Kafedəki sərxoş qadının sevgi təklifi - Ruzbeh Məmməd

Kafedəki sərxoş qadının sevgi təklifi - Ruzbeh Məmməd
15 may 2019
# 17:48

Kulis.az Rusbeh Məmmədin “Ümidləri ölmüş kişi tənhalığı” hekayətini təqdim edir.

Pəncərədən küçə fənərləri görsənirdi. Asfalt döşəmənin qıraqlarında kağız parçaları hərdən-bir küləklə göyə qalxır, uçub bir az uzaqda düşürdü. Deyəsən, bu gün küçə süpürgəçiləri işə çıxmayıblar. Bilmirəm, ola bilsin zibillikdən külək gətirib. Yəqin zibil yeşiklərinin yanında üşüyən itlərin işidir. Onlar eşib bütün kağızları ətrafa səpələyirlər.

Elə bir az öncə bir tanışa telefon açdım. Deyir kənddə ağaclar tumurcuqlayır. Mən düşünürəm, yəqin, gilənar ağacları da körpə budaqlarında bir topa tumurcuq saxlayır. Belə də olmalıdır, yazın gəlişinə az qalıb. Çox mübhəm sirdir. Günəşin buludların arasından çıxıb özünü yerə atması. Gərək, elə göydə qalsın. Göy yerdən daha müqəddəsdir.

Üstümə dəlisovcasına şığımış fikirlərdən ayılıb, yorğun halda işdən çıxıb hövlnak hərəkət edirəm. Saat 19-u göstərir. Bu vaxt ucuz kafe tapmaq elə də asan deyil. Bərk acmışam. Sizə deyim, şəhərdə yeməklər turşusuz verilir. Bu, dəb deyil, sadəcə əlavə xərcə görədir. Restoranlarda verilən balıq xörəkləri çox dadlıdır. Əgər siz balıq yeməyi sevmirsinizsə, bu, sizin günahınız deyil, çünki bişirən yaxşı bişirməyib. Onu da deyim ki, şəhərin ucuz kafelərində balıq yeməkləri yoxdur. Belə yerlərdə olsa-olsa şorba, kotlet və ciyər tapıla bilər. Sizi inandırım, iyrənirəm ciyər qovurmasından! Qoxusu başgicəllənmə verir.

Hava qaranlıqlayıb. Göy üzü tutulub. İşıqlara qarışan nazik çən gecə fənərlərinin üstünə çöküb. Maşınlar sürətlə şütüyür. Qorxunc küçələrdə vahimə səsi adamı diksindirir. Üzü sahilə tərəf addımlayıram... Qarşımda boynuna şərf salmış, uzun plaş geyinmiş bir kişi var. Eyni küçəni gedirik. Çatanda görürəm, əcnəbidir. Topa saqqalı, sarı saçları, göz sümüyünün içində işıldayan göy gözləri var. Siqaret çəkir. Onu da, havaya qarışan siqaret tüstüsünü də ötüb keçirəm.

Maşınların izdihamında hamı qarışıb bir-birinə. Adam bir anlıq düşünür ki, yəqin, bu şəhərdə sakit yer yoxdur. Məşəqqətli ömürdür, siz nə deyirsinizsə deyin...

Tələsirəm. Beynimdə var-gəl edirəm ki, görəsən, bir ucuz kafe tapıb şam edə biləcəyəmmi?!...

Və nəhayət bir yosma kafe ilə üz-üzəyəm. Kafeyə yaxınlaşıram, qapı açılır, ağır addımlarla, saqqalında ağ-ağ tükləri olan bir nəfər çıxır. Söyüş söyə-söyə qapını çırpır...

Qapı açılanda təmiz havaya siqaret tüstüsü dolur. Köhnə çərçivəli pəncərələri olan kafedə yalnız xoş görünən yeməklər ola bilərdi... Təəssüf! Açıq vitrində yeməklərə göz gəzdirirəm. Elə bu an gəlişimi görən bir oğlan yaxınlaşır və yeməkləri sayır; şorba, vermişel, kotlet, ciyər, toyuq qızarması...

Heç ona baxmıram da. Vitrindəki yeməklərin rəngi aclığımı öldürüb. Ürəyim bulanır. Bir loxma dadsam qaytararam. Qərarsızca keçib pilləkənlərlə ikinci mərtəbəyə qalxıram. Başım gicəllənməkdə davam edir. İkinci mərtəbə çox qaranlıq və dumanlıdır. Seyrək adamlar var. Hər divanda bir nəfər əyləşib, qarşısında da pivə.

Bəzi divanlarda şərab qoxuyan qadınların əllərində siqar... Spirt qoxusu mədəmi bulandırır... Budur, bir xanım yaxınlaşır:

- Sizi necə əyləndirim?

- Əylənməyə gəlməmişəm! - deyirəm

- Bəs niyə gəlmisiz, yoxsa siz də əcnəbilər kimi eqoistlik edirsiniz?

Acıqlı-acıqlı üzümə baxıb, çıxıb gedir. Mən də ayağa durmaq istəyirəm. Daha bir xanım yaxınlaşır

- Nə sifariş edəcəksiniz?

- Mən bir parça çörək və şorba istəyirəm

- İçməyə?

- Meyvə şirəsi ...

Xanım gedir, nəzərimi qarşımda əyləşən bir adama zilləyirəm. Köhnə bir gödəkcə, ayaqları yekə, əlləri mazutlu bu adam, həm də ucuz siqaret çəkir. Keflidir. Ofisiant xanıma işarə edir, yanına çağırır. Xanım dərhal yoxa çıxır və çox keçməmiş geri dönür. Əlində pivə şüşəsi ağzınacan doludur. İçkili adamla uzbəüz əyləşmiş bir xanıma yaxınlaşır və deyir: "Sizə göndəriblər".

Xanım ona gələn içkini rədd edir. "Mən içkini özüm də sifariş edə bilərəm", - deyə ədəbsizcə qışqırır. İçkili kişi də o tərəfdən qışqırır: "Hey, qıçları bir-birinə dolaşan xanım, özünüzü əlahəzrət sanırsınız?!". Sonra yerindən dikəlib xanımın könlünü almaq üçün onun masasına yaxınlaşır.

Budur, mənim sifarişim stolun üstündədir. Çörəkdən kəsirəm və yeməyə başlayıram. İştaham yoxdur. Bir-iki tikə yeyib, hesabı ödəyirəm.

B. şəhəri çox qarışıqdır. Rayonlardan gələnlərlə yanaşı əcnəbilər də çoxdur. Mən bilirəm B. şəhərinə nə üçün gəlirlər...

Küçələri dolanbac olan bu şəhərin bir tərəfi dənizə çatır. Küləklidir, dayanacaqlarında yalnız işə tələsənlər olur.

Bu gün şəhərə bir xəbər yayılıb: guya insanları öldürən virus aşkar edilib. Baş epidemoloq bu xəbərlərin dezinformasiya olduğunu deyib.

Xatırladım ki, jurnalistəm. Dəstəyi qaldırıb baş epidemoloqu yığıram:

- Doktor, insanları virus öldürürmu?... - üzr istəyirəm, haqqında danışılan virus?

- Əlbəttə... - iki dəfə öskürür.

- Hmm, danışmağı sevmirsiz? - deyə səsimi yüksəldirəm.

Araya sükut çökür və mən sükutu pozuram:

- Axı sizin danışmağınız lazımdır, insanlar həyəcandan ölə bilər.

- Hər şeyi demişəm, sağ olun, - deyir və dəstəyi yerinə qoyur. Uzun çəkməyən bu telefon zəngi bitir.

Gedib iş masama əyləşirəm və deyirəm: “Sevgi gözəl şeydir”... Görəsən niyə bu mənasız kəlməni işlətdim ki...

Yadıma düşdü. Sabah xanım A. ilə görüşüm var, qeyri-məntiq nəzəriyyəni işə salıram. Sabah hava gözəl olmalıdır. Əlbəttə, gözəl olmalıdır

Səhər açılır, Onu deyim ki, axşam çox pis yatmışam. Həyəcanlı idim. Əynimə qara köynək geyinirəm. Saqqalıma bir daha baxıram. Saçlarım yaman çoxdur... Hə, di tərpənmək lazımdır. Küçədə dirəyə quraşdırılan telefona yaxınlaşıram.

- Alo, sizin yolunuzu gözləyirəm.

- Mütəəssir edirsiniz, cənab... - telefonun o başından bu səs güclə eşidilir.

- Sizinlə nahar etmək arzusundayam.

Xatırladım ki, xanım A. ilə ilk görüşümüzdür. Qadın psixologiyasına şeirlərdən bələdəm. Şeirləri sevən qadınlar hər şeydən möcüzə yarada bilərlər.

O gün biz saat ikidə görüşdük.

- Sən gözəlsən, sənə baxmaq istəyirəm…

- Baxırsan da...

- Hər zaman baxmaq istəyirəm...

Bir xeyli söhbət edib, ayrıldıq. Evə qayıdıb yatdım, axşam duranda pəncərələrə qaranlıq çökmüşdü. İçimdə vahiməli qorxu hökm sürürdü. Ay hələ ortaya bölünməmişdi. Sevgisizlikdən dodaqları çat verən xanımlar yəqin evə yığışıb, neft qoxuyan bəylər də hansısa kafedə əylənirdilər.

Səhər açılıb. Günəş üfüqləri bütün şəhərə yayılıb. Mən isə yerimdəyəm hələ. Qəfil qapı döyülür. Qapıya tərəf addımlayıram. Bu səfər daha bərk döyülür və mən dilimin ucunda deyirəm: "Sarsaqlar kütləsi". Qapını açıram. Bir qadın gözləri üstümə zillənir. İstəyirəm nəzəri yayındırım.

- Buyurun, kimi axtarırdınız?

- Cənab, mən narahat etdim, bağışlayın!

- Lütfən, belə danışmayın, narahat etmədiniz... - gülümsünürəm. Danışığından anlayıram alverçidir. Gətirdiyi mallar isə mənə uyğun deyil. Sağollaşıb gedir. Mən isə bu səfər deyirəm: "Boşboğazlar kütləsi"

Dünən mən əcaib yuxu görmüşəm. Görürəm ki, Fransada bir kafedə əylənirəm. Bir senator məni yanına çağırıb deyir ki, sən bu şəhərə xoş gəlmisən:

- Gərək sən bu şəhərdə evlənəsən. Əks halda səni rədd eləyəcəyik. Gözlərimi zilləyib senatorun stolunun üstündəki qadın şəkillərinə baxıram. Qəfil qapı döyülür və içəri ayaq səsləri daxil olur. Mən daxil olanı görmürəm, çünki senatora arxamı çevirə bilmərəm. Qəfil qarşımda bir ifritə peyda olur. Əlimi tutur və deyir: “Xoş gəldin, sən bu gündən Fransız xalqının ən xoş qonağısan və mənim də ərimsən”. Elə bu vaxt yuxudan ayıldım, durub bir qurtum su içdim, pəncərədən həyətə baxdım. Şəhərin qaragüruhu hələ də yatıb...

Yadıma düşmüşkən deyim ki, bir neçə gün öncə daha amansız yuxu görmüşdüm: Görürəm, tanış olduğum xanımla yam-yaşıl bağçası olan bir restoranın həyətində oturmuşuq

Söhbətə mən başlayıram:

- Niyə, bədbəxt adamlarla, xoşbəxt adamlar arasında uçurum olur? - Dünyada nə çoxdur bədbəxt, zavallı insanlar. Bu vaxt yanımızdan ötən cütlüklər digər masada əyləşirlər. Mən daha da aqressivləşirəm, bu vaxt daha eqoist çıxış edirəm. Sonra çay sifariş edirik, çay gələnə qədər susuruq. - Yox, belə olmalı deyil, bu stereotipləri qırmalıyıq. Söhbətə başlayıram.

- Getmək asandır, ancaq olmur. Bilirsən indi bütün bədbəxt kişilər qadın arxasınca darıxır. Məni darıxdırma. Gedirsənsə, belə susub getmə. Axı heç nə baş verməyib, görəsən, mənim belə çıxış etməmə səbəb nədir. Heç səbəb görmürəm.

Xanım çıxışa başlayır:

- Bilirəm, sən məni anlamırsan, bunu dəqiq bilirəm. Bəzən insan çox sevdiyindən də gedə bilər, əzizim.

Bu sözlər dilinin ucundan qopub havaya yayılır. Saçlarından bir tel ayrılıb dodağına yapışır. Əllərini masanın üstündən qaldırıb, saçını yığıb boynuna atır. Mən də bunu izləyirəm. Və bilirəm ki, bu, sondur, yəqin daha bu mənzərədən biryolluq məhrum olacağam. Xəyallardan qəfil ayılıram və elə budur, biz bir-birimizdən gedirik. Bircə qalır gözümüzdən getmək. “A! A! - iki dəfə yuxuda dedim və ayıldım. Yuxuda müqəddəs qadın qoxusuna sarılmışdım. Durub kargüzarlıq şöbəsində işləyən tanışıma zəng vurub, yuxumu danışıram. Sanki istəyirəm mənə təsəlli versin. O isə deyir:

- Cənab, yuxular tez bitir.

Mən yenə ondan təsəlli gözləyirmiş kimi deyirəm:

- Bəs sevgilər?

- İlahi, sən necə safsan. Alqışlayıram səni. - gülür.

- Görüşərik, rəis. Axşam, səni şəhərdə çaya dəvət edirəm, - deyirəm.

- Çaya? Mən soyuq pivəyə yox demərəm, - deyir

O gün biz beşmərtəbənin qarşısındakı yoxsul kafedə əyləşdik. Yazıçılardan, qadınlardan - hər mövzuda danışdıq.

“Ehtirasın son həddidir qadın” - deyən tanışımla bir daha görüşmədik. Çünki vaxtımız olmadı.

Hərdən darıxıram. Gəlməyən adam üçün. Gecələr adam kimisə qəfil xatırlayır. Heç tanımadığı və qarşılaşmadığı adam da ola bilər bu. Elə bilirəm gilənar çiçəkləyəndə, ya elə bir qış çağı mən bütün itirdiklərimlə qarşılaşacağam. Bu fikirdən ayılıb, yorğun-yorğun masaya yaxınlaşıb bir neçə sətir yazdım:

"Əlvidam, əlvidam mənim. Sənə hələ çox məktub yazacağam. Məndən nigaran olma..."

Məktubu yazıb şəkillər olan siyirməyə atdım. Sabah poçtdan göndərəcəm... Kimə? - Heç özüm də bilmirəm... Hələ sabaha çox var. Sükutun səsini dinləyim, vəhşi qaranlıqlar üzərimə hücum çəksin...

“Gilənar ağaclarının çiçəkləməsinə az qalıb. Çox az”.

İçimdəki nəhəng boşluğa pıçıldayıb, yuxuya gedirəm...

# 3264 dəfə oxunub

Müəllifin son yazıları

# # #