Gənc oğlanın və çöl bənövşəsinin nağılı “Nağıllar” silsiləsindən

Gənc oğlanın və çöl bənövşəsinin nağılı “Nağıllar” silsiləsindən
19 noyabr 2013
# 11:59

ELÇİN

Gənc Oğlan Bakıda ev kirayələyib texniki peşə məktəbində oxuyurdu – çilingər olacaqdı, çünki onların kəndi böyüyürdü, yaxşı çilingər isə yox idi – və hər dəfə də fürsət düşəndə – bayram günlərində, bəzən hətta şənbə, bazar günləri avtobusa minib kəndə gedirdi.

Bir otağı və şüşəbəndi Gənc Oğlana kirayə verib, mənzilin qalan birotaqlı hissəsində özü yaşayan Ev Sahibəsi deyirdi:

– A bala, kasıb oğlansan, niyə avtobusa pul verib, həftə səkkiz, mən doqquz, kəndə gedirsən?

Əlbəttə, Ev Sahibəsi bu gediş-gəlişlərin səbəbini başa düşmürdü.

Məsələ burasında idi ki, Gənc Oğlanın doğulub boya-başa çatdığı kənd Bakıdan cəmi 80 kilometr uzaqda idi, ancaq məsafənin beləcə qısalığına baxmayaraq, Gənc Oğlanın Bakıdakı bu müvəqqəti yaşayışı o kəndin nisgili ilə dolu idi.

O kənd dağların qoynunda idi və yay-qış təpələrindəki qarın ağlığından tutmuş yazda yamaclarındakı lalələrin qırmızısına kimi o rəngbərəng dağların mənzərəsini görməmək, sübh tezdən kəndin bağ-bağatındakı quşların səsini, xoruzların banını, qoyun-quzunun mələşməsini, evlərinin böyründəki yarğan boyu axan çayın şırıltısını, gecələr ordan gələn qurbağa qurultusunu eşitməmək ömründə ilk dəfə kənddən ayrı düşmüş o Gənc Oğlanın Bakı həyatının ən çatışmayan hissəsi idi.

lll

Gənc Oğlan Bakının köhnə məhəllələrindən birindəki birmərtəbəli binada kirayənəşin yaşayırdı və məskəni də, dediyim kimi, balaca bir otaqdan, o otaqdan da kiçik bir şüşəbənddən ibarət idi.

O birmərtəbəli binanın həyətində Gənc Oğlanın şüşəbəndilə üzbəüz bir Tut Ağacı var idi və o qollu-budaqlı Tut Ağacını hələ Ev Sahibəsinin rəhmətlik atası əkmişdi.

Yaxşı ki, o Tut Ağacı var idi.

Gənc Oğlanın Bakıda gedəsi bir yeri yox idi – hərdən kinoya getmək, bəzən də təkbaşına dənizkənarı bulvarda gəzmək – vəssalam. Onun günlərinin çoxu səhərdən günortayacan Texniki peşə məktəbində, sonrada bu balaca otaqda və bu kiçik şüşəbənddə keçirdi.

Və Gənc Oğlan dərsdən evə qayıdanda, çox zaman şüşəbənddə dayanıb Tut Ağacına baxırdı. Şüşəbənddəki pəncərə çərçivələri köhnə olduğu üçün, Ev Sahibəsi adda-budda mismar vurub, onları bir-birinə bərkitmişdi və buna görə də o pəncərələrin heç biri açılmırdı.

Gənc Oğlan da Tut Ağacına ancaq şüşənin arxasından baxırdı.

lll

Bir gün – o vaxt aprelin əvvəlləri idi – yenə kəndə getmiş Gənc Oğlan bir dostunun sınıq-salxaq “Cip”inə minib təzədən geri qayıdırdı. Dostu Gənc Oğlanı rayon mərkəzindəki avtobus dayanacağına gətirəcəkdi və o da avtobusa minib Bakıya gedəcəkdi.

Onları aparan “Cip” dağların arası ilə qıvrıla-qıvrıla uzanan daşlı-çınqıllı yolla gedirdi və bu vaxt Gənc Oğlanın gözü yolun kənarında – dağın ətəyində yarpaqlayıb, hərəsi üç-dörd çiçək çiçəkləmiş adda-budda çöl bənövşələrinə sataşdı.

Gənc Oğlan dostuna:

– Saxla!- dedi və “Cip”dən düşüb, diqqətlə baxa-baxa o çöl bənövşələrindən bir təzə-tərini seçdi, elə barmaqları ilə də eşələyib o çöl bənövşəsini yarpaqları, gökləri ilə birlikdə torpaqdan çıxartdı.

Dostu gülümsəyib dedi ki, nəyinə lazımdı bu, əksən də, təzədən bitən deyil, çöl bənövşəsinin yeri çöldür.

lll

O Çöl Bənövşəsi dünyaya göz açdığı vaxtdan etibarən, yəni on beş-iyirmi gün bundan əvvəl, kənddən rayon mərkəzinə, rayon mərkəzindən də kəndə, demək olar ki, beş-altı köhnə maşın gedib-gəlirdi, hamısıda eyni maşınlar idi və Çöl Bənövşəsi də o maşınları tanıyırdı, onlara nifrət edirdi. O maşınların səsi, quraqlıq vaxtı o maşınların təkərlərinin qaldırdığı tozanaq, həqiqətən də, niftətə layiq idi.

Çöl Bənövşəsi çox həssas idi və həmin “Cip”in də səsi hələ lap uzaqdan eşidiləndə, Çöl Bənövşəsinin sövq-təbiisi ona dedi ki, bu dəfə o səs heç bir yaxşı şey vəd etmir, hansısa bəd bir vaqeədən xəbər verir və o vaqeə də, deyəsən, elə onun qismətinə düşəcək.

Sonra elə ki, o eybəcər maşın iyrənc bir səs salıb düz onun qarşısında dayandı, o zaman onsuz da səksəkə içində olan sövq-təbiisi Çöl Bənövşəsinə dedi ki, deyəsən, onun, yəni o Çöl Bənövşəsinin bu dünyadakı həyatının son məqamı yetişdi.

Və elə ki, Çöl Bənövşəsi insanın – Gənc Oğlanın – o eybəcər maşından düşüb onun yanında dayandığını, diqqətlə ona baxdığını gördü, sonra da o insan əyilib barmaqları ilə onun dibini eşələməyə başladı, o zaman Çöl Bənövşəsi o qəddar barmaqların amansızlığını bütün varlığı ilə hiss etdi.

Çöl Bənövşəsi dəhşət içində uçuna-uçuna gözlərini – o yarpaqları və çiçəkləri ilə görürdü – qapadı və bundan sonrası daha onun yadında qalmadı.

lll

Gənc Oğlan avtobus dayanacağında bir qəzet parçası tapıb, onu yaxınlıqda axan arxın bulanıq suyunda islatdı və Çöl Bənövşəsinin köklərini o qəzet parçasına bürüyüb, özü ilə Bakıya apardı.

Həmişə saf su içdiyinə görə o bulanıq arx suyunun bulanıq da qoxusu, yoxsa kələ-kötür yolla gedən avtobusun atıb-tutması Çöl Bənövşəsini, elə bil, dərin və ağır bir yuxudan oyatdı, gözlərini açıb yan-yörəsinə baxdı.

Çöl Bənövşəsi ilk dəfə idi ki, avtobusla gedirdi, ümumiyyətlə, ilk dəfə idi ki, o, yol gedirdi və hər şey – avtobusda oturmuş bu cürbəcür insan sifətləri də, bu oturacaqlar, pəncərələr də və o pəncərədən ötüb keçən o bomboz çöl mənzərələri də Çöl Bənövşəsi üçün tamam yad idi.

Gənc Oğlan Dağ Bənövşəsini əlində tutmuşdu və taqətdən düşmüş, yarpaqları, çiçəklərinin sapları solub zəifləmiş Dağ Bənövşəsi bütün içini bürümüş vahimə ilə fikirləşdi ki, görəsən tale onu hara aparır? – bunu fikirləşdi və yenidən bayıldı.

Gənc Oğlan Bakıya axşam gəlib çatdı və elə həmin axşam da bir dəmir konserv qabının içini Tut Ağacının dibindən götürdüyü torpaqla doldurdu. Çöl Bənövşəsini o konserv qabında əkib, suladı və şüşəbənddəki kiçik mizin üstünə qoydu.

lll

Tut Ağacı, dediyim kimi, yaşlı idi, dünyada çox şey görmüşdü, amma birinci dəfə idi ki, Çöl Bənövşəsi görürdü.

Elə ki, səhər açıldı və Tut Ağacı qarşısındakı şüşəbəndin şüşəsindən o Çöl Bənövşəsini gördü, çox təəccüb etdi, çünki bu Ev Sahibəsi heç vaxt gül-çiçək bəsləməmişdi.

Çöl Bənövşəsi dəmir dibçəyin içində tamam taqətsiz idi, yarpaqları da, çiçəkləri də zəifləyib o dəmir dibçəkdəki torpağın üstünə sərilmişdi və Tut Ağacının onsuz da Ev Sahibəsindən xoşu gəlmirdi, bu dəfə də fikirləşdi ki, bu arvad nahaq belə bir sevdaya düşüb, çünki bu çiçək o dəmirin içindəki aqibətilə heç vəchlə barışmayacaq və yaşamayacaq.

Amma Tut Ağacı elə ki, Gənc Oğlanın yuxudan duran kimi, xüsusi bir cidd-cəhdlə Çöl Bənövşəsinə su verdiyini gördü, başa düşdü ki, sevda Ev Sahibəsinin deyil, bu Gənc Oğlanındır.

lll

Çöl Bənövşəsi həmin günün günorta vaxtı o şüşəbənddə ilk dəfə gözünü açanda özünü o balaca dəmir dibçəyin içində gördü və bütün dəhşəti ilə dərk etdi ki, onun o dağların qoynundakı azadlığı həmişəlik əlindən alınıb.

Həmin məqamda Çöl Bənövşəsinin ən böyük istəyi intihar etmək idi, ancaq bitkilərin bir bədbəxtliyi var: onlar nə qədər istəsələr də intihar edə bilmirlər – buna imkanları yoxdur və Çöl Bənövşəsi təmiz su içdiyinə görə bir az dirçəlmiş yarpaqları, çiçəkləri ilə ətrafa baxdı: burada hər şey yad idi və bu elə bir yadlıq idi ki, Çöl Bənövşəsi başa düşdü – bu yadlıq heç zaman doğmalaşmayacaq.

O həyətdə nisbətən doğma bir şey vardısa, o da Tut Ağacı idi.

Düzdür, Çöl Bənövşəsi təmiz su içmişdi, yarpaqları, çiçəklərinin sapı, ləçəkləri dirçəlmişdi, ancaq nə olsun? – onun bütün içi dərdlə dolu idi.

Tut Ağacı Çöl Bənövşəsinə təskinlik vermək istəyirdi, ancaq parniklərdən, gül mağazalarından yox, çöllərdən gətirilib o balaca dəmir dibçəyə salınmış çiçəyə necə təskinlik verəydi?

Bunu hətta o Qoca Tut Ağacı da bacarmayacaqdı.

lll

Çöl Bənövşəsi Gənc Oğlanı ilk dəfə həmin günün axşamı gördü. Gənc Oğlan barmaqları ilə torpağı eşib, onu gökləri ilə bərabər doğma torpaqdan dartıb çıxaranda, o barmaqlarda elə bir qəddar istək var idi ki, həmin qəddarlıq Çöl Bənövşəsinin bütün varlığını sarsıtmışdı və o, yəni Çöl Bənövşəsi heç Gənc Oğlanı sifətinə də baxmamışdı.

Texniki peşə məktəbinin şagirdləri artıq Bakı zavodlarında təcrübə keçməyə başlamışdılar və payızın əvvəllərinədək təcrübə keçib, sonra təhsillərini başa vuracaqdılar.

Gənc Oğlan evə axşam gəlib çıxdı, gələn kimi də şüşəbəndə keçib Çöl Bənövşəsinə baxdı, barmaqları ilə onun yarpaqlarını yoxladı, çiçəklərinə toxundu.

Çöl Bənövşəsi o barmaqları o saat tanıdı və qəribəsi də bu idi ki, düzdür, Çöl Bənövşəsi əvvəlcə qorxdu, amma o barmaqların həmin qəddarlığını daha hiss etmədi, o qəddarlıq yox olub getmişdi, əksinə, elə ki, o barmaqlar onun yarpaqlarını yoxladı, sonra çiçəklərinin sapına, ləçəklərinə toxundu, o zaman Çöl Bənövşəsi o azad, gözəl çöllərdə də heç zaman duymadığı bir nəvaziş hiss etməyə başladı və həyatında ilk dəfə duyduğu bu nəvaziş hissiyyatı yavaş-yavaş, elə bil ki, içdiyi su kimi, nəfəs aldığı hava kimi Çöl Bənövşəsinin içinə doldu.

O azad, gözəl çöllərdə Çöl Bənövşəsinin yarpaqlarını, saplarını, ləçəklərini ancaq hərdən əsən yüngül meh tumarlamışdı, bu barmaqlardan gələn nəvazişi isə Çöl Bənövşəsi ömründə heç vaxt duymamışdı.

Dediyim kimi, Gənc Oğlan “Cip”dən düşüb ona yaxınlaşanda Çöl Bənövşəsinin bütün varlığı həyəcan içində uçunurdu və buna görə də Gənc Oğlana baxmamışdı, amma bu dəfə diqqətlə ona baxdı.

O axşamçağı o kiçik şüşəbənddə Gənc Oğlanla Çöl Bənövşəsi diqqətlə bir-birinə baxırdı, ancaq fərq bunda idi ki, Çöl Bənövşəsi Gənc Oğlanın ona baxdığını görürdü, Gənc Oğlan isə Çöl Bənövşəsinin də ona baxdığını görmürdü.

Gənc Oğlan bilmirdi ki, Çöl Bənövşələrinin də gözləri var, onlar da görürlər, ancaq Çöl Bənövşəsi bunu bilirdi, bilirdi ki, Gənc Oğlan onun baxışlarından xəbərsizdir və bu – çox kədərli idi, ancaq qəribə idi – həmin kədər, elə bil, azadlığı əlindən alınmış Çöl Bənövşəsinin içindəki o dərdi sıxışdırıb çıxartdı.

Bu kədər duyğusu çox anlaşılmaz idi, çünki o kədərin içində nəvaziş dolu bir işıq da var idi və Çöl Bənövşəsi o işığın hərarətini açıq-aşkar hiss etdi.

Və Çöl Bənövşəsi birdən-birə qəhərləndi, amma niyə, nə üçün qəhərləndi? – bunu bilmədi.

Həmin axşam həyətdən onlara baxan QocaTut Ağacı başa düşdü ki, Çöl Bənövşəsi aşiq olub, ancaq bundan heç özünün də xəbəri yoxdur.

lll

O balaca otaqda çarpayı yox idi və Gənc Oğlan köhnə divanda yatırdı. Hər səhər yerindən qalxan kimi şüşəbəndə keçib Çöl Bənövşəsinə baxırdı, barmaqları ilə onun yarpaqlarının diriliyini yoxlayırdı, sonra ümumi mətbəxə gedərək, kranı açıb, əvvəlcə suyu bir az axıdır və elə ki, su sərinlədi, bir fincan doldurub, gətirib, Çöl Bənövşəsinə su verirdi.

Çöl Bənövşəsi səhərlər Gənc Oğlandan tez oyanırdı və oyanan kimi də divanda yatan Gənc Oğlana tərəf boylanırdı.

Gənc Oğlanın divanın üstündə uzanaraq, gözlərini yumub eləcə yatmağı Çöl Bənövşəsinə çox qəribə və bir az da gülməli görünürdü. Hərdən Gənc Oğlan o tərəf-bu tərəfə çönəndə təpiyi ilə vurub üstündəki adyalı kənara atırdı və belə zamanlarda Çöl Bənövşəsi Gənc Oğlanın çılpaq ağ bədəninə baxa-baxa heç zaman duymadığı bir hiss keçirirdi: elə bil, o köhnə divandan həmin nəvaziş dolu mehriban və doğma bir dalğa gəlib onun bütün içindən keçirdi və Çöl Bənövşəsinin vücudunu bir həyəcan, coşğunluq, hətta anlaşılmaz bir ehtiras titrədirdi.

Artıq uzaq bir keçmişdə qalmış o azad və gözəl dağ ətəklərində də hərdən gül-çiçəklərin, otların qoxusu ilə dolu həmin yüngül meh əsirdi və o meh o qədər xoş idi ki, az qalırdı Çöl Bənövşəsini bihuş etsin – bütün bunlar belə idi və Çöl Bənövşəsi də bunu yaddan çıxarmamışdı – amma o köhnə divanda yatmış çılpaq Gənc Oğlandan gələn o dalğa tamam başqa bir şey idi.

Başqa bir şey, yəni nə?

Çöl Bənövşəsi bu sualın cavabını bilmirdi.

Və Çöl Bənövşəsi sübh tezdən oyanan kimi, Gənc Oğlanın da yuxudan durmağını, su gətirməyini, barmaqları ilə onun yarpaqlarına toxunmağını gözləyirdi. Çiçəklərinin isə artıq vaxtı keçmişdi, solub, qurumuşdular, bir də gələn yazda açacaqdılar və Çöl Bənövşəsi indi ancaq yaşıl yarpaqlardan ibarət idi.

lll

Çöl Bənövşəsi tütəyi çox sevirdi və dağların ətəklərində sürü otaran çobanlar hərdən tütək çalmağa başlayanda, o tütək səsində o qədər bir doğmalıq var idi ki, Çöl Bənövşəsinə elə gəlirdi, elə bil, tütəyi çobanlar yox, o dağlar, meşələr, çöllər çalır.

Güllərin, çiçəklərin anaları olmur və Çöl Bənövşəsini də anası yox idi, ancaq çobanlar o tütəyi çalanda, elə bil, həmin dağlar, meşələr, çöllər o tütək səsi ilə ona layla deyirdi.

Gənc Oğlan axşamlar zavoddan evə gələndə, hərdən özü ilə cürbəcür dəmir-dümür gətirirdi, şüşəbənddəki kiçik mizin üstündə vintləri açırdı-bağlayırdı, xırda boruların uclarını cürbəcür ölçülərdə yonurdu – bir sözlə, zavodda öyrəndiklərini axşamlar evdə də davam etdirirdi.

Həmin vaxtlar Çöl Bənövşəsi Gənc Oğlanın dəmir-dümürlə əlləşən barmaqlarına baxa-baxa fikiləşirdi ki, gərək sən bu barmaqlarla tütək çalaydın və Çöl Bənövşəsi xəyala dalıb Gənc Oğlanın bu dünyada ancaq onun üçün çaldığı tütəyə qulaq asırdı. Gənc Oğlan səhər evdən çıxıb zavoda gedəndə və Çöl Bənövşəsi o şüşəbənddə tək qalanda da Gənc Oğlanın onun üçün çaldığı o tütək səsinə qulaq asırdı.

Və Çöl Bənövşəsi o tütək səsinə qulaq asa-asa bütün təbiət qanunlarını pozaraq, yeni bir çiçək açdı.

Hətta Tut Ağacı da bu işə mat qaldı.

Çöl Bənövşəsi o çiçəyi Gənc Oğlan üçün açmışdı.

lll

Yay bitdi, payız gəldi və Çöl Bənövşəsi gözəl və rahat bir qış yuxusuna getdi.

Vaxt ötdü, fəsillər dəyişdi və yenə də yaz gəldi.

Erkən bir yaz günü sübh tezdən Çöl Bənövşəsi yuxudan oyandı.

Yuxuda nələr görmüşdü? – bunlar Çöl Bənövşəsinin yadında deyildi, ancaq gördüklərinin sevinci, işığı onunla birlikdə idi və Çöl Bənövşəsi bilirdi ki, o sevinc, o işıq, əslində yuxuda yox, həyatdadır.

Və Çöl Bənövşəsi həmin sevinc və işıq içində, gözəl bir həyəcanla şüşəbənddəki mizin üstündən otaqdakı divana tərəf boylandı.

Köhnə divan boş idi, üstünə salınmış yorğan-döşək də götürülmüşdü.

Çöl Bənövşəsi bilirdi ki, hələ dan yeri yenicə sökülür və bu vaxtlar Gənc Oğlan divanda uzanıb yatmalı idi, amma o yox idi.

Bəlkə nə isə olmuşdu və Gənc Oğlan hələ səhərin gözü açılmamış yerindən qalxıb getmişdi?

Axşam düşdü, ancaq Gənc Oğlan gəlib çıxmadı.

Çöl Bənövşəsi, dediyim kimi, çox həssas idi və həmin erkən yaz axşamı sövq-təbiisi ona dedi ki, bir də heç vaxt Gənc Oğlanı görməyəcək.

lll

Ev Sahibəsi o balaca otağı da, şüşəbəndi də tərtəmiz silib-süpürmüşdü və Gənc Oğlan təhsilini başa vurub kəndlərinə qayıdandan sonra, təzə kirayənişin axtarırdı. Ancaq Çöl Bənövşəsinə toxunmamışdı və Çöl Bənövşəsi eləcə şüşəbənddəki kiçik mizin üstündə idi.

Ev Sahibəsi hər səhər Çöl Bənövşəsinə su verirdi, ancaq Çöl Bənövşəsi gözgörəti solurdu və bir səhər Ev Sahibəsi o dəmir dibçəyi əlinə alıb, orasına-burasına baxdı:

– A-a-a... – dedi.- Bu niyə belə soldu, getdi...

Tut Ağacı bu sözləri eşitdi, amma heç nə demədi, çünki Ev Sahibəsi onsuz da onun tut dilində dediklərindən xəbər tutmayacaqdı.

Ev Sahibəsi tut ağaclarının dilini bilmirdi, ancaq bilsəydi də, Tut Ağacının dediklərini eşitsəydi də, fərqi yox idi, yenə heç nə başa düşməyəcəkdi.

11 iyun 2011.

Zuğulba

# 1897 dəfə oxunub

Müəllifin son yazıları

# # #