“Kupça” üçün rüşvət vermək istədi, alan olmadı - HEKAYƏ

“Kupça” üçün rüşvət vermək istədi, alan olmadı - <span style="color:red;">HEKAYƏ
18 noyabr 2016
# 14:10

“Kupça” üçün rüşvət vermək istədi, alan olmadı - HEKAYƏ

Kulis.az Eyvaz Zeynalovun “Ola bilməz!..”adlı hekayəsini təqdim edir.

Münasib qiymətə həyət evi almışdı. Mülkü özəlləşdirilsə, torpağın çıxarışı (“kupçası”) olsa da, üstündəki tikili hələ özəlləşdirilməmişdi, çıxarışı yoxdu. Neyləsin, sənədləri hamısı cağbacağ qaydasında olana gücü çatmamışdı.

Eşidən-bilən:

- Evi özəlləşdirmək, almaqdan çətindi, - deyib onu qorxutmuşdu.

Sadəlövhcəsinə:

- Ola bilməz, - demişdi.

Sonra məlum olmuşdu ki, haqlıdılar. Aldığı evi özəlləşdirmək üçün yerli icra hakimiyyəti ikinci bir sərəncam verməliydi, vermirdi. Niyəsindən, qarnının azarından fələk də baş açmazdı.

Qəribə haqq-hesabdı. Torpağı sərəncamla icra hakimiyyəti satmışdı. Orda yazılmışdı ki, bu sərəncam filan icra hakimiyyəti tərəfindən filan torpaqda ev tikmək üçün verilib. Ona uyğun da tikinti işləri aparılmışdı. Xəbərsiz-ətərsiz daşı daş üstə qoymaq olardı? Evin keçmiş sahibi nə az, nə çox, on il bu torpağa, onun üstündəki tikiliyə, qaza, işığa, suya və s. görə dövlətə bir ətək pul ödəmişdi.

Aldığı mülkün dörd tərəfi həyətyanı yaşayış evləri, hökumət binaları, dövlət idarələriydi. Əl altından öyrəndi ki, qonşularından neçəsi evini artıq özəlləşdirib, “kupça”sını da alıb qoyub başının altına. Halbuki ondan fərqli olaraq bəzilərinin heç ilk sərəncamı da yoxdu.

Babalı keçmiş ev sahibinin boynuna, alqı-satqıdan, yəni iş-işdən keçəndən sonra demişdi, guya, torpağını özəlləşdirəndə it zülmü çəkib. Özəlləşdirmə idarəsində dərisini soyublar, çığırda-çığırda neçə min manat pulunu alıblar. Demişdi, ola bilməz!

Alqı-satqını notariat kontorunda rəsmiləşdirəndən üç gün sonra sənədlərini də götürüb yerli özəlləşdirmə idarəsinə yollandı. Əvvəlcə torpağın çıxarışını öz adına keçirtdirməliydi.

Özəlləşdirmə idarəsində keçmiş bir tanışı ilə rastlaşdı. Nəyə gəldiyini biləndə, dedi:

- Gedək bizim təzə şöbə müdirinin yanına. Belə işlərə o baxır.

Ağızucu necə adam olduğu ilə maraqlandı. Təriflədi ki, həm savadlı, həm də insaflıdı.

Şöbə müdiri cavandı. Sadə geyim-kecimindən, oturuşundan-duruşundan müdirə heç oxşamırdı. Amma mehribandı. Onu axıracan səbirlə dinlədi. Torpağın çıxarışını gözdən keçirdi. Sorğu-sualsız:

- Düzələr, - deyib ayağa qalxdı. Ona arxasınca gəlməyi tapşırdı.

Öz-özünə, “ola bilməz!”, dedi.

Qonşu otağa keçdilər. Adam şüşəli arakəsmələrdən birinin arxasında əyləşmiş qıza yaxınlaşdı. O, sənədlərini kitaba saldı, qeydə aldı.

- Təzə kupçanı bir həftəyə hazırlamaq üçün 149, iyirmi günə hazırlamaq üçün 95 manat rüsum ödənilməlidi, - dedi. - Sizə hansı sərfəlidi?

“Ola bilməz!..” Cavab verməzdən əvvəl fikrindən keçdi.

Aradakı fərq elə də böyük deyildi. Əsas vaxtdı. Vaxtı udmaq lazımdı. Belə fürsət hələm-hələm ələ düşməzdi.

- Qoy olsun 150 manat.

- 150 yox, 149 manat, - qız səhvini düzəltdi.

Əlini cibinə atanda:

- Rüsumu “Çıxarış”ı almağa gələndə ödəyəcəksiniz. - dedi.

Əlavə etdi ki, evin sənədinə həm də əvvəlcə hələ idarənin mühəndisi qol çəkməli, razılığını verməlidir.

Şöbə müdiri kitaba salınan sənədini qızdan alıb otaqdan çıxdı, o da arxasınca. Dəhlizin o biri başındakı üstünə “mühəndis” yazılmış qapını bassa da, açılmadı.

- Yaxşı, siz gedin, mühəndisə mən özüm qol çəkdirərəm, - dedi.

“Ola bilməz!..”

Evini aldığından eşitmişdi ki, bu idarədə ən cəncəl, ən rüşvətxor məmurlardan biri məhz həmin mühəndisdir. Heç bir sənədə havayı qol çəkmirdi. Gəlib evə baxır, neçə mız qoyur, çək-çevirə salırdı. Aza da qane olmurdu. Demək, onun sənədlərinə müftə yiyə durmayacaq, qol çəkməyəcəkdi. Məsələni bəri başdan dağ eləməliydi. Şöbə müdiri idarədə təzə olsa da, yəqin mühəndisin bu işə görə təxminən nə qədər rüşvət aldığından xəbərdardı. Buna verər, bu da ona ötürərdi.

Pis oydu ki, hardan, necə başlayacağını bilmirdi. Məmurlarla həmişə bax elə bu məqamda dil tapmaqda çətinlik çəkir, pozuluşurdu.

Nə qiymət desə, razılaşacaqdı. Bu boyda şöbə müdiri tanımaza-bilməzə uşaq kimi qulluğunda dayanmışdı. Tanışı demişdi, insaflıdı. İnsaflıydısa, işini daha ucuz aşırardı. Bir də, mühəndis onu daha tez eşidərdi.

Ehtiyatla şöbə müdirinin qoluna toxundu.

- Bunun şirinliyi nə?.. - Əlini cibinə salıb həyəcanlı halda mızıldandı.

- Heç nə lazım deyil. - Adam çox sakit, təmkinliydi.

- Necə yəni?..

- Artıq sözə ehtiyac yoxdu.

Geri çəkilmədi. Ətrafına baxıb ovcunda gizlətdiyi iki ədəd yüzlüyü onun pencəyinin yan cibinə salmaq istədi. Bacarmadı. Şöbə müdiri əlini geri itələyib üzünə bozardı.

- Fikriniz məni təhqir etməkdi?

“Ola bilməz!..” Şirinlik, hörmət-filan haçandan təhqir sayılır?

Üzdə özünü aydan arı, sudan duru göstərmək məmurların xasiyyətiydi. Necə deyərlər, dabbaqda gönlərinə bələddi. Allah xatirinə, barmağının birini belə qatlayıb, deyə bilməzdi ki, hansı idarədəsə rüşvətsiz ötüşmək mümkündü. Adi bir arayışı get-gələ salmasalar, neçə manat tərlətməsələr, vermirdilər. Bədliyə duranda, gah adicə kağız, gah da o kağıza qol çəkməyə, möhür vurmağa müdir yerində tapılmırdı. İndi bu boyda zırpı bir işi heç nəsiz aşırmaq inanılasıydımı? Yenə rüsumu ödəmiş olsaydı, inandırıcı görünər, bir az arxayınlaşardı.

“Yoox, ola bilməz!..”

Daha bir cəhddə bulundu.

- Əlimi geri qaytarmayın, - yalvarıcı səslə dedi. - Daxilən arxayın olmağım xatirinə...

Sözünü tamamlamamış şöbə müdiri kabinetinin qapısını tələsik açdı, özünü cəld içəri təpdi və ordan, qapının arasından dedi:

- Bir həftədən sonra gəlib təzə “Çıxarış”ınızı bayaqkı otaqdan götürərsiniz.

Qapı örtüldü, arxasında qaldı. Neynəsin? İnansın?

Şübhələr aman vermirdi. Di gəl başqa çarəsi də yoxdu. Adam hər şeyi ana dilində, aydınca demişdi.

***

Nə xəbərlə qayıtdığı, məsələnin düzəlib-düzəlmədiyi ilə maraqlanan evdəkilər də eşitdiklərinə inanmadılar. Onlar da bu ölkənin vətəndaşıydılar və məmurların dabbaqda gönlərinə bələddilər.

Şöbə müdiri onu inandırmağa çalışdığı kimi, o da evdəkiləri inandırmağa çalışdı. Diqqətlə dinləsələr də, axırda yenə şübhə ilə qımışaraq başlarını buladılar.

- Ola bilməz!..

Xüsusən, arvadı dil boğaza qoymadı:

- Əfəlin yekəsisən, işi düzəltməkdənsə, həmişə əyir, qəlizləşdirirsən.

Elə özü də bu qənaətdəydi.

***

Səksəkə ilə həftənin başa çatmasını gözlədi. Vaxt da, məlumdu, gözləyəndə ayağından daş asılmış kimi yerində sayır. Qəfil nəsə bir qəmbərqulu çıxacağından qorxurdu. Qapının zəngi çalınanda diksinirdi. Elə bilirdi kabinetində tapılmayan başabəla mühəndisdi. Şöbə müdirini saymayıb, sənədinə qol çəkməyib. Hikkəsini yeritməyə gəlib. Mülkünü, ev-eşiyini ölçüb-biçəcək, çək-çevirə başlayacaq...

Ancaq həftə ərzində heç bir xoşagəlməz hadisə, insident baş vermədi. Ürəyi əsə-əsə özəlləşdirmə idarəsinə yollandı. Sənədini qeydiyyata alan qıza yaxınlaşdı. Özünü təqdim etdi. Daxilən bəd xəbərə köklənsə də, qız təmkinlə dedi:

- Zəhmət olmasa, qonşu pəncərədə 149 manat dövlət rüsumunu ödəyin, gəlin, “Çıxarışı”nızı götürün.

“Ola bilməz!..”

Qulaqlarına inanmadı. Bəlkə düz eşitmədi?

- Nə buyurdunuz, xanım qız?

- 149 manat dövlət rüsumunu ödəyin, gəlin, təzə sənədinizi təhvil götürün, - qız eyni təmkinlə təkrar etdi.

Əvvəldən hazır saxladığı bir yüzlüklə bir əlliliyi çıxardıb qonşu pəncərədəki oğlana uzatdı.

- Buyurun.

Oğlan ona 149 manat rüsum ödədiyi haqqında qəbz yazıb verdi. Bir manatını qaytarmağı isə, deyəsən, unutdu. Özgə vaxt o bir manat qulağına da girməzdi. İndi nədənsə fikrini yamanca məşğul etdi. Yerindən tərpənmədi, bir az ləngidi.

Özünü kağızlarla məşğul kimi göstərən, şiniyən oğlan vecinə almadı, üstəlik utanmaz-utanmaz soruşdu da:

- Nəyi gözləyirsən?

- Heç... - Karıxmış halda kəkələdi.

Günah özündəydi. Gərək bunu əvvəldən nəzərə alaydı. Oğlana yüz əlli manat yox, pulunu xırdalayıb yüz qırx doqquz manat verəydi.

Qonşu pəncərədə onu gözləyən qızın üzündə işaran qəribə təbəssümü görüb cəld ordan aralandı. Bundan sonra oğlan o bir manatı qaytarsaydı da, götürməzdi.

Dəhlizdə təzə sənədini o tərəf-bu tərəfinə çevirib uzun-uzadı baxdı. Hər şey qaydasındaydı.

Yox, burdan elə-belə, oğru kimi dinməz-söyləməz çıxıb gedə bilməzdi. Qanacağına nə gəlmişdi! İşi düzüb-qoşan, düzəldən vardı. Deməzdi, nə qanmaz adamdı? Yəqin sənədin hazır olmağından o da xəbərdardı. Bəlkə də kabinetində oturub yolunu gözləyirdi. Həftəsini elə onun kimi günlərini saymaqla keçirmişdi. Gecikdikcə öz-özünə deyirdi: “Ola bilməz!..” Adamı yaxşılığına görə peşman etmək heç kişilikdən deyildi. Sabah başqasına necə ürək qızdıracaqdı?

Evdən çıxanda, hər ehtimala qarşı, rüsum haqqından başqa cibinə xeyli ehtiyat pul qoymuşdu. Öz daxili sakitliyi, rahatlığı xatirinə adamı razı salmalıydı.

Bəxtindən kabinetində tək idi. Salam-kalamdan sonra torpağın təzə aldığı özəlləşdirmə sənədini göstərib, ona təşəkkürünü bildirdi. İçəri hər saat kənar bir adamın girə biləcəyini fikirləşib əlini tələsik şalvar cibinə atdı. Adam qazdan ayıqdı. Məqsədini duyub mane oldu.

- Lazım deyil, xahiş edirəm!..

- Ola bilməz!.. - İnad etdi. - Balaca bir şirinlikdi.

Yaxasından qopmayanda şöbə müdiri nəsə xatırlayıb birdən dedi:

- Hələ bir dayan görüm. - İlahi, necə də təmkinli, sakitdi. - De görüm, yəni buralıq işinin hamısı düzəldi?

O da sanki birdən ayıldı.

- Yox, - dedi, - torpağın kupçası düzəldi, evinki hələ durur.

- Qulaq as, bir təklifim var. - Şöbə müdiri dedi.

- Nə təklif? - Nəhayət, yumşaldığını düşündü. Axı o da bu yurdun oğluydu.

Haçansa hardasa bu hissləri heç olmasa bir dəfə yəqin o da yaşamışdı.

- Get evinin qalan sənədlərini də hazırla, gətir. Hamısı düzələndən sonra danışıb bir razılığa gələrik. Oldu?

- Oldu, - sadəlövhcəsinə razılaşdı.

- Di yaxşı yol!

Yol boyu öz-özünə təkrarlayırdı: “Ola bilməz!.. Ola bilməz!..”

***

Evə çatan kimi yenə hərə bir tərəfdən düşdü üstünə.

- Nə oldu? Niyə bikefsən?

- Yoxsa vermədilər? Əşi, mən dedim də, müftə düzəlməz!..

Qəribəydi. İşi asanca, rüşvətsiz-filansız düzəlmişdi. Sevinməkdənsə ziyanlığa düşən adam kimi narahatdı. Sevincini tamamlamağa nəsə çatmırdı. Çox da kişi kimi söz danışmış, şərt kəsmişdilər.

Özəlləşdirmə sənədini dinməzcə stolun üstünə qoydu. Əldən-ələ ötürərək bir-bir gözdən keçirməyə başladılar. Onu təzədən sual yağışında islatdılar:

- Nə qədər xərcin çıxdı?

- Heç nə qədər!

- Əşi, dolama də, ola bilməz!..

Qalmışdı avara. Ürəyində şöbə müdirini qınayırdı. “Görürsən, qardaş? Axı niyə belə elədin?..”

Ancaq adamın yaxşılığının əvəzini çıxmağa hələ şansı vardı. Bu dəfə, hökmən, ona bir şirinlik verəcək, razı salacaqdı. Əvvəl evin layihəsini çəkdirib təsdiqlətməli, icra hakimiyyətindən ikinci bir sərəncam almalı, sonra da hamısını birlikdə özəlləşdirmə idarəsinə aparmalıydı.

Dildə demək asandı. İşdə isə... Çox çalışdı, vuruşdu, icra hakimiyyətindəkilər insafa gəlmədilər. Ağzını dağa dirədilər. O dağı aşmağa gücü çatmadı.

Canının yeri darıxırdı. İllah da şöbə müdirinə görə. Axı şərt kəsmişdilər, kişiyə borcluydu. Heç olmasa, xəbər verməliydi, niyə, nə üçün? Gözü yolda qalmaq pis şeydi. Elə bilərdi başqasını tapıb, evi də onun əliynən özəlləşdirib, yalançının, qırdıqaçdının biridi. Ayıbdı.

Səhər-səhər evdən çıxanda arvadı soruşdu:

- Hara gedirsən? - Biləndə, - hələ bir dayan görüm, - deyib onu ləngitdi.

Bir yekə bükülü ilə qayıtdığını görüb təəccübləndi.

- Bu nədi?

- Bayram xonçasıdı. Novruz bayramını da təbrik eləyərsən, yerinə düşər.

Arvadı ondan tədbirliydi. Bayram xonçası da rüşvət deyildi ki!

Şöbə müdirinin kabinetində onu tanımadığı bir adam qarşıladı. Üz-gözündən sırtıqlıq yağırdı. Kimi axtardığını eşidəndə:

- O, daha burda işləmir, - dedi.

- Niyə?

- Dalından dəydilər, getdi çala-çala.

- Ola bilməz!..

Adam ağzını burdu:

- Niyə olmur? Təsadüfi adamdı, hamının əl-ayağına dolaşırdı.

- Ola bilməz!..

Adam əsəbləşdi:

- Əşi, bas bayıra, eyy! - Onu yamsıladı. - Ola bilməz!.. Ola bilməz!..

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #