Tehran Vəliyev: “İndi kitab çox az adama lazımdır” - SÖHBƏT

Tehran Vəliyev: “İndi kitab çox az adama lazımdır” - <span style="color:red;">SÖHBƏT
2 may 2017
# 09:00

Kulis.az mərhum tərcüməçi Tehran Vəliyevin yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı ilə “Avropa” qəzetinin 2-8 avqust 2003-cü il tarixli sayında çap olunan söhbətini təqdim edir. Məlumat üçün qeyd edək ki, T.Vəliyev dünya ədəbiyyatının dəyərli nümunələrini ingilis və rus dilindən Azərbaycan türkcəsinə çevirən peşəkar tərcüməçilərimizdən biri idi. Onun Heminqueydən, Selincerdən, Folknerdən, Fitsceralddan tərcümələrini mütəxəssislər böyük maraqla qarşılayıblar. Tehran müəllimin çox sevdiyi Selincer kimi mətbuatdan qaçırdı və adətən danışmırdı. Ona görə, nadir müsahibələrindən biri olan bu müsahibənin maraqla qarşılanacağını düşünürük.

- Tehran, az qala 25 ildir tərcüməylə məşğulsan. Bu illərin gətirdiyi qənaətə söykənib deyə bilərsənmi: tərcümə, o sıradan da bədii tərcümə yaradıcılıqdı, ya yox?

- Təbii, yaradıcılıqdı, həm də çox çətin sahədi. Tərcümə çox geniş anlamdı: rəsmi mətnlərin, xüsusi ədəbiyyatın orijinala yaxın çevrilməsi var, bədii əsərlərin orijinalın üslubunu, ruhunu, təhkiyəsini saxlamaqla “sərbəst” tərcüməsi var – bunlar hamısı ortaya müəyyən çətinliklər çıxarır. Məsələn, hər hansı elmi, hüquqi mətləb düzgün tərcümə olunmazsa, böyük anlaşılmazlıqlara, daha sərt desək, fəlakətlərə aparıb çıxarar. Bədii əsəri tərcümə eləyəninsə, yaradıcılıq qabiliyyətindən başqa orijinalı duyma istedadı da olmalıdır, yoxsa çevirdiyi əsər hüquqi, yaxud texniki mətnlər kimi rəsmi, cansız alınar. Əsl tərcümə orijinaldakı qədər zövq verməlidir. Əlbəttə, bu bərabərlik işarəsi nisbi başa düşülməlidir, çünki heç vaxt tərcümə orijinalın səviyyəsində ola bilməz. Ən azı ona görə ki, hər xalqın öz düşüncə tərzi var. Bir dilin bədii ifadə vasitələrini başqa bir dilə olduğu kimi gətirmək mümkünsüzdü.

- Bədii tərcümə üçün orijinalın dilini bilməkdən və ruhunu duymaqdan başqa hansı başlıca şərtlər var?

- Ümumiyyətlə, mənə görə, bədii tərcüməylə məşğul olan qələm sahibi hər şeydən öncə müəllifin və əsərin ruhunu tutmağı bacarmalıdır və o ruhu çevirdiyi dilə gətirməlidir. İkincisi, hər bir dilin bədii ifadə vasitələrinin ekvivalentini tapmalıdır. Hansısa dili bilmək hələ o dildən bədii tərcüməyə haqq vermir. Yəni tutaq ki, ingilis, rus və ya gürcü dilini bilə bilərsən, amma o dildə yazan müəllifin, o dildə yazılmış əsərin ruhunu tuta bilmirsənsə, deməli, uğur qazanmağın sual altındadır. Məsələnin texniki tərəfinə qalanda, məndən ötrü tərcümədə başlıca ölçü müəllifin təhkiyəsini və əsərin ritmini tutmaqdır.

- Səndən ötrü müəllif əsasdır, yoxsa əsər? Yəni çevirdiyin əsərləri müəllifə, yoxsa əsərin bədii səviyyəsinə görə seçirsən? Tutaq ki, sevdiyin yazıçının uğursuz əsərini, ya da tanımadığın müəllifin uğurlu əsərini tərcümə eləmək psixoloji maneə yaratmır?

- Mənə elə gəlir ki, ortadakı fərq çox azdır. Yəni yaxşı əsər elə səviyyəli yazıçıdan çıxar. Əlbəttə, əsl peşəkar hər hansı yazıçının yaradıcılığına, əsərlərinin bədii keyfiyyətlərinə bələd olandan sonra seçim eləyir. Düzdü, bu məsələdə çox zaman yazıçının avtoriteti məsələsi qabağa düşür. Məsələn, çoxları istərdi ki, Folkneri, Heminqueyi, Markesi, Aytmatovu tərcümə eləsin. Amma elə az tanınmış müəlliflər var ki, onların əsərləri bədii keyfiyyətlərinə görə heç də aşağı deyil. Buna görə də tərcüməçi qəlbinə da yaxın olanı, daha yaxşı tərcümə eləyə biləcəyini seçəndə uğur qazanır. Mən həmişə orijinal üsluba, çətin, özünəxas təhkiyəyə malik əsərləri çevirməyə meyl göstərmişəm.

- Tehran, sən orijinaldan – ingilis dilindən bədii tərcüməylə məşğul olan iki-üç qələm adamından birisən. Oxuculara Selincerden çevirdiyin “Çovdarlıqda uçurumdan qoruyan” romanı, “Dülgərlər, qaldırın taxtabəndləri!” povesti və 9 hekayəylə tanışsan. Selincerdən başqa hansı yazıçıların əsərlərini tərcümə eləmisən, hansı əsərləri çevirmək istərdin?

- Uilyam Folknerin dörd, Ernest Heminqueyin bir, Skott Fistceraldın iki, ingilis yazıçısı Süzen Ekboyun bir hekayəsini dilimizə çevirmişəm. Ruscadan da hekayələrim var. Rus uşaq ədəbiyyatından nümunələr, Maqsud İbrahimbəyovun “Bütün yaxşılıqlara görə ölüm” povestini tərcümə eləmişəm. Əlbəttə, tərcümədə olduğum müddət üçün bunlar azdır. Məsələ burasındadır ki, mən əlimə keçəni, təklif olunanı dərhal çevirmək iddiasından uzaq olmuşam - əsəri içimdən keçirməsəm, tərcümə eləyə bilmirəm. Ən çox çevirmək istədiyim əsər Uilyam Folknerin “Avqust işığı” romanıdır. Neçə illərdir bu arzuyla yaşayıram, amma tərcüməyə, ümumiyyətlə yaradıcılığa lazımi dəyər verilmədiyindən əlim-qolum soyuyur. (Xatırladaq ki, roman sonralar tərcümə olundu və dünya ədəbiyyatının 150 cildliyi layihəsindən işıq üzü gördü – red.) Çünki ağır zəhmət tələb eləyən iş maddi tələbatını ödəmədiyindən sabaha saxlayırsan, beləcə də vaxt keçib gedir.

- Tehran, səncə, Azərbaycanda tərcümə ənənələri, daha dəqiq desəm, tərcümə məktəbi olubmu? Olmayıbsa, bunun səbəbləri nədir?

- Tərcümə olubsa, deməli, ənənə, məktəb də olub. Bunların nə dərəcədə səviyyəli olması artıq başqa söhbətin mövzusudur. Tərcümə məktəbinin formalaşması baxımından, yumşaq desək, bəxtimiz gətirməyib. Ötən əsrin 60-70-ci illərində, 80-ci illərin əvvəllərində kitab, mütaliə böyük dəyər qazanmışdı, maraqlı əsərlər meydana çıxırdı. Amma təəssüflər olsun ki, tərcümə sahəsində məqsədyönlü, istiqamətlənmiş diqqət göstərilmirdi. Düzdü, 80-ci illərdə Dövlət Nəşriyyat və Poliqrafiya Komitəsinin tərcümə idarəsi yaradıldı. 53 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası” nəşr olundu, 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından 29-u işıq üzü gördü. Amma ölkədə baş verən hadisələrin sonrakı inkişafı bu işi də yarımçıq qoydu. Baxmayaraq ki, o vaxt da, məsələn, ingilis və fransız dilindən peşəkar tərcüməçilər yox dərəcəsindəydi, amma rus dilindən çevirmələr, köhnə tərcümələrin redaktəsi vasitəsilə vəziyyətdən çıxış yolu tapırdıq. 1989-cu ildə isə Respublika Ədəbi Əlaqələr və Tərcümə Mərkəzi yaradıldı. Rəhmətlik Aydın Məmmədov istedadlı və peşəkar kollektiv toplamışdı, dünya ədəbiyyatının ən yaxşı əsərlərini dilimizə çevirmək planlaşdırılmışdı, “Xəzər” tərcümə jurnalı buraxılmışdı. Amma yenə, təəssüf ki, vəsait çatışmazlığı üzündən bütün işlər yarımçıq qaldı.

- Azərbaycan mədəniyyəti bununla nələr itirdi, deyə bilərsənmi?

- Əvvəla, dünya ədəbiyyatı deyilən sərvətin çox böyük bir hissəsindən məhrum olduq. İndi o boşluğu doldurmaq çox çətindi, buna külli miqdarda vəsait və xeyli vaxt lazımdır. İkincisi, latın qrafikalı əlifbaya keçməyimiz tarixi zərurət olsa da, uzun illər ərzində yaradılmış ədəbiyyatla yanaşı, yaxşı-pis tərcümə olunmuş əsərlərin də taleyinə qaranlıq gətirdi: o əsərlər yeni əlifbayla nəşr edilməsə, deməli, bir müddətdən sonra kimsəyə lazım olmayacaq. Üçüncüsü, kompüterləşmənin belə geniş vüsət alması artıq tərcümənin rolunu və əhəmiyyətini yetərincə azaldır. Əgər sən kompüterin qarşısında oturub istədiyin hər hansı bir əsəri oxumaq imkanı qazanmısansa, kitab oxumağa vaxt sərf eləməyəcəksən.

- Yəni sən elə hesab eləyirsən ki, daha tərcümə mənasız və perspektivsiz bir məşğuliyyətdir?

- Mən ümumiyyətlə belə hesab eləyirəm ki, bədii ədəbiyyat kitab nəşri kimi əhəmiyyətini itirib. İndi kitab çox az adama lazımdır. Çünki insanların informasiya almaq imkanları artıb, kompüter vasitəsilə dünyanın hər hansı bir ölkəsində, hər hansı bir dildə yaranan dəyərli əsər barəsində bilgi almaq imkanları var. Təbii, mən fikirləşmirəm ki, tərcümə sənəti öləcək, kitab nəşri dayanacaq. Yox, bu sahələr hələ uzun illər paralel yaşayacaq. Amma tərcümənin də, kitabın da həyatımızda əvvəlki rolunu və yerini qaytarmaq mümkün olmayacaq.

Nəriman Əbdülrəhmanlı,

“Avropa” qəzeti, 2-8 avqust 2003-cü il

# 2460 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #