Üç köhnə dost bu şəkli xatırlayır: "Qonaqlığı həmişə... " YENİ LAYİHƏ

Üç köhnə dost bu şəkli xatırlayır: "Qonaqlığı həmişə... " <span style="color:red;"> YENİ LAYİHƏ
18 fevral 2016
# 12:44

LAYİHƏ: O illərin fotosu

Layihədə ədəbiyyat tariximizdə qalan şəkillər haqqında şahidlər danışacaq.

Əkrəm Əylisli:

- Deyəsən, bu şəkil restoranda çəkilib. İndi aramızda olmayan İsa İsmayılzadə bir gün məclissiz dura bilmirdi, belə yığıncaqları təşkil edirdi. Ümumiyyətlə, bu Gürcüstan azərbaycanlıları çox qonaqpərvər olurlar, İsa da həddindən artıq ürəyi açıq biri idi. Nə üçün yığışdığımızı deyə bilmərəm, yadıma düşmür. Amma biz həmişə hansısa yaxşı bir əsərdən sonra yığışırdıq. Məsələn, Mövlud Süleymanlının “Şeytan”, Dilsuzun “Yol” povestləri, Şahmarın hekayələri çap olunanda onu qeyd eləmişdik. O vaxtlar “Azərbaycan” jurnalı imperiyanın demokratik mərkəzi idi. Hər nömrəsi bomba kimi partlayırdı. Mən özü də fəxri ada, ordenə baxmırdım. Mirzə İbrahimovla Şahmar arasında heç bir fərq görmürdüm. Sandıq ədəbiyyatı, dissident ədəbiyyatını çap edirdim. Bu uğurları sonradan belə yığışıb qeyd edirdik, ən çox da ədəbiyyatdan danışırdıq. Yazıçı başqa nədən danışar ki? Mən özü də çalışırdım işçilərim arasında intriqa olmasın. Özü də xəsis adam deyildim, mən olduğum yerdə heç kim əlini cibinə ata bilməzdi. Mən vəzifədə olanda heç vaxt gözü kölgəli olmamışam. O şəkildəkilərdən bircə İsa İsmayılzadə aramızda yoxdur. Mənim ömrümün yarısı İsa ilə keçib. 1965-ci ildə tanış olmuşuq. O vaxt B. Sərdarov küçəsində bir otaqlı, rus şərikli subay mənzilim vardı. İsa yaxın dostu, məsləkdaşı Ələkbər Salahzadə ilə mənə təzə şeirlərini oxumaq üçün tez-tez o mənzilə gələrdilər. Sonra mən cəmi ikicə il “Gənclik” nəşriyyatında işlədim. Rəsul Rza və mənim sayəmdə Ələkbər Salahzadə ilə İsa İsmayılzadənin kitablarını çap etdik. Sonra bəxtim gətirdi ki, “Azərbaycan” jurnalında İsa ilə beş il bir yerdə işlədik. İsa mənim müavinim idi, o qədər təmiz etibarlı, savadlı idi ki, onunla bir yerdə işləməkdən heç yorulmurduq. Gözəl şair, vicdanlı redaktor, qayğıkeş ata idi. Bütün bunlarla bərabər İsanın varlığında anadangəlmə həzin və kövrək aristokratlıq vardı. O şəkilə baxanda İsa ilə son görüşümüz gözümün qabağına gəlir. Bir isti yay günü idi. İsa ağır xəstə. Rafiq Tağıya zəng elədim ki, İsanın yanına gedək. O necə İsa idi Allah! Heç kimi tanımırdı. Amma nə qədər qəribə də olsa onun ölüm yatağında olmağına inanmağım gəlmirdi. Sifəti dumduru, gözləri apaydın şüşə kimi. Elə bil dünyanın hansısa duru yerindən heyrətlə tamaşa edirdi. Sanki deyirdi: ölüm yoxdur, ölüm haqdır, ölmək yaşamaqdan daha xoşdur. Mən İsanı son dəfə belə gördüm. Amma təəssüf ki, yuxularımda onu o sifətdə görə bilmirdim. İsa mənim yuxularıma yorğun, halsız gəlirdi.

Mövlud Süleymanlı:

- Bu şəkildəkilərin hamısı iş yoldaşı və dost olublar. Əkrəm Əylisli “Azərbaycan” jurnalının baş redaktoru idi. Deməli, İntiqam Qasımzadə tənqid bölməsinə, İsa İsmayılzadə poeziya bölməsinə, mən isə nəsr bölməsinə baxırdım. Həmişə bu cür yığıncaqlar Əkrəmin təşəbbüsü ilə olurdu. Məclisin ağsaqqalı da elə Əkrəm idi. O şəkildə deyəsən, mən nədənsə danışıram, onlar da qulaq asır. Ancaq nə haqda danışdığımı xatırlaya bilmirəm. Biz həmişə heç nədən bir xoş gün yaradırdıq və yığışıb yeyib-içirdik. Şəkildə yeganə rəhmətə gedən İsa İsmayılzadədir. Ancaq mən hələ də onun yaşadığını düşünürəm. Hər dəfə o şəklə baxanda həyatda İsa İsmayılzadəni görmüş kimi oluram. Gənc vaxtlarımız idi, belə günlərə ehtiyacımız olurdu, yığışıb ordan-burdan danışırdıq. Bu şəkil də həmin günlərdən birinin xatirəsidir. Şəkli “Həmişə bir yerdə olacağıq” adlandıra bilərik. Çünki mən də, Əkrəm Əylisli də, İntiqam Qasımzadə də İsa İsmayılzadə kimi gedəcəyik, ancaq o şəkil həmişə əbədi qalacaq.

İntiqam Qasımzadə:

- Doğrusu, o şəklin necə çəkildiyini xatırlamıram. Amma 80-ci illərdə olub. Biz eyni yerdə - “Azərbaycan” jurnalında çalışırdıq. Bu cür yığıncaqlar, yeyib-içmələr tez-tez olurdu. Çox vaxt təşəbbüs kimdənsə gəlirdi, Əkrəm Əylisli razılıq verəndən sonra otururduq masa arxasında. Yəqin o şəkil də həmin günlərdən biridir, kimsə xəbərsiz çəkib. O vaxt Əkrəmin qonorarı çox olurdu, bizdən daha çox o pul qoyurdu ortalığa, qonaqlıqlar verirdi. İsa İsmayılzadə indi aramızda yoxdu. O da məclis adamı kimi çox ürəyi açıq biri idi. Yadıma düşür, jurnalda işləyəndə həmişə özüylə yemək gətirirdi, daxili nömrədən zəng edib məni də çağırırdı ki, gəl bir qismət çörək kəsək. Bir-iki soyutma yumurta olurdu, bir də balaca araq. “Ulduz”dan Ələkbər Salahzadəni də çağırırdı, kiçik bir məclis qurardıq. Deməyim odur ki, o vaxt bu cür yığıncaqlar bizim üçün hava-su kimi idi, biz orda yaradıcılıqdan, olub-keçənlərdən, maraqlı əhvalatlardan danışardıq. İndi isə həmin ab-hava yoxdur. İsa aramızda yoxdu, o illərin Əkrəmini tapmaq çətindir. Mövlud Süleymanlı ilə arada yenə görüşürük, ancaq bu görüşməyimiz o yığıncaqlara dəyməz. Bilirsiniz, insan axar suya bir dəfə girir və o səni aparır. Bu yığıncaqlar bizim axar suyumuz idi, indi o anı qaytarmaq çətindir. Mən bu şəkli “Növbəti görüş” adlandırardım. Çünki bizim görüşlərin sayı-hesabı yox idi.

# 995 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #