Rus yazıçı: “Rusiya Avropadan fərqli olaraq, Orta Əsrlərə hazırdır”
Kulis.Az Namiq Hüseynlinin tərcüməsində rus yazıçısı Vladimir Sorokinin “The New Times”a müsahibəsini təqdim edir.
- Biz “Telluriya” romanınızda Avrasiya və Şimali Amerika ərazisində möhkəmlənmiş Yeni Orta Əsrlərlə qarşılaşırıq. Keçən əsrin 20-ci illərində Nikolay Berdyayev orta əsrlərin yenidən gələcəyi ilə bağlı bizi xəbərdar etmişdi. Siz romanı yazanda bunamı istinad etdiniz?
- Deməzdim ki, ancaq Berdyayevi yada salmışam, doğrudur o, Rusiya və Almaniyada insanların şüurunda orta əsrlər təfəkkürünün yenidən bərqərar olması ilə bağlı xeyli öncəgörmələrə sahibdir.
Mənsə daha çox intuisiyama arxalanıb, sadəcə zamanın küləyinə qapılıb onu hiss etməyə çalışmışam. Bildiyim qədəriylə bu külək bizi orta əsrlər tərəfə sürükləyib aparır.
Bunun səbəbi odur ki, qloballaşma ideyası gerçəkliklə toqquşaraq darmadağın olur, iki sivilizasiya, xristianlıq və İslam arasındakı ziddiyyətlər get-gedə daha da kəskinləşir. Onların simbiozu heç cürə mümkün olmur. Ancaq “Telluriya” – proqnoz deyil, məsələni bədii çərçivəyə salmaq cəhdidir.
Rusiyaya gəlincə, bura feodalizmin çoxdan gəldiyini deyə bilərik. Hakimiyyətin prinsipi, istehsalat və sosial münasibətlərdə xeyli feodal ənənələr var və bu, Avropaya təsir edə bilər. Bu məsələdə biz Avropanı ötmüşük və öz arxamızca dartıb aparırıq.
- Amma romanda son nəticədə xristianlıq və müsəlmanlığın simbiozu baş tutur, Reyn Almaniyasında yaxşı müsəlmanlar, yaxşı xristianlarla birləşib pis müsəlmanlar, yəni taliblər və vəhhabilərə qarşı mübarizə aparırlar...
- Və yeni bir dünya qururlar. Hə. Romanda bu baş tutur.
- Bəs gerçək həyatda necə?
- Bu artıq mənim cavablaya biləcəyim bir sual deyil. Mən ancaq gələcək barədə fantaziyalar qururam, indiki zaman haqda fikir yürütmək üçün nə politoloq, nə də tarixçi deyiləm. Yazıçının prinsipləri başqadır.
Bircə onu bilirəm ki, indiki zaman o qədər çoxqatlıdır ki, tarixçilərin özləri də onu qavramaqda çətinlik çəkirlər. Əvvəlcədən gələcəyi deyə bilmək isə, az qala mümkünsüzdür. Rusiyanın başına nələr gələcəyi heç kimə bəlli deyil.
- Sizcə, bu yaxınlarda Biryulevoda baş verən qırğınlar – bütün bu “orta əsrlər” ssenarisi dövlətin süqutuna aparıb çıxara bilər?
- Bütün bunlar rus fəlakətinə, orta əsrlərin yaxınlaşmasına bir işarədir: xalq üsyanları, feodal müharibələri, xalqların köçürülməsi, dini xurafat və bununla belə yüksək texnologiyanı yeni ilahi nəsib kimi müqəddəsləşdirmək və. s.
- Romana görə, tezliklə gen mühəndisliyi sayəsində iri insanlar – divlər və kiçik insanlar – cırtdanlar ortaya çıxacaq. Nəhəng heyvanlar və heyvan-insanlar, zoomorflar maşınları əvəz edəcəklər, eləcə də tezliklə neft və qazı bioyanacaq əvəz edəcək...
- Düşünəndə ki, neft və qaz nə vaxtsa tükənəcək (bütün başqa enerji növləri də tükənəndir), heç düşünmədən insanın yenidən ata minəcəyini iddia etmək olar. İmperiyalar süquta uğrayandan sonra (Avropa birliyi özü elə bir növ imperiyadır), adətən xalqların böyük köçü başlayır və insanlar yeni torpaqlara heç də “Mersedes” və “Folksfaqen”ləri ilə getməyəcəklər.
Ola bilsin onlar ya ata, ya eşşəyə, ya dəvəyə minəcəklər, ya da ola bilsin itlərinə minib gedəcəklər. Bu məqsədlər üçün nəhəng itlər və üçmərtəbəli dəvələr yetişdirmək – gələcək gen mühəndisliyinin qarşısına qoyulacaq ən aktual məsələlərdən biri olacaq.
Fikrimcə, təkcə Rusiyada deyil, bir çox ölkələrdə tarix yüksələn spiralla yox, əvvəl dairəvi sonra isə geriyə doğru qayıdan spiralla davam edəcək. İnsanların artıq daxilən Yeni Orta Əsrlərə hazır olduqlarını hiss edirəm.
- Romanda insanın, insan həyatının texnologiyaya qədərindən artıq bulaşması haqda mühakimələr var. İnsan get-gedə unikallığından, təkrarolunmazlığından, iradə azadlığından daha çox uzaqlaşır.
- Məncə, Orta Əsrlər təfəkkürünə qayıtmaq bir növ bu texnologiyalaşma kabusundan can qurtarmaq cəhdidir. Bir növ insan və onun ətraf aləmini insani ölçülərə qaytarmaq cəhdidir. Bu elə yeni utopiyanın əsasıdır. Hər şeyə rəğmən öz romanımı antiutopiya deyil, utopiya adlandırardım.
Qloballaşma insanı texnoloji cənnətə aparıb çıxaracaq bir təkamül vəd edir, daha doğrusu insan zamanla bütün tələbatları, arzuları, düşüncələri və ümidləri ilə sadəcə texnologiyanın bir parçasına çevriləcək. Texnoloji təfəkkürə görə guya, sevgi sadəcə kimyəvi reaksiyaların kombinasiyasıdır. Yeni Orta Əsrlər insanın bax bu təsəvvürlərini dağıdan bir baltadır.
- Belə çıxır, Nikolay Berdyayev Yeni Orta Əsrlərlə bağlı öncəgörmələrində yanılıbdır. Totalitar rejimlər dağıldı, amma Avropa yeni feodal knyazlıqlar arasında bölünmədi.
- Berdyayev geopolitik baxımdan yanılsa da etnik kateqoriyalar baxımından yanılmayıb. Geopolitik Rusiya inqilabdan sonra da imperiya statusunu saxladı, amma daxili dövlət strukturunda orta əsrlər feodal etikasını əsas götürdü.
Yeni Orta Əsrlər ideologiyasının daşıyıcıları XX-əsrin 30-cu illərində kəndlərdən şəhərə axışıb gələn və Rusiyada Avropa elmindən, mədəniyyətindən, dinindən və məişət etikasından nələr qalmışdısa məhv edən kəndlilər idi. Yenicə vəzifəyə yiyələnmiş milyonlarla partokratlar, mühəndislər, alimlər, yazıçılar, rəssamlar, kinematoqraflar, şairlər kəndli amansızlığı və kobudluğu ilə yeni orta əsrlər təfəkkürü ideologiyasını təsdiqlədilər.
Gəlin Lısenko, Jdanov, Xruşov, Demyan Bednıy, Kaqanoviç, Surkov, Fadeyev, Xrennikov kimi kənd mənşəli personajları yada salaq. Onların sayəsində sosial və mədəni həyatın bütün sferaları orta əsrlər dövrünə qayıtdı. O vaxtlar dəbdə olan “Genetika və kibernetika – imperializm fahişələridir!” şüarı – təmiz orta əsrlər təfəkkürünün məhsulu idi. Fəlsəfə Stalinin vəzifəyə yerləşdirdiyi meşədən yenicə çıxıb gəlmiş, “dilqanmazlar”ın tapdalayıb məhv etdikləri bir elmə çevrilmişdi, bu haqda D.Qalkovski əhatəli yazıb. Bütün bu sadaladıqlarıma görə də Rusiya Avropadan fərqli olaraq, artıq çoxdan Orta Əsrlərə hazırdır.
- “Telluriya”da yumor “Opriçnikin günü” romanına nisbətən daha çoxdur. Mənim xüsusilə xoşuma gələn Berndə yürüşə hazırlaşan nəhənglərə “ancaq dəyənəklə gəlin, soyuq və odlu silahlar götürməyin” çünki “yürüş bacardıqca dinc xarakter daşıyacaq” deyə bəyan edilməsi oldu. Belə bir romanda yumor nəyə lazımdır?
- Yeni Orta Əsrlər amansız realizm janrına heç cürə yatmır və çox düşündükdən sonra qaramat orta əsrlər romanı yazmağın içimdən gəlmədiyini yəqin etdim. Bundan əvvəlki əsrlərdə yumor xilasedici oksigen rolunu oynayıb. Çox uzağa getməyək elə Rableni yada salaq. Yumorsuz o qaranlıq və əzablı dünyanı necə təsvir edəsən.
Yeni Orta Əsrlər isə, yəqin ki, daha maraqlı və gülməli olacaq. Birdən-birə gen mühəndisliyi və yüksək texnologiyadan at arabaları və domostroya (domostroy – orta əsrlərdə pravoslavlar üçün yazılmış davranış kodekslərindən ibarət kitablar – N.H. ) keçmək əlbəttə ki, çətin alışılan bir cəfəngiyyat kimidir. Amma insan əvvəl-axır istənilən cəfəngiyyata yaşayaraq alışacaq. Və bu, gülməli görünür.
- Niyə belə formanı – roman içində hekayəni seçdiniz?
- Mən onları hekayə adlandırmazdım. Bu, yeni dünyanı əks etdirən əlli parçadan ibarətdir ki, parçalarının hər birini kiçik romanlar adlandırmaq olar. Qəhrəmanlar və süjetlər təkrarlanmır. Mən bu ideyaya müxtəlif tərəflərdən yanaşdım, nəticədə forma axtarmaq uğrunda səylərim çoxqatlı janr konstruksiyasına gətirib çıxardı. Belə bir aləm ancaq pazl şəklində mövcud ola bilər. Burda məntiqi şərtləşmə və böyük dövlətlərin kiçik knyazlıqlara bölünməsi arasında paralel mövcuddur.
- Bəs ümumiyyətlə “Telluriya”nı roman adlandırmaq olarmı?
- Olar. Bizim dövrümüzdə roman ayaqda qalmaq, yeni mövcudluq formaları axtarmaq üçün mutasiyaya uğrayır. “Telluriya” da bu mutasiyalardan biridir.
oxuzali.az