Şeirdə obraz, detal və kontekst - Cavanşir Yusifli yazır...

Şeirdə obraz, detal və kontekst - <span style="color:red;">Cavanşir Yusifli yazır...
15 may 2017
# 11:47

Günel Şamilqızının “Məlikməmmədə” şeiri əsasında

Filoloji araşdırmaların birində belə bir fraqmentə ras gəldim: kitabın (mətnin...) mənası nədir? Onda deyil ki, burada nələrdən danışılır, odur ki, həmin kitab (mətn...) nə ilə mübahisə edir... Əsas məqam budur. Günelin bu şeirini biz məhz bu baxımdan çözmək istərdik. Şeirdəki obraz və detalların necə sıralanması, hərəkiliyi, dinamikası bizdə belə bir təəssürat oyadır: hislər bir-birinə “yapışıb” təmas qurmaq istərkən trayektoriya (yəni, yol, xətt) qırılır, necə deyərlər, vahid metafora “parçalanaraq” sətridən sətrə keçir, təsvirin (virtuallaşan mənanın-!) konsentrasiya mərkəzi, ifadə etmək enerjisi bütün mətndən yığılıb bir nöqtəyə cəmlənir və burdan geri hərəkətlə bütün ərazini zəbt edir. Misralar daxilində hərəkət əvvəldən axıra bu şəkildə davam edir. Məncə, Günelin şeirlərindəki fərqli rayihə də məhz bu kompozisiya elementi ilə sıx bağlıdır. Adi toxunuş, təsvir edilən, yaxud uydurulan məkanda adi bir titrəyiş tale və qismətin bütün koordinatlarını dəyişir: Bir div saçlarıma toxunan gündən // Uzanıb, uzanır bu edam, oğlan. //

Yuxarıda misal çıkdiyimiz araşdırmada daha sonra deyilir ki, “yazıçı mənaya çata bilmir (yaxud ona çatmamağa, onu əldə etməməyə məhkumdur - C.Y.), əksinə, sözün hərfi, yaxud cismani mənasında onunla döyüşür”. Bu ərazidə istənilən döyüş əvvəlcədən bilinən məğlubiyyətin acısına görə gedir, oynanılır, həmin “tamaşada” bu aqibət gizlədilir, gizlənpaç oyunu gedir, tapılacaq şey əldən-ələ ötürülür, olmayan, olmayacaq şeyin bu şəkildə “oynadılması” həqiqət illüziyası yaradır, yəni, bu tamaşada doğru olan nə varsa gerçəkliyin təhrif edilməsi hesabına yaradılır. Ancaq gerçəklik artıq bir dəfə təhrif edilib, “uydurulub”, nağıla dönüb, nağıldan gerçəkliyə dönüş ikiqat yalan illüziyası yaradır, çünki geri dönüşdə o gerçəklik ərazisi artıq tutulub, başqa mifoloji-semantik qata keçib. Bir niyyət çərçivəsində söylənilən nağıl fərqli mətn-diskurs içində o qədər başqalaşır ki, ordan fərdi taleyə keçid sürəkli hal alır, deyək ki, əvvəlki ərazidə çərtilən barmağa basılan duz bu mətndə ağrıya, qaysaq bağlamış yaraya çevrilir. Bu qövr edən yadan əvvəlki fraqmentə keçid poetik təəssüratı – talenin dönüş anlarını dirildir: //Mən bu div oğlanla tükəndim, bitdim// Sənə külüm qaldı, ay adam oğlan.

Adı çəkilən ərazidə iki fərqli dünya (nağıl və nağıl sonrası gerçəklər) qovuşduğu üçün poetik məntiqin istənilən şəkildə təhrifi həmin yaranın dərinliklərini göstərməyə xidmət edir.

Bu nə pis yuxudur, ayılmaq çətin, // Hər gün diri olmur sağ görünənlər// Noolar, qoçların rənginə baxma, //Həmişə ağ olmur ağ görünənlər.

Haqqında danışdığımız mətnin ərazisinin hörüldüyü obrazların mətnin içində ehtiva olunan hərəkətlə münasibətlərinə baxaq. Hər hansı mətnin mənasına (məna ərazisinə) onu yazan müəllin obrazı da daxil olur (bədii obraz nədir? Odur ki, ... başqa birisi mənim (sənin...) haqqımda nə düşünür). Müəllifin obrazı bu sistemdə ən hərəki, ən tez dəyişən nəsnə kimidir. Özünü təsdiq etdiyi anda yoxa çıxa, qeybə çəkildiyi an birdəfəlik ifadə oluna bilər.

Sınin barmağında duz qalıb oğlan //göynədir mənim də yaralarımı//.

Yaxud:

Alnımda yazılar yaman gündədir

Bu qara sözləri kim ağardacaq?

Bütün quyuların dərini mənəm

Məni öz içimdən kim çıxardacaq?

Bunu bir az başqa şəkildə ifadə etməyə, yaxud cavablandırmağa çalışaq.

Deyək ki, Günelin “Məlikməmmədə” şeirinin məlum poetik konteksti var. Şeir Qismətin bir şeirinə ithaf edilib, onun getdiyi cığırı genişləndirmək, yanaşı getmək və bəlkə də ondan ayrılıb başqa cığır açmaq anlamında.

İlk baxışdan oxuyub keçirsən. Və hiss edirsən: başqa tipli parçadı.

Musa Yaqubun bir müsahibədə dediyi sözlər yadıma düşür:

Musa Yaqub: Şeiri başa düşmək elə şairlə yarıdır. Başa düşmək dedikdə - o hissə girmək çətindir. Hamı başa düşə bilir, ancaq hamı kapilyarlarıyla, xətləriylə şeirə girə bilmir, sevə bilmir. Hisslər üst-üstə düşəndə elə bilirsən bu şeiri sən özün yazmısan. Bu, çox qəribədir…

Daha sonra Saibi misal çəkir:

Bir qədəh badə ilə könlümü açmaq dilədim,

Bilmədim ki, açılmazdır düyün islansa əgər…

Yəni istədim ki, badə ilə könlümü açım, daha bilmədim ki, badə ilə düyün açılmır, daha demir ki, könlüm düyün bağlayıb. Bu da çox güclü müşahidədən doğub. Saibin 6 yaşı olanda anası deyir ki, get buzovu aç gəlsin anasının altına, gedir, yer şeh, çomağı islanıb, islaq düyünü aça bilmir. 40 yaşında yada düşür ki, o düyün açılmadı axı.

Öz adından danışıb başqalarını hədəfə almaq yox, onları ifadə etmək, onların qəlbinə gedən yolu axtarmaq...Şeirdə necə olur ki, obraz başqasının düşüncəsi qəlibində ifadə olunur və bunu hiss etmirik.

Başqa bir şairdən eşitmişdim: uşaqlıqda yaxın həyətlərin birində mağar qurulmuşdu, deşikdən baxıb ağlayırdım, təkcə bu yadımda qalıb. İndi də ixtiyar yaşımda ağlayıram. İndi niyə ağladığımı anlayıram, ancaq o uşağın ağlamasını başa düşə bilmirəm...

Açılmayan sirləri mətnə gətirməyin məqsədi varmı? Olmalıdır.

Poetik kontekstdə söz durmadan şəklini dəyişir. Ədəbi kontekst ən müxtəlif həcmlərdə olur və çox zaman bir əsərin sərhədlərini də adlayır. Bütöv bir ədəbi cərəyana və ayrıca poetik sistemlərə müxtəlif tip kontekstlər xas olur. Kontekst – sözün oxunmasına bir açardır; o, sözü sıxır, daraldır, onun bəzi əlamətlərini digərlərinin hesabına irəli çəkir, dinamikləşdirir və eyni zamanda onun bətnində assosiasiya layları “əkməklə” onu genişləndirir. Bunu Lidiya Ginzburq yazmışdı. Ötən sərin əvvəllərində.

Günelin şeirində, yuxarıda dediyimiz kimi, metafora mənanın “sətirdən sətrə keçməsi” təsəvvürünü yaradır. Məna planlarının sinxronluğu, təsəvvürlərin uyğunlaşdırılması metaforanın əsasını təşkil edir; ancaq poetik olan nəsnə ümumən metaforik olmaya da bilər, hər hansı eyham burda olmaya da bilər, ancaq kontekstin estetik vəhdəti ona çoxplanlı, geniş məna aşılayır və gözlənilməz əlamətlərə həyat bəxş edir.

Sən mənim quyuma xoş gəldin, oğlan,

Məni saçlarımdan asıb bu nağıl.

Alma axtarırdı sənə verməyə

Bir quyu dibində azıb bu nağıl.

Olur ki, səni böyüdən, həyat bəxş edən bir nəsnə, deyək ki, nağıl içində azdığın yola çevrilir. Şeirdə məlum nağıldan digər mətnlərə də keçid var, “məni saçlarından asıb bu nağıl” başqa bir mətndən (yaxud mətnlərdən) gəlir. Müəllifin hədəf (bəhanə-!) kimi seçdiyi şifahi mətn bütün nağılların, həm də tale dayanacaqlarında etdiyin günahların içindən keçir və bu “dolaşıqlıq”, nağılların bir-birinə qarışması məhz bu ovqatdan doğur.

Günelin şeirində yolun bitdiyi anda burulması, keçidlərin variantlar şəklində meydana çıxması müşahidə edilir. Nağılın cızdığı yol var, Qismətin şeiri, bir də Günelin özünün bu labirintlər içində metaforalardan yeni labirint inşa etməsi.

Kontekst strukturdur, şeir isə zamanda axır (daha doğrusu, şeir zamanda axan çaydır...). Ondakı mənalar “calaq edilir, əkilir”, semantika açıqldıqca açılır. Burda məsələ heç də birinci oxudan getmir (əsl şeirlər ümumən bir dəfəyə oxunmağa hesablanmayıb). Tam kontekst, tam struktura (bitmiş) hərəkətin daimiliyini aradan qaldırmır; kontekst bu hərəkəti dayandırıb özündə hifz edir, mərhələlər qismində özündə saxlayır. Və hər bir mərhələ əvvəlkinə yeni məna aşılayır. Və beləcə “bitdi” deyilən şey bitmir, sonsuzluğa açılır...

Bu yerin üstündə o qədər dərd var,

Quyu dərdlərimin izi itərmiş.

Bir simurq lələyi yandırıb yetiş,

Sənin qardaşların divdən betərmiş.

“Ədəbiyyat qəzeti”, 13 may 2017

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #