Yusif Səmədoğlunun ikinci parçası heç nədi...  ƏKRƏM ƏYLİSLİ

Yusif Səmədoğlunun ikinci parçası heç nədi...  ƏKRƏM ƏYLİSLİ
10 iyun 2014
# 12:42

Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.

Anar Elçinin üzünə necə bozardısa...

“Axund”un Səməd Vurğundan niyə zəhləsi gedirdi?

Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ

Stalinlə səhərə qədər içmiş yazıçı - Əkrəm Əylislinin xatirələri

"Fikrət Qoca Əlcəzairdə fransızlara qarşı vuruşmaq istəyirdi"

Əkrəm Əylisli Nazim Hikmətin yalanını necə tutdu?

Nəhənglərin döyüşü: Əkrəm Əylisli ilə Mirzə İbrahimovun davası

Nəhənglərin döyüşü: Mirzə İbrahimov və Əkrəm Əylisli

Rəsul Rza pivəxananı niyə bağlatdırdı?

İKİ GÜNÜN GÜNDƏLİYİ

BİRİNCİ EPİZOD: ANLAŞILMAZ QANQARALIĞI

Səhər yuxudan ayılanda öz səsim qulağımda idi: dünən axşam BİBİSİ dalğalarından gələn səsim. Veriliş dilimizin indiki vəziyyəti barədə idi. İştirakçılar: dilçi-alim Tofiq Hacıyev, yazıçı-detektiv Çingiz Abdullayev və mən. (Söhbəti BİBİSİ əməkdaşı Azər Xəlilov aparırdı).

Tofiq müəllim – dilçi vətənpərvər rus dilinin bizim dili hələ də sıxışdırmaqda olduğundan möhkəm narahat idi. Allah, sən özün saxla: əgər Sovet hökuməti bir az da yaşasaymış, sən demə, dilimiz tamam əldən gedəcəkmiş. Nə olsun ki, məhz o Sovet hökumətinin dövründə hər il BİZİM DİLDƏ bəlkə on mindən çox kitab nəşr olunurdu. Azərbaycanda minlərlə kitabxana və kitab mağazası vardı. Azərbaycan dilində çıxan jurnalların böyük əksəriyyətinin tirajı 50 mindən aşağı deyildi. Amma, qəribə şeydi: VƏTƏNPƏRVƏRLİK ZƏMİNİNDƏ İXTİSASLAŞANLARI, nədənsə, belə şeylər əsla maraqlandırmır. (düşünməyin də, görünür, sintetik forması var!)

İdeoloq üçün ən əhəmiyyətsiz şey həyat həqiqəti və həyatın özüdür.

Vətənpərvərlik, ideal və ideya kimi, nə qədər canlı və cazibədardırsa, ideologiya kimi bir o qədər ölü və bədheybətdir.

Vətənpərvərlik duyğusunu vəhy kimi göylərdən alıb, qanad kimi öz varlığında gəzdirənlər (məsələn: Mirzə Fətəli, Üzeyir bəy) Vətəni Vətəndən kənara çıxarıb, aləmə tanıdır, o birlər – yəni vətənpərvərlik üzrə ixtisaslaşan “peşəkar vətənpərvərlər” isə olsa-olsa yalnız ÖZLƏRİNİ VƏTƏNDƏ TANIDA BİLİRLƏR.

Ancaq bu deyilənlərin mənim dünən axşam BİBİSİ dalğalarından gələn səsimə nə dəxli var görəsən?

...Mənim dünən axşam radio efirindən gələn səsim çaşıb-qəbrindən çıxıb sonra öz qəbrini axtara-axtara qəbirlər arasında azıb qalmış ölüyə oxşayırdı.

İKİNCİ EPİZOD: KOSMİK OVQAT

Dünya efirində, qəbrini azdırmış ölü kimi, sərgərdan dolanan o səsdən yaxamı qurtarmaq üçün oturub köhnə qeydlərimi eşələyirəm. Xırda-xırda sapsarı kağızlarda kimlərinsə bir vaxt məni heyrətə gətirən sözləri. “KNİQA EKKLESİASTA”. Deməli, mən bu sözləri indi saralmış bu kağızlara haçansa “İncil”i oxuyanda elə o “İncil”in özündən köçürmüşəm. Rusca mətnlərin yanında (bəzi yerlərdə) mənim bu mətnləri dilimizə çevirmək cəhdlərim də gözə dəyir.

MƏSƏLƏN: “EKKLESİASTIN KİTABI”NDAN:

“Olmuşlar bir də olacaq və edilmiş əməllər bir də ediləcəkdir. Və heç nə yeni deyil günəşin altında”.

YENƏ ORADAN: “Bir də o günəşin altında mən məhkəmələr gördüm: orada qanunsuzluq hökm sürürdü. Həqiqətin yerini axtarıb tapdım və gördüm ki, orada yalan əyləşib”.

“İNCİL”DƏN ÇEVİRDİYİM BAŞQA BİR KƏLAM:

“Allah işıqdır və o vücudda heç bir zülmət ləkəsi yoxdur. Əgər biz özümüzü həm Allaha yaxın sayır, həm də ruhən qaranlıqda qalırıqsa, deməli, yalan danışırıq və həqiqətdən uzaq gəzirik”.

SONRA BELƏ BİR YENƏ KOSMİK MƏNŞƏLİ SÖZ:

“Necə ki, bir yuxunun içində min-min əhvalat baş verir, eynən eləcə də axmaqların səsi yalnız adam çox olan yerdə eşidilir”.

“EKKLESİASTIN KİTABIN”DAN DAHA İKİ DƏHŞƏTLİ KƏLAM:

“...səbəb axtaranlara səbəb axtarmağa imkan verməyin”.

“...gülməkdən kədərlənmək yaxşıdır: çünki ürəyin kədəri sifəti daha yaxşı göstərir”.

“VSE KRUQOM SUETA İ TOMLENİE DUXA” – “Ekklesiastın kitabı”nı da tez-tez təkrar olunan bu bircə cümləni dilimizə çevirməkdən ötrü çəkdiyim əzab-əziyyətin yorğun ovqatı da o sarı kağızların üstündə indiyəcən yatıb qalıb. Axı bircə “sueta” sözünün dilimizdə onlarca mənası var: boşluq, fanilik, mənasızlıq, vurnuxma, çapalama – hansını deyim?.. Bəs TOMLENİE DUXA sözlərini necə tərcümə eləyəsən?.. Bir sözlə, mən o bircə cümləni bəlkə əlli variantda ora-bura çevirib, son nəticədə heç bir variantdan razı qalmamışam.

İndi o variantlara baxanda, məsələn, bu variant, mənə elə gəlir ki, o “İncil” sözünün daxili məzmununa bəlkə nisbətən yaxındır: “bu dünyada heç nə öz yerində deyil və bunu bilməkdənsə, bilməmək yaxşıdır”.

O sarı vərəqlərə baxa-baxa mənə bu da məlum oldu ki, haçansa Kraçkovskinin tərcüməsində rusca oxuduğum Qurandan da bəzi ayələri dilimizə çevirməyə bir zaman cəhd göstərmişəm.

MƏSƏLƏN, BELƏ BİR QURAN KƏLAMI:

“... növbənöv gül-çiçəkləri ki, O, yer üzünə səpələyib – burada hikmət var və bu hikməti yalnız xatiratlı insanlar anlaya bilər”. Rusca: “dlya lyudey vspominayuşix”. Bəlkə orijinalda - ərəbcədə söhbət “xatiratlılar”dan yox, həssaslardan gedir.

Gül-çiçəyin hikmət olduğunu məhz həssas insanların anlaya bilməsinin “ilahilik dozası”, əlbəttə, daha yuxarıdır. Ancaq bunun bizdən ötrü bir o qədər də əhəmiyyəti yoxdur. Çünki müqəddəs kitablarda yazılan hər bir sözün dünyadakı düşünən insanların sayı qədər mənası ola bilər. Və ən qəribəsi burasıdır ki, bu sözlər bizim içimizdəki kosmik (səmavi) ovqatla səsləşə bilir: bu ovqatı tərpədə bilir, oyadıb oynada bilir.

KRAÇOVSKİNİN TƏRCÜMƏSİNDƏ BAŞQA BİR QURAN SÖZÜ:

“İ poetı – za nimi sleduyut zabludşie”. Hərfi tərcüməsi: “və şairlər – sonra gəlir yolun azanlar”. Başqa sözlə: “ŞAİRLƏRİN DALINCA GEDƏNLƏR YOLUNU AZANLARDIR”. – Quranda, görəsən, doğrudanmı elə beləcə də deyilib? Bəlkə mən bunu rusca da düz başa düşməmişəm?.. Hər halda, bu sözləri oxuyandan sonra mənim o sarı kağızların içində eşələnmək həvəsim büsbütün yoxa çıxır. BİBİSİ-nin dünən axşamkı efirində avara-sərgərdan dolanan o səs ölüsü də axır ki, öz yerini (qəbrini) tapıb rahatlanır. İndi qulağıma şeir havası dolur. Daha doğrusu – şair səsi... Və o BÖYÜK MEYDAN gözümün qabağına gəlir: aşağıda duranlar, yuxarıda dayananlar. Yuxarıda dayananların bəlkə 90 faizi şair idi: peşəkar, ya həvəskar – fərqi nədir.

Amma yox – fərqi vardı deyəsən. Fərq buydu ki, orada həvəskar şairlər peşəkar şairlərə yol göstərirdilər. (İnqilablar həmişə belə olur).

ÜÇÜNCÜ EPİZOD: BİR VAXT MƏN NİTSŞE İDİM,

AMMA TƏK ÖZÜMÜ DEMİRƏM,

ELƏ SİZİ DƏ DEYİRƏM.

Şənbə gününün ikinci yarısı Moskvanın ORT kanalında dahi filosof Fridrix Nitsşe haqqında sənədli süjetə baxdım. Və nədənsə mənə elə gəldi ki, bu adda, bu famildə bəni-insan yer üzündə heç vaxt olmayıb. Nitsşe məndən ötrü yaşayan yox, düşünən (və yaxud yalnız düşünmək üçün yaşayan) təbiətin ayrıca bir fəsli idi. Özü də - payız fəsli: qışsız, yazsız, yaysız bir payız... Və bir də mənə elə gəlir ki, o PAYIZ (o fəsil) haçansa mənim həyatımda da olub. Özü də indiki həyatımda yox, indikindən qabaqkı həyatımda... Sonra – Moskva yaxınlığındakı “Bolşevo” deyilən bir yer yadıma düşdü. Orada kino işçilərinin yaradıcılıq evi vardı. Və mən Qoskinoda baş redaktor işləyəndə ildə bir dəfə həmin o Bolşevoda – o zaman kütləvi ekranlara buraxılmayan – xarici filmlərə baxmağa gedərdim.

Bir dəfə, axşam seansında indi adını unutduğun olduqca təsirli bir filmə baxıb, kino zalından çıxanda mənə elə gəldi ki, dünyada hər şey dəyişib və mən də həmişəki mən deyiləm...

Yayın lap əvvəlləriydi. Göyüzü gözyaşı kimi dumduruydu. Və ayın ağappaq işığında dünya saf idi, təptəzəydi. Və bir parça asfaltlanmış meşəarası yolla baş alıb gedə-gedə o gecə ilk dəfə deyildi ki, mən – hələ bu dünyaya gəlməzdən çox-çox əvvəl – haçansa hansı bir dünyadasa yaşamış olduğuma ruhumun bütün “hüceyrələri” ilə inanırdım. Mənə elə gəlirdi ki, mənim haçansa yaşadığım o dünyada Puşkin də, Bunin də, Fellini də olmuşdu. Və mənim bu şəxslərlə tanışlığım da məhz o VAXTIN, o DÜNYANIN tanışlığı idi.

...O gecə Dostoyevskini yuxumda gördüm. Arıq idi. Saqqallı idi. Bir suyumu – Litinstitutdan tanıdığım - tələbə yoldaşım Vasili Belova oxşayırdı. Ancaq səs Belovun səsi deyildi. Yaşı bilinməyən, işığı, rəngi, ahəngi, bir də kosmik-səmavi aydınlığı ilə ürəyi yerindən oynadan bir səs idi.

- Tı çto: ne uznal menya? Dostoyevski dedi. – Mı je TAM staboy vmeste rosli...

DÖRDÜNCÜ EPİZOD: DİL MƏŞQİ

Bazar günləri mənim həyatımda elə hərfi mənada da bazar günləri olur. Yəni mən bazarlıq eləməyə həmişə bazar günləri gedirəm.

Bu gün bazara gedəndə beynimdə nəsə şeirə oxşar isti bir şey fırlanırdı (Məndə belə şeylər tez-tez olur).

Dəyirmanın yanındakı evimizdən üzüyuxarı Təzəbazara sarı gedə-gedə, o şeirə oxşar isti şeyin bir misrası yolun bir yerində artıq beynimdə hazır idi: “HƏLƏ Kİ, BİRCƏ AĞAC YERƏ KÖLGƏ SALIRSA...”

Bir misra – bir şeirin əsas qan damarı, yaxud bel sütunu ola bilər. Hətta – lap bircə söz də. Bu, bizim o misradan, ya sözdən aldığımız duyğulu enerjinin miqdarından asılıdır. Ancaq ilk hekayəmi qələmə aldığım düz 60-cı ildən bu yana mən şeiri şeir yazmaq üçün yazmıram. Mən şeirdə, sadəcə, sözlə məşq eləyirəm, və yaxud bu da məndən ötrü belə bir qəribə məşğuliyyətdir. (“məşğuliyyət” “məşq” sözünün yəqin ki, cəm halıdır).

O misranı beynimdə fırlada-fırlada birdən Məmməd İsmayıl yadıma düşdü. Belə də olmalıydı, çünki “mənim misram” Məmmədin məşhur “HƏLƏ YAŞAMAĞA DƏYƏR BİR AZ DA” misrası ilə açıq-aşkar səsləşirdi. Hər halda, kədər həmin kədər idi, mövzu da o mövzu idi.

Eyni mövzuda, əlbəttə, hər kəs öz sözünü deyə bilər: bu şərtlə ki, gərək sənin dediyin söz o sözü səndən əvvəl deyənin sözündən keyfiyyətcə seçilə, yəni ondan yaxşı ola. Ancaq şeiri kimdənsə yaxşı yazmağın məndən ötrü, söz yox ki, heç bir əhəmiyyəti ola bilməzdi. Özü də - şeirin belə bir fontan vuran vaxtında...

Hərdən qəzetlərdə heç tanımadığım adamların gözlənilməz dərəcədə güclü şeirlərinə rast gəlirəm. Şeirin yeni mərhələsi, məncə, yaranıb – şeirin “şairlik dozası” gözgörə çoxalıb. Hər halda, mənə elə gəlir ki, təkcə qəzetlərdə bir-iki ay ərzində dərc olunan şeirlərin ən yaxşılarını toplayıb kitab halında nəşr etsəydilər, şeirimizdə yeni mərhələnin yarandığına heç kəsdə şübhə yeri qalmazdı.

Beləcə düşünə-düşünə və eyni vaxtda o bir misra şeirlə özümə növbəti “dil məşqi” keçə-keçə gedib bazara çatdım.

YOX, BAZAR TƏƏSSÜRATINI QƏLƏMƏ ALMAYACAĞAM!..

Bu iki günün gündəliyini elə o bir misranın ovqatı ilə də bitirəcəyəm. Ancaq sizə bunu da deməliyəm ki, mən bazardan evə qayıdanda o bir misra artıq dörd misra olmuşdu:

Hələ ki, bircə ağac yerə kölgə salırsa,

Hələ bir dağ başında bir əlçim qar qalırsa,

Hələ külək əsirsə hərdən belədən-belə,

Demək, yaşamaq olar, yaşamaq olar hələ...

İKİNCİ ŞƏNBƏ - BAZAR: 1-2 MAY, 99 SƏHƏRİN İLK OVQATI

Səhər yuxudan duranda (hələ birinci siqareti çəkməzdən əvvəl) ağlıma gələn ilk fikir bu oldu ki, kəndirbaz kəndir üstdə özünü necə hiss eləyirsə, təxminən eləcə də mən bütün ömrümü yaşamışam: qorxa-qorxa və oynaya-oynaya!..

Aşağıya baxmağa qorxmuşam. Elə “yuxarıya” baxmağın da qorxulu olduğunu həmişə bilmişəm.

Axı kəndirbaz aşağı-yuxarı baxsa, o kəndirin üstündə dura bilməz!..

BİRİNCİ PARÇA – XALİS YUSİF...

Yusif Səmədoğlunun yazıb-yetirə bilmədiyi romanının yazılıb çap olunmuş iki parçasını biroturuma oxuyub, ayağa dururam.

Birinci parça – xalis Yusif, o biri parça – heç nə...

Fikirləşirəm ki, ikinci parçanı gərək çap eləməyəydilər, çünki ikinci parçada Yusif yoxdur. (Misdən qızıl yaradan YUSİF KİMYAGƏRLİYİ bu parçada öz işini görə bilməyib).

Şübhə eləmirəm ki, əgər yaşayası olsaydı, Yusif bu, ikinci parçanı ya tamam təzədən işləyəcəkdi, ya da onu götürüb bir tərəfə qoyub, tamamilə yeni fəsil yazacaqdı.

İnanıram ki, romanın ikinci parçasının alınmadığını Yusifin özü də bilirmiş və onun əsər üzərində işi davam etdirməyinə mane olan da çox güman ki, elə buymuş.

Yazılandan vaz keçmək həmişə çətin olur. Özü də Yusif kimi az yazan adam üçün. Elə o uğursuz parçanın özünə də, kim bilir, nə qədər vaxt, nə boyda enerji sərf olunub. Nə qədər söz pozulub, nə qədər siqaret çəkilib... Belə yerdə, yazılanı cırıb atmaqdan özümüzü balkondan atmaq bizə daha asan görünür.

Ancaq bu hal bizdə, əksər hallarda, sadəcə, yorğunluqdan olur: o vaxtacan ki, pozulanın yerinə yenisini yazmağa sən özündə güc tapırsan, həvəs tapırsan.

Yusifinsə, görünür, o gücü, o həvəsi bir də tapmağına ömür möhlət verməmişdi.

... Sonra İsa Hüseynovun “Kollu Koxa”sı yadıma düşür. Yusifin bu bitməmiş əsəri ilə o “Kollu Koxa”nın arasında, görəsən, nə oxşarlıq ola bilər?.. Məhz İsa Hüseynovun Yusif Səmədoğlu yaradıcılığına bu dərəcədə bariz təsir göstərməyinin səbəbi nədir görəsən?

Yusiflə bağlı bütün günü sıxıntılı hallar keçirirəm.

YUQOSLAVİYA

Evdə özümə yer tapmıram. Tez-tez çıxıb balkonda siqaret çəkirəm. Bu şənbə axşamı nədənsə televizora da yaxın dura bilmirəm. Ümumiyyətlə, son vaxtlar baxdığım bütün televiziya verilişlərinin arxasında həmişə Yuqoslaviyanı görürəm: uçulan evləri, dağılan körpüləri, şeytanın zülmündən qaçıb, Allahın altında özünə yer tapmayan çarəsi kəsilmiş günahsız insanları...

BİR DƏ KLİNTONUN ÇUĞUNDURU – QIPQIRMIZIMTIL SİFƏTİNİ GÖRÜRƏM

“BƏVƏRƏŞİLO???”

Bu gün bazardır. Amma Yusif Səmədoğlu ilə bağlı dünənki ovqat qalır hələ.

Yusiflə bağlı – üç-dörd ay bundan əvvəl gördüyüm yuxunu yaddaşımda bərpa eləməyə çalışıram.

Tropik cəncəlliyi ortasında SUYU ÖLMÜŞ bir göl idi. (Afrikaydı, Çin idi, Vyetnam idi: haraydı Allah bilir).

Gölün ölü suyunun üstündə - hamısı eyni rəngdə - xeyli çadır vardı. O başda – lap aralıdakı çadır padşahın çadırıydı. Padşah öz çadırının qabağında, qəmli-qüssəli, əyləşmişdi. O biri çadırların sahibləri də, eynən padşah kimi, gözlərini ölü suya zilləyib, tərpənməz oturmuşdular və bu adamların hamısı sizin də tanıdığınız (yazıçı, musiqiçi, rəssam) çox məşhur adamlar idilər.

O elitar məşhurlar dəstəsində bu dəfə nədənsə bircə Yusif gözə dəymirdi.

Mən kənarda – quruda, gölün qırağında durub çadırlara baxırdım. Özüm də çox sıxıntılı vəziyyətdə idim: havam çatışmırdı.

Bir də gördüm ki, yuxarı başda padşahın çadırı olan yerdə gölün ölü suyuna bir damcı göz yaşı düşdü: PADŞAH AĞLAYIRDI!

Sonra gördüm ki, o biri çadırların qabağında oturanlar da hönkür-hönkür ağlayırlar və onların da gözlərinin yaşı damcı-damcı gölə tökülür.

Onlar ağladıqca su dirilirdi və bu prosesdə mənim halım da dəyişirdi: havam çoxalırdı.

... Sonra arxa tərəfdə - kolluğun-qamışlığın içində qəfil xışıltı eşitdim: kollar tərpəşdi və bir də baxıb gördüm ki, Yusif yanımda durub.

Kefi sazdan da saz idi.

- BƏVƏRƏŞİLO??? – dedi və arxadan çiynimi qucaqladı.

...”Bəvərəşilo?” “Bəs Voroşilov?” sualının Yusifin (yəqin ki, cənub ləhcəsində) haçansa kimdənsə eşitdiyi təhrif olunmuş məzəli deyilişi idi. Və Yusif, bir müddət, kinostudiyada baş redaktor olanda orada bu deyim kinostudiya elitasının bir növ paroluna çevrilmişdi.

... Rasim Ocaqovla, Rasim Balayevlə, Eldar Quliyevlə rastlaşanda elə indinin özündə də biz bir-birimizi həmişə bu “parolla” salamlayırıq:

- “BƏVƏRƏŞİLO?..”

TAKSİ SÜRÜCÜSÜNÜN DEDİKLƏRİ

Piyada getdiyim bazardan taksi ilə evə qayıdıram.

Taksi sürücüsü şəhər adamına oxşayır: özü də oxumuş adama. Təxminən mən yaşda kişidir.

Söhbətimiz məlum CƏRRAHİYYƏ ƏMƏLİYYATINDAN başlanır. Sonra keçmiş Sovet hökumətinin necə hökumət olmağının ənənəvi müzakirəsini eləyirik.

Sonra taksi sürücüsü (sarsaq yazıçılar demişkən) “bir anlığa dərin xəyala dalır”. Və mən evə çathaçatda taksist gözlənilmədən deyir:

- O heç də... O, rusların hökumətiydi. Özləri qurmuşdu, özləri də yıxıb böyrü üstə qoyub çıxıb getdi. Bizim qurduğumuz hökumət belə olar da. Müsəlmanın hökuməti bəs necə olar?..

BAZAR GÜNÜ: AXŞAMTƏRƏFİ

Ağlıma yerləşir ki, çıxım şəhərdə dolanım bir az.

Əvvəllər (bərk darıxanda) ya İçərişəhərə, ya da Kubinkaya dərdimi dağıtmağa gedərdim.

İndi İçərişəhərdə elə bir gəzməli yer qalmayıb. İndiki İçərişəhər, mənə heç bir dəxli olmayan, təzə notlar üstündə köklənir.

Kubinkanın – Quba meydanının da ləzzəti çoxdan qaçıb: indi ŞƏHƏR BAŞDAN AYAĞA KUBİNKADIR.

“ÖLÜLƏR” BAĞI

Keçmiş “26-lar” bağına çıxıram. Amma ürəyimdəki ayrı yerdir: şəhərin Baksovetyanı ətrafları məni özünə çəkir.

Bir vaxt Baksovetdən yuxarıda (Bünyad Sərdarov küçəsində) bir evin bir şərikli mənzilində birotaqlı evim vardı.

Özümün yazı-pozu həyatımın 5-6 illik ən məhsuldar dövrünü mən o evdə keçirmişdim, çünki subay idim, ailə qayğısından azad idim.

Səhərlər çaydan sonra bir saat, iki saat mütləq gəzməyim olurdu. Həmişə də eyni marşrut üzrə: evdən, üzüaşağı – Kommunist küçəsinə, oradan birbaşa – “Ölülər” bağına.

Söhbət “Yaşıl teatr”ın yanındakı indi Prezident İqamətgahının yerləşdiyi bağdan gedir. Və Kubinka və İçərişəhər kimi, indi o bağda da mənimlə həmsöhbət olası bir şey qalmayıb. Ancaq bir vaxt – ömrümün subaylıq-sultanlıq çağlarında – hər gün gəzməyə, dincəlməyə, düşünməyə getdiyim o “Ölülər” bağının o zamankı mənzərəsi mənim sevdalı varlığımda hələ olduğu kimi qalır.

“Adamlar və ağaclar”ın hər üç povestini mən, ürəyimin içindən, elə o bağdaca parça-parça üzə çıxarıb, sonra evdə yazmağa aparmışdım. Üstəlik: “Kür qırağının meşələri”ni də...

Ən yaxşı hekayələrimin öncəki doğum ağrısını mən o bağda keçirmişdim: “Şanlı məktub”, “Əncirsiz payız”, “Göysulu dəniz”, “Ürək yaman şeydir” – hansını deyim...

Hələ tərcümələrim: Turgenyev, Korolenko, Paustovski, Henrix Böll, Çingiz Aytmatov... Bu yazıçıların əsərlərini dilimizə çevirəndə evdə - yazı stolunun arxasında çəkdiyim əzabı mən o bağın ağac-budağı ilə həmişə bölüşdürmüşdüm.

İndi – may ayının bu ilk bazar günü məni o Baksovet tərəfə çəkib aparan da yəqin ki, heyrətamiz dərəcədə məhsuldar işlədiyim o (ailəsiz qayğısız) 5-6 ilin qüssəli-nisgilli azadlıq həsrətiydi.

VƏ BAKSOVETİN YANINA ÇATHAÇATDA BELLA AXMADULİNANIN – NAHAQDAN İNCİDİLMİŞ UŞAQ SƏSİNƏ OXŞAYAN – CİNGİLTİLİ KÖVRƏK SƏSİ BİRDƏN İÇİMƏ DOLDU:

“Bizim yaza-yaza və yavaş-yavaş öyrəşdiyimiz tənhalıq balalarımızın da həyatına keçəndə bu tənhalıq bizdən ötrü artıq fiziki ağrıya çevrilir”.

Bu sözləri Bella Axmadulina (mən bir vaxt Peredelkinodakı Yaradıcılıq Evində olanda) yolda təsadüfən rastlaşanda elə-belə - sözgəlişi demişdi.

SONRA:

Qoburnat bağının yuxarı başında (filarmoniyanın yanındakı səkidə) Bella Axmadulinanın o sözlərinin qəmli havasında gəzişirəm və eyni vaxtda da ürəyimdə Yusifin – dünən oxuduğum yarımçıq romanı barədə hər hansı bir obyektiv qənaətə gəlməyə çalışıram.

Bella Axmadulina o sözləri öz şeirləri qədərində təsirli demişdi. Buna söz ola bilməzdi...

Özü də dəhşət burasındadır ki, yazanda, yaza biləndə (bir az obrazlı desəm: ürəyimiz ağlımızı eşidəndə və qələmimiz sözümüzə baxanda) övladlarımızın tənhalığının ağrısını biz heç vaxt hiss eləmirik. Elə ki, söz gəlmir, beyin kütləşir, ürək soyuyur – onda o küt beyin və soyuq ürəklə biz öz doğmalarımızı və yaxınlarımızı necə bir müdhiş həyata məhkum etdiyimizi qorxu və heyrət içində düşünməyə başlayırıq.

HARMONİYA HƏSRƏTİ

Yazıçı ailələrinin həyatında dramatik hadisələr həmişə bol-bol olub. Puşkindən, Tolstoydan, Mirzə Fətəlidən üzübəri – şəxsi həyatları bizə yazılı mənbələrdən məlum olan böyük sənətkarların barəsində oxuyub-bildiklərimiz bunu bir daha sübut edir. Əksər yazıçıların həyatı onların övladlarının taleyində də öz dərin dramatizmi ilə həmişə iz buraxır. Adlarını çəkmək istəmirəm, ancaq Azərbaycan ədəbiyyatının – son dövrlərinə məxsus - ən parlaq ədəbi simalarının yaxından tanıdığım övladlarının taleyində də mən bu dramatik məqamları (bu və ya digər formalarda) daim müşahidə eləmişəm. Bədii obrazlar aləmində yaşayıb-yaradanların hamısının taleyinə yazılan psixoloji disharmoniya və xroniki nakamillik kompleksi görünür, ikinci yaradıcı nəsildə, üstəlik, bir sıra labüd deformasiya hallarına da məruz qalır. Və bu deformasiya (qlobal “forma çevrilişi”) BƏDİİ DÜNYANIN havasını bəzi hallarda saflaşdırırsa, bəzi hallarda bu havanı əməllicə çürüdüb, iyləndirə də bilir. (“Gilənar çiçəyinə dediklərim”də mən bir vaxt bu barədə söz deməyə pis-yaxşı cəhd göstərmişəm).

Yazıçı övladlarının arasında (xüsusilə də Azərbaycanda) öz atalarının sənət yolunu uğurla davam etdirənlər də az deyil. (Bu ənənə, məsələn, bağçılıqda və əkinçilikdə, həkimlikdə və hərbiçilikdə də geniş yayılmış olsaydı, burası millət üçün bəlkə daha yaxşı olardı!..) Və bədii həyatla yaşamağın yollarını öz atalarından öyrənənlərin həyatında problemlər, məncə, daha çox olur. Ata yazıçıdan fərqli olaraq, övlad yazıçı sənətdə gördüyü işin faktik dəyərini bir o qədər də aydın dərk eləyə bilmir və buna görə də yazıçı övladı psixoloji disharmoniyadan daha çox əziyyət çəkir.

Yazıçı övladı, özündən asılı olmayaraq, həyatını geriyə baxa-baxa yaşamağa məhkumdur. Və üstəlik, ata yazıçının kölgəsindəki oksigenin tərkibi övlad yazıçının rahat (azad!) nəfəs almağına həmişə eyni dərəcədə etibarlı təminat vermir.

Öz BÖYÜK ATASI ilə həmişə yalnız fəxr eləməyə də Yusifin, söz yox, haqqı çatardı. Ancaq onda gərək Yusif Yusif olmayaydı. Elə Yusif-Yusif olduğuna görə də bu dünyanın təlatümlü disharmoniyası onu, ömrü boyu, həmişə müşaiyət eləmişdi.

VƏ YUSİFİN BU BİTMƏMİŞ ROMANININ BİZƏ QALAN NİSGİLLİ SƏHİFƏLƏRİNDƏ DƏ, MƏNCƏ, MƏHZ BİR QƏRİBƏ – NALƏ, FƏRYAD DOLU – HARMONİYA HƏSRƏTİ VAR!..

NƏHAYƏT, BELƏ BİR MİSTİK TƏSADÜF:

Bizim evlə Yusifgilin evi az qala bir-birinə bitişikdir.

Mən evə qayıdanda Yusifgil olan evdən (arka sütunlarının yanı ilə) əndamından bəyzadəlik tökülən bir iri, saz SİÇOVUL saymazyana şellənə-şellənə bizim “podyezdə” tərəf gəlirdi.

“Şükür verən gününə rəbbül-aləmin” – bu ki, xalis KİRLİKİR idi.

Salam verdim. Salamımı almadı.

- Gecən xeyrə qalsın, KİRLİKİR MÜƏLLİM! – dedim. – Get yat, qağa. Sarı hamamın yanındakı Sərdarbabalı ocağında sabah böyük banket olacaq...

Ardı olacaq...

# 5984 dəfə oxunub

Müəllifin son yazıları

# # #