İradə Musayeva: “Qarabağla bağlı yazılan əsərlərimiz ədəbiyyat ola bilmir”

İradə Musayeva: “Qarabağla bağlı yazılan əsərlərimiz ədəbiyyat ola bilmir”
15 avqust 2016
# 15:05

Kulis.az ədəbiyyatşünas İradə Musayevanın “Sozvuçiye” MDB ölkələrinin ədəbiyyatı və publisistikası" saytına müsahibəsini təqdim edir.

Azərbaycan ədəbiyyatşünası İradə Musayeva ilə söhbətimizin mövzusu Svetlana Aleksieviçin “Müharibənin qadın üzü yoxdur” əsəri ilə bağlıdır. (Müsahibə və İradə Musayevanın bu əsər haqqında yazdığı “Müharibə qadınının ədəbiyyatı” məqaləsi ”Polımya” jurnalının 8-ci sayında çap olunacaq.)

- Çox hörmətli İradə xanım, Sizin Svetlana Aleksiyeviçin "Müharibənin qadın üzü yoxdur" kitabına həsr olunmuş məqaləniz belorus yazıçısının yaradıcılığına ilk müraciətinizdir? Onun ədəbi imzası ilə nə zamandan tanışsınız?

- Mənim uşaqlığım və tələbəliyim sovet dönəminə düşüb. Belarus ədəbiyyatı nümunələrini sadəcə SSRİ xalqları ədəbiyyatı kitablarından, toplularından oxuyurduq. O kitablarda bütün xalqların ədəbiyyatı eyni rəngdə, eyni səsdə, eyni ideyada və az qala eyni məzmunda idi… SSRİ xalqları ədəbiyyatı fənnindən imtahan verəndə bütün yazıçılar haqqında az qala eyni cümlələri işlədirdik. «Sülh», «beynəlmiləlçilik», «böyük vətənimiz SSRİ» və s. bu kimi ifadələr şablonlaşmışdı. Sonra mahiyyətini anlamadığımız sovet-əfqan müharibəsi. Daha sonra Çernobıl faciəsi… Bunlar bizdən məsafə etibarilə çox uzaqda idi. Amma mənim oxuduğum Bakı Dövlət Universitetində xüsusi güzəştli tələbələr olardı: «Əfqan döyüşçüsü», «Çernobıl iştirakçısı»… Onları çox asanlıqla, az qala imtahansız universitetə qəbul edir və az qala elə həmin güzəştlərlə məzun edirdilər. Bu insanlar qəhrəman kimi gəzərdilər koridorlarda, xüsusi səlahiyyət verilmiş qəhrəman… Bu hadisələrdən birini-birincisini SSRİ-nin sülh siyasətinin bir qanunu kimi, ikincisini isə, sadəcə bədbəxt hadisə kimi təbliğ edirdilər… Bədbəxtliklərin isə. qəhrəmanı əslində olmamalı idi… Amma vardı və onları sevməli, əzizləməli idik…

Böyük ədəbiyyat, fərqli fəlsəfi-ideoloji baxış, sosial-siyasi araşdırmalar o zaman yaranır ki, hamının eyni cür baxdığı şeyə fərqli baxasan. Biz artıq Sovet hakimiyyəti süquta uğrayanda bunları unutduq. Svetlana Aleksieviç isə unutmadı. Səbir və inadla əvvələ, işin kökünə qədər endi… Publisist və yazar kimi… Qəribədir, Nobelçilərin əksəriyyəti, publisist-yazarlardır. Mən bu yaxınlarda bununla bağlı «Publisistikanı udan ədəbiyyatlar» adlı məqalə yazmışdım. 40 kompüter səhifəsi olan bu məqalədə C. Oruel və Q.Q Markesin jurnalist, yoxsa yazıçı kimi daha güclü olması məsələsini çözməyə çalışmışam. Onların böyük zəhmət, əziyyətlə keçdikləri jurnalistika yolu onları məhz böyük ədəbiyyat yoluna çıxartdı. Belə yazarlar çoxdur Nobelçilər arasında. S.Aleksieviçin jurnalist analitikliyi onu həqiqətə-ədəbi həqiqətlərə yaxınlaşdırdı. Yəni mən «Müharibənin qadın üzü yoxdur» əsərindən əvvəl onu məhz yuxarıda haqqında danışdığım «sovetizm»in simasına həsr etdiyi yazılarından tanıdım… Və onun bu təəssüfünü unuda bilmirəm. Bu etiraf onun izinə düşdüyü həqiqətə gedən yolun başlanğıcında idi: «Əfqanıstana qədər mən insan simalı sosializmə inanırdım. Oradan qayıdanda öz illüziyalarımdan azad olmuşdum.

“Bağışla ata, sən məni kommunist ruhunda tərbiyə etdin, amma sənin və anamın dərs verdiyiniz kənd məktəblilərinin başqalarının torpağında tanımadıqları insanları necə öldürdüklərini görəndə sizin bütün sözləriniz puç olur. Biz – qatilik, ata, başa düşürsənmi?” Atama belə deyəndə o, ağladı».“Müharibə qadınının ədəbiyyatı” adlı məqaləm isə, bəli, Belarus ədəbiyyatı haqqında ilk məqaləmdir.

- Svetlana Aleksieviçin yaradıcılığı haqqında düşüncələrinizi oxucuya çatdırmaqla, onun adını müharibə haqqında yazan hansı sovet və ya başqa ölkə ədəbiyyatı yazıçılarının adları ilə eyni sıraya qoyardız?

- Məlumdur ki, müharibə mövzusu yeni deyil. Dünya ədəbiyyatı tarixində, hətta antik ədəbiyyatda müharibə mövzusu həmişə aktual olub. Homerin “İliada”, “Odisseya”sı da müharibə fəlsəfəsinin mahiyyətini, anatomiyasını çözürdü. Amma hər müharibənin öz siması olur, lap insanlar kimi... II dünya müharibəsinin simasını, SSRİ müharibəsinin xarakterini və mahiyyətini S.Aleksieviç qədər həssaslıqla açan başqa əsər adı çəkmək çətindir. O, özünə qədər bu müharibə haqqında yazan bütün müəlliflərin ideyasına “redaktələr” etdi. Başqa bucaqdan baxdı bu müharibəyə. O biri əsərlərdə və filmlərdə insanlar texnika ilə bərabər addımlayan “güc” idi. Sadəcə müharibədən qalib çıxmağın səbəblərindən biri idi. Amma Svetlana Aleksieviç o qarışıqlığın, hay-küyün, xaosun içərisindən İnsanı çəkib çıxardı. İnsanın nəbzinə qoydu barmağını, qulağını onun sinəsinə dayadı və orda, o İnsanın içindəkiləri, bütün hiss və duyğuları o qədər insancasına duydu ki, Stalinin qalibiyyət paradlarını unutdu...İnsan naminə. İnsanların, diktatorların müharibəsi naminə deyil, Allahın yaratdığı İnsanın tərəfində dayandı. Onun faciəsini, itirilmiş xoşbəxtliklərini “vəsf” etdi, yazıya, tarixə gətirdi...

Müharibə ilə bağlı saysız-hesabsız kitablar oxuduq, müəlliflər tanıdıq. Mən daha çox E.M.Remark yanaşması gördüm S.Aleksieviçdə. Amma sadəcə yanaşma oxşarlığı vardı. Qalan hər şey məhz II dünya müharibəsində saysız-hesabsız itkilər vermiş bir xalqın- belarus xalqının yazıçısına aid idi. U.Folknerin, E.Hemenqueyin “itirilmiş nəsil” ağrısı da var idi...

- Bəs, Vasili Bıkovun və Alesya Adamoviçin yaradıcılıqları ilə necə, tanışsınızmı? Onların Svetlana Aleksiyeviçin kitablarına birbaşa təsirini nədə görürsüz?

- Vasili Bıkov müharibə yazarı yox, həm də müharibə insanı idi. “Üçüncü raket” və s. əsərlərində “getmək və geri dönməmək!” intonasiyası S.Aleksieviçin sakit, həzin hekayəsi ilə müqayisə edilmir. Həm də V.Bıkovun Soljenıtsın və Saxarevlə bağlı ziddiyyətli yanaşması, məncə, S.Aleksieviçin birmənalı mövqeyi ilə üst-üstə düşmür... Baxmayaraq ki, deyirlər (mən oxumamışam) “Evə gedən uzun yol” avtobioqrafik kitabında bunu (Soljenitsın və Saxarev məsələsindəki əleyhdarlığını ) inkar edib... Alesya Adamoviçi isə oxumamışam, təəssüf...

- Sizcə, ədəbiyyatda, incəsənətdə Svetlana Aleksieviçin davamçıları olacaqmı?

- Bunu dəqiq demək olmaz... Amma olmalıdır, əslində. Çünki, yeni baxış və yeni üslub, yeni ifadə tərzi tələb edir ki, o təsirlə yeni-yeni imzalar bu üslubu ədəbi məktəb, ədəbi çevrə həddində genişləndirsinlər. Svetlana Aleksieviç üslubu ədəbi məktəb səviyyəsində genişliyə layiqdir. O, hadisələrin, hiss və duyğuların rəngini, səsini duymağı və yaşamağı öyrətdi oxucuya. Hətta başqa dillərdə belə. Məsələn, bizim Azərbaycan dilində mən bunu gördüm və eşitdim... Onun publisistikası həyatın özü qədər realdır, acıdır və “qorxulu” bəyanatlarla doludur. Onun ədəbiyyatı, romanları isə bu publisistikanın mahiyyətindən sivrilib çıxdı... Və bizə bizim hadisəmizi, yaşantılarımızı bu dildə danışdı. Bu ədəbiyyatda göz yaşlarının da, təbəssümün də rəngləri var. Bax, bunu bacarmaq, əsil hünərdir. Mən - Azərbaycan oxucusu üzünü görmədiyim, səsini eşitmədiyim, fərqi yoxdur, rus, belorus qadınlarının göz yaşları və istehzalı təbəssümlərinin ağrısını ruhumda hiss edə bilirdim, mütaliə zamanı... Təbii ki, burda tərcüməçinin də ədəbi hünəri, həssaslığı və məsuliyyətli yanaşması əsasdır. Bizim yazıçı Kamran Nəzirli bunu layiqincə yerinə yetirib...

- Sizə elə gəlmirmi ki, Böyük Vətən müharibəsi, ikinci dünya müharibəsi illərində ən çox zərər görən xalqın nümayəndəsi olan belorus yazıçısının hətta mükafata layiq görülməsi faktı belə, müharibə nəsrinin, müharibə publisistikasının dramatik mövzusunun yenidən oxucuya geri dönməsinin, yeni nəfəs əldə etməsinin təsdiqidir?

- Mən bayaq sovet-əfqan münaqişəsindən və Çernobıl faciəsindən danışanda da dedim ki, S.Aleksieviçdə “geri dönmə”, mahiyyəti analiz etmə, 1000 adamın təkidlə “hə” dediyi məsələyə inadla “yox!” deyə bilmək cəsarəti var. Siz də dediniz, II dünya müharibəsində belorus xalqının itkisi daha sarsıdıcı idi. Və S.Aleksieviç, ümumiyyətlə, həmin müharibə ilə bağlı bütün tarixi-sənədli, ədəbi-bədii materiallardakı “köpüyü” götürdü. Düşüncələrdə və xatirələrdə bir “format” əməliyyatı apardı... Yenidən baxmaq, yenidən analiz etmək, hər şeyi öz adı ilə çağırmaq, hər şeyi öz yerinə qoymaq... Zərgər dəqiqliyi ilə hərbin, hərb ədəbiyyatının səs-küyünü, şüarlarını, top gurultusunu “susdurmaq” və sözlə, bədii sözün qüdrəti ilə o ədəbiyyata-hərb ədəbiyyatına “bədii sima” vermək, ona obrazlı, ancaq əslinə uyğun bir don biçmək qabiliyyətini göstərdi bu xanım yazar...

- Bu yaxınlarda. "Созвучие: литература и публицистика стран СНГ"- "Həmrəylik: MDB ölkələrinin ədəbiyyatı və publisistikası" saytında siz digər belorus yazıçısı Elena Bravonun "Bağışlanma" povestinə yazdığınız geniş resenziya ilə çıxış etdiniz... Necə düşünürsünüz, iddia etmək olarmı ki, yeni dövr Belorus ədəbiyyatçılarının da əsərlərində və elə bu gün də faciə anlayışı hakimdir?

- Yelena Bravonun povestində də müharibə və müharibə insanının ağrısı qabardılır. Bəli, məhz bu günün insanının, cavan nəslin nümayəndəsinin (Larisa) yaşlı bir adamın (Hans) müharibə, sevgi tarixinə həssaslıqla yanaşması, onun xatirələrinə, keçmişinə mərhəmət və qayğı artıq ədəbiyyatda müharibəyə münasibətin yeni çeşidi kimi əks-səda verdi. İstər-istəməz ətrafımıza boylanmalı oluruq. Qocalara, unudulmuş, yaddaşını itirmiş, xatirələrini gündəliklərində, yastıqlarının altında dəyərli bir “yaddaş” kimi qoruyan adamlara tərəf dönürük. E.Bravonu S.Aleksieviçdən neçə on illər ayırır. Onların qəhrəmanları da yaş etibarı ilə bir-birindən seçilir. Larisa daha cavandır, günümüzün tipidir, müharibəni görməyən, amma Hansın taleyində hərbin obrazını, sarsıdıcı xarakterini tam dəqiqliyi ilə qavrayan insandır.

Müharibə və sülh haqqındakı polemikaların kulminasiyasındakı ziddiyyət də bu cür qeyri-müəyyənliklərlə izah edilir çox vaxt. Patriotizm, qəhrəmanlıq, vətənsevərlik və millətçi olmaq mübarizəsi insan olmaq mücadiləsinin sərhədinə girir hər zaman. Müharibə və qəhrəmanlıqlar tarixindən bəhs edən kitablarda saysız-hesabsız “qəhrəmanlıqla həlak oldu” cümləsi öz semantik yükü ilə bərabər suallar da doğurur: bu qəhrəman, görəsən, “qəhrəmanlıqla” neçə insan öldürüb? Millətləşmiş, sərhədləşmiş, cəbhələşmiş Adəm övladının şeytani ikiləşməsi, qarşıdurması İnsanın və insanlığın tarixi üçün faciəvi aqibət formalaşdırdı… Krım müharibəsinin iştirakçısı və dünya ədəbiyyatında müharibə mövzusunda ən dəyərli epopeya yaradıcısı olan L.Tolstoy da müharibə haqqında danışanda və yazanda ikili mövqe nümayiş etdirmək məcburiyyətində olub: “Müharibə həmişə diqqətimi cəlb edib, böyük generallar tərəfindən planlanan manevrlər mənasında müharibə yox… ancaq diqqətimi cəlb edən müharibənin, öldürməyin, əslində, nə olduğu idi. Austerlits və Borodinoda orduların necə tənzim edildiyini bilməkdən daha çox bir əsgərin digərini necə və hansı duyğularla öldürdüyünü bilmək istəyirdim.” Haqqında danışdığımız hər iki qadın yazar-Svetlana Aleksieviç və Yelena Bravo Hərb haqqında Tolstoy sualını (daha çox bir əsgərin digərini necə və hansı duyğularla öldürdüyünü bilmək istəyirdim) cavablandırmaq missiyasını yerinə yetirməkdədirlər...

- Azərbaycan Qarabağdakı mürəkkəb, silahlı qarşıdurma şəraitindədir... Sizin ailələrinizdə kədər də, faciə də yetərincədir. Azərbaycan milli ədəbiyyatında Svetlana Aleksieviçin “Müharibənin qadın üzü yoxdur” əsəri kimi kitabların meydana gəlməsi mümkündürmü?

- Bu suala görə Sizə çox təşəkkür edirəm. Mən məhəlli düşüncəli adam hesab etmirəm özümü... amma mənim bir qarabağlı kimi bu 25 illik münaqişədə gördüklərim və yaşadıqlarım həqiqət haqqında susmamağı da diktə edir... Böyük türk yazarı Ə.Nesin deyirdi ki, insanlar yalnızca danışdıqlarına deyil, susqunluqlarına görə də cavabdehdir. Bu məsələ ilə bağlı mənim “Bizim müharibəmiz və dünya ədəbiyyatı” adlı məqaləm çap edilib. Bizim müharibəmizin taleyi, xarakteri də başqadır. Bizim müharibəmiz başqalarının müharibəsinə bənzəməz. Sığınacaq verdiyimiz insanlar bizi evimizdən top-tüfənglə çıxartdı, qarət etdi, dərimizi soydu, gözümüzü çıxartdı, məscidlərimizi, maddi və mənəvi sərvətlərimizi talan edib yandırdı, odlara qaladı, ən gözəl şəhərlərdən, rayonlardan sürgün etdi çadırlara, yataqxanalara… Biz, həqiqətən də, bu müharibədə məsumuq, günahsızıq və haqqı tapdalanmış, əzilmiş, təcavüzə məruz qalmış tərəfik. Biz sevdiyimiz, xatırlaya biləcəyimiz nə varsa – daşımız, divarımız, küçəmiz, bazarımız, məktəbə gedən yollarımız, kitabxanamız, məscidimiz, hamamımız, stadionumuz, teatr binamız, “çay evi”miz - hamısı üçün darıxmışıq. Hətta son (aprel ayında olan döyüşlər) hadisələr sübut etdi ki, bu darıxma nisgilə yox, mücadilə əzminə çevrilib.

Müharibəni yaşayan və yazan Antuan de-sent Ekzüperini yoldaşları inandırmağa çalışır ki, yazıçı kimi xalqına daha çox xeyir verə bilər. Ona görə də ehtiyata göndərilməsi barədə ərizə yazmasını xahiş edirlər. Ancaq Ekzüperi bu xahişi qəbul etmir və tezliklə onu döyüş bölgəsinə göndərirlər. Böyük yazıçı dostlarına ünvanladığı məktubda yazırdı: “Mən hökmən bu müharibədə iştirak etməliyəm. Çünki mənim sevdiyim müqəddəs nə varsa, hamısı təhlükə altındadır. Provansda meşə yananda əclaflardan qeyri, hamı əllərinə vedrə və kürək alaraq onu söndürməyə çalışır. Mən əclaf olmaq istəmirəm. Mən döyüşmək istəyirəm, məni buna vətənimə olan məhəbbətim və daxili dini ruhum məcbur edir. Belə ağır vəziyyətdə vətənin təhlükədə olmasına biganə qala bilmərəm”.

Görəsən, bu gün eyni durumu yaşayan Azərbaycan əsgərinin, sevdikləri yolunda döyüşmək istəyən Azərbaycan kişisinin A.Ekzüperi kimi düşünməsi qəbahət olmaz ki? Və bütün bunlar ədəbiyyatlaşmalıdır. Amma bu gün bizim Qarabağla bağlı yazılan əsərlərimiz böyük yanğı ilə yazılsa da böyük ədəbiyyat ola bilmir. Sənətkarlıq, mövzu və ideyanı konseptuallaşdırmaq və aktuallaşdırmaq, məhəlli deyil, bəşəri anlamda mətnləşdirmək istedadı çatmır...


- Siz yəqin, az saylı tənqidçilərdənsiz ki, "Müharibənin qadın üzü yoxdur” əsərini roman adlandırırsız... Bu əsərin roman olduğuna əminsinizmi?

- Mən S.Aleksieviçin bu əsərini ilk cümləsindəncə roman kimi oxudum. Bizim bütün mətnləri “klassik roman” meyarları ilə mühakimə etməyimizi heç cür qəbul edə bilmirəm. Janrın imkanlarını qəlibləşdirmək bizim ədəbiyyatşünaslıqda da problem olaraq qalmaqdadır. Məktublar, gündəliklər, xatirələr, tarixi sənədlər-hamısı bu əsərdə roman təfəkkürü süzgəcindən keçib və roman mətninin doğmaca malına çevrilib...

- Siz Svetlana Aleksieviçin "Müharibənin qadın üzü yoxdur” əsəri ilə Kamran Nəzirlinin tərcüməsində tanış olmusunuz... Sizcə, tərcüməçi Svetlana Aleksieviçin əsərinin bütün mahiyyətini, ədəbi kədərini, bütün həyat həqiqətini uğurla çatdıra bilibmi?

- Bu gün tərcümə məsələsi bir çox hallarda Azərbaycan ədəbiyyatının problemli sahəsi kimi qalmaqdadır. Həddindən çox tərcümələr edilir. 70 illik sovet dönəmindəki “bağlı qapı” qadağaları imkan verməyib ki, Azərbaycan oxucusu dünya ədəbiyyatını vaxtında oxusun. Biz bu gün əslində gecikmiş ədəbiyyatlar oxumaqla məşğuluq. Folkner, Hemenquey, Steynbek bu günün ədəbi hadisəsi kimi qəbul edilir bəzən... Bu tərcümələrin bədii keyfiyyəti isə çox zaman oxucunu qane etmir. Qüsurlarla dolu mətnlərin kitab kimi təkrar-təkrar nəşri təkcə əsərin müəllifinə yox, həm də Azərbaycan oxucusuna hörmətsizlikdir, məncə... Bununla bağlı mənim bir neçə məqaləm var. Bu yaxınlarda isə “Ədəbiyyat qəzeti”ndə elə Kamran Nəzirlinin də iştirakı ilə böyük bir müzakirə tədbiri keçirdik. Orda profesionallar tərcümənin naqisliyindən doğan fəsadların səbəblərini, ədəbi-estetik zövqə ziyanını ortaya qoymağa çalışdı və s.

Əlbəttə, bizim tərcümə məktəbimizin tarixi qədimdir və bu gün də bu məktəbin Vilayət Hacıyev, Vilayət Quliyev, Kamran Nəzirli, Məsiağa Məhəmmədi və başqa bu kimi usta tərcüməçiləri var.

Kamran Nəzirli isə bizim nümunəvi hesab etdiyimiz tərcüməçilərdəndir. Məsələn, tərcümə problemləri ilə bağlı bəzi mətnləri təhlil edərkən müşahidələrim də göstərdi ki, K.Nəzirli hər bir sözün, hər bir cümlənin dilimizə çevrilməsi prosesində hansı əziyyətlərə qatlaşıb. S.Alekseieviçin romanını isə çox böyük sevgi və diqqətlə dilimizə çevirib. Təbii ki, təkcə leksik-semantik baxımdan yox, həm də ədəbi-estetik və ruhi-psixoloji aspektdən ...


- Hörmətli İradə xanım, Belarus ədəbiyyatına və Svetlana Aleksieviç yaradıcılığına münasibətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Müsahibəni aldı: Ales Karlyukeviç

Minsk Yazıçılar İttifaqının sədri, «Zvezda» Dövlət Nəşriyyatının direktou

Ədəbiyyat qəzeti”

# 1829 dəfə oxunub

Müəllifin son yazıları

# # #