Nərimanın keçmişi və müasirliyi – Məti Osmanoğlu yazır...

Nərimanın keçmişi və müasirliyi  – <span style="color:red;">Məti Osmanoğlu  yazır...
16 may 2016
# 11:06

Kulis.Az tənqidçi Məti Osmanoğlunun xalq şairi Nəriman Həsənzadə haqqında yazdığı “Ədalət istəyir şair zamandan...” yazını təqdim edir.

Müasir oxucunun şairi

1977-ci ilin payızında Bakı Dövlət Universitetində filologiya fakültəsinin dekanı, mərhum professor Firudin Hüseynovun dəvəti ilə Nəriman Həsənzadənin tələbələrlə görüşü keçirildi. Firudin müəllim yığcam təqdimat çıxışı elədi. Yuxarı kursda oxuyan tələbələr şairin şeirlərini oxudular, ona müxtəlif suallar verdilər. Auditoriya ilə şair arasında səmimi bir dialoq yarandı. O vaxta qədər mənim Nəriman Həsənzadənin yaradıcılığına bələdliyim vardı, bəzi şeirlərini əzbər bilirdim. Ancaq cavan ədəbiyyatçılarla o söhbət Nəriman Həsənzadənin mənim təsəvvürümdəki portretinə müəyyənlik gətirdi, gözlərim qarşısında məhz gəncliyin şairi dünyaya gəldi. Nəriman müəllimin özünün oxuduğu, eləcə də tələbələrin səsləndirdiyi şeirlər gənc və təravətli olmaqla bərabər, yeni ədəbiyyatın, modern poeziyanın parlaq nümunələri idi. Həmin görüşdə Nəriman Həsənzadə şeirə, ədəbiyyata, ümumiyyətlə, sənətə xüsusi tələbatı olan o dövrün yeni oxucusunun şairi kimi yadımda qaldı. O vaxt Nəriman müəllimin özü də gənc idi: 45 yaşını hələ yenicə arxada qoymuşdu.

Yaddaşıma ömürlük həkk olunmuş o görüşdən az qala 40 il keçəndən sonra taleyin xoş töhfəsi kimi Nəriman Həsənzadə ilə universitetin filologiya fakültəsinin tələbələrinin daha bir görüşünün iştirakçısı və şahidi oldum. Bu dəfə də rəsmi məruzələr, akademik çıxışlar olmadı, ədəbiyyatın aktual və ya qeyri-aktual məsələləri müzakirə edilmədi. 40 ildən sonra mən qarşımda artıq yeni epoxanın – XXI əsrin müasir gəncliyinin, yeni oxucunun şairini, son dərəcə müasir söz-sənət adamını, düşüncə sahibini gördüm. Tədbir Nəriman müəllimin 85 illiyinə həsr olunmuşdu...

Təbii ki, 40 ildə ictimai-siyasi sistem, insanlar, düşüncələr, zövqlər, ədəbiyyata tələbat kökündən dəyişib. Dəyişən dünyanın içində şəxsiyyətin müasirliyini, sözün, düşüncənin təravətini qoruyub saxlamaq üçünsə qeyri-adi istedad və tale sahibi olmaq şərtdir.

Bu qeyri-adiliyin sorağı ilə Nəriman Həsənzadənin yaradıcılığında şair ömrünün obrazını oxumağa çalışdım.

Bir insan ömrünün girovluğunda...

Nəriman Həsənzadənin, yaradıcılığının başlanğıcında qələmə aldığı və sonradan ədəbi leksikamızda zərb-məsəl kimi səslənən

Bir insan ömrünü girov qoymuşam

bir şair ömrünü yaşatmaq üçün...

misraları, sadəcə, gəlişigözəl poetik obraz, bədii tapıntı deyildi – şairin öz qarşısına qoyduğu həyat və sənət amalı idi...

Bu da danılmaz və qaçılmaz bir həqiqətdir ki, şair ömrünü yaşamaq və yaşatmaq üçün girov qoyulmuş insan ömrünün başından keçmək mümkün deyil. Şair ömrünü yaşamaq və yaşatmaq üçün insan ömrünü şeirə yükləməyə, sözlə qovuşdurmağa, şeirləşdirməyə, sənətləşdirməyə ehtiyac var. Nəriman Həsənzadənin zamanın köhnəldə bilmədiyi müasirlik sirri də yəqin ki, bundadır: o, həmişə bir fərd kimi özünün və içində olduğu cəmiyyətin, mənsubu olduğu millətin yaşadıqlarını yaşayıb, bu yaşantıları bədii sözə çevirib. Bu isə heç də həmişə dövranla düz gəlməyib:

Dövranla şairin tutmur söhbəti

o yalanı sevir, bu həqiqəti...

Şairin təyinatı yalnız həqiqəti sevməklə, yaxşılığın, düzlüyün yanında olmaqla, həqiqəti müdafiə etməklə məhdudlaşmır, həm də şairin boynuna, Nazim Hikmət demiş, “yaxşının, haqlının, doğrunun uğrunda döyüşmək” vəzifəsi düşür. Elə ona görə də

Yaxşı əsər yazıb pis olur şair

düşməni çoxalır dost əvəzinə...

Beləcə özünü qovğaya salan, həyatını burulğana atan şair öz vəzifəsini, ali təyinatını zamanla üz-üzə, sinə-sinəyə gəlməkdə görür. Şairin işi kütləyə qarışıb əl çalmaqla, əl qaldırmaqla bitmir, lazım gələndə səsini qaldırmalı, sözünü eşitdirməli olur:

Mənim sualım var,

cavab ver bu gün,

Mən axı, nə qədər

lal durmalıyam?!

İndi əlimi yox, —

görünmək üçün,

İndi mən —

səsimi qaldırmalıyam.

Təbii ki, şairin qaldırdığı səsi dövranı dövr etdirənlər, zamanın çarxını çevirənlər: öz doğma dilində yaza bilməyən ədəbiyyat laureatları, sağlığında xalqa mədəniyyət dərsi keçmək iddiasında olub, öləndə evindən götürülməyənlər – bədii əsərdə öz real kimliklərini tanıyanlar heç də həmişə dözümlə qarşılamırlar. Şairin səsi eşitməzliyə vurulmur. Şairin qaldırdığı səs, zamanı deşib keçən söz heç də həmişə divara dəymir. Şairin qaldırdığı suala cavab axtarılır:

Uzun gecələrdə qalmışdım oyaq,

məni budaq kimi bərk əyirdilər.

“Kimin sualı var?” yazmışdım o vaxt

cavabı özümdən istəyirdilər...

Onu da deyək ki, Nəriman Həsənzadənin, uğrunda insan ömrünü girov qoyduğu şair cəmiyyətdə həmişə seçilib, xalqın gözündə öz layiqli mövqeyinə yüksəlib, elə dövlətin də diqqətində olub. Nəriman Həsənzadə Azərbaycanda şair üçün veriləcək fəxri ad və titulların, təltiflərin, demək olar ki, hamısına layiq görülüb. Yüksək vəzifələrdə işləyib. Lakin Nəriman Həsənzadənin şeiri məmləkət, torpaq, vətən, xalq və millət məsuliyyətini öz üzərindən kənarda qoymayıb.

Mən qədim bir məmləkətin şairiyəm

kirpiyilə od götürən bir millətin şairiyəm

Təbriz orda, Şuşa burda...

Mən bir Vətən, iki torpaq şairiyəm

Xalq adından danışıram, mən axı xalq şairiyəm...

Nəriman Həsənzadəni həmişə müasir saxlayan qeyri-adi qüvvə isə onun hansı mənsəbə çatmasından, hansı ada və ya təltifə layiq görülməsindən, hansı vəzifəyə yüksəlməsindən asılı olmayaraq öz şairlik təyinatına xilaf çıxmaması, şair taleyinə arxa çevirməməsidir. Gen gündə də, dar gündə də şairin zamandan tələb etdiyi, insanlar arasındakı münasibətlərdə görmək istədiyi isə bir şey olub:

Ədalət istəyir şair zamandan,

o da əvəzində fəxri ad verir...

Keçmişlə indi, bu günlə gələcək arasında

“XX əsrin ikinci yarısının sosial-estetik problemlərini yaradıcılığında bütün miqyası ilə əks etdirən Nəriman Həsənzadə Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir” (Nizami Cəfərov).

Nəriman Həsənzadənin yaradıcılıq yolundan söz düşəndə Səməd Vurğunun adının önə çəkilməsi təsadüf deyil.

Müasir Azərbaycan ədəbiyyatının yeniləşmə prosesində bir neçə amilin rolu çox güclü olub. Bunlardan biri Səməd Vurğun yaradıcılığıdır. 1920-ci illərin sonundan modern Azərbaycan şeirinin önündə olan Səməd Vurğun İkinci Dünya müharibəsindən sonrakı dövrdə - 1952-ci ildə böyük mübahisələrə səbəb olan “Aygün” poeması ilə Azərbaycan ədəbiyyatını sözün həqiqi mənasında “yolundan sapdırmışdı” və heç şübhəsiz ki, təkcə şeirin deyil, yeni Azərbaycan nəsrinin poetikasına da bu əsərin ciddi təsiri olmuşdu. Buna görə də ədəbiyyatımızın Səməd Vurğundan sonrakı mərhələsinin şeirini yaratmaq olduqca çətin vəzifə idi, şeirə yeni məzmun, ahəng, intonasiya gətirmək üçün sənətdə qeyri-adi hadisə baş verməli idi.

Müasir Azərbaycan ədəbiyyatının daha bir enerji mənbəyi Nazim Hikmət şəxsiyyəti və yaradıcılığı idi. Nazim şeirinin Azərbaycan (eləcə də Sovet istilası altında olan digər türk xalqları) ədəbiyyatına çox ciddi təsiri olub. Bütün dünyada modern poeziyanın öndə gələn adlarından olan Nazim Hikmət poeziyası Azərbaycan ədəbiyyatı üçün kənardan gəlmə deyil, içdən yetişən doğma hadisə idi. Nazim Hikmət poeziyasının enerjisi, yenilikçi ruhu hələ 1920-ci illərdən Azərbaycan ədəbiyyatının üfüqləri ilə qovuşur, sözün meydanını, əhatə dairəsini böyüdürdü. 1960-cı illərdə isə Nazim Hikmət poeziyasının Azərbaycan ədəbiyyatındakı təsir gücü və dairəsi tamamilə yeni estetik, eyni zamanda ictimai-siyasi əhəmiyyət kəsb etməyə başladı.

Nazim Hikmətin şəxsiyyətinin və poeziyasının Nəriman Həsənzadə yaradıcılığındakı yerini şeirin formasında, yazılış və ifadə tərzində axtarmaq düzgün olmazdı. Nazim Hikmət faktoru sözün hərfi mənasında Nəriman Həsənzadə üçün bədii yaradıcılığın fövqünə qalxaraq tale məsələsinə çevrilib. Şair dünyaya yeni gələn körpəsinə Nazimin adını verdiyi kimi, yaradıcılığında da Nazimin poetik ruhundan enerji alıb, bu enerji ilə Nazimin şeirlərinə bənzəməyən ədəbiyyat yaradıb. Nəriman Həsənzadənin yaradıcılığında “Nazim Hikmətlə söhbət” silsiləsi əhəmiyyətli yer tutur. Burada diqqət çəkən başlıca keyfiyyət odur ki, silsiləyə daxil olan yazılar oxucu ilə məhz Nəriman Həsənzadəyə məxsus olan poeziya ruhunda və dilində danışır.

İngilis ədəbi Tomas Sternz Eliotun “Ənənə və fərdi istedad” adlı essesində maraqlı bir fikir var: “Sənətdə yaşayan duyğu şəxsi deyildir, obyektivdir. Şair bütün varlığını yaratmaqda olduğu əsərə vermədən bu obyektivliyi gerçəkləşdirə bilməz. Və şair yalnız “indi”də deyil, “keçmiş”in “indi” ilə kəsişdiyi anda yaşamadıqca; yalnız ölüb getmiş olanı deyil, “indi”də yaşamağa davam edəni dərk etməyincə əsərdə nəyə nail olmaq lazım gəldiyini anlaya bilməz”.

Bu mənada, Nəriman Həsənzadə ənənə ilə müasirliyin ayrılmazlığına münasibətdə nəyə nail olmaq lazım gəldiyini dərindən anlayan, özünün yaşayıb-yaratdığı zaman ilə yaşamağa davam edən keçmiş arasında obyektiv tamlığı qoruyan şairlərimizdəndir. Nəriman Həsənzadənin bədii sözlə təması Səməd Vurğun poeziyasının stixiyası içindən başlamışdı. Lakin öz üzərinə sözü yaratmaq missiyasını götürəndən sonra yaradıcılığında nə Səməd Vurğunu, nə də Nazim Hikməti təkrarladı, 60-cı illərdə yeni Azərbaycan şeirinin yaradıcılarından oldu. Bu keyfiyyət Nəriman Həsənzadənin nəsrində daha aydın və birmənalı görünür: 1970-ci illərin əvvəllərində qələmə aldığı “Nabat xalanın çörəyi” povesti məhz yeni nəsrin, modern Azərbaycan ədəbiyyatının parlaq və bənzərsiz nümunələrindəndir.

Beləliklə, dərin köklər üstündə boy atan modern düşüncə, tarixi-ictimai reallıqlara və estetik tələblərə müasir yanaşma Nəriman Həsənzadənin şeirlərinin və irihəcmli əsərlərinin – povest, poema və dramlarının da başlıca keyfiyyətlərindəndir.

Nəriman Həsənzadənin “Ədəbiyyat qəzeti”

Bir daha vurğulamağı zəruri hesab edirəm ki, Azərbaycan ədəbiyyatında modernizmin aparıcı fiqurlarından olan Nazim Hikməti Azərbaycan dilinə çevirən, Azərbaycanda təbliğ edən, ona silsilə şeirlər həsr edən şairlərdən biri də Nəriman Həsənzadədir. Lakin o da çox maraqlıdır ki, ədəbi ictimaiyyət arasında Nəriman Həsənzadəyə münasibətdə ənənədən dörd əllə yapışan mühafizəkar bir şair qənaəti üstün gəldi və bu təsəvvür hələ də davam etməkdədir.

Bunun obyektiv səbəbi Nəriman Həsənzadənin 1970-80-ci illərdə rəhbərlik etdiyi “Ədəbiyyat qəzeti”ndə böyük ədəbiyyatın marağını bəzən özünün şairlik təyinatından üstün tutması, ədəbi prosesdə tarazlıq yaratmaq fədakarlığı ilə izah etmək daha məntiqi görünür.

Bir az əvvələ gedəndə - 1960-cı illərin başlanğıcından Azərbaycan ədəbiyyatında sərbəst şeir yazanlar ilə heca vəznində yazanlar arasında yaranan rəqabət getdikcə dərinləşərək bəzən absurd səviyyəyə çatırdı. Üsyankar “sərbəstçilərin” müqavimətçi “hecaçılara” qarşı elan etdikləri “vətəndaş müharibəsi”, eksperiment səciyyəli axtarışlar bəzən milli dəyərlərə qarşı çevrilirdi.

70-ci illərin ikinci yarısında isə Azərbaycanda ədəbiyyatın əsas tribunaları – oxucu ilə ədəbiyyat arasında körpü olan ədəbi mətbuat orqanları – “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnalları yenilikçilərin nəzarətində idi. Bəlkə də bunun təsirinin nəticəsi idi ki, bəzi qəzəlxanlar da o dövrdə əruzdan üz döndərib sərbəst şeir yazmağa cəhd edirdilər. Belə bir şəraitdə tərk edilmək, təklənmək təhlükəsi ilə üz-üzə qalan ənənənin, başqa sözlə, ədəbiyyatın mühafizəkar təmayülünün də öz tribunasını qorumağa və yaşatmağa təbii ehtiyacı və haqqı var idi. Bunsuz ədəbiyyatımız birrəngli, birsəsli görünə bilər, ən pisi də öz köklərindən qopa bilərdi...

Bunun tarixdə acı örnəkləri də var. Azərbaycan sovet hakimiyyətinin tabeliyinə keçəndən sonra ədəbiyyatda və sənətdə, mətbuatda Əli bəy Hüseynzadənin, ümumiyyətlə, “Füyuzat” ədəbi məktəbinin üslubu dilin passiv fonduna sürgün olundu.

Hüseyn Cavidin fiziki cəhətdən repressiyaya məruz qaldığı müdhiş 1937-ci ilin ciddi tarixi fəsadlarından biri də Cavidin bədii üslubunun repressiya qurbanı olması idi.

1960-cı illərdə də üzdə “ənənə” adlandırılan, əslində isə Səməd Vurğun üslubu üstündə formalaşan ədəbi təmayülün sıxışdırlması, mənəvi repressiyası hədəfdə idi...

Məhz bu tarixi fonda Nəriman Həsənzadə öz mövqeyini “ənənəçilərin” yanıda müəyyənləşdirdi. Əvvəl “Ədəbiyyat və incəsənət”, sonra “Ədəbiyyat qəzeti”nə rəhbərliyi dövründə Nəriman Həsənzadə heç kəsə güzəştə getmədiyi prinsipləri uğrunda döyüşə-döyüşə, mübarizə apara-apara məhz öz “Ədəbiyyat qəzeti”ni yaratmağa, öz ədəbi platformasını müdafiə və mühafizə etməyə nail oldu. Bu gün tərifləsək də, tənqid eləsək də, ədəbiyyat tariximizin Nəriman Həsənzadənin “Ədəbiyyat qəzeti” faktına göz yummaq mümkün deyil – bu, artıq bizim keçmişimizdir...

Sən məni yad et...

Şairlər öz tale hekayələrini yazırlar: kədərlə sevincin, ağla qaranın, işıqla qaranlığın əriş-arğac bir-birinə qovuşduğu, çulğalaşdığı insan talelərindən şeirlər doğulur.

Böyük sözün bir möcüzəsi də bundadır ki, bəzən söz tək bir insanın deyil, cəmiyyətin, bütövlükdə millətin qədərinə, yazısına çevrilir. Məsələn, Əli bəy Hüseynzadənin üçrəngli bayrağımızın rənglərində yaşayan, Azərbaycanın dövlət və azadlıq rəmzinə çevrilmiş “bizə türk hissiyyatlı, İslam mənəviyyatlı, Avropa qiyafəli fədailər lazımdır” sözləri kimi...

Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” inancı kimi.

Səməd Vurğunun “Azərbaycan” şeiri kimi...

Bəzən də söz, sənət onu yaradan insanın öz qədər və tale yazısına çevrilir. Vaqif Səmədoğlunun ömrün gənclik çağında, yeni söz axtarışları dövründə qəbrinin üstündə heykəl yerinə, başdaşı əvəzinə ayağı yalın bir insanın işinə yaramaq üçün bir cüt ayaqqabı qoyulmasını arzuladığı kimi...

Elə nadir hallar da var ki, şeir onu sevənlərin qədərinin bir parçası olur. Nəriman Həsənzadənin bir çox əsərləri də tale yazılarıdır: həm şairin özünün, həm onu sevənlərin, həm də elə bizim hər birimizin.

Nəriman Həsənzadə nə vaxtsa “Şair taleyindən yarıya bilmir...” yazsa da, şairin yazdıqları dildə-ağızda, kitabda, kağızda qalmayıb, insanların ömrünə, taleyinə köçüb.

Vətən yolunda, torpaq uğrunda qanlı döyüşlər gedəndə şeir kitabının əsgərin döş cibində ürəyinin üstündə səngərdə növbə tutması şairin və sözün taleyinin əlçatmaz, ünyetməz zirvəsidir. Nəriman Həsənzadənin “Qanlı kitab” şeirinin epiqrafı müharibə və sənət haqqında mənim yazmaq istədiklərimdən daha çox söz deyir, daha böyük məna kəsb eləyir: “Hərbi hospitalda yaralı cəbhəçi Elxan Mirzəyev danışdı ki, həlak olan bir əsgərin qoltuq cibindən qana bulaşıq “Fikir eləmə” kitabım çıxıbdı, başqa sənədi yox idi. “Fikir eləmə”dən sonra vergül qoyub, “Fikir eləmə, Vətən!” yazıbmış...”

“Nabat xalanın çörəyi” povesti çap olunandan sonra Nəriman Həsənzadə bir müəllimdən qəribə, qəribə olduğu qədər də düşündürücü bir hədiyyə alır. Şairin həmin müəllimə həsr elədiyi şeir bu qeydlə başlayır: “Hörmətli Svetlana müəllimə! “Nabat xalanın çörəyi” povestimi oxuyandan sonra anamın çörəyinə bənzər çörək bişirib bizim evə göndərmişdiniz, çox sağ olun”...

Şairin gənclik dostu, Azərbaycan ədəbiyyatının nadir bilicilərindən biri, həyatdan vaxtsız getmiş professor Firudin Hüseynovun həyat yoldaşı Lalə xanım maraqlı bir yadigar saxlayır. Firudin müəllim yaşının cavan çağında, könlünün kövrək vaxtında Lalə xanıma yazdığı məktuba Nəriman Həsənzadənin bir şeirinin də üzünü köçürüb əlavə eləyib:

Salsa kölgəsini yollara bulud,
Yanından ötsə də, sən məni yad et.

Günəşi ağ bulud, ya qara bulud,
Bir anlıq örtsə də, sən məni yad et.

Qulağın qəfildən bir səsə düşsə,
O, mənim səsimdi, sən məni yad et.

Səhər mehi ilə alnın öpüşsə,
Mənim nəfəsimdi, sən məni yad et.

Alışıb yanacaq üfüqdə könlüm,
O yolda, o izdə sən məni yad et.

Nə qədər səhər var, günəş var, gülüm,
Dünyada mənsiz də, sən məni yad et...

# 2802 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #