qurtardım. Yadımdadır, kazarmanın arxa pəncərəsi önündə uzun-uzadı dayanıb bayırda darıxdırıcı, çəpəki yağan yağışa tamaşa edəndə, özümdə azacıq da olsun döyüş əhval-ruhiyyəsi duymurdum. Arxada saysız-hesabsız diyircəkli qələmlərin saysız-hesabsız mikrofoto məktub blankları üzərində necə pərakəndə xışıldadığını eşidirdim. Birdən, niyəsini özüm də bilmədən, pəncərədən aralanıb, plaşımı, kəşmiri şərfimi, qaloşlarımı, yun əlcəklərimi və pilotkamı geyindim (sonuncunu mən həmişə, bir növü, hərbi qaydanı pozaraq yüngülcə qulaqlarımın üstünə basardım, bunu indi də mənə lağ ilə xatırladırlar ). Qol saatımı ayaqyolundakı saatla düzəldəndən sonra daş döşəli, yağışdan par-par parıldayan yolla təpədən üzüaşağı düşüb qəsəbəyə yollandım. Dörd yanımda çaxan şimşəklər vecimə də deyildi. Çünki mənim nömrəm onların birində ya var idi, ya da yox.

Qəsəbənin mərkəzində – buranı yağış lap bərk tutmuşdu – bir kilsənin önündə dayanıb, divardakı

elanları oxumağa başladım. Başlıcası ona görə ki, iri, aydın ağ-qara şriftlə yazılmış rənglər diqqətimi istər-istəməz özünə cəlb etdi, qismən də ona görə ki, orduda olduğum üç il ərzində elanlara qarşı məndə güclü həvəs oyanmışdı. Elanda deyilirdi ki, saat üç on beşdə burada uşaq xorunun məşqi olacaqdır. Saatıma nəzər salıb, bir də elana baxdım. Onun altına xorda iştirak edəcək uşaqların familiyalarının siyahısı yapışdırılmışdı. Başıma yağış tökə-tökə o siyahını axıracan oxumalı oldum. Sonra kilsəyə girdim.

İçəridə on iki-on üç nəfər yaşlı tamaşaçı oturmuşdu, bəzilərinin qucağında tərsinə çevrilmiş uşaq qaloşları vardı. Qabağa keçib birinci sırada əyləşdim. Səhnədə sıx-sıx üç sıra ilə düzülən taxta qatlama stullarda iyirmiyə qədər uşaq oturmuşdu. Əksəri qız uşaqlarıydı: yeddi yaşından on üç yaşına qədər. Həmin anda tvid kostyumlu, cantıraq, zorba bir qadın olan xor rəhbəri uşaqları başa salırdı ki, oxuyanda ağızlarını geniş ayırsınlar. «Axı kim nə vaxt eşidib ki, – o soruşurdu, – ən cumbulu quş belə öz cazibədar nəğməsini oxumaq üçün əvvəlcə öz xırda dimdiklərini geniş, geniş, geniş aralamamış olsun? Heç kəs. Əlbəttə, heç kəs». Uşaqlar küt, ifadəsiz bir baxışla gözlərini ona zilləmişdilər. Xor rəhbəri sonra sözünə davam edərək dedi ki, o istəyir onun uşaqlarının hamısı oxuduqları hər sözün mənasını başa düşsünlər, yoxsa qanmaz, küt uşaqlar kimi, onları təkcə düzgün tələffüz etməklə kifayətlənməsinlər. Sonra o, kamerton-tütəyini çaldı və uşaqlar az- yaşlı ştanqçılar kimi, öz himn dəftərlərini sinələrinə qaldırdılar.

Onlar musiqi müşayiəti olmadan və ya bu halda fikrimizi daha dəqiq ifadə etmiş olsaq, heç bir kənar maneçilik hiss etmədən oxuyurdular. Onların sentimentallıqdan çox uzaq olan uşaq səsləri o qədər məlahətli idi ki, hətta dini hissiyyatı məndən güclü olan adam da bunlara qulaq assaydı, özünü heç bir zora salmadan ruhən cuşa gələ bilərdi. Doğrudur, içlərində iki ən kiçiyi hərdənbir ahəngi pozurdular, ancaq elə cüzi dərəcədə ki, ona olsa-olsa yalnız bəstəkar anası irad tuta bilərdi. Bu himni əvvəllər heç eşitməsəm də, ümid eləyirdim ki, ən azı on iki-on üç bənd şeirdən ibarət olacaq. Onları dinləyə-dinləyə bir-bir hamısının sifətinə göz qoydum, birinci sırada lap qıraqda, mənə lap yaxın yerdə oturan qızın sifəti diqqətimi daha çox cəlb etdi. On üç yaşı olardı və az qala qulaqlarının üstünü örtən kül rəngli yumşaq, düz saçları, yaraşıqlı alnı və soyuq gözləri vardı. Sanki bu gözlər bu dəqiqədə içəridə oturan tamaşaçıları sərraf müştəri gözü ilə saf-çürük edirdi. Səsi açıq-aşkar o birilərindən seçilirdi. Ona görə yox ki, hamısından güclü, hamısından təmiz, hamısından məlahətli səsi vardı və bütün xoru inamla öz ardınca aparırdı. Ancaq mənə elə gəldi ki, bu gənc xanım öz istedadından özü də yüngülcə bezikmişdi, ola bilsin ki, belə bir zamanda, belə bir yerdə oxumalı olduğuna görə. İki dəfə bəndlər arasındakı pauzada onun əsnədiyini gördüm. Əsil kübar xanımlar kimi, əsnədiyini gizlətmək üçün dodaqlarını bir-birindən aralamasa da, burun deşiklərindəki titrəyişlər onun bu sirrini faş edirdi.

Himn başa çatan kimi, xor rəhbəri ibadət zamanı ayaqlarını dinc saxlaya bilməyən və ağızlarını yummağı bacarmayan adamların qarasına deyinməyə başladı. Belə başa düşdüm ki, məşq qurtardı və rəh- bərin xoşagəlməz dissonans oyadan səsi məlahətli uşaq xorundan duyduğum heyranlığı korlamağa macal tapmamış durub kilsədən çıxdım.

Yağış lap bərkimişdi. Küçəyə çıxdım. Yolda Qırmızı xaç əsgər klubunun pəncərəsindən içəri boylandım, amma orada əsgərlər qəhvə verilən piştaxtanın önündə ikibir, üçbir sıra ilə növbəyə düzülmüşdülər, şüşənin bu tayından hətta o biri otaqda növbə gözləyən əsgərlərin necə şaqqaşaraqla pinq-ponq oynadıqlarını da eşitdim. Küçənin o tayına adlayıb

adi qəhvəxanaya girdim, burada isə orta yaşlı ofisiant qadından savayı heç kim yox idi. Sifətindəki ifadədən, sanki bu qadın bu saat üstü quru müştərini daha üstün tutardı. Plaşımı çıxarıb, mümkün qədər səliqə ilə asılqandan asdım, sonra stolların birində əyləşib, çay və darçınlı çörək qızartması sifariş etdim. Bütün gün ərzində birinci dəfə idi ki, bir adamla kəlmə kəsirdim. Sonra bütün ciblərimi, plaşım da daxil olmaqla, axtarıb, bir də oxunası mümkün olan iki əzik-üzük məktub tapdım: biri arvadımdan idi, şikayətlənirdi ki, Səksən səkkizinci küçədəki «Şraft» kafesində yaman pis xidmət göstərməyə başlayıblar. O biri qayınanamdan idi. Yazırdı ki, insafım olsun, «düşərgə»dən kənara çıxmağa imkan tapan kimi, ona bir az yumşaq keçi qəzilindən iplik alıb göndərim.

Birinci stəkanı içib qurtarmamışdım ki, bayaq xorda səsinə heyran qaldığım, sifəti diqqətimi cəlb edən həmin gənc xanım içəri girdi. Yağışdan tamam islanmış saçlarının arasından qulaqlarının ucları görünürdü. Yanında balaca bir oğlan uşağı da vardı. Heç şübhəsiz, qardaşıydı və qız onun kepkasını laboratoriya obyekti kimi, iki barmağı ilə başından qaldırıb götürdü. Bu dəstənin ardınca içəri fetr şlyapalı, görkəmindən fərasətli bir qadın girdi. Çox

güman ki, onların mürəbbiyəsi idi. Xorda oxuyan qız yeriyə-yeriyə paltosunu çıxartdı və özünə, mənim nəzərimcə, çox münasib bir stol seçdi: səkkiz-on addım aralıda, mənimlə düz üzbəüz. O da, mürəbbiyə də oturdular. Balaca oğlan isə (beş yaşı ancaq olardı) bu əməliyyata hələ hazır deyildi. O, əynindəki matros gödəkcəsindən sivişib çıxdı, sonra anadangəlmə qəddar adam təmkini ilə bu mürəbbiyəni amansız surətdə təngə gətirməyə başladı: gözlərini onun sifətindən çəkmədən öz stulunu bir neçə dəfə irəli-geri itələdi. Mürəbbiyə səsini qısıb ona iki-üç dəfə əmr etdi ki, aşağı otursun, ümumiyyətlə, bu şıltaqlıqlarına son qoysun. Lakin yalnız bacısı dilləndikdən və bir dəfə də stulun başına fırlandıqdan sonra özünü onun üstünə yıxdı. Dərhal önündəki salfeti götürüb başının üstünə qoydu. Bacısı onu başından götürdü, açıb dizlərinin üstünə sərdi.

Onlara çay gətirilənəcən xorda oxuyan qız arada diqqətlə ona baxdığımı hiss elədi. O da sınayıcı nəzərlərlə məni süzdü və birdən yüngülcə gülümsündü. Bu gülüş yüngülcə hiss olunan bir çox incə təbəssümlər kimi çox isti, çox hərarətli gülüş oldu. Mən də ona gülümsündüm, amma onun kimi hərarətlə yox, çünki üst dodağımı aralayıb, iki qabaq dişimin arasındakı kömür kimi qapqara qaralmış

plombu ona göstərməkdən qorxdum. Bir də onda ayıldım ki, gənc xanım qibtə ediləcək bir qətiyyətlə stolumun böyrünü kəsdirib. Əynində yun, şotland qumaşından (məncə, «Kembel» firmasının məhsulu idi) don vardı. Adama elə gəlirdi ki, bu cür yağışlı, çox yağışlı bir gündə gənc, yeniyetmə qız üçün bundan gözəl geyim tapılmazdı.

– Mənsə, elə bilirdim amerikalıların çaydan zəhlələri gedir, – o dedi.

Onun bu sözlərində ifrat, çoxbilmiş adam müştə- behliyi deyil, statistik məlumatlara rəğbət hissi du- yuldu. Dedim ki, bizlərdən də bəzilərimiz ömründə çaydan savayı heç nə içmirik. Təklif etdim ki, qona- ğım olsun.

– Çox sağ olun, – dedi. – Yalnız bir dəqiqəliyə. Durub ona stul çəkdim. Mənimlə üzbəüz olan

stulu. Belini dik tutub, stulun lap qırağında oturdu. Dimdik durna kimi. Dərhal öz stuluma tərəf qaçdım, daha doğrusu, atıldım: söhbətdən ötrü ciyərim yanırdı. Ancaq oturandan sonra heç bilmədim nədən başlayım, ağlıma heç nə gəlmirdi. Ağzımdakı kömür kimi qara plombu göstərməməyə çalışaraq, bir də gülümsündüm. Və nəhayət, dedim ki, bugünkü hava çox sarsaq havadır.

– Elədir, tamamilə doğru deyirsiniz, – qonağım bunu elə dedi ki, boş söhbətlərə dözmədiyini

açıq-aşkar büruzə verdi. Barmaqlarını spiritizm seanslarında olduğu kimi irəli uzadıb, qıraqdan stolun üstünə qoydu, amma o dəqiqə də geri çəkib ovcunda gizlətdi: dırnaqlarını dibindən, lap ətinəcən dişləyib qoparmışdı. Qoluna şturman xronoqrafını xatırladan iri hərbçi saatı taxmışdı. Onun enli siferblatı gənc xanımın incə biləyi üçün çox, çox, çox yekə görünürdü.

– Siz də bizim məşqdəydiniz, – deyə işgüzar bir ahənglə xəbər verdi. – Mən sizi gördüm.

Dedim ki, həqiqətən, oradaydım və onun səsi o birilərindən xeyli seçilirdi. Dedim ki, məncə, onun gözəl, yapışıqlı səsi var.

Başı ilə təsdiqlədi.

– Özüm bilirəm, – dedi. – Mən peşəkar müğənni olmaq istəyirəm.

– Doğrudan? Opera müğənnisimi?

– Yox, Allah etməsin. Radioda caz mahnıları oxuyacam, çoxlu pul qazanacam. Sonra otuz yaşıma çatanda, müğənniliyin daşını atıb, Ohayoya köçəcəm. Orada rançoda yaşayacam, – ovcunu təpəsinin ortasına çəkdi. Saçları tamam islanmışdı. – Ohayoda olmusunuz heç?

Dedim ki, bir-iki dəfə yolüstü qatarla keçmişəm, amma, əslində, o tərəfləri yaxşı tanımıram. Sonra ona darçınlı çörək qızartması təklif etdim.

– Yemirəm, çox sağ olun, – dedi. – Bilirsiniz, mənim yeməyim quş yeməyidir.

Özüm çörəkdən bir tikə dişləyib, dedim ki, Ohayo iqlimi çox sərt olan yerdir.

– Bilirəm. Bir amerikalı deyib mənə. Siz mənim rast gəldiyim on birinci amerikalısınız.

Mürəbbiyələri aramsız ona göz-qaş eləyirdi ki, öz yerinə qayıtsın, tanımadığı adamın zəhləsini tökməsin. Ancaq qonağım, heç nə olmayıbmış kimi, stulunu bir az da yana çəkib, kürəyini tamamilə öz stoluna doğru çevirdi və bununla da o stoldan gələn bütün siqnalları dəf etmiş oldu.

– Siz də o təpədəki məxfi kəşfiyyatçılar məktəbinə gedirsiniz, eləmi? – sakitcə dəqiqləşdirmək istədi.

Əsgəri sayıqlığımı itirmədən dedim ki, yox, bura

Devonşirə səhhətimə görə gəlmişəm.

– Doğrudan? – dedi. – Elə bilməyin ki, mən dünyaya dünən gəlmişəm.

Dedim, aydın məsələdir ki, dünən gəlməyib, buna lap and da içə bilərəm. Kirimişcə çayımı içdim. Birdən mənə elə gəldi ki, nəsə düz oturmamışam, yerimdə qurcalanıb belimi dikəltdim.

– Amerikalı olmağınıza baxmayaraq, siz çox ziyalı adama oxşayırsınız, – qonağım fikirli-fikirli dedi.

Dedim ki, bu cür danışmaq, əslində, əsil yekəxanalıqdır və məncə, ona yaraşan iş deyil.

O qızardı və onun bayaqkı kübar sərbəstliyi dərhal mənə keçdi: bu cür sərbəstlikdən mən daim məhrum olmuşam.

– Elədir, amma mənim gördüyüm amerikalıların əksəriyyəti özlərini heyvan kimi aparırlar. Daim bir-biri ilə boğuşur, hamını təhqir edirlər və hətta... heç bilirsiniz biri neylədi?

Başımı buladım.

– Onların biri boş viski butulkasını xalamın pəncərəsinə tolazladı. Xoşbəxtlikdən, pəncərə açıq idi. Sizcə, ziyalı adam da belə iş tutarmı?

Əlbəttə, tutmaz, amma mən bunu ona deyə bilmədim. Dedim ki, dünyanın hər yerində əsgərlərin əksəriyyəti öz doğma ev-eşiklərindən ayrı düşür, həyatda ən adi şeylərdən məhrum olurlar. Sonra da, deyəsən, əlavə etdim ki, bəziləri gərək bunu özləri başa düşə.

– Ola bilsin, – qonağım inamsız-inamsız dedi. Yenə də əli ilə yaş saçlarını sığalladı və ağımtıl yaş saç çəngələrinin bir-ikisini aşağı dartıb qulaqlarının üstünü örtməyə çalışdı. – Saçlarım tamam islanıb, – dedi. – Lap pis gündəyəm, – üzümə baxdı. – Əslində, quru olanda saçlarım xeyli qıvrım olur.

– Görürəm. Görürəm, qıvrımdır.

– Yox, o qədər də qıvrım yox, sadəcə azca dalğalı,

– dedi. – Siz evlisiniz?

Dedim ki, evliyəm. Başını tərpətdi.

– Arvadınızı çox sevirsinizmi? Yoxsa, bu sualım yerinə düşmədi?

Dedim ki, yerinə düşməyəndə özüm deyəcəyəm. O, qollarını irəli uzadıb stolun üstünə qoydu. Yadımdadır, onda ürəyimdən keçdi ki, onun qolunda parıldayan o zorba saata nə isə bir şey edim, bəlkə, deyim elə onu belinə dolasın.

– Əslinə baxsan, sürü hissiyyatı mənə o qədər də xas deyil, – dedi və üzümə baxdı ki, görsün mən bu sözün mənasını başa düşürəm, ya yox. Ancaq mən sifətimin ifadəsi ilə bunun elə və ya belə olduğunu ona hiss etdirmədim.

– Mən sizə ancaq buna görə yaxınlaşdım ki, gözümə çox tənha, çox yalqız adam kimi dəydiniz. Siz sifətdən hədsiz dərəcədə incə, həssas qəlbli adama oxşayırsınız.

Dedim ki, haqlıdır, həqiqətən də özümü tənha hiss eləyirdim və çox şadam ki, mənə yaxınlaşıb.

– Mən də özümdə həssaslıq hissi oyatmağa çalışıram. Xalam deyir ki, mən çox soyuq adamam, – dedi və yenə də təpəsinin ortasını sığalladı. – Xalamla bir

yerdə yaşayırıq. Çox mehriban, ürəyiyumşaq qadındır. Anam rəhmətə gedəndən sonra, Çarlzla mənim yeni həyata uyğunlaşmağımız üçün əlindən gələni əsirgəmir.

– Çox şadam buna.

– Anam isə son dərəcə ziyalı bir qadın idi. Çox ehtiraslıydı. Hər mənada, – o, yenə də diqqətlə üzümə baxdı, elə bil məni indi görürdü. – Sizcə, mən doğrudan da soyuq adamam?

Dedim ki, heç də yox. Əslində, tamamilə əksinədir. Öz adımı deyib, onunkunu soruşdum. Bir balaca tərəddüd elədi.

– Adım Esmedir, – dedi. – Elə bilirəm ki, hələlik familiyamı bilməsəniz yaxşıdır, çünki mənim titulum da var və ola bilsin ki, o sizə pis təsir eləsin. Amerikalılar, özünüz bilirsiniz də, belə şeyləri xoşlamırlar.

Dedim ki, inanmıram mənə pis təsir eləyə, amma düz eləyir. Hələlik onu bildirməsə yaxşıdır.

Elə bu anda arxadan, boynumun dalında kiminsə ilıq nəfəsini hiss etdim. Geri qanrıldım və az qaldıq Esmenin balaca qardaşı ilə burun-buruna toqquşaq. Məni heç vecinə də almadan, cır zil səsi ilə bacısına dedi:

– Miss Meqli deyir ki, gəlib çayını içsin! – Öz vəzifəsini yerinə yetirdikdən sonra bacısı ilə mənim

aramdakı stulda əyləşdi. Maraqla gözlərimi ona dikmişdim. Qəhvəyi şotland yunundan olan şortda, tünd-göy cemperdə, ağ köynəkdə və zolaqlı qalstukda çox qəşəng görünürdü. O da öz yaşıl gözlərini məndən çəkmirdi. – Kinoda adamlar niyə çəpinə öpüşürlər? – deyə ötkəm soruşdu.

– Çəpinə? – dedim. Bu problem uşaqlıqda məni də çox düşündürmüşdü. Dedim ki, mən bilən, aktyorların burunları çox uzundur, ona görə. Burunları mane olur.

– Bunun adı Çarlzdır, – Esme dedi. – Yaşına görə çox iti dərrakəsi var.

– Gözləri də, heç şübhəsiz, yaşıldır. Eləmi, Çarlz? Çarlz alnını turşudub tərs-tərs üzümə baxdı: görünür, belə sualın belə də cavabı olmalıydı. Sonra oturduğu yerdən qıvrıla-qıvrıla, yavaş-yavaş üzüaşağı sürüşməyə başladı və bütün bədəni stolun al- tında gözdən itdi. Bircə stulun üstündə güləşçilər kimi «körpü» vəziyyəti almış başı görünürdü.

– Mənim gözlərim bənövşəyidir, – o, gözləri tavana baxa-baxa dedi. Sonra süfrənin qırağını qaldırıb, yaraşıqlı, solğun sifətini onun altına soxdu.

– Birdən çox ağıllı uşaq olur, birdən də yox, – Esme dedi. – Çarlz, düz otur!

Çarlz yerindən tərpənmədi. Elə bil nəfəsini də udmuşdu.

– Atasının xiffətini eləyir yaman. Atam Şimali Afrikada, döyüşdə həlak olub.

Dedim ki, bunu eşitməyimə çox təəssüf eləyirəm. Esme başını tərpətdi.

– Atam bunu çox əzizləyərdi... – fikirli-fikirli barmağının mayasını dişləməyə başladı. – O – Çarlzı deyirəm – daha çox anama oxşayır. Mən isə atama, deyirlər, elə bil burnundan düşmüşəm, – hələ də barmağını gəmirirdi. – Anam çox, çox ehtiraslı qadın idi. O, ekstrovert, atam isə əksinə, itrovert idi. Bir sözlə, belə baxanda deyərdin, çox yaxşı tapışıblar. Amma, düzünə qalsa, əlbəttə ki, atama intellektual səviyyəsi daha da yüksək olan həyat yoldaşı lazım idi. Çünki o çox istedadlı, dahiyanə adamdı.

Bütün diqqətimi cəmləyib, bu məlumatın ardına qulaq asmaq istəyirdim, amma ardı gəlmədi. Aşağıya, Çarlza baxdım, o, indi yanağını stulun üstünə qoymuşdu. Ona baxdığımı görəndə yuxulu gözlərini mələk kimi qapadı, sonra dilini – xeyli uzun dilini çıxarıb, çox tərbiyəsiz bir səslə zildən çığırdı. Mənim vətənimdə belə bir şey beysbol oyununda hakimin səhvinə qarşı onun üçün ən əla mükafat ola bilərdi. Qəhvəxananın bütün divarları titrədi.

– Bəsdir! – Esme dedi. Bu ona heç təsir də etmədi. – Bunu bir amerikalıdan öyrənib. Kartoflu balıq qızartması növbəsinə duranda o da belə bir səs çıxarıb. Di bəsdir! Yoxsa bu dəqiqə səni birbaşa miss Meqlinin yanına göndərəcəm.

Çarlz bacısının hədəsinin ona çatdığını bildirmək üçün iri gözlərini bərəltdi, amma ayrı bir narahatçılıq keçirmədi. Təzədən gözlərini qapayıb, başını yanağı üstə stulun oturacağına qoydu.

Qeyd elədim ki, Çarlz bu vərdişi – nəşələnəndə Bronklular kimi çığırmağını deyirdim – titul daşımağa yaşı çatanacan qoruyub saxlaya bilsin. Yəni əgər bacısı kimi onun da titulu varsa.

Esme nə isə öyrənirmiş kimi, uzun-uzadı sifətimdən gözünü çəkmədi.

– Sizin çox mədəni yumorunuz var, eləmi? – o, nisgilli-nisgilli dedi. – Atam həmişə deyərdi ki, mənim heç yumor hissim yoxdur. Deyərdi ki, əsil həyatla üzləşməyə hazır deyilsən, çünki yumor hissin yoxdur.

Gözlərimi ondan çəkmədən bir siqaret yandırıb dedim ki, heç inanmıram ki, həyatda əsil çətinliyə düşəndə yumor hissinin adama bir köməyi ola.

– Atam deyirdi var.

Onun bu cavabı mənə etiraz deyil, adicə inam simvolu idi və mən cəld vəziyyətə uyğunlaşmağa çalışdım. Başımla dediyini təsdiqlədim və dedim ki, görünür, atası bunu sözün geniş mənasında deyirmiş. Mən isə xırda, dar mənasında (bunu necə qanasan, özümə də məlum deyil).

– Çarlz onsuz yaman darıxır, – Esme bir az keçəndən sonra dilləndi. – Yaman özünü çox istədən adam idi. Həm də çox gözəl idi. Zahirən ona, bəlkə də, gözəl deməzdin, amma hər halda gözəl idi. Son dərəcə xeyirxah bir adam üçün onun ağır, adamı lərzəyə gətirən baxışları vardı.

Başımı tərpətdim. Dedim ki, ola bilsin, onun atası qeyri-adi söz ehtiyatına malik imiş.

– Elədir, çox qeyri-adi! – Esme dedi. – Arxivçi idi. Əlbəttə ki, həvəskar arxivçi.

Elə bu anda çiynimdə şappıltı, daha doğrusu, ağır bir zərbə hiss elədim. Çarlz tərəfdən. Ona tərəf çevrildim. İndi o, demək olar ki, qaydasında oturmuşdu. Təkcə bir qıçını qatlayıb altına qoymuşdu.

– Bu divar o divara nə deyib? – səbirsizliklə soruşdu. – Tapmacadır ha!

Fikirli-fikirli gözlərimi tavana zillədim, bu sualı özüm-özümə bərkdən təkrar elədim. Sonra əlacsız qalmış adam kimi Çarlzın üzünə baxıb dedim ki, bunu tapa bilmədim.

– Küncdə görüşənədək! – deyə o, çılğınlıqla qışqırdı.

Cavab hamıdan çox özünə ləzzət eləmişdi. Az qaldı gülməkdən boğula. Hətta Esme yerindən qalxıb, öskürəyi kəsməyən adam kimi onun kürəyinə vurmalı oldu.

– Yaxşı, di bəsdir, – dedi. Gəlib yerində oturdu.

– O bu tapmacanı hamıya deyir, hər dəfə də bu cür gülməkdən boğula-boğula qalır. Özü də həmişə güləndə ağzından su tökülür. Di bəsdir, qurtar!

– Amma onu deyim ki, ömrümdə bundan yaxşı tapmaca eşitməmişəm, – dedim və yavaş-yavaş özünə gəlməkdə olan Çarlzın üzünə baxdım.

Mənim bu komplimentimin cavabında o, yenə də stolun altına sürüşdü, süfrəni üzünə çəkib örtdü, bircə gözləri açıq qaldı. Süfrənin altından mənə tərəf baxdı: bu gözlərdə tədricən sönməkdə olan sevinc və bir-iki əla tapmaca bilən adamlara məxsus təkəbbür ifadəsi vardı.

– Əsgərlikdən əvvəl hansı peşənin sahibiydiniz? Bilmək olarmı? – Esme soruşdu.

Dedim ki, əslində, heç yerdə işləməmişəm, bir il bundan qabaq kolleci bitirmişəm, ancaq gələcəkdə özümü peşəkar yazıçı görmək istərdim.

Nəzakətlə başını tərpətdi.

– Çap olunmusunuz? – dedi.

Adi, amma həmişə olduğu kimi, çox incə sual idi. Elə bir sual ki, mən ona dərhal, bir, iki, üç deyincə cavab verə bilmədim. Başladım Amerikada redaktorların çoxunun necə mürtəd adam olduqlarını...

– Atamın çox əla qələmi vardı, – Esme sözümü kəsdi. – Məktublarının çoxunu gələcək nəsillər üçün yadigar saxlayıram.

Dedim ki, çox gözəl ideyadır. Arabir onun qolundakı xronoqrafı xatırladan iri, əndazəsiz saata baxmaqdan özümü saxlaya bilmirdim. Soruşdum ki, atasının saatıdırmı? Esme ciddi bir görkəm alıb diqqətlə biləyinə baxdı.

– Bəli, onunkudur, – dedi. – Çarlzla mən bura köçürülməzdən azca qabaq mənə verdi, – pörtüb qollarını stolun üstündən çəkdi və dedi: – Sadəcə olaraq, vacib bir xatirə kimi, – və dərhal mövzunu dəyişdi.

– Haçansa mənim üçün bir hekayə yazmış olsanız, özümü xoşbəxt sanardım. Mütaliəni çox sevirəm.

Dedim ki, bacarsam, hökmən yazaram, amma mən o qədər də məhsuldar yazan deyiləm.

– Bunun üçün elə məhsuldar olmaq da lazım deyil! Təki hekayə avam, uşaq hekayəsi olmasın, – fikrə getdi. – Mən murdarlıqdan bəhs eləyən hekayələ- ri daha üstün tuturam.

– Nədən?

– Murdarlıqdan. Həyatdakı murdarlıqlar məni daha çox düşündürür.

İstədim bununla nə demək istədiyini ondan ətraflı soruşum, amma birdən Çarlz qolumu çimdiklədi. Özü də lap bərkdən. Sifətimi azca turşudub ona tərəf döndüm. Düz böyrümdə dayanmışdı.

– Bu divar o divara nə deyib? – soruşdu. Bu dəfə sual tanış sual idi.

– Onu bayaq soruşdun da! – Esme dedi. – Di bəsdir, qurtar.

Bacısının dediyinə məhəl qoymadan Çarlz ayağımın üstünə çıxıb, özünün əsas tapmacasını bir də təkrar etdi. Qalstukunun düyünü azca yana əyilmişdi. Düz gözlərinin içinə baxa-baxa onu düzəldib dedim:

– Küncdə görüşənədək!

Söz ağzımdan çıxmamış, onu dediyimə peşman oldum. Çarlz ağzını o ki var ayırdı. Elə bil mən onu yumruqla vurub ayırmışdım. Ayaqlarımın üstündən düşüb, qəzəbli-yekəxana bir görkəmlə öz stol- larına tərəf yollandı. Heç dönüb arxaya da baxmadı.

– Qəzəblənib, – Esme dedi. – Yaman tündxasiyyət uşaqdır. Atam onu bu cür korlayıb. Əziz-xələf eləyib. Yalnız atam qarşısını ala bilirdi onun.

Mən hələ də Çarlzın dalınca baxırdım. Oturdu, fincandan ikiəlli yapışıb çayını içməyə başladı. Çox istədim ki, bəri baxsın, amma baxmadı.

Esme də durdu:

– İl faut que je parte aussi1, – köksünü ötürərək dedi. – Siz fransızca bilirsinizmi?

Mən də yerimdən qalxdım, həm xəcalət çəkirdim, həm də qüssələnmişdim. Esme ilə bir-birimizin əlini sıxdıq. Əvvəlcədən də hiss elədiyim kimi, onun əlləri əsəbi adam əlləri idi: ovuclarının içi tərli idi. İngiliscə ona dedim ki, onunla oturmaq mənim üçün çox xoşdur.

Başını tərpətdi.

– Mən elə bilirdim, – dedi. – Yaşıma görə mən çox kommunikativ adamam, – yenə də əlini saçlarına apardı. – Çox təəssüf ki, saçlarım bu gündədir, – dedi. – Yəqin ki, bu görkəmim qıraqdan baxanları iyrəndirir.

– Əsla! Tamamilə əksinə. İndi saçlarınız yenə də dalğalı olub!

Sərt bir hərəkətlə yenə əlini saçlarına çəkdi.

– Necə bilirsiniz, yaxın günlərdə bura yolunuz bir də düşəcəkmi? – soruşdu. – Biz hər şənbə günü, xor məşqindən sonra burada oluruq.

Cavab verdim ki, özüm üçün bundan yaxşı şey arzulaya bilməzdim, amma çox təəssüf ki, bir də bura yolum düşməyəcək. Bunu dəqiq bilirəm.

– Başqa sözlə, qoşunların hara göndəriləcəyini xəbər verməyə sizin səlahiyyətiniz çatmır, – Esme dedi. Ancaq hələ də yerindən tərpənmirdi. Ayaqlarını çarpazlayıb, gözlərini döşəməyə zilləmişdi. Dabanlarını cütləşdirməyə çalışırdı. Bu hərəkəti ona çox yaraşırdı: ağ qolfili ayaqlarına, ətli topuqlarına və şümal baldırlarına tamaşa etmək çox xoş idi. Birdən başını qaldırıb üzümə baxdı:

– İstərdinizmi mən sizə məktub yazım? – Azca pörtmüş halda soruşdu.

– Yaşıma baxmayın, çox maraqlı məktublar yaza...

– Buna yalnız çox şad olardım, – cibimdən qələm-kağız çıxarıb adımı, rütbəmi, şəxsi nömrəmi və səhra poçtumuzun nömrəsini yazdım.

– Birinci mən özüm yazacam ki, – vərəqi alıb dedi, – siz heç nədə özünüzü narahat hiss eləməyəsiniz, – ünvanı donunun cibinə qoydu. – Əlvida, – dedi və öz stollarına doğru yollandı.

Bir fincan da çay sifariş verib, onların hər ikisinə tamaşa etməyə başladım. Miss Meqli getmək üçün ayağa qalxanacan Çarlz faciəvi görkəm alıb axsaya-axsaya qabağa düşmüşdü, elə bil bir qıçı o birindən xeyli qısaydı. O mənə tərəf heç baxmadı da. Onun ardınca miss Meqli, axırda isə sonuncu dəfə mənə əl eləyən Esme qəhvəxanadan çıxdı. Stuldan azca dikəlib mən də ona əl etdim. Bu mənim üçün çox həyəcanlı bir an oldu.

Heç bir dəqiqə keçməmişdi ki, Çarlzın gödəkcəsinin qolundan yapışıb onu darta-darta öz arxasınca sürüyən Esme yenidən içəri qayıtdı.

– Vidalaşmaq üçün Çarlz sizi öpmək istəyir, – dedi.

Tələsik əlimdəki fincanı yerə qoyub dedim ki, lap gözəl, amma o buna əmindirmi?

– Tamamilə, – Esme bir qədər qaşqabaqlı dedi. Çarlzın qolunu buraxıb onu güclə mənə tərəf

itələdi. Uşaq tabaşir kimi ağappaq ağarmış halda mənə yaxınlaşdı, sağ qulağımın dibindən marçıltıyla nəm bir öpüş götürdü. Bu ağır sınağa tab gətirəndən sonra o, qapıya doğru yönəldi, bu cür sentimental hisslərdən çox uzaq olan başqa bir aləmə qayıtmaq istədi. Arxadan əl atıb onun gödəkcəsinin ətəyindən yapışdım, bərk-bərk tutub buraxmadım.

– Bu divar o divara nə deyib? – deyə soruşdum. Sifəti işıqlandı.

– Küncdə görüşənədək! – qışqırdı və cəld qapıya tərəf götürüldü. Təmiz isterika içində idi.

Esme yenə də ayaqlarını çarpazlayıb durmuşdu.

– Özünüzə əminsiniz ki, mənim üçün hekayə yazmağı unutmayacaqsınız? – dedi. – Məcbur deyil ki, hökmən mənim üçün olsun. O elə...

Dedim ki, unutmağa mən elə bir səbəb görmürəm. İndiyəcən ömrümdə heç kəs üçün heç nə

yazmamışam, amma, görünür, indi bu işlə də məşğul olmağın vaxtı çatıb.

Başı ilə təsdiqlədi.

– Çalışın o, xeyli murdar, xeyli də təsirli alınsın,

– deyə xahiş etdi. – Ümumiyyətlə, sizin murdarlıq barədə kifayət qədər təsəvvürünüz varmı?

Dedim ki, o qədər də yox, ancaq, ümumiyyətlə, həyatda tez-tez onunla üzləşməli oluram, bu və ya başqa formada. Və var gücümlə çalışacam ki, bu hekayə onun qoyduğu tələblərə cavab verə bilsin. Təzədən bir-birimizin əlini sıxdıq.

– Əfsuslar olsun ki, bundan yaxşı şəraitdə görüşmək bizə nəsib olmadı. Elə deyil?

Dedim ki, elədir, doğrudan da çox təəssüf.

– Əlvida! – Esme dedi. – Ümidvaram ki, müharibədən sağ-salamat, fəaliyyət funksiyalarınızı normal şəkildə qoruyub saxlamış halda qayıdacaqsınız.

Ona təşəkkürümü bildirib, əlavə bir-iki söz də dedim və sonra oturduğum yerdən onun otaqdan necə çıxdığına tamaşa etdim. Fikirli, ağır-ağır addımlarla yeriyə-yeriyə saçlarının ucunun quruyub-qurumadığını yoxlayırdı.

Buradan belə bizim hekayənin murdar və ya necə deyərlər, təsirli hissəsi gəlir. Səhnə başqa səhnədir.

Surətlər də həmçinin. Düzdür, mən hələ də onların arasındayam, amma bəzi səbəblərə görə (onları burada şərh etməyə ixtiyarım yoxdur ), bu andan başlayaraq maskalanmalı olmuşam. Özü də o qədər hiyləgərcəsinə ki, hətta ən fərasətli oxucu belə məni tanıya bilməz.

Bu hadisə Bavariyada Qaufurt şəhərində Qələbə günündən bir-iki həftə sonra olub. Axşam saat təqribən on birin yarısı idi. Ştab-serjant İks şəxsi bir evin ikinci mərtəbəsində öz otağında oturmuşdu. Bu evdə o, digər doqquz nəfər amerikalı əsgərlə birlikdə hələ döyüşlər başa çatmazdan əvvəl yerləşdirilmişdi. Sınıq-salxaq balaca bir yazı stolunun arxasında qatlama ağac stulda əyləşib, okeanın o tayından göndərilən kağız cildli romanı açıb önünə qoymuşdu, oxumaq istəsə də, oxuya bilmirdi. İş romanda deyil, onun özündəydi. Hər ay xüsusi xidmət şöbəsindən göndərilən bu kitabların ən yaxşılarını, adətən, əvvəlcə aşağı mərtəbədə yaşayan əsgərlər qamarlasalar da, İksin əlinə həmişə elə kitablar düşürdü ki, onları məhz elə özü seçmək istərdi. Ancaq bu cavan oğlan o adamlardan idi ki, müharibənin bütün od-alovlarından keçsə də, ondan sağ-salamat çıxmamış, «normal fəaliyyət funksiyaları»nı qoruyub saxlaya bilməmişdi və buna görə də hər abzasa bir saatdan çox vaxt sərf edir, onu üç dəfə təkrar etməli olurdu, indi isə hər cümləni bu cür oxuyurdu.

Birdən kitabı örtdü, heç oxuduğu yeri də işarə etmədi. Bir anlığa stolun üstündən asılan çılpaq elektrik lampasının gözqamaşdırıcı, soyuq işığından qorunmaq üçün əlini gözünün üstünə qoydu.

Stolun üstündəki qutudan bir siqaret götürüb onu zorla yandırdı: barmaqları yüngülcə səyriyir, hərdən bir-birinə dolaşırdı. Kresloda yerini rahatlayıb, siqaretin dadını-tamını duymadan ciyərlərinə sümürdü. Neçə həftə idi ki, siqareti siqaretə calamışdı. Dilini yüngülcə damağına sıxan kimi qanı çıxırdı və o bu işi heç cür tərgidə bilmirdi, bəzən saatlarla uşaq kimi bununla oynayırdı. Beləcə oturub siqaret çəkə-çəkə bir neçə dəqiqə bu işlə məşğul oldu. Sonra birdən həmişəki kimi, qəflətən yenə də ona elə gəldi ki, beyni çaxnadı, başı öz müvazinətini itirib, baqaj dolabında bir yerə bərkidilməmiş çamadan kimi o yan-bu yana ləngərləməyə başladı. Başındakı bu ağrılara son qoymaq üçün dərhal ovuclarını gicgahlarına apardı, neçə həftə idi ki, hər dəfə bu üsula əl atırdı. Bir müddət gicgahlarını bərk-bərk sıxıb buraxmadı. Saçları xeyli uzanmışdı və həm də çirklənmişdi. Frankfurt-Maynda, hospitalda qaldığı iki həftə ərzində onları üç-dörd dəfə yumuşdu, ancaq «cip»də Qaufurta qayıdanacan uzun, toz-torpaqlı yolda saçları təzədən kirlənmişdi. Onun dalınca hospitala gələn kapral Zet geri qayıdarkən yenə də əvvəlki kimi (müharibə qurtardı, ya qurtarmadı, vecinə deyildi), qabaq şüşəni aşağı endirib, maşını elə sürətlə qovurdu ki, sanki atəş altına düşmüşdülər. İndi buraya, Almaniyaya minlərlə təzə, barıt qoxusu duymamış əsgər gətirilmişdi. Və kapral Zet maşını bu cür, qabaq şüşəsi endirilmiş halda, yüksək sürətlə qovmaqla özünün onlardan, Avropa döyüş səhnəsində hələ çox naşı olan bu maymaqlardan olmadığını göstərmək istəyirdi.

Əllərini gicgahlarından çəkəndə İks gözlərini yazı stolunun üstünə zillədi: orada ağzı hələ açılmamış iyirmidən çox məktub və beş-altı bağlama yığılıb qalaqlanmışdı. Hamısı da ona göndərilmişdi. Əlini o qalağın arxasına soxub, divara söykədilmiş kitabı götürdü. Göbbelsin «Die Zeit Ohne Beispiel»1 əsəri idi. Bu kitab bir neçə həftə bundan əvvəl bu evdə yaşayan ailənin otuz səkkiz yaşlı, hələ də ərə getməmiş qızının kitabı idi. Həmin qız faşist partiyasında çox kiçik bir vəzifə tutsa da, onun bu rütbəsi ordu rəhbərliyinin əmri ilə qeyd-şərtsiz həbs olunanlar arasına düşəcək dərəcədə yüksək idi. İks

1 «Misilsiz dövr»

özü onu həbs eləmişdi və indi, hospitaldan çıxandan sonra həmin gün üçüncü dəfə idi ki, bu kitabı açıb, onun forzasındakı kiçik qeydi təkrar-təkrar oxuyurdu. Mürəkkəblə, alman dilində, son dərəcə səmimi və muncuq kimi xırda bir xətlə ora beşcə söz yazılmışdı: «Lütfkar ilahi, həyat əsil cəhənnəmdir!» Başqa heç nə: nə əvvəlində, nə də axırında. Səhifənin boşluğu və otağın xəstəhal sükutu içində bu sözlər danılmaz, hətta klassik bir ittiham kimi səslənirdi. İks bir neçə dəqiqə beləcə, gözlərini o sözlərə zilləyib qaldı, onun təsiri altına düşməməyə çalışdı. Bu isə onun üçün çox çətin idi. Sonra karandaş qırığı tapıb, son bir neçə həftənin bekarçılığından doğan ciddi bir səylə həmin qeydin altından ingiliscə bu sözləri yazdı: «Atalar və müəllimlər, düşünürəm:

«Cəhənnəm nədir?» Belə fikirləşirəm: «Bir daha sevə bilməmək dərdi». Altından Dostoyevskinin adını yazmaq istəyəndə gördü ki, – hətta qorxudan əti də ürpəşdi – onun nə yazdığını oxumaq mümkün deyil. Və kitabı örtdü.

Sonra əlini cəld məktub qalağına uzatdı, əlinə keçən ilk məktubu götürdü. Olbanidə yaşayan böyük qardaşından idi. O hələ hospitala düşməzdən qabaq bu məktub bu stolun üstündə idi. Zərfi aldı və ərincəklik onu bassa da, bu məktubu axıracan

oxumağa hazırlaşdı, amma təkcə əvvəlini oxuya bildi və «...lənətə gəlmiş bu müharibə də başa çatdı və indi, yəqin, nə qədər desən, vaxtın var: bəlkə, bizim uşaqlara bir-iki süngü və ya svastika alıb göndərəsən» sözlərindən sonra dayandı. Onu cırıb tulladı və yalnız gözləri təsadüfən zibil yeşiyinə sataşanda başa düşdü ki, o zərfin içində həm də həvəskar adamın çəkdiyi bir fotoşəkil də varmış. Əvvəl onu görməyib. Haradasa bir çəmənlikdə dayanmış adamın ayaqları görünürdü.

Qollarını stolun üstündə çarpazlayıb, başını onların üstünə qoydu. Təpədən dırnağa kimi hər yeri ağrıyırdı, elə bil, bütün ağrı zonaları bir-birinə calanmışdı. Yeni il yolkasına taxılan lampalar kimi: eyni elektrik cərəyanı ilə birləşdirildiklərindən, biri sıradan çıxan kimi hamısı sönməli idi.

Qapı döyülmədən şaqqıltıyla açıldı. İks başını qaldırıb çevrildi, kapral Zetin qapıda dayandığını gördü. Kapral Zet İksin “cip” ortağı idi və materikə çıxarıldıqları ilk gündən bəri beş hərbi əməliyyatda onun daimi yol yoldaşı olmuşdu. O, birinci mərtəbədə olurdu və bura İksin yanına, adətən, eşitdiyi şayiələri danışmaq və ya nədənsə qəzəblənəndə öz ürəyini boşaltmaq üçün çıxırdı. İyirmi dörd yaşında cantıraq, çox fotogenik sifəti olan bir oğlan idi. Müharibə vaxtı Amerika jurnallarından biri Hürtgen meşəsində onun şəklini çəkmişdi, o da Bağışlanma günü münasibəti ilə göndərilən hind toyuqlarından hər əlinə birini alıb, böyük həvəslə fotoqraf önündə poza almışdı.

– Məktub yazırsan? – İksdən soruşdu. – Göz-gözü görmür ki, burada, lənət şeytana!

Hər dəfə bu otağa girəndə istəyirdi ki, bütün işıqlar yandırılmış olsun.

İks kresloda ona tərəf dönüb içəri dəvət elədi və dedi ki, ehtiyatlı olsun, iti ayaqlamasın.

– Nəyi?

– Elvini. Lap ayağının altındadır. Kley, o andır işığı yandır da.

Kley barmaqlarını divara sürtüb düyməni tapdı, onu basdı, hin kimi balaca qulluqçu otağından keçərək, gəlib yatağın qırağında İkslə üzbəüz oturdu. Təzəcə səliqəylə daranmış kərpic rəngli kürən saçlarından hələ də su damcılayırdı. Həmişəki kimi darağını boz-yaşıl əsgər köynəyinin sağ tərəfdəki döş cibinə taxmışdı, onun da avtoqələm kimi sancağı vardı. Sol cibinin üstünə isə bir hərbi piyadaçı ulduzu (əslində, rəsmi qaydaya görə, bunu üstündə gəzdirməyə onun ixtiyarı yox idi), Avropa cəbhəsindəki

hərbi əməliyyatlarda iştirak etdiyini bildirən beş bürünc ulduzlu (bu beşinin əvəzinə bir gümüş ulduz da vura bilərdi) orden lenti və Pirl-Harbor döyüşlərindən əvvəl də orduda xidmət etdiyini göstərən lent taxmışdı.

– Eh, ilahi! – deyə dərindən ah çəkdi. Elə-belə, boş, mənasız yerə: orduda olan şeydir.

Köynəyinin cibindən siqaret qutusu çıxartdı, onun arxasından çırtma ilə vurub, birini götürdü, qutunu qaytarıb cibinə qoydu və cibinin ağzını düymələdi. Siqareti sümürə-sümürə küt nəzərlərlə otağa göz gəzdirdi. Nəhayət, baxışları radioya ilişib qaldı.

– Bura bax, – dedi. – Bir neçə dəqiqədən sonra radioda əntiqə konsert olacaq. Bob Houp-filan, hamısı iştirak edəcək.

İks təzə siqaret qutusunu aça-aça dedi ki, radionu elə indicə söndürüb.

Heç bir pərtlik hissi keçirməyən Kley İksin əlləri əsə-əsə zorla necə siqaret yandırdığına tamaşa etdi.

– İlahi, – tamaşaçı şövqü ilə dedi, – əllərinə bax! Gör necə əsir! Özün fikir vermisən heç?

İks siqaretini alışdırıb başını tərpətdi və dedi ki, Kleyin doğrudan da tükü-tükdən seçən iti gözləri varmış.

– Zarafatsız ey, mən hospitalda sənin sifətini görəndə, heç gözlərimə inanmaq istəmədim. Lənət şeytana, lap meyitə oxşayırdın. Nə qədər arıqlamısan? Neçə kilo? Bilmirsən?

– Bilmirəm. Məndən sonra çox məktub almısan- mı? Lorettadan nə xəbər var?

Loretta Kleyin nişanlısıydı və onlar fürsət düşən kimi evlənmək niyyətindəydilər. Qız ona özünün cənnət qədər dinc və qayğısız dünyasından müntəzəm surətdə üçəm nida işarələri və çiy mühakimələrlə dolu məktublar yazırdı. Cəbhəyə düşdükləri ilk gündən Kley Lorettadan aldığı bütün məktubları İksə oxumuşdu. Hətta ən intimlərini belə. Özü də o nə qədər intim olardısa, bir o qədər böyük həvəslə. Və hər dəfə də oxuyub qurtardıqdan sonra İksdən ya onlara cavab yazmağı və ya daha tutarlı çıxsın deyə, özü yazdığı cavabları bir-iki fransız və ya alman ifadələri ilə bəzəməyi xahiş edərdi.

– Aha... Elə dünən ondan məktub almışam. Aşağıda, otaqdadır. Sonra sənə göstərərəm, – Kley laqeydcəsinə dedi. Birdən çarpayının qırağında oturduğu yerdə belini dikəltdi, nəfəsini içinə çəkib bərkdən işqırdı. Sonra bu nailiyyətindən o qədər də razı deyilmiş kimi, yenidən çiyinlərini qısdı. – Qardaşı əclaf donanmadan tərxis olunur, – dedi. – Yanbızından

yaralanıb, oğraş, – yenə də belini dikəldib işqırmaq istədi, amma bu dəfə yaxşı alınmadı. Bütün bədəni titrədi. – Hey, bura bax, yadımdaykən qoy deyim. Sabah tezdən gərək saat beşdə duraq, maşınla Hamburqamı, yoxsa harasa getməliyik. Bütün hissə üçün Eyzenhauer gödəkcələri gətirməyə.

İks qəzəbli baxışlarla onu süzüb, bildirdi ki, şəxsən ona heç bir Eyzenhauer gödəkcəsi-filan lazım deyil.

Kley təəccübləndi. Hətta bir qədər incidi də.

– Nə danışırsan! Heç bilirsən nə qəşəng şeydir? Əla! Niyə istəmirsən ki?

– Niyəsiz. Axı nə üçün biz saat beşdə durmalıyıq? Lənət şeytana, müharibə ki qurtarıb.

– Bilmirəm... Səhər yeməyinə kimi qayıtmalıyıq. Nəsə təzə blanklar gəlib, nahardan qabaq onları doldurmalıyıq... Bullinqə dedim ki, bəlkə, biz onları elə bu axşam dolduraq? Qancıq oğlu qancıq deyir ki, yox, zərfləri vaxtından qabaq aça bilmərəm.

Hər ikisi bir anlığa sükuta dalıb, ürəklərində o ki var Bullinqə nifrət etdilər.

Birdən Kley qəfil nə isə yadına düşmüş adam kimi, diqqətlə İksin üzünə baxdı.

– Bura bax, – dedi, – heç bilirsən sənin sifətinin bir tərəfi necə bərk titrəyir?

İks dedi ki, hər şey özünə məlumdur və sifətinin titrəyən tərəfini əli ilə örtdü.

Kley gözlərini bir anlığa ona zilləyib, xoş bir şeydən xəbər verirmiş kimi, şən və sevincək dedi:

– Əsəblərinin pozulduğunu Lorettaya da yazmışdım.

– Hə?

– Hə. Belə şeylərlə yaman bərk maraqlanır. Psixo- logiya sahəsində ixtisaslaşmaq istəyir, – Kley çəkməli-zadlı özünü çarpayıya sərdi. – Bilirsən nə deyir? Deyir ki, heç kimin əsəbi təkcə müharibəyə görə pozula bilməz. Deyir, çox güman ki, sən elə bütün ömrün boyu beləcə, əsəbləri zəif adam olmusan.

İks əlini gözünün üstünə qoydu (çarpayının tuşundakı işıq gözünü qamaşdırırdı) və dedi ki, o, Lorettanın zəkasına elə həmişə həsəd aparıb.

Kley tərs-tərs onu süzdü.

– Bura bax, ay əclaf, – dedi. – Hər halda, belə şeyləri o səndən yaxşı bilir.

– Bəlkə, sən o murdar ayaqlarını mənim çarpayımdan götürəsən, hə?

Kley sanki «hələ sən mənə ayağımı hara qoymağımı öyrədəcəksən» demək istəyirmiş kimi, bir müddət uzandığı yerdən tərpənmədi, amma sonra onları döşəməyə salıb qalxdı, çarpayıda oturdu.

– Onsuz da aşağı düşməliyəm. Uolkerin otağında radio var, – amma yenə də çarpayıdan durmadı. – Bura bax, elə indicə aşağıda o təzə gələn Bernistayn oğraşla danışırdım. Yadındadır, bir dəfə səninlə Valona gedəndə iki saata yaxın gülləbarana düşdük, mən də maşının kapotuna sıçrayan o çər dəymiş pişiyi çalada, gizləndiyimiz yerdən bir güllə ilə vurub gəbərtdim? Yadındadır?

– Yadımdadır... amma bura bax, Kley, bu pişik əhvalatını bir də təzədən başlama. Bəsdir daha, cəhənnəm olsun hamısı. Eşitmək belə istəmirəm.

– Yox ey, dediyim odur ki, bunu da Lorettaya yazmışam. Bütün qrupla bir yerdə müzakirə ediblər. Elə dərsdəcə. Professorları-filan da orada olub.

– Lap gözəl. Bu barədə heç nə eşitmək istəmirəm, Kley.

– Yox ey, bilirsən Loretta nə deyir? Niyə mən o dəqiqə pişiyi vurmuşam? Deyir ona görə ki, həmin anda müvəqqəti ağlımı itiribmişəm. Zarafatsız. Atışmadan-zaddan.

İks titrək barmaqlarını zorla bir dəfə kirli saçlarına çəkdi və sonra yenə də əlini qaytarıb gözünün üstünə qoydu.

– Ağlını itirib-eləməmişdin. Sadəcə olaraq, öz əsgəri borcunu yerinə yetirirdin. O pişiyi də kişi kimi vurdun. O vəziyyətdə hamı belə edərdi.

Kley şübhə ilə onu süzdü.

– Sən nə sayıqlayırsan?

– Bilirsən, o pişik casus idi. Sən onu mütləq vurub öldürməliydin. Çox fəndgir liliput alman casusu. Özünü maskalamaq üçün qəsdən pişik dərisinə bürünmüşdü. Ona görə də heç narahat olma, burada elə bir vəhşilik, qəddarlıq, murdarlıq, nə bilim nə...

– Lənət şeytana! – Kley dodaqlarını gəmirdi.

– Sən ömründə bircə dəfə də olsun, ciddi söz danışacaqsanmı?

İksin birdən ürəyi bulandı, dərhal kresloda yana çevrilib, lap vaxtında başını zibil yeşiyinə dirədi.

Başını oradan qaldırıb, təzədən qonağına tərəf dönəndə, onun çarpayı ilə qapının tən ortasında dayanıb pörtdüyünü gördü. İks ondan üzr istəmək istədi, amma dərhal da bu fikrindən vaz keçib, əlini siqaretinə uzatdı.

– Gəl sən də gedək, orada radioda Houpa qulaq asarıq, – Kley xeyli aralıda dayansa da, maksimum mehribanlıq göstərməyə çalışdı. – Bir az kefin açılar heç olmasa. Doğrudan.

– Sən get, Kley... Mən indi marka kolleksiyamı gözdən keçirmək istəyirəm.

– Hə? Məgər sənin kolleksiyan da var? Mən heç bilmirdim...

– Yaxşı, yaxşı, zarafat eləyirəm.

Kley yavaş-yavaş qapıya doğru addımladı.

– Sonra, bəlkə, maşınla Eştada getdim, – dedi. – Orada hər axşam rəqs olur. Gecə saat ikiyəcən çəkir, deyirlər. Getmək istəmirsən?

– Yox, çox sağ ol... Mən elə burada, otaqda özüm üçün məşq eləyərəm.

– Yaxşı, gecən xeyrə. Özün də heç nəyə fikir vermə. Cəhənnəm olsun hamısı, – qapı şaqqıltıyla örtüldü, amma dərhal da təzədən açıldı. – Bura bax, Lorettaya yazdığım məktubu qapının altından sənə ötürəcəm. Orada almanca bir-iki şey yazmışam, düzəldərsən onları mənim üçün. Yaxşımı?

– Yaxşı. Di məni tək burax. Zəhləmi aparma.

– Oldu, – Kley dedi. – Bilirsən anam mənə nə yazır? Yazır ki, bütün müharibəni əvvəldən axıracan, eyni maşında-filan səninlə bir yerdə olmağımdan çox şaddır. Yazır ki, səninlə tapışandan məktublarım xeyli mərifətli olub.

İks başını qaldırıb onu süzdü və sözləri güclə tələffüz edə-edə dedi:

– Çox sağ olsun. Mənim adımdan ona təşəkkür edərsən.

– Eləyərəm. Gecən xeyrə.

Qapı şaqqıltıyla örtüldü. Bu dəfə birdəfəlik.

İks bir müddət gözlərini qapıdan çəkə bilmədi, sonra kreslonu fırladıb, yazı stoluna tərəf çevrildi, əyilib döşəmədən portativ makinasını götürdü. Stolun üstündəki məktub və bağlama qalağını bir yana itələyib, onun üçün yer düzəltdi. Fikirləşdi ki, indi nyu-yorklu köhnə dostuna məktub yazsa, bəlkə də, halı bir az yüngülləşər. Ancaq makinaya heç cür kağız sala bilmədi, barmaqları indi lap bərk əsir, heç cür sözünə baxmırdı. Dincini alıb, bir də cəhd elədi, sonra çar-naçar qalıb, kağızı ovcunda sıxıb əzdi.

Zibil qabı ağzınacan dolmuşdu, onu bayıra çıxarıb boşaltmaq lazım idi. Bunu özü də istəyirdi, amma bunun əvəzinə qollarını makinanın üstündə çarpazlayıb, başını onların üstünə qoydu və gözlərini yumdu.

Ağrıdan qıvrıla-qıvrıla bir müddət beləcə oturub qaldı və başını qaldıranda yaşıl kağıza bükülmüş bir bağlama gözünə sataşdı: düz qabağındaydı. Yəqin ki, o, makina üçün yer düzəldəndə qalaqdan sürüşüb bura düşmüşdü. Bu bağlamanın bura çatanacan neçə ünvandan-ünvana göndərildiyini başa düşdü. Bağlamanın elə təkcə bir üzündə onun üç köhnə səhra poçtunun ünvanı vardı.

Laqeydliklə, hətta haradan göndərildiyinə belə baxmadan onu açdı. Sadəcə olaraq, ipini kibritlə yandırdı. Bu saat onun üçün ipin necə yandığına tamaşa etmək, bağlamanı açmaqdan daha maraqlı idi, amma axır ki, onu açdı.

Yeşiyin içində yaşıl papiros kağızına bükülü balaca bir şeyin üstünə mürəkkəblə yazılmış bir vərəq qoyulmuşdu. Vərəqi götürüb oxudu:

«7 iyun 1944-cü il, Devon, ... küçəsi, 17 mənzil ... Əzizim serjant İks!

Ümidvaram ki, sizinlə yalnız otuz səkkiz gün-dən sonra məktublaşmağa başladığım üçün məni bağışlayacaqsınız. Çünki başım bərk qarışıq idi: xalam bərk angina olmuşdu, lap pis vəziyyətdə idi, az qalmışdı ölsün. Buna görə hər gün ortaya min cür iş çıxırdı. Lakin mən sizi və 1944-cü il aprelin 30-da saat dördə on beş dəqiqə qalmışdan beşə on beş dəqiqə işləmişə qədər sizinlə birlikdə keçirdiyim o fövqəladə anları həmişə xatırlamışam. Vaxtı ona görə dəqiq göstərirəm ki, birdən unutmuş olarsınız.

Materikə çıxarıldığınız günü hamımız həyəcan və sevinc içində qarşıladıq. Ümid edirik ki, müharibəyə və yumşaq dillə desək, bu mənasız yaşayış tərzimizə son qoyulacaq. Çarlzla mən Siz sarıdan bərk nigaranıq. Ümid etmək istərdim ki, Kontanten yarımadasına çıxarılan ilk hərbi hissələrin tərkibində olmamısınız. Bəlkə də, olmusunuz. Xahiş edirəm mümkün qədər tez cavab yazasınız. Arvadınıza da atəşin salam göndərirəm.

Səmimi qəlblə Sizin Esme.

P.S.: Cəsarət edib bu məktubla Sizə öz saatımı da göndərirəm, qoy bu münaqişə qurtaranacan o sizdə qalsın. Sizinlə az bir müddətdə ünsiyyətimiz zamanı qolunuzda saatınız olub-olmadığına yaxşı fikir verməmişəm, ancaq bu çox münasib saatdır və tamamilə suya və zərbəyə qarşı davamlıdır. Bundan əlavə də bir sıra üstün məziyyətləri var: məsələn, istəsəniz. onunla piyada hissələrin yerdəyişmə sürətini müəyyənləşdirə bilərsiniz. Qəti əminəm ki, bu ağır günlərdə bu saat sizə məndən çox fayda verə bilər və siz onu bir xoşbəxtlik tilsimi kimi qəbul edəcəksiniz.

Çarlza oxuyub-yazmaq öyrədirəm. Başlanğıc üçün yaman dərrakəsi var. O da burada öz adından bir-iki kəlmə əlavə etmək istəyir.

SALAM, SALM, SALM, SALAM, SALAM SALAM. SLAM. SALAM, SAAM, SALM. SEVİLƏM və ÖPÜLƏM ÇALZ

Xahiş edirəm, vaxt tapan kimi və ürəyiniz istəsə, tez cavab yazasınız».

İks məktubu kənara qoymağa, xüsusilə də Esmenin atasının saatını yeşikdən çıxarmağa özündə güc tapanacan xeyli vaxt keçdi. Və nəhayət, onu oradan çıxaranda gördü ki, saatın şüşəsi ora-bura göndərilməkdən çatlayıb. Nigarançılıq içində fikirləşdi ki, görəsən, başqa yeri də sınmayıb ki. Amma onu işə salıb yoxlamağa hövsələsi çatmadı. Və saat əlində, uzun-uzadı hərəkətsiz düşüb qaldı. Sonra birdən xoşbəxtlik duyğusu onu bürüyürmüş kimi, şirin yuxuya getdi.

Sənin önündə, Esme, yumyuxulu bir adam dayanıb və bu adamın, heç şübhəsiz, öz normal fəaliyyət funk-f-u-n-k-s-i-y-a-l-a-r-ı-n-ı yenidən bərpa edəcəyinə böyük ümidi var.

1 - Mən də getməliyəm (fr.)

Banan balığının asan ovlanan günü-DOQQUZ HEKAYƏNİN BİRİNCİSİ

Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ

Eskimoslarla müharibədən azca qabaq - DOQQUZ HEKAYƏNİN ÜÇÜNCÜSÜ

“Gülən adam” – DOQQUZ HEKAYƏDƏN DÖRDÜNCÜSÜ

“Qayıqda” – DOQQUZ HEKAYƏDƏN BEŞİNCİSİ

# 1406 dəfə oxunub

Müəllifin son yazıları

# # #