Şuşa torpağını hədiyyə edən şair MÜSAHİBƏ

Şuşa torpağını hədiyyə edən şair  MÜSAHİBƏ
19 may 2014
# 16:03

Kulis.Az şair-publisist Kərim Kərimli ilə müsahibəni təqdim edir.

- İstərdim sizin Şuşa haqqında məşhur şeirinizdən başlayaq. Mən o şeiri tələbə vaxtı eşitmişdim. Sonra şeir yaradıcılığınızı izləyə bilmədim... Ya da yaradıcılığınızda lirika dövrü itdi...

- “Salam Şuşam” şeirinin də daxil olduğu “Şuşasız” adlı şeirlər kitabım sizin redaksiyanın kitabxanasında var.

Salam Şuşam, iki gözüm, əzizim

Sürünüm yollarında mən dizin-dizin.

Sürtüm üzümü sürünçək daşlarına,

Açım qollarımı gur sel yağışlarına

Küləklərin oxşasın, pərişan tellərimi

Haraylayım, haylayım didərgin ellərimi,

Salam Şuşam, mənim şəhdim, şəkərim

Salam Şuşam, mənim şəhid şəhərim.

Bu şeir 1993-cü illərin sonlarında yazılıb. Desəm heç kəs inanmaz bəlkə də, birotaqlı mənzildə 14 nəfər yaşadığımız vaxtlar idi. Hərəkət etmək üçün diqqət etməli idin ki, kimisə ayaqlamayasan. Gecə birtəhər mətbəxə keçib, divara söykənib yazmışdım. Birnəfəsə! Sonradan heç bir düzəliş etmədim. Ona görə epiqrafında “Birnəfəsə” yazmışam.

- Məncə epiqrafsız da birnəfəsə yazıldığı bilinir...

- Ola bilər... Sonralar Məhəbbət Kazımovun təklifi ilə Könül Kərimova ona musiqi yazdı və oxudu.

- Məncə mahnı alınmadı. Çünki bu Könül Kərimovanın qaldıracağı yük deyil... Daha ağır və çətindir. Məncə bu, Şuşa haqqında ən yaxşı şeirdir...

- Bu şeirin üzərində üç bəstəkar bir-birindən xəbərsiz işləyib. Dördüncü adam da cəhd edib. Faiq Sücəddinov da mahnı bəstələyib, amma nədənsə üzə çıxarmadı. Ondan başqa Ətiqə Ələkbərova ciddi bir mahnı yazmışdı. Bir neçə dəfə Flora xanım Kərimova məni görüşə çağırdı və israr etdi ki, bu şeirə mahnı bəstələnməlidir.

- Belə bir mahnı olsa Flora xanım gözəl oxuyardı...

- Bir dəfə Şamaxıda toyda idim. Rəhmətlik Məhəbbət Kazımov mənə zəng elədi, dedi, Könül xanım istəyir ki, sənin şeirinə mahnı bəstələsin və oxusun. Mən də etiraz etmədim. Amma mahnının bir neçə təqdimatında iştirak etdim.

- Könül Kərimova istedadsız adam deyil. Muğamı da bilir. Sadəcə pul-para üçün toyxana janrına meylləndi. Şeir isə ağır şeirdir. Bu baxımdan deyirəm...

- Könül xanım mahnını “Şuşam mənim” adlandırıb. İnternetdə axtarış verəndə yüzlərlə klip çıxır. Müxtəlif adamlar, müxtəlif videolar hazırlayıb.

- Yaxşı şeirlərə həmişə yaxşı musiqilər bəstələnmir. Məsələn, “Füzuli kantatası” kimi musiqilər az olur.

- Bəzən isə əksinə, zəif şeirdən əla mahnı çıxır.

- Haqlısınız. Şeir yaradıcılığınızı sonradan necə davam etdirdiniz?

- O şeirdən sonra “Hələ Şuşalıykən” şeirini yazdım. O da məşhur idi. Ümumiyyətlə, çoxlu şeirlərim var. şeirdən sonra çoxlu şeirlər yazmışam.

- Qarabağ haqqında son 20 ildə həddindən artıq istedadsız kitablar yazılıb. Buna münasibətiniz necədir? Sizi narahat edirmi bu tendensiya? Bu axının içərisində Kərim Kərimli imzası itib getmir ki?

- Təəssüf ki, bu dediyiniz doğrudur. Konkret vəziyyət budur. Bunun çoxlu səbəbləri var. İllərdi deyirik ki, Qarabağ haqqında yaxşı kitab yaranmır. Bunun əsas səbəbi həqiqəti demək qorxusudur. Müəlliflər həqiqəti yox, başqa uydurmaları yazıb. Deyə bilərlər ki, ədəbiyyat təkcə hadisəni olduğu kimi yazmaq deyil. Amma qoy elə olsun. Şərif və ya Kərim adı yazılmasın. Tarixi səhvlər göstərilsin. Biz bilirik 91-92-ci ildə yerli rəhbərlər edə biləcəkləri işləri etmədilər, onların səriştəsizliyindən xeyli hadisələr baş verdi. 90, 91, 92-ci illərdə mən görürdüm ki, bu adamlar nəyi edə bilərlər, amma etmirlər. Bu adamların çoxu sonralar əsərlərdə qəhrəman kimi göstərildi. 90-cı ilin əvvəllərində Ağdamda dünyanın ən bahalı fotoşəkilləri satılırdı. Ağdam mitinqində iştirak edən adamları çəkib bu fotolarla şantaj edirdilər. Bu satışa polis rəisi nəzarət edirdi. Ağdam rayonunun polis rəisi bir çox əsərlərdə qəhrəman kimi göstərilir...

- Aqil Abbasın əsərini nəzərdə tutursunuz?

- Təkcə bədii əsərlərdə yox, publisistikada, xronoloji materiallarda da belədir. Ümumiyyətlə, belə şeylər çox idi. O vaxt Şuşada iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan bir ermənin büstünü uçurmuşdular. Gecə ilə onu uçurub apardılar. Buna görə yüzlərlə adamı həbs edildi. Şuşada isə komendant saatı idi. Qeyd edilən vaxtdan sonra küçəyə çıxanı ya həbs edirdilər, ya da döyüb incidirdilər. Bu prosesdə onlarla adam iştirak edib, amma polisin xəbəri olmayıb? O boyda heykəli uçurtmaq və dağıtmaq üçün kran, yük maşını və digər texniki vasitələr lazım idi. Gecə bircə nəfərin gəzməsinə imkan verməyən hakimiyyət bu boyda zıppıltını görməyib? Demək bu hadisəni özləri qurmuşdular.

Qarabağın ermənilərə verilməsində hamı birlikdə iştirak edirdi. Ermənilər, ruslar və “Dağlıq Qarabağda” fəaliyyət göstərən separatçılar əlbir idi. Eyni zamanda bizim özümüzün namussuz məmurlarımız bu işdə fəal iştirak edirdilər. Həqiqətlər əks olunmadığına görə bizim yazdığımız əsərlər az maraq doğurur.

- Qəribədir ki, xaricilərin yazdığı əsərlər daha çox maraq doğurur.

- Bu da fikir yayındırır. Hesab edirlər ki, bitərəf müəllifin yazdığı daha çox bitərəf ola bilər. Mənim nümunəm Tomas de Vaalın Qarabağ haqqında kitabıdır. O kitabda doğrular 30 faizdir. “Tomas de Vaala məktub”um var. O kitabı alt-üst eləmişəm. Amma maliyyə çətinliyinə görə çap edə bilmirəm hələ ki! Kitab demək olar ki, hazırdır. Tomasla tanışlığım var. Amma onun yazdığı tam düz deyil. Mən görüşlərin birində ona qeydlərimin bir hissəsini dedim. O, növbəti kitabında qeydlərimin bir hissəsini nəzərə almışdı. Tam nəzərə almadığı üçün, mən ona cavab yazdım.

Azərbaycanda vəziyyət ağır olanda, pul dəyərdən düşəndə heç kəs bu işlə məşğul olmurdu. Tək-tük adam yazırdı. Bu adamlardan biri də mən idim və gecə-gündüz işləyirdim. İndi bu sahəyə pul ayrıldığı üçün çox adam yazır. Yazanların çoxunun isə Qarabağın xəritəsindən belə xəbəri yoxdur. Ona görə maklatura, konyuktura yaranır.

- Sizi indi daha çox jurnalist kimi tanıyırlar. Ədəbiyyatda dolanışıq yoxdur, jurnalistikanın isə heç olmasa qonorarı var. Bu təsir etdimi?

- Mən ixtisasca mühəndisəm. Ukraynanın Kirovaqrad Texniki Universitetini bitirmişəm. 3 il Şuşada işləmişəm. Jurnalistika mənim uşaqlıq arzum idi. Şeir yazsam da, jurnalistika sahəsində təhsil ala bilmədim. Bir az da valideynlərimin təsiri oldu. Ümumiyyətlə, riyaziyyatı yaxşı bilirdim. Şuşada fizika-riyaziyyat təmayüllü məktəb vardı və respublikanın bütün rayonlarından ora təhsil almağa gəlirdilər. Hətta Ermənistan və Gürcüstandan da! Mən həmin məktəbi bitirmişəm. Bizim sinfi qurtaran şagirdlər müxtəlif sahələrə qəbul olurdu. Onu deyim ki, jurnalistika mənim dolanışıq sahəm deyil. Kiçik təsərrüfat yaratmışam və onunla məşğulam.

- Bəs bu enerjini ədəbiyyata niyə qoymursunuz? Daha etibarlı sahəyə...

- Sovet ordusunda xidmətdə olanda ağdamlı Rahib Məmmədovla birlikdə xidmət etmişəm. O, Gürcüstanda daşqın zamanı qəhrəmanlıq göstərmişdi. Həmin əməliyyatda biz ehtiyat qüvvə kimi maşınlarda gözləyirdik.

- Neçə uşaq xilas etmişdi?

- O vaxt gəzən söhbətlərə görə 30-40. 30-dan yuxarı olanda Sovet İttifaqı Qəhrəmanı adı verirlər. Ona görə də uşaqların sayını 28-ə endirmişdilər ki, qəhrəman adı almasın. Mən Rahibə “Kəndin ürəyi” adlı şeir yazmışdım və o şeir Zaqafqaziya Hərbi Dairəsinin mükafatını almışdım. 11 gün məzuniyyət vermişdilər. Ondan sonra “Sonrakı peşmançılıq” adlı hekayə yazdım, Ağcabədinin “Sürət” qəzetində çap olundu. O hekayəyə görə də AYB-nin Qarabağ filialının mükafatını aldım. Ədəbi yaradıcılıqda çox ciddi idim. 18 yaşımdan çap olunurdum. Ukraynada da mükafat almışam, orda da şeirlərim, hekayələrim çap olunurdu. Yazmağa başlayanda, həyata atılanda problemlər başladı. “Mənim Cıdır sinəm qan içindədir” misrasına görə məni Şuşa komendantı çağırmışdı. “Şuşa” qəzetinin redaktor müavini Əli Mahmudu çağırmışdılar əvvəl, o danışmaqdan imtina etmişdi, demişdi, rus dilini bilmirəm. Halbuki vəziyyəti izah edə bilərdi. Özüm getdim. O vaxt müraciətlərin çoxunu mən yazırdım.

- Yəni düşündünüz ki, publisistikada daha çox faydalı ola bilərsiniz.

- Elədir. Ədəbi yaradıcılıqla da məşğul olurdum. Amma əsas məqsəd xilas olunmaq idi.

- İşğaldan sonra Şuşaya getmişdiniz...

- 1998-ci ilin avqust ayının 30-da Şuşada olmuşam.

- Torpaq da gətirmişdiniz, dostlara hədiyyə edirdiniz...

- İki ovuc torpaq gətimişdim. Yuxarı Gövhər ağa məscidinin həyətindən. Bəzən dəyişik salırlar, amma Şuşada iki Gövhər ağa məscidi var. İkisi də qoşa minarəlidir. Yuxarı Gövhər ağa məscidi sovet vaxtı muzey idi. Sonradan fəaliyyətə başlamışdı.

Bəzi dostlara atalarının məzarına atmaq üçün hədiyyə etmişdim o torpaqdan. Aqil Abbasa bir üzük qutusunda hədiyyə etmişdim. Həm də Xocalıdan su gətirmişdim ona. Müsahibələrində deyib bunu. O vaxt “Ədalət” qəzetində çalışırdım. Aqil Abbas indi müsahibələrində deyir ki, Kərim mənə torpaq da, su da gətimişdi, amma təsir etmədi mənə. Dedim, bunu nəyə gətirmisən ayə, gedib torpağı almaq lazımdır.

- Mənim yadımdadır, hansısa məclisdə göstərdi ki, bu Şuşa torpağıdır və gözləri doldu.

- Kabinetdə ölüb-dirildi! Torpaqdan gözlərinə səpdi, sudan gözünə çəkdi. Sonra da durub dedi ki, heç vecimə almadım.

- İşğal altındakı Şuşaya getmək necə hisdir? Öz evinizə buraxdılar?

- Öz evimə dava ilə getdim. Bakıdan və Sumqayıtdan gedən ailələrdən iki gənc idi. Ailə qurub bizim evə yığışmışdılar. Mənə dövlət tərəfindən ev verilmişdi. Mikayıl Gözəlov Yeni Xankəndi adlı qəsəbə saldırmışdı və onun açılışı olacaqdı. Açılışdan bir həftə qabaq Şuşa işğal olundu. Mən öz şəxsi evimdə heç yaşamamışam. Demişdilər ki, qəsəbə açılandan sonra biz öz evlərimizə köçərik, sən də öz evinə gələrsən.

- Sizcə necə olacaq. Yazmaqla düzələcəkmi?

- Əlbəttə, yazmaq lazımdır. Dünyada çox şeyi informasiya müharibəsi həll edir. Qarabağ uğrunda müharibə balanslı şəkildə aparılmalıdır. Qarabağ işğalına zəmini informasiya müharibəsi yaratdı. Dünya mətbuatı bizim əleyhimizə getdi.

- Necə düşünürsünüz, qayıtmaq mümkün olacaqmı?

- Mən hətta necə qayıdacağımı da təsəvvür edirəm. Qəti şəkildə inanıram. Planlarımı da bilirəm. Mən Şuşadan iki dəfə didərgin düşmüşəm. 1992-ci ildə və 1998-ci ilin 30 avqustunda vertolyotla çıxmışam. Bizdən sonra nümayəndə heyəti getmişdi və onlar qonaq idi. Mən gəlmək istəmirdim. Öz evimə gedəndə də mane olurdular. Erməniyə qışqırdım ki, sən kimsən? O zaman da məni zorla çıxardılar. Qukasyanla görüşəndə də sualımı azərbaycanca verdim. Həmin vaxt Əlikram Hümbətovun məhkəməsi gedirdi. Köçəryana dedim ki, vaxt gələcək, biz səni də bu cür mühakimə edəcəyik.

Tam səmimi olaraq deyirəm Şuşaya qayıdacağıq.

Şuşasız yaşamaq nə qədər çətindirsə, Şuşasız ölmək ondan da çətindir.

Şərif Ağayar

Cəlil Cavanşir

# 4987 dəfə oxunub

Müəllifin son yazıları

# # #