Eskimoslarla müharibədən azca qabaq - DOQQUZ HEKAYƏNİN ÜÇÜNCÜSÜ

Eskimoslarla müharibədən azca qabaq - <span style="color:red;">DOQQUZ HEKAYƏNİN ÜÇÜNCÜSÜ
30 mart 2017
# 12:30

Kulis.Az Tehran Vəliyevin tərcüməsində məşhur Amerika yazıçısı Cerom David Selincerin “Doqquz hekayə” silsiləsindən üçüncü hekayəsini - “Eskimoslarla müharibədən azca qabaq”ı təqdim edir.

LAYİHƏ: DOQQUZ HEKAYƏ

Dalbadal beşinci şənbə sabahı idi ki, Cinni Menoks, Missi Beyshor məktəbində onunla bir sinifdə oxuyan Selina Qraffla İst-Sayd kortuna tennis oynamağa gəlirdi. Cinni onu bütün sinifdə ən küt şagird hesab etdiyini gizlətməsə də (bu məktəb onsuz da bu cür küt uşaqlarla dolu idi), ayrı əlacı yox idi, çünki bütün tanışları arasında Selina, korta ağzı hələ açılmamış təptəzə top tənəkəsi gətirən yeganə adam idi. Bunları, deyəsən, Selinanın atası özü düzəldirdi, ya da nə isə buna bənzər bir şey idi. (Bir dəfə axşam nahar zamanı Cinni Menokslar ailəsinin Qrafflarda nahar etdiyini təsəvvürünə gətirməyə çalışdı: xəyalən uydurulan bu səhnədə xüsusi təlim görmüş bir lakey də iştirak edirdi. O, stolda oturanları sol tərəfdən yanlayır və hərənin qabağına bir stəkan tomat şirəsi əvəzinə, bir tənəkə tennis topu qoyurdu.) Lakin hər dəfə təkrar olunan bu hadisə, yəni hər dəfə tennisdən sonra onun Selinanı evlərinə qədər taksidə gətirməsi və axırda da məcbur olub taksi pulunu özü verməsi, nəhayət, Cinnini əsəbiləşdirməyə başladı. Axı oyundan sonra evə avtobusla deyil, taksi ilə qayıtmaq ideyasını Selina özü ortalığa atmışdı. Nəhayət, beşinci dəfə taksi Yorkavenyu ilə üzüyuxarı qalxanda Cinni birdən partladı.

– Bura bax, Selina...

– Nədir? – əlini aşağı, döşəməyə uzadıb, orada səylə nə isə axtaran Selina dedi. – Bu raketkanın çexolunu heç cür tapa bilmirəm, – deyə zığıldadı.

İlıq may havasına baxmayaraq, hər iki qız şortunun üstündən palto geyinmişdi.

– O ki sənin cibindədir, – Cinni dedi. – Mənə bax...

– Oh, ilahi! Sən məni, inan, ölümdən qurtardın!

– Bura bax, – Cinni Selinanın bu üzrxahlığına məhəl qoymadan dedi.

– Nədir?

Cinni birbaşa mətləbə keçməyi qərara aldı. Taksi

Selinagilin küçəsinə çathaçatdaydı.

– Hər dəfə taksi pulunu təkbaşına vermək mənim heç xoşuma gəlmir, – dedi, – özün bilirsən ki, mən milyoner-zad deyiləm.

Selina əvvəlcə təəccübləndi, sonra isə incimiş bir görkəm aldı.

– Məgər hər dəfə yarısını mən vermirəm? – deyə o, məsum-məsum soruşdu.

– Yox! – Cinni kökündən vurdu. – Yalnız birinci dəfə yarısını vermisən. O da keçən ayın əvvəlində. O vaxtdan bəri bir dəfə də verməmisən. Demə ki, xəsislik eləyir, ancaq neyləyim, həftədə mənə cəmisi dörd yüz əlli pens verirlər. Onu da mən...

– Axı tennis toplarını da həmişə mən gətirirəm. Elə deyil? – Selina mırıldandı.

Bəzən Cinni bu qızı boğub öldürmək istəyirdi.

– Sənə nə var, onları sənin üçün atan düzəldir, – dedi. – Onlara sən bir qəpik də vermirsən. Mən isə hər şeyi...

– Yaxşı, yaxşı, – Selina birdən dedi və bununla da bu söhbətin bitdiyini və son sözü özü deyəcəyini bildirdi. Sonra da darıxırmış kimi, paltosunun ciblərini qurdalamağa başladı. – Cəmisi otuz beş sent pulum var, – soyuq-soyuq dedi, – bəs eləyər?

– Yox. Bağışla, amma sən mənə düz bir dollar altmış beş sent borclusan. Hər dəfə diqqətlə sayğaca...

– Onda gərək yuxarı qalxıb anamdan alam. Birinci günəcən gözləyə bilməzsən? Belə bərk darıxırsansa, lap tezdən birbaşa idman zalına gətirə bilərəm.

Selinanın səsindəki yekəxanalıq onu yumşalmağa qoymadı.

– Yox, – dedi. – Mən bu axşam kinoya getməliyəm. İndi mənə lazımdır.

Bir-birinə düşmən kəsilmiş adamlar kimi, hər iki qız üzünü yana, hərə öz pəncərəsinə tərəf çevirdi və taksi Selinagilin yaşadığı binanın önündə dayananacan heç biri dinmədi. Ora çatan kimi, səki tərəfdə oturan Selina maşından düşdü. Qapını saymazyana açıq qoyub, Hollivudun səyyar kino ulduzlarına məxsus bir vüqarla sürətlə binaya girdi. Cinni sifəti alışıb yana-yana taksinin pulunu verdi, sonra oyun ləvazimatını – raketkasını, əl-üz dəsmalını, kartuzunu qoltuğuna vurub Selinanın dalınca düşdü. On beş yaşında Cinninin boyu bir metr yetmiş iki santimetrdən çox idi və indi ayağında ona böyük olan kedlərlə utana-utana, tərəddüdlə dəhlizə girəndə, onun hərəkətlərində nə isə çox kobud və çılpaq bir şumallıq duyulurdu. Buna görə də Selina liftin qaldırıcı qurğusundakı şkalaya baxmağı daha üstün tutdu.

– Bu dəfəkiynən borcun oldu bir dollar doxsan sent, – iri addımlarla liftə yaxınlaşan Cinni dedi.

Selina ona tərəf çevrildi.

– Nəzərinə çatdırım ki, – dedi, – mənim anam bərk xəstədir.

– Xəstəliyi nədir?

– Çox güman ki, sətəlcəm. Sən elə bilmə ki, sənin pullarından ötrü onu bu halda narahat eləmək mənim üçün çox asan... – Selina bu yarımçıq fikri ilə bütün qürurunu ifadə etməyə çalışdı.

Açığı bu qəfil xəbər – hərçənd ki, onun nə qədər doğru olduğunu ayırd etmək çətin idi – Cinnini bir qədər karıxdırsa da, onu insafa gətirəcək dərəcədə olmadı.

– Burada mənim nə günahım? – dedi və Selinanın ardınca liftə girdi.

Selina qapının zəngini basanda, evin qulluqçusu zənci qız – deyəsən, Selina onu da danışdırmırdı – onları içəri buraxdı, daha doğrusu, qapını taybatay açdı və eləcə də açıq qoyub getdi. Cinni şeylərini dəhlizdəki kreslonun üstünə qoyub, Selinanın dalınca düşdü. Qonaq otağında Selina geriyə dönüb dedi:

– Burada gözləyə bilərsənmi? Anam birdən yatıb-eləmiş olar.

– Oldu, – Cinni dedi və tappıltı ilə divana çökdü.

– Sənin bu qədər xırdaçı olduğunu heç ağlıma da gətirməzdim, – Selina dedi.

«Xırdaçı» sözünü dilinə gətirməyə qəzəbi bəs eləsə də, onu xüsusi bir vurğuyla deməyə cəsarəti çatmadı.

– İndən belə gətirərsən, – deyə Cinni «Voq» jurnalını açıb üzünə tutdu və Selina otaqdan çıxanacan onu sifətindən götürmədi.

Sonra jurnalı radionun üstünə qoyub, otağa göz gəzdirməyə və xəyalən stolüstü lampaları, süni gülləri tullayaraq, mebellərin yerini dəyişdirməyə başladı. Onun fikrincə, otağın çox pis görkəmi vardı: mebellər bahalı mebellər olsa da, yaman zövqsüz düzülmüşdü.

Birdən o biri otaqdan gur kişi səsi eşidildi:

– Erik, sənsən?

Cinni onun Selinanın qardaşı olduğunu güman etdi. Bu oğlanı indiyəcən bir dəfə də görməmişdi. Tez qıçını qıçının üstünə aşırdı və dəvə yunundan olan paltosunun ətəyini dizlərinin üstünə çəkib gözləməyə başladı.

Gözlərində eynək, əynində pijama caydaq bir oğlan ayaqyalın, ağzı açıla içəri girdi.

– Oh!.. Lənət şeytana, elə bildim Erikdi, – dedi. Qapıda ayaq saxlamadan, belini donqarda-donqarda düz otağın bu başına keçdi. Nəyisə çox nəvazişlə batıq bağrına basmışdı. Divanın o biri başında oturdu və həyəcanla: – Elə indicə bu lənətə gəlmiş barmağımı kəsdim, – dedi. Sonra da Cinniyə elə baxdı ki, elə bil, onun burada oturduğunu çoxdan bilirmiş. – Heç barmağını kəsdiyin olub? Düz sümüyünəcən? – Səsinin gurluğuna baxmayaraq onda açıq-aşkar yalvarış duyulurdu, elə bil Cinninin cavabı onu bu saat heç kimin görmədiyi bu çox dəhşətli yaranın doğurduğu tənhalıq xofundan xilas edəcəkdi.

Cinni ona tərəf baxdı.

– Lap sümüyünəcən olmasa da, kəsmişəm, – dedi.

Bu qədər əcaib-qəraib oğlana, ya da ki, elə kişiyə – burasını ayırd etmək çox müşkül iş idi – o, ömründə rast gəlməmişdi. Saçları o qədər pırtlaşıq idi ki, elə bilirdin yataqdan indicə durub. Üzünü də seyrək ağımsov tük basmışdı, yəqin, neçə gün idi ki, ülgüc dəyməmişdi. Bir sözlə, sir-sifətindən avaranın birinə oxşayırdı.

– Necə oldu ki, kəsdiniz?

Başını aşağı sallayıb, süst, ağzı açıq, diqqətlə yarasına baxırdı.

– Nə? – dedi.

– Necə oldu ki, siz onu kəsdiniz?

– Lənətə gəlim, əgər bilirəmsə, – dedi. Səsinin ahəngi belə bu dəqiqə bu suala ağıllı bir cavab tapmağın tamam mümkünsüz iş olduğunu bildirirdi. – O andıra qalmış zibil yeşiyində nə isə axtarırdım, onun da içi həmişə ülgüclə dolu olur.

– Siz Selinanın qardaşısınız? – Cinni soruşdu.

– Həə... İlahi, qanı heç dayanmaq bilmir! Heç yana getmə. Birdən mənə qan vurası olarlar.

– Üstünə bir şey qoymusunuzmu?

Selinanın qardaşı yaralı əlini ehmalca sinəsindən araladı və Cinniyə göstərmək üçün onun üstünü azca açdı.

– Yox. Adicə tualet kağızı ilə sarımışam, – dedi. – Qanı kəsmək üçün. Adam üzün-filan kəsəndə olduğu kimi, – bir də başını qaldırıb Cinniyə baxdı. – Sən kimsən? – soruşdu. – Bizim anqutun rəfiqəsimi?

– Bir sinifdə oxuyuruq.

– Hə... Adın nədir?

– Virciniya Mennoks.

– Sən Cinnisən? – eynəyin arxasından onu şübhə ilə süzdü.

– Bəli, – Cinni dedi və qıçını qıçının üstündən götürdü.

Selinanın qardaşı gözlərini təzədən öz barmağına zillədi: açıq-aşkar bu saat bu otaqda onun üçün bundan vacib, bundan mühüm obyekt yox idi.

– Sənin bacını tanıyıram, – laqeyd-laqeyd dedi. – Yaman lovğa, yekəxana qızdır.

Cinni yerində dikəldi.

– Nədir?

– Necə eşitdin, elə.

– Yox, o heç də yekəxana deyil!

– Deyilə bax e, – Selinanın qardaşı dedi.

– Dedim ki, elə deyil.

– Əlbəttə, elə deyil. O onların padşahıdır. Yekəxanalar padşahı!

Barmağına doladığı bir neçə qat tualet kağızını qaldırıb yarasına baxanacan Cinni gözlərini ondan çəkmədi.

– Siz heç mənim bacımı tanımırsınız da!

– Tanımırama bax.

– Elədirsə, adı nədir? Deyin görüm adı nədir?

– Cinni hökmlə tələb etdi.

– Coan... Coan – özünü dartan! Cinni susdu.

– Yaxşı, bəs görkəmi necədir? – birdən o soruşdu. Cavab gəlmədi.

– Deyirəm, görkəmdən necə qızdır?

– Özü güman etdiyinin yarısı qədər gözəlliyi olsaydı, ondan bəxtəvəri olmazdı, – Selinanın qardaşı dedi.

«Çox maraqlı cavab oldu» – Cinni ürəyində fikirləşdi.

– Amma o mənim yanımda bircə dəfə də sizin adınızı çəkməyib.

– Elə demə, ürəyim partlayar. Gedərəm özümdən.

– Onsuz da o nişanlanıb, – deyə Cinni ona göz qoydu. – Gələn ay toyları olacaq.

– Kimə gedir? – o, başını qaldırdı. Cinni fürsəti fövtə vermədi.

– Siz tanımazsınız.

O, təzədən kağızı barmağına dolamağa başladı.

– Ona yazığım gəlir, – dedi. Cinni burnunu dartdı.

– Bu qan elə fışqırır, ha! Sən bilən, nə qoysam dayanar? Nə, hə? Merkuroxromun(1) xeyri olar?

– Yod yaxşıdır, – Cinni dedi. Sonra da belə bir vəziyyətdə bu cavabının kifayət qədər səriştəli çıxmadığını duyub, dərhal əlavə etdi: – Merkuroxromun da indi buna faydası olmaz.

– Nə üçün? Nəyi pisdir onun?

– Çünki belə hallarda o kar eləmir. Ona görə. Yod vurmaq məsləhətdir.

O, Cinniyə baxdı.

– Axı o, bərk göynədir. Elə deyil? – dedi. – Bəlkə, deyəsən ki, göynətmir?

– Əlbəttə, göynədir, – Cinni dedi, – ancaq bundan hələ ölən olmayıb.

Selinanın qardaşı Cinninin bu sözlərindən heç də inciyib-eləmədən, gözlərini yenidən yaralı barmağına dikdi.

– Göynətməyi xoşuma gəlmir də! – dedi.

– Kimin xoşuna gəlir ki?

O, razılıqla başını tərpətdi.

– Elədir, – dedi.

Cinni düz bir dəqiqə gözlərini ondan çəkmədi və birdən:

– Bəsdir qurdaladınız, – dedi.

Selinanın qardaşı tok vurmuş adam kimi, o biri əlini yaradan çəkdi. Belini azca dikəltdi, daha doğrusu, donqarını azca yatırtdı. Gözləri ilə otağın o biri başında nə isə axtarmağa başladı. Əzgin sifətinə yuxulu bir ifadə çökdü. Şəhadət barmağının dırnağını qabaq dişlərinin arasına soxub, orada qalan yemək qırıntısını çıxartdı. Sonra Cinniyə tərəf döndü:

– Nahar eləmisənmi? – soruşdu.

– Nə?

– Deyirəm, nahar eləmisənmi? Cinni başını buladı.

– Evdə yeyəcəm, – dedi. – Bu vaxtlar evə qayıdanda anam həmişə mənim üçün nahar hazırlamış olur.

– Mənim otağımda yarım toyuq sendviçi var. İstəyirsən? Əl vurmamışam.

– Yox, çox sağ olun. Doğrudan.

– Sən ki tennisdən indicə gəlmisən, lənət şeytana, məgər acmamısan?

– Yox, bilirsiniz, – Cinni yenidən qıçını qıçının üstünə aşırdı, – iş ondadır ki, mən evə qayıdanacan anam həmişə yemək hazırlamış olur. Yeməsəm, yaman acığı tutur. Ona görə.

Bu izahat, deyəsən, Selinanın qardaşının ağlına batdı. Hər halda, başını tərpətdi və sonra üzünü yana çevirdi. Amma birdən yenə ona tərəf döndü.

– Bəlkə, bir stəkan süd içəsən, hə? – dedi.

– Yox. Çox sağ olun... Təşəkkür edirəm.

Huşsuz kimi aşağı əyilib, çılpaq topuğunu qaşıdı.

– Onun ərə getdiyi o oğlanın adı nədir? – soruşdu.

– Coanımı deyirsiniz? – Cinni dedi. – Dik Hefner. Selinanın qardaşı dinmədi, hələ də topuğunu

qaşıyırdı.

– O, hərbi donanma zabitidir, kapitan-leytenant,

– Cinni dedi.

– Böyük iş olub!

Cinni güldü və o, topuğunu qaşıyıb qızardanacan gözünü ondan çəkmədi. Və o bu işi qurtarıb, baldırındakı xırda bir yaranı qaşımağa başlayanda üzünü yana çevirdi.

– Siz Coanı haradan tanıyırsınız? – dedi. – Mən sizi bizim evdə görməmişəm.

– Sizin o sarsaq evdə heç vaxt olmamışam.

Cinni susub gözlədi, amma bundan o yana həddini aşmadı.

– Onda bəs onunla harada rastlaşmısınız?

– Bir gecədə.

– Gecədə? Haçan?

– Bilmirəm. Qırx ikinci ildə, yeni il gecəsində.

İki barmağını pijamasının döş cibinə soxub, bir siqaret çıxartdı: əzik-üzük. Elə bil üstündə yatmışdı.

– O kibriti bura tulla, – dedi.

Cinni yanındakı stolun üstündən kibriti götürüb ona uzatdı. O, siqaretin əzik-üzüyünü düzəltmədən alışdırdı, sonra yanıq kibrit çöpünü qaytarıb qutunun içinə qoydu. Başını geri atıb, ağzından aramla qalın bir tüstü buludu buraxdı, sonra onu burnuyla ciyərlərinə çəkməyə başladı. Beləcə, «fransız qullabı» vura-vura susurdu. Çox güman ki, bu heç də saxta kübar ədabazlığı deyil, sadəcə olaraq, bəzən üzünü sol əlilə də qırxıb-qırxa bilmədiyini yoxlamaq istəyən cavan bir adamın öz qabiliyyətini nümayiş etdirməsi idi.

– Axı Coan niyə özünü çox dartandır ki? – Cinni soruşdu.

– Niyə? Elə ona görə. Bunu mən haradan bilim?

– Yaxşı, ancaq mən bilmək istəyirəm ki, siz bunu nəyə görə deyirsiniz?

Selinanın qardaşı yorğun-yorğun ona tərəf döndü.

– Qulaq as. Mən ona səkkiz dənə andır məktub yazmışam. Düz səkkiz dənə. O isə bircəciyinə də cavab yazmayıb.

Cinni çaşdı.

– Bəlkə, başı çox qarışıq olub.

– Hıh... Qarışıq olub. Vaxtı yoxmuş. Bəyəm porsuq balası kimi gün-axşamacan burnuyla yer eşirdimi, lənət şeytana?

– Məgər lənətsiz keçinə bilmirsinizmi?

– Bilmirəm, lənət şeytana. Cinni yenə güldü.

– Axı nə vaxtdan onu tanıyırsınız? – Cinni soruşdu.

– Lap çoxdan.

– Deyirəm, yəni siz heç ona birdən-ikiyə zəng-filan eləmisinizmi? Heç zəng eləmisiniz?

– Yoox...

– Onda, bağışlayın məni, bəs bu necə olur? Bir halda ki, siz ona heç vaxt zəng vurmamısınız, onunla heç...

– İmkan olmadı, lənət şeytana!

– Niyə olmadı?

– Nyu-Yorkda deyildim.

– Oho! Bəs onda haradaydınız?

– Mən? Ohayoda.

– Aa! Kollecdə-filan oxuyurdunuz?

– Yox. Getmişdim.

– Onda, yəqin, əsgərliyə, eləmi?

– Yoox, – siqaret tutduğu əli ilə sinəsinin sol tərəfinə tappıldatdı. – Bu mühərrik, – dedi.

– Demək istəyirsiniz ki, ürəyiniz ağrıyır, hə?

– Cinni dedi. – Nə olub ona?

– Heç özüm də bilmirəm, nə olub bu çərdəymişə. Uşaqlıqda revmatizmim vardı. Andır ağrı lap...

– Onda sizə siqaret çəkmək olmaz ki. Məncə, gərək qəti çəkməyəsiniz. Həkim mənim...

– Ehh. Onlar çox şey çərənləyirlər, – dedi. Cinni acığını güclə boğdu. Güclə. Sonra:

– Bəs Ohayoda neyləyirdiniz? – deyə soruşdu.

– Mən? Andır təyyarə zavodunda işləyirdim.

– Doğrudan? – Cinni dedi. – Xoşunuza gəlirdimi orada işləmək?

– Xoşunuza gəlirdimi? – onun ağzını əydi. – Lap vurulmuşdum ona. Ölürdüm o təyyarələr üçün. Elə qəşəng, elə gözəl idilər ki!

Cinnini maraq elə bürümüşdü ki, bundan incidiyini hiss eləmədi.

– Orada çoxmu işlədiniz? Təyyarə zavodunu deyirəm.

– Bilmirəm, lənət şeytana. Deyəsən, üç il bir ay, – yerindən qalxıb pəncərəyə tərəf getdi. Baş barmağıyla kürəyini qaşıya-qaşıya aşağı küçəyə boylandı.

– Bir bunlara bax, – dedi, – avam uşağı avam.

– Kimlərdi ki, elə? – Cinni soruşdu.

– Bilmirəm. Elə hamısı.

– Əlinizi o cür aşağı sallamayın, yoxsa yenə qanı axacaq, – Cinni dedi.

Ağlına batdı. Sol ayağını qaldırıb pəncərənin altlığına dirədi və yaralı qolunu üfüqi vəziyyətdə onun üstünə qoydu. Hələ də küçədən gözünü çəkmirdi.

– Bunların hamısı o andır çağırış məntəqəsinə gedir, – dedi. – Bu dəfə eskimoslarla vuruşmalı olacağıq. Bilirsən bunu?

– Kimlərlə? – Cinni soruşdu.

– Eskimoslarla... Qulağını yaxşı aç da, lənət şeytana!

– Nə üçün məhz eskimoslarla?

– Niyəsini bilmirəm. Mən nə bilim nə üçün? İndi ancaq qocaları yığırlar. Altmış yaşını keçənləri. Bu yaşa çatmayanları götürməyəcəklər, – dedi. Onlara yalnız qısa iş günü verəcəklər, vəssalam... Böyük işdir!

– Sizi onsuz da götürməzdilər, – Cinni ağlına heç bir pis niyyət gətirmədən, yalnız olanı demək istədi, amma sözünü ağzında qurtarmamış onun yersiz çıxdığını dərhal başa düşdü.

Selinanın qardaşı tez:

– Bilirəm, – dedi və qıçını pəncərədən götürdü. Pəncərəni azca aralayıb, siqaretini küçəyə tulladı. Sonra dönüb kürəyini pəncərəyə söykədi.

– Eyy! Gəlsənə, mənə bir yaxşılıq eləyəsən. Bura bir oğlan gələcək, ona deyərsən ki, mən ikicə dəqiqəyə hazır olacam. Yaxşımı? Yalnız üzümü qırxacam, ayrı heç nə. Oldu?

Cinni başını tərpətdi.

– Lazımdırsa, Selinanı tələsdirim. Bilir buradasan?

– Aha, özü bilir, – Cinni dedi. – Lazım deyil, çox sağ olun. Mən tələsmirəm.

Selinanın qardaşı başını tərpətdi. Sonuncu dəfə diqqətlə barmağındakı yaranı süzdü, sanki bu vəziyyətdə öz otağına necə gedib çıxa biləcəyini düşünürdü.

– Siz nə üçün onun üstünə bir şey yapışdırmırsınız? Sizdə plastırdan-zaddan bir şey varmı?

– Yoox... Yaxşı, di darıxma, – deyə otaqdan çıxdı. İkicə saniyə keçməmiş əlində para sendviç geri qayıtdı. – Ye bunu, – dedi, – çox dadlıdır.

– Axı mən doğrudan da...

– Götür, qorxma. Lənət şeytana, mən ki ona zəhər-filan qatmamışam.

Cinni onu aldı.

– Çox sağ olun, – dedi.

– Toyuq ətindəndir, – Selinanın qardaşı onun başının üstünü kəsdirib, üzünə baxa-baxa dedi. – Dünən axşam o andır ərzaq mağazasından almışam.

– Görkəmindən dadlı şeyə oxşayır.

– Onda di ye.

Cinni bir dişləm götürdü.

– Dadlıdırmı, hə? Cinni onu güclə udub:

– Çox, – dedi.

Selinanın qardaşı məmnunluqla başını tərpətdi. Sinəsinin ortasındakı çuxuru qaşıya-qaşıya huşsuz kimi otağın dörd küncünə boylandı.

– Hə, vaxtdır, mən getdim geyinməyə... İlahi! Gəldi, qapının zəngi çalınır. Di yaxşı, heç sıxılıb-eləmə, – dedi və otaqdan çıxdı.

Otaqda tək qalan Cinni yerindən durmadan ətrafına boylanıb, əlindəki sendviçi tullamağa və ya gizlətməyə yer axtardı. Dəhlizdə kiminsə addım səslərini eşidib, onu yun paltosunun cibinə soxdu.

Otuz-otuz bir yaşlarında nə uzundraz, nə bəstəboy bir oğlan içəri girdi. Gündə qırxılan hamar sifətinə, qısa vurulmuş saçlarına, pencəyinin biçiminə və fulyar qalstukunun rənginə görə onun kimliyini müəyyənləşdirmək çox çətin idi. İlk baxışdan onu hər hansı bir jurnalın əməkdaşına və ya əməkdaşı olmağa can atan cavan bir adama oxşatmaq olardı. Lap bu yaxınlarda Filadelfiyada uğursuzluğa düçar olan bir tamaşada oynamış aktyor da bu sir-sifətdə ola bilərdi. Bəlkə də, hüquq firmasında-filan işləyirdi.

– Salam! – min ilin tanışı kimi Cinniyə dedi:

– Salam!

– Frenklini görməmisiniz? – deyə soruşdu.

– Üzünü qırxır. Dedi ki, onu gözləyəsiniz. Bu saat çıxacaq.

– Üzünü qırxır?.. Aman Allah! – cavan oğlan qolundakı saata baxdı. Sonra üzünə qırmızı Dəməşq qumaşı çəkilmiş kresloya çökdü, qıçını qıçının üstünə aşırıb, sifətini ovuclarının içinə aldı. Tamam heydən düşmüş və gözlərinə təzəcə xeyli əziyyət vermiş adam kimi göz qapaqlarını yumub, onları barmaqlarının ucları ilə ovuşdurmağa başladı. – Ömrümdə bu səhərki kimi gərgin günüm olmayıb,

– dedi və əllərini sifətindən çəkdi. Boğuq boğaz səsi ilə danışırdı, eləbil o qədər heydən düşmüşdü ki, adicə sözləri belə tələffüz etməyə nəfəsi çatışmırdı.

– Nə olub ki? – Cinni ona baxa-baxa soruşdu.

– Ooh... bu çox uzun həngamədir. Mən ömrümdə heç kəsin zəhləsini tökmək istəməmişəm... Yalnız min ildir tanıdıqlarımdan savayı, – deyə o, huşsuz kimi, narazı halda pəncərəyə tərəf boylandı. – Həə, özümə söz vermişəm, bu gündən sonra bir də mən qələt eləyərəm, özümü azca da olsa, insan təbiətinə bələd olan adam sayaram. Mənim bu sözümü harada istəsəniz, deyə bilərsiniz.

– Axı nə olub ki? – Cinni təkrar soruşdu.

– Ah, ilahi! Bu adam aylarla, aylarla, aylarla mənim evimdə yaşayıb... Yox, bu adamdan heç danışmağa dəyməz... Yazıçılar da! – Çox güman ki, Heminqueyin romanlarından birində bu sözün söyüş kimi işləndiyini yadına salıb, acıqla əlavə etdi.

– Axı o neyləyib ki, belə?

– Açığı, burada mən heç də hər şeyi xırdalamaq istəməzdim, – cavan oğlan dedi. Stolun üstündəki siqaretlə dolu qutuya məhəl qoymadan öz qutusundan bir siqaret çıxarıb, öz alışqanı ilə alışdırdı. İri əlləri vardı. Onlarda nə bir cəldlik, nə həssaslıq, nə də güc hiss olunurdu. Lakin o hər hərəkəti ilə sanki bu əllərdə nə isə çox nadir, yalnız onlara xas olan estetik bir cəldlik – özü də bunu kənardan duymaq asan iş deyildi – olduğunu qeyd etmək istəyirdi.

– Özümə qəti söz vermişəm ki, bir də bu haqda danışmayım. Ancaq neyləyim, hirsimdən partlayıram,

– o dedi. – Birdən-birə Pensilvaniya ştatının Altunamı, yoxsa hansı şəhərindənsə bir tip peyda olur. Sir-sifətindən görürsən ki, acından ölənin biridir. Ürəyim yandı, adamlıq elədim, əsil rəhmdil samaralı kimi, onu öz evimə gətirdim – darısqal, siçan deşiyi boyda bir otağa. Halbuki, bir adam orada güclə hərlənə bilir. Sonra da bütün dost-aşnayla tanış elədim. Bütün otağı başdan-başa öz murdar əlyazmalarıyla, siqaret kötükləriylə, qırmızı turp dişləkləriylə və nə bilim daha nələrlə doldurdu, dinmədim. Nyu-Yorkda o teatr direktoru qalmadı ki, onunla tanış eləməmiş olum. İyli-qoxulu köynəklərini camaşırxanalara aparıb-gətirməkdən ayaqlarım yara oldu. Axırdasa... – cavan oğlan birdən susdu. – Mənim bütün bu yaxşılıqlarımın, adamlığımın əvəzində, – deyə o, sözünə davam elədi, – bu adam bir gün sübh o başdan saat beşdə otaqda əlinə, o murdar caynaqlarına nə keçibsə, hamısını yığışdırıb evdən əkilib. Xəbərsiz-ətərsiz. Barı bir kağız yazıb qoyaydı... – o, sözünə ara verdi, siqaretdən bir qullab alıb, ağzındakı tüstünü fışıltı ilə havaya üfürdü. – Yox, bu haqda heç danışmağa dəyməz. Doğrudan! – sonra Cinninin üzünə baxdı. – Nə qəşəng paltonuz var, – deyə kreslodan durdu. Yaxınlaşıb Cinninin paltosunun yaxalığını barmaqları arasına alıb sürtdü. – Qəşəng şeydir. Müharibədən sonra ilk dəfədir bu cür yaxşı dəvə yunu görürəm. Soruşmaq ayıb olmasın, haradan almısınız?

– Anam Nassodan gətirib.

Cavan oğlan mənalı tərzdə başını tərpətdi və öz kreslosuna tərəf qayıtdı.

– İndi ancaq elə yerlərdə bu cür yaxşı dəvə yunu tapmaq olar, – kresloya oturdu. – Çoxdan orada olub?

– Nə?

– Ananız orada çoxdan olub? Ona görə soruşuram ki, mənim də anam dekabrda oradaydı. Yanvarın ortalarınacan. Adətən, mən də həmişə onunla gedirəm, ancaq bu il başım o qədər qarışıq oldu ki, gedə bilmədim.

– Mənimki fevralda getmişdi, – Cinni dedi.

– Nə yaxşı! Harada qalırdı? Bilmirsiniz?

– Xalamgildə.

O, başını tərpətdi.

– Adınızı soruşmaq olarmı? Siz Frenklinin bacısının rəfiqəsisinizmi? Düz tapmışam?

– Bir sinifdə oxuyuruq, – Cinni onun yalnız ikinci sualına cavab verdi.

– Selinanın həmişə dilindən düşməyən Meksin, təsadüfən siz deyilsiniz ki?

– Yox, – Cinni dedi.

Cavan oğlan birdən ovcunun içi ilə şalvarının ayağını çırpmağa başladı.

– Başdan-ayağa it tükünə batmışam, – o dedi. – Anam iki günlüyə Vaşinqtona gedib, küçüyünü də gətirib mənim yanımda qoyub. Çox qəşəng küçükdür. Ancaq bu cür murdar işləri var. Sizin də itiniz varmı?

– Yox.

– Əslində mən şəhər yerində it saxlamağı qəddarlıq hesab eləyirəm, – şalvarını təmizləyib qurtardı, yerini rahatlayıb, yenə qolundakı saata baxdı.

– Bu adamın bir yerə vaxtında getdiyini ömrümdə görmədim. Koktonun «Gözəl və eybəcər» filminə baxmağa gedirik. Bu da elə kinodur ki, gərək onun əvvəlinə hökmən çatasan. Yarımçıq baxanda ləzzəti qaçır. Siz baxmısınız?

– Yox.

– Aa... Hökmən baxın! Mən ona səkkiz dəfə baxmışam. Çox dahiyanə əsərdir! – o dedi. – Neçə aydır ha çalışıram Frenklini də aparım ona baxsın, apara bilmirəm, – məyus-məyus başını buladı. – Qəribə zövqü var. Müharibə vaxtı biz onunla çox təhlükəli bir yerdə işləyirdik. Onda bu adam özü məni zorla dünyanın ən mənasız filmlərinə baxmağa aparırdı. Qanqster filmləri, vesternlər, müzik-hollar...

– Siz də təyyarə zavodunda işləyirdiniz? – Cinni soruşdu.

– Əlbəttə, ilahi! Neçə illər sərasər... Amma xahiş edirəm, bu barədə danışmayaq.

– Niyə? Sizin də ürəyiniz ağrıyır?

– Allah eləməsin. Tfu-tfu, taxtaya vur, – deyə o, iki dəfə kreslonun qoluna taqqıldatdı. – Mənim canım dəmir...

Selina otağa girən kimi, Cinni cəld yerindən qalxıb ona tərəf getdi. Selina şortunu çıxarıb, donunu geyinmişdi. Başqa vaxt olsaydı, Cinni bundan hirslənərdi.

– Üzr istəyirəm, səni çox gözlətdim, – Selina dilucu üzrxahlıq elədi, – anamı yuxudan durğuzmaq lazım gəldi. Ona görə... Salam, Erik.

– Salam, salam!

– Onsuz da daha mənə pul lazım deyil, – Cinni astadan dedi ki, onu yalnız Selina eşidə bilsin.

– Nə?

– Fikrimi dəyişdim. Yəni, onsuz da topları həmişə sən gətirirsən. Burası ağlımdan çıxmışdı.

– Bəs deyirdin mən onlara bir qəpik də...

– Qapıya qədər məni ötür, – Cinni Eriklə vidalaşmadan qabağa düşdü.

– Axı mən bilən, sən deyirdin ki, bu gün kinoya gedəcəksən, sənə indi pul lazımdı! – Selina dəhlizdə ona dedi.

– Yox... Tamam yorulmuşam, – Cinni dedi və tennis ləvazimatını götürmək üçün aşağı əyildi. – Bura bax, nahardan sonra sənə zəng vuracam. Bu axşam özgə işin yoxdur ki? Bəlkə, sizə gəldim.

Selina təəccüblə onun üzünə baxıb: «Yaxşı» dedi. Cinni qapını açıb liftə tərəf getdi. Düyməni basdı.

– Sənin qardaşınla tanış oldum, – dedi.

– Doğrudan? Görürsən necə tipdir?

– Nə işlə məşğul olur elə? – Cinni guya sözgəlişi soruşdu. – Bir yerdə işləyib-eləyirmi?

– Təzəcə işdən çıxıb. Atam istəyir ki, kollecə qayıtsın, ancaq özü istəmir.

– Niyə istəmir?

– Bilmirəm. Deyir yaşım keçib, qocalmışam.

– Neçə yaşı var?

– Bilmirəm. Deyəsən, iyirmi dörd. Liftin qapısı açıldı.

– Sonra sənə zəng vuracam! – Cinni dedi. Binadan çıxan kimi üzü qərbə, Leksinqton-

avenyudakı avtobus dayanacağına doğru yollandı.

Üçüncü küçə ilə Leksinqton-avenyunun kəsişdiyi yerdə əlini paltosunun cibinə salıb, oradan pulqabını çıxarmaq istəyərkən, əli sendviç parasına dəydi. Onu cibindən çıxarıb, əlində aşağı salladı ki, elə buradaca küçəyə tullasın, amma, nədənsə, qaytarıb təzədən cibinə qoydu. Neçə il bundan qabaq, pasxa bayramında ona bağışlanan cücəni günlərin bir günündə zibil yeşiyinin dibində ölü halda tapanda, onu oradan çıxarıb atmağa düz üç gün ürəyi gəlməmişdi.

1 Merkuroxrom – ABŞ-da geniş yayılmış antiseptik dərman

Banan balığının asan ovlanan günü-DOQQUZ HEKAYƏNİN BİRİNCİSİ

Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ

# 1330 dəfə oxunub

Müəllifin son yazıları

# # #