“Qarabağ şikəstəsi” – miniatür kitabın təqdimatı

<span style="color:red;">“Qarabağ şikəstəsi”  – miniatür kitabın təqdimatı
28 fevral 2019
# 10:11

Fevralın 27-də İçərişəhərdə, Miniatür Kitab Muzeyində şairə və dramaturq, Çexiyada yaşayan həmvətənimiz Leyla Bəyimin (Cəfərovanın) “Qarabağ şikəstəsi” adlı miniatür kitabının təqdimatı olub.

Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi Zərifə Salahova tədbirin aparıcısını, Azərbaycanın Xalq artisti Vaqif Əsədovu təqdim edib.

V.Əsədov deyib ki, bu günlər Azərbaycan xalqı 27 il əvvəl erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımının qurbanlarının xatirəsini anır. Hazırda təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox uzaqlarda – dünyanın müxtəlif ölkələrində xatirə tədbirləri keçirilir. Xocalı faciəsinin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını vurğulayan V.Əsədov 1992-ci ilin o dəhşətli fevral gecəsində baş vermiş hadisələr haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib.

V.Əsədov bildirib ki, “Qarabağ şikəstəsi” poeması Qarabağ ağrısı, həqiqi və səmimi vətənpərvərlik hissləri ilə dolu olan bir əsərdir.

Sonra şairə və dramaturq Leyla Bəyim və Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmov “Qarabağ şikəstəsi” poemasından rus və Azərbaycan dillərində parçalar oxuyublar.

Zərifə Salahova kitabın özü barədə informasiya verərək bildirib ki, 65x50 millimetr ölçüdə, 168 səhifədən ibarət “Qarabağ şikəstəsi” miniatür kitabı Miniatür Kitab Muzeyinin sifarişi ilə “Indıgo” nəşriyyatında dörd dildə - Azərbaycan, rus, ingilis və alman dillərində 100 nüsxə tirajla nəşr edilib. Miniatür kitabın üzqabığında rus rəssamı Nikolay Sverçkovun “Qarabağ atı” (1865) əsəri təsvir edilib.

“Mədəniyyət.AZ” jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva çıxışında qeyd edib ki, Leyla Bəyimin rus dilində şeir yazmağa üstünlük verməsinə baxmayaraq, o, Azərbaycan xalqının Qarabağ kədərini və doğma diyara sonsuz məhəbbəti çox dolğun ifadə edib. L.Bəyimin Azərbaycan dilinə tərcümə olunmuş şeirlərində də müəllifin hissləri məharətlə və sərrast verilib.

Sonra şair, Qarabağ müharibəsinin iştirakçısı Ələddin Yaqubov çıxış edib. O, təsirli şeirlərinə görə müəllifə təşəkkür edərək bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Azərbaycan xalqının tarixinin digər qanlı hadisələri barədə həqiqətlərin bir çox ölkələrin rusdilli vətəndaşlarına çatdırılması nöqteyi-nəzərindən L.Bəyimin əsərləri böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Leyla Bəyim Bakıda anadan olub, hazırda Praqada yaşayır. O, Azərbaycan Yazıçılar Birliyinin, Avropa Ədibləri Konqresinin və Çexiyanın Rusdilli Yazıçılar İttifaqının üzvüdür, 4 şeirlər toplusunun müəllifidir. Yefim Abramovla birlikdə bir neçə pyes yazıb. Onlardan biri - “Xəyalpərəst oğlanlar” Azərbaycan Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib. Hazırda Bakıda “Qurban” pyesinə quruluş verilir. Onun ideya müəllifi L.Bəyimdir. Şairə Azərbaycan, Rusiya, Ukrayna, Çexiyada nəşr olunan ədəbi qəzet, jurnal və almanaxlarda dərc olunan çoxsaylı yazıların müəllifidir. L.Bəyimin şeir və pyesləri çex dilində də dərc edilir./azertag.com/

# 2510 dəfə oxunub

Müəllifin son yazıları

# # #