Aktyor Hikmət Rəhimov: “Azdrama” düzələn deyil” - MÜSAHİBƏ

Aktyor Hikmət Rəhimov: “Azdrama” düzələn deyil” - <span style="color:red;">MÜSAHİBƏ
29 avqust 2016
# 08:30

Kulis.Az aktyor Hikmət Rəhimovla müsahibəni təqdim edir.

- Hikmət, həyatımız çətinliklərlə doludur. Baş verənləri sadəcə, sadalamaq istəmirəm. Ayaqda qalmaq, stimul almaq üçün nədən ruh alırsınız? Sizi nə motivasiya edir?

- Uşaqlıqdan problemlərlə böyümüşəm, imkanlı ailədə doğulmamışam. 6-7-ci sinifdən işləyirəm. Özümü, ailəmi təmin etmək üçün. Aktyorluqsa uşaqlıq arzum olub.

- Demək istəyirəm ki, mənəvi sarsıntılarınız olurmu və olanda ayaqda qalmaq üçün özünüzdə gücü necə tapırsınız?

- Yəqin ki, qızıma görə. Baxıram ona və düşünürəm ki, möhkəm olmaq lazımdır.

- Sənətin özü motivasiya vermirmi?

- Sənətin özü motivasiya verə bilməz, çünki, bu ölkədə sənətdən kimsə danışırsa, onun başında problem var. Başımızı qatırıq. Kimlərsə dövlətdən nə isə gözləyir və ona elə gəlir ki, sənətlə məşğul olur. Adamlar da elə bilir, onlar sənətlə məşğul olurlar. Sənət üçün birinci növbədə gərək yaradıcı atmosfer olsun.

- Bayaq dediniz ki, bəzi suallara “Mən pas” desəm olarmı? Elə işlər olub ki, hansısa prinsiplərinizə görə, “Mən pas” deyəsiniz?

- Olub. Məsələn, “Mənim günahım” tamaşasında baş qəhrəmanı Məleykə Əsədova ilə mən oynamalı idim. Sonra Elşən Rüstəmov oynadı. İlyas Əfəndiyevin əsəridir. Oxudum, gördüm ki, əsər mənlik deyil. Məşqin ortasında buraxdım işi. Stolarxası məşqlərdə - ayağa qalxmağa imkan vermədim, Mərahim müəllimə (rejissor M.Fərzəlibəyov –red) dedim, mən gəlmirəm. Oynayım ki, nə var, nə var, avtobioqrafiyamda “Mənim günahım” tamaşası olsun? İndi də bir əsər var, imtina etmək istəyirəm, amma bilmirəm edə biləcəyəmmi? Çünki şərtlər də, tələblər də başqadır. Rəhmətlik Vaqif İbrahimoğlu deyirdi ki, nə qədər, aktyorun müəllif hüququ yoxdur bu ölkədə, onun yuxarı təbəqədə hörməti olmayacaq. Aktyor deyə bilmirsə ki, bu material mənə heç bir şey vermir, niyə məni də, camaatı da aldadırsan və qarşıdakı tərəf də ona marionetka kimi baxırsa, nədən danışmaq olar? Yoxsa, “xoşun gəlmir, yaz ərizəni, çıx get” kimi şərtlərlə işləmək olmaz.

- Bəs tərəf müqabilindən impuls ala bilmirsənsə onda imtina etmək necə?

- O bir az daha dərinə getməkdir. Durub hər kəsi analiz edə bilmərəm. Təbii ki, ondan impuls almaq istəyərəm. Amma ən birinci şərt materialdır, onda maraqlı, məntiqli heç nə yoxdur. Bəllidir ki, yuxarıdan zəng edirlər, məsələn, bunu tamaşaya qoyun. Amma əsərdə heç nə yoxdur, axı. Bunu yazan bağında şellənir, mən niyə ona görə əziyyət çəkməliyəm? Şəxsən, mən özümə sığışdırmaram ki, axmaq bir yazıma görə 20 nəfər avara olsun, mən də oturum bağımda, dəniz mənzərəsinə baxım. 20 nəfər də hər gün gəlib əzab çəksin ki, necə edək, bundan ortaya bir şey çıxaraq. Dünyanın hansı ölkəsində bu var? Afrikada var məsələn?

- “Mənim günahım” məsələsini dedik. Deyək, o pyeslə hər şey aydındır. Bəs oynadığınız və xeyli də uğur qazandığın “Qatil” pyesini daha keyfiyyətli sayırsınız? Orada oynamağa bir şey var idi?

- Durub deyim ki, əsər unikal əsərdir, Elçin müəllim yaradıb, elə bir şey deyil. Təbii ki “Mənim günahım”la “Qatil” arasında yerlə göy qədər fərq var. Amma Qatil də Çexov dərəcəli material deyil. Niyə? Əsər üçün A-dan Z-yə gedən bir yol var, burdasa fırlanıb yenə A-ya gəlirsən. Yəni, bu, bitkin material deyil. Məşqlərdə materialla tanış olanda bunu gördüm.

- Sizə elə gəlmir ki, ən böyük şöhrəti bəyənmədiyin “Qatil”lə qazandın?

- Bunu danmıram və hər yerdə də deyirəm, “Qatil” mənim vizit kartımdır. Mən dedim ki, unikal əsər deyil. “Azdrama”da bu gün 5 tamaşa varsa, son beş ildə ortabab deyilən 5 tamaşadan biri elə “Qatil” olub. Özüm oynadığım üçün demirəm.

- Oynadığınız rollar haqında “Azdrama”dan müsbət fikir bildirənlər kimlər olub?

- Bu sahədə ən önəmli və dəyərli olan tək bir insan var ki, onun şəxsiyyətinə çox böyük hörmətim var. O, Fuad Poladovdur. O tamaşanı Fuad Poladovun alqışlamağı böyük şərəfdir, hələ telefonda danışanda dediklərini demirəm.

- Materialın keyfiyyətindən danışdınız. Sizin üçün keyfiyyətli material hansılardır? Kimləri oxuyursunuz?

- İstəyərdim “İdiot”da Knyaz Mışkini oynayım. İstəyərdim, Qoqolun “Dəlinin qeydləri”ndə oynayım. İsrafil müəllim (Akademik Milli Dram Teatrının sabiq direktoru – red.) o vaxt dedi, yaşın azdır, 60 yaş lazımdı orda. Hərçənd, mən belə düşünmürəm. Dəlinin nə yaşı, dəli elə dəlidir də... Mən istəyirəm, düzdür, amma onun həllini verən rejissor lazımdı axı. Elə onda da İsrafil müəllim dedi, bəs sən fikirləşmirsən ki, niyə 20 ildir bizim teatrlarda Dostoyevskiyə, Çexova yaxınlaşan yoxdur? Onda barmağımı dişlədim. Mədəniyyət və Turizm Nazirliyi oyanmaq istəmir, amma biz öz ehtiyatımızın son günlərini yaşayırıq. Necə bir qonaq gələndə saxladığın sonuncu şeyləri ortaya qoyursan ki, biabır olmayasan. Ala-babat çala bildiyimiz mahnının son akkordlarını vururuq. 10 ildən sonra ortaya nə çıxaracağıq, onu heç kim bilmir, heç kimin marağında da deyil.

- “Qatil” filmi ilə bağlı nə düşünürsünüz?

- Gərək, film ola ki, nə isə düşünəsən. Sadəcə, Kamranın əlinə pul gəlib, o da çəkib. Çox qəribədir ki, filmdən çıxanda məni təbrik edirdilər. Deyirdim, məni niyə təbrik edirsiniz, gedin, Kamran Şahmərdanı təbrik edin ki, Finlandiyadan buranı da idarə etmək, buradakıları da fırlatmaq olar.

- Bayaqdan tənqidi fikirlər səsləndirirsiniz. Necə deyərlər, ənənəvi hal deyil. Çox rahatsınız. Haradandır bu rahatlığınız?

- Mənim heç kimdən asılılığım yoxdur. Mənə bir şey də verməyiblər ki, kiminsə qabağında gözükölgəli olum. 14 il kirayədə qalmışam, indilərdə ev almışam, kimsə gətirib mənə verməyib onu. Filmə çəkildim, qonorar aldım, üstünü düzəltdim, gedib ev aldım. Adım yox, 500 manat da vermirlər ki, səsimi kəsim.

- Adınız, təqaüdünüz olsa, susmalı idiniz?

- Təbii, susmalı idim. Ona görə də istəmirəm.

- İndi versələr imtina edəcəksiniz?

- Dəqiq bilirəm ki, onu elə-belə vermirlər. Xüsusən də 500 manatlıq olanı elə-belə vermirlər.

- Bəzən material keyfiyyətsiz olsa belə, rejissor onu təqdim edə bilir. Bu mənada rejissor daha sərbəstdir. İşləməli olduğunuz materiala, tamaşaya görə rejissorlarla nə konfliktlər yaşamısınız? Ümumən, rejissorların nəyindən narazısınız? Nə verməlidir, onu verə bilmir?

- Biz yaşımızdan, statusumuzdan asılı olmayaraq ortaq bir işlə məşğuluq və istəyirik, bir şeyi ortaya çıxaraq. Oturub söhbət edəndə yaşımızı, statusumuzu bir kənara qoyub, işdən danışmalıyıq. Tutalım, bu stolun ütündəki telefon. Mən bunun içinin mexanizmindən danışıram, qarşımdakı bunun kaburasından. Amma elə danışmalıyıq ki, axırda bu telefon bu kaburaya yerləşdirilsin, elə deyil? Amma bir də var, sən bundan danışanda, qarşındakı sənə deyir: “Özünü məndən ağıllı bilirsən ki, danışırsan?”

- “Üç gün bir ömür” filminə çəkildiniz. Bu, sizin ilk kino debütünüzdür?

- Bundan əvvəl sənədli filmdə canlandırma səhnələrə çəkilmişəm. Xoşbəxt Yusifzadə haqda film idi. Amma “Üç gün bir ömür” ilk kino işimdir.

- Oxudum ki, siz filmdə həbsdə olan bir adamı oynayırsınız. Ümumiyyətlə, tək məşqdə deyil, proses boyunca oynadığınız qəhrəmanın vəziyyətini, psixoloji halını çatdırmaq üçün hansısa bir özəl metodunuz varmı? Deyək ki, tamaşadan əvvəl özünüzü hazırlamalısınız...

- Hər bir aktyorun özünün bir yanaşma tərzi var. Təbii ki, mən 17 il həbsdə olmuş adamı oynamaq üçün 17 il həbsdə ola bilmərəm. Yaşadığı illərdən hər kəsin ağrıları, həssas nöqtələri olur.

- Yəni öz şəxsi təcrübəsinə əsaslanaraq?

- Təbii. Hər kəsin öz iş metodu var.

- Akademik teatrda yaşanan proseslər, intriqa və çəkişmələr arasında mərkəzi fiqurlardan biri də siz oldunuz. Sizə hədə və hücumlar oldu. Ümumiyyətlə, bunların sizlə bağlılığı nədir? Orda olanlar şəxsi intriqadır, yoxsa nəsillərin toqquşmasıdır?

- Adlarını çəkməsəm də, deyəcəyəm: orada bir neçə insan var, xətirlərini çox istəyirəm. O teatra YUĞ-dan olduğu kimi, başqa teatrlardan da aktyorlar gəlib. Məsələn, Sumqayıt Teatrından Gənc Tamaşaçılar Teatrından və s. Heç bir teatr heç kimin ata mülkü deyil. Allaha şükür, hələ belə şey yoxdur. Orada mənim şəxsiyyətinə, istedadına hörmət etdiyim insanlar var. Amma 50-60 yaşında insanı mən dəyişəsi deyiləm, ya da cavan ona qoşulub ağlını itirirsə, bu da onun öz problemidir. Mən bir şeyi bilirəm ki, hər bir sahədə insan təcrübəsiz gəlir, zaman keçdikcə təcrübə qazanır, hətta kamilləşir. Bizdə necədir bəs? Tək “Azdrama”da yox, elə o birilərdə də belədir: sağlam gəlirsən, get-gedə murdarlanırsan, axırda da ölüb gedirsən. Düstur budur. Niyə bir insan ad üçün özünü öldürməlidir? Adının qabağında xalq artisti olmağın nə önəmi var? Yetər ki, kişi ol, insan ol, istedadın olsun. Bunlar olanda onsuz da sənə hörmət edəcəklər. Müəyyən bir nəsli deyirəm: ad aldınız, ev aldınız, maşın aldınız, bağ aldınız, doymadı gözünüz? Elələri var, bazarlığını edib, çekini aparıb harasa verir. Yenə doymadı gözünüz? İyrəndi də, yuxarıdakılar da iyrəndi sizdən. Günlərin bir günü gəlib oturub tamaşaya baxdılar, gördülər ki, heç bunlar tamaşa da oynaya bilmirlər, bu məsələləri bağladılar. İndi heç gənclərə də onu vermirlər. Hansınız bir gəncin əlindən tutub qalxmağa kömək etdiniz?

Mən Rasim və Bəhruzun əməkdar artist almasına çox sevindim və təəccübləndim ki, necə olub, bizdə belə bir şey baş verib? Birinin 38 yaşı var, birinin 34-35. Niyə adamlar gözləməlidir ki, onun 55-60 yaşı olsun? Rusiyada da bir adama 40 yaşınadək ad verməlidirlərsə, verirlər və bu məsələni həll edirlər. Ya aktyorsan, alırsan, ya deyilsən, almırsan. Yoxsa qocalanadək bir-birinin ayağın dartsınlar, “paklon”da itələşsinlər ki, ad alım.

- Aktyorlar arasında elə bir çevrə varmı ki, yığılıb bir-birinizin işlərinizi müzakirə, təhlil, tənqid edəsiniz?

- Dünən rejissor Ərtoğrulla klinikada, onun körpəsinə dəyməyə getmişdim, oturub söhbət edirdik. Ona dedim, o “Ac həriflər” nə tamaşa idi ki, sən Dərbənddən götürüb gəlmişdin? Bunu gətirməsən, daha yaxşı idi. Tamaşanın elə bir nöqtəsi yoxdur ki, ordan tutum, deyim, belədir? Ərtoğrul şəraitin üstünə atdı. Dedim, bəhanə eləmə. İbrahimoğlunun tələbəsisən, Vaqif müəllim də elə adam idi ki, deyirdi, “Coco-cola” şüşəsindən də tamaşa edə bilərəm. Reallığı hamımız bilirik. Amma nə isə etmək olar.

- Eyni şəkildə sizi də tənqid edən olub?

- Olub. Rejissor Vaqif Əsədov. Elə hamısını tənqid edir, bircə dedi, “Qatil” yeganə tamaşadır ki, yatmadım “Azdrama”da. Mən də bunu kompliment kimi qəbul etdim. İnanın, mən tənqidi normal qəbul edirəm.

- Böyük səhnə pafos tələb edir, ya atmosferin təsiri deyə bir şey varmı? “Herostratı unudun” tamaşasında ifanızda pafos hiss olunurdu, sizdə də pafosun yarandığını deyənlər oldu...

- Mənə indiyədək deyilir ki, “Qatil”də mənim səsim 3-cü sıradan o tərəfə eşidilmir. Guya arxada hamı soruşur ki, o, nə dedi. Bilmirəm hansı teatrın aktyoruna direktor deyib ki, 3-cü sıradan o tərəfə səsin eşidilmir, aktyor da qayıdıb ki, siz də 3-cü sırayadək satın biletləri. Mən onu deyə bilmərəm, ordan 250 manat maaş alıram. “Herostratı unudun”da hamı qışqıra-qışqıra danışırdı. Bunun səbəblərindən danışmaq istəmirəm.

- Teatrda gərginlik var. O gərginliklə işləmək necədir?

- 144 ildir o teatr bu gündədir. 244 il də bundan sonra ora belə olacaq. Oranın düzəlməsi mümkün deyil. Guya bu teatr Ədil İsgəndərovu qəbul etdi? Ya Tofiq Kazımovu? Birinin üzünə durdular, birini qovdular. Ən yaxşı sistemi İsrafilov qurmuşdu. Rejissor gəlirdi tamaşasını qurub gedirdi. Çünki baş rejissor varsa, onun öz komandası var. 70 nəfərlə nə edəcək? Əvvəla, 70 nəfər aktyorun olmağı teatrda düz deyil.

- Məsələn, Mehriban xanımın tamaşalarında baş rollardan biri Hikmətindi...

- Mehriban xanım müsahibəsində deyib ki, daha Hikmətə baş rol verməyəcəm. Mən onun bu fikrinə hörmətlə yanaşıram.

- Deyəsən Herostratda...

- “Herostratı unudun”da aramızda anlaşılmazlıq oldu. O insanın mənim üzərimdə haqqı var. Bunu dana bilmərəm. Tamaşada sırf yaradıcı baxımdan mübahisəmiz oldu. O da düşündü ki, guya mən böyümüşəm, yekəbaş olmuşam. Qətiyyən elə deyildi. Həm o ərəfələrdə məişət problemlərim var idi. Məşqi qoyub evə qayıdırdım, evdə problemi həll edib yenə də işə qayıdırdım. Bu şərtlərlə heç Roberto De Niro da işləyə bilməz.

- Amma deyirlər, siz tamaşadakı obrazınızı tamamlayan saqqalı qırxmısız?

- Onu mən tamaşadan sonra qırxmışam. Saqqalı kimsə deməmişdi uzat, özüm uzatmışdım, özüm də qırxdım. Çəkilişim var idi, qırxdım. Teatrdan mənə min manat maaş versələr, mən ayağımı teatrdan çölə qoymaram, lazım olsa saqqalı da uzadıb onunla yer süpürərəm. Deyirsən, mənim dediyim olmalıdır, mən də deyirəm, əlbəttə, elə olmalıdır. Bəs mən evə nə aparım?

- Filmlərə az çəkilirsiniz. Teatrda fərli maaş var? Minimal yaşayışınızı necə çıxarırsınız?

- Nə bilim, vallah. Ondan kəsib buna calayıram. Masazırda iki sot yerim var, onu satıram indi.

- Kino təcrübəsində sizin üçün nə yenilik oldu?

- Kino yaxşıdır e, vallah. Hərə bir yerdən gəlir, çəkilir, çıxıb gedirsən. Üstəgəl, qonorar məsələsi də yaxşı olur. Teatrda intriqa məsələsi adamı yorur.

- Planda nə rollar, tamaşalar var?

- Bir tamaşa var, amma mən çıxmaq istəyirəm.

- Teatrdan?

- Yox tamaşadan. Təsdiqləyiblər. Amma istəyirəm çıxam. Hüseynbala Mirələmovun “Axirətdən zəng” tamaşasıdır. Firudin Məhərrəmov qurur.

- Dövlət sifarişidir?

- Bilmirəm. Dəxilsiz bir pyesdir. Məni dublyor veriblər. Deyəsən, Mikayılın da, Ərşadın da yolları bağlandı teatrla. Hansı ki, mən onlara ümid edirdim. “Xəzər” TV-də seriala çəkiləcəyəm. Rejissoru Elmir Süleymanovdur. Artıq müqavilə bağlamışıq.

- Adətən səhnə alınmayanda rejissor necə əsəbiləşir?

- Deyir ki, “bezdarnıdı” bunlar... Aktyor da deyir rejissor “bezdarnı”dı. Hamı ağıllıdı, hamı “nervinnidi”... (gülür).

Söhbətləşdi: Sevda və Aliyə

# 2068 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #